"Tiflis əxbarı" qəzetinin Azərbaycan dilində ilk nömrəsi 1832-ci ilin yanvarında çıxmışdır. Sənədlərin birində deyilir: "Bu il yanvarın 1-dən Tiflisdə aşağıdakı şərtlərlə tatar dilində qəzet buraxılacaqdır. 1. Qəzet həftədə bir dəfə çıxacaqdır. 2. Rusca nəşrində olduğu kimi, tatar qəzetinin də illik abunə haqqı gümüş pulla 8 manat, yarım illik isə 5 manatdır. 3. Nömrələrin vaxtında çıxmasına və abunəçilərə müntəzəm çatdırılmasına nəzarət qəzetin baş redaktoru, baş saray müşaviri Sankovskiyə tapşırılır. Qəzet almaq istəyənlər ona ya şəxsən, ya da ki, yerli hökumət vasitəsilə müraciət edə bilərlər"
Bu sənəddən göründüyü kimi "Tiflis əxbarı" qəzeti "Tiflisskiy vedomosti"nin əlavəsi olduğu üçün onun redaktoru saray müşaviri Sankovski idi. 1798-ci ildə anadan olan P.S.Sankovski təhsilini xaricdə almışdı. Bir neçə xarici dil bilirdi. O, 1823-cü ildə Tiflisə gəlmiş, Qafqaz baş hakiminin dəftərxanasında çalışmışdı. 1827-ci ildə Sankovski Qafqaz baş hakimi Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur işləyib. Nəşrə başlayan "Tiflisskiy vedomosti" qəzetinin redaktoru təyin olunmuşdu.
"Tiflis əxbarı"nın materiallarını Mirzə Əpriəm Yenikolopov redaktə edirdi. O, şərq dillərini bilirdi.
Arxiv materiallarından bəlli olur ki, "Tiflis əxbarı"nın Azərbaycan dilində olan variantı farsca nəşri bağlandıqdan sonra çap olunub. Paskeviçdən sonra Qafqazın baş hakimi olan baron Rozenin 1831-ci ilin dekabr ayının 30-da maarif naziri Livenə yazdığı məktubdan bu, bəlli olur. Rozen yazırdı ki, məndən əvvəl burada fars dilində "Tiflisskiy vedomosti" qəzeti nəşr olunmuş, abunə azlığından qəzet bağlanmışdır. ...Fars dili nəinki bizə mənsub olan və tatarlar (Azərbaycan türkləri) yaşayan Zaqafqaziya ölkəsində, hətta Azərbaycanın özündə də az yayılıbdır. Həmin nəşrdən gözlənilən fayda məni, onu bərpa etmək zərurətinə inandırdı, lakin fars dilində yox... tatar dilində". Baron Rozen maarif nazirinin nəzərinə çatdırırdı ki, azərbaycanca çap olunacaq "Tiflis əxbarı" farsca çıxmış qəzetin məzmununa müvafiq materiallar verəcəkdir. Məqalələrin məzmunu isə bu şəkildə müəyyənləşdirilmişdir.
1. Dövlət tərəfindən Zaqafqaziya müsəlmanlarına verilən yüksək mükafatlar haqqında məlumatlar. 2. Asiyalılar üçün anlaşıqlı və maraqlı olan xarici və daxili yeniliklər. 3. Yerli əhali arasında Avropa təhsilinə, sənayesinə rəğbət oyadan müxtəlif materiallar.
"Tiflis əxbarı" təkcə Zaqafqaziyada deyil, İranda və Türkiyədə də oxuyurdular. Vərəqə şəklində həftənin çərşənbə günləri çıxan bu qəzetdə Abbasqulu ağa Bakıxanov (1794 -1846) da fəaliyyət göstərdi. O, Sankovskinin "məişət, tarix, ədəbiyyat, mədəniyyət" məsələləri üzrə məsləhətçisi idi. A.Bakıxanov şərq xalqlarının tarixini, mədəniyyətini, fars, rus, ərəb dillərinin mükəmməl bilicisi kimi Qafqaz baş əmirliyinin diqqətində idi. Akademik Fuad Qasımzadə "Tiflis əxbarı”nın Qubada əhali arasında yayılmasında A.Bakıxanovun iştirak etdiyini yazırdı.
"Tiflisskiy vedomosti"nin həm rus, həm də yerli dillərdə çıxan əlavələri ciddi senzura nəzarətində çap olunur, hərbi orqan onları daim diqqətdə saxlayırdı. "Tiflis əxbarı"nın bir neçə nömrəsi çıxdıqdan sonra onun nəşri dövlət tərəfindən bağlanıldı.
Ədəbiyyat:
Axundov Nazim. Azərbaycanda dövri mətbuat. (1832-1920). Biblioqrafıya - Bakı. 1965
"Azərbaycan dövri mətbuatı". (1832-1920). Biblioqrafiya. Bakı. 1987
Zeynalov N. "Azərbaycan mətbuatı tarixi". I hissə. Bakı. 1973.
Zeynalov N. Azərbaycan mətbuatı tarixi. II hissə. Bakı. 1974
Çobanlı M.M. Gürcüstanda Azərbaycan mətbuatı. Bakı, 1998
Müşfiq BORÇALI,
turan.info.az
.