MƏMMƏD-RAHİM: “İGİD ƏRƏNLƏR”

MƏMMƏD-RAHİM: “İGİD  ƏRƏNLƏR” Məmməd-Rahim İbrahim oğlu Ağayev - 1963-cü ildə Masallı rayonunun Mahmudlu (indiki Eminli) kəndində anadan olub. Masallı rayonunun Qarğalıq kənd orta məktəbinini bitirdikdən sonra təhsilini Komi Muxtar Respublikasındakı Dövlət Pedaqoji İnstitutunun Psixologiya Fakültəsində (qiyabi) davam etdirib. 1989-cı ildən Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Bakı şəhər 2 saylı Kliniki Psixatriya xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb. Hazırda baş həkimin müavinidir.

Məmməd-Rahim uzun müddətdir ki, bədii yaradıcılıqla da məşğul olur. 2010-cı ildən şeirləri, hekayələri, oçerkləri, bir çox publisist məqalələri “Zəfər qalası”, “Xalq”, “Yeni Azərbaycan” və s. qəzetlərdə, müxtəlif mətbuat orqanlarında, ədəbi məcmuələrdə və internet portallarında dərc olunub.
Elə bu günlərdə şairin “Unudulmuş gündəlik” adlı ilk şeirlər kitabı “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.

Biz də şair təbiətli, şair qəlbli, həssas duyğulu, insanları ruhən an¬lamağı bacaran çox hörmətli Məmməd-Rahimi ilk şeirlər kitabının işıqüzü görməsi münasibətlə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Müşfiq BORÇALI,
ZiM.Az



VƏTƏN

Qan ilə sulanan
hər qarış torpaq,
Vətənin müqəddəs
məkanı demək.
O qanın dəyərin
bilməyən nakəs,
Bu vətənə yaddır
deyildir gərək.

Vətən eşqini duyan,
Sözlərimi oxuyan.
Bilir nədən gözəlsən,
Məndən ötrü nə üçün,
Hər ölkədən əzəlsən.
Şöhrətim, şanım mənim,
Azərbaycanım mənim.

2021, Gəncə ş.


İGİD ƏRƏNLƏR

(İgid odur, atdan düşə, atlana...
İgid odur, hər əzaba qatlana...)

İgid odur, özgələrə bir dayaq,
İgid odur, öz dağına yaslana.

İgid odur, öz ağlı, zəhmətilə,
İgid odur, hünər, şücaətilə.
İgid odur, qəhrəmanlıq adıyla,
Çevrilə nağıla, dönə dastana.

İgid odur, ərlər içində ərdir,
İgid odur, öz elində sərvərdir.
İgid odur, yağılara bir sipər,
İgid odur, vətənində gövhərdir.

09.05.2020.


VƏTƏN VƏ MƏN
BÖLÜNMÜŞ BƏDƏN


Bu gün yenə yolum düşdü,
Vətənimin qucağında,
Çat verərək parçalanmış
O tayına yolum düşdü.
Ayrı düşəli illər oldu,
Bu torpağın nəyinisə,
Dəyişdimi bu ayrılıq.
Göydə həmən, yerdə həmən,
Torpaq həmən, suyu həmən,
Ağacları meşələri,
Çöldə bitən çiçəkləri,
Hətta o qapının kəndarında
Məsum - məsum bir körpənin,
Mənə baxan gözləri də,
Həmən idi.
Doğma idi, sanki mənimkiydi.
Bir addımlıq çatı keçdim,
Həzin - həzin meh əsirdi.
O tayda da - bu tayda da,
Bir ruzigar nəfəsiydi.
İnsanlara salam verdim
salam aldım.
Eyni dildə danışdılar
közü qalmış,
O ocaqda alışdılar.
Xoş gəldizdə söylədilər.
Hətta bəziləri keç bir evə,
Qonağım ol, müsafir ol, söylədilər.
Bəs nə idi.....
Bizi - bizdən gen düşürən,
Bir məmləkət torpağını,
Yarı bölüb bölüşdürən,
Ayrı salıb, yadlaşdıran.
Nədən belə, nədən elə,
Niyə oldu, zaman belə.
Bu gərdişin qurbanımı?
Yoxsa səfeh paşaların
Sadəlövlük tövhəsimi...
Evlər yıxan torpaq bölən,
Canlar yaxan,
Bir namərdlik nişanəsi.
Nədən qıydı bizə?
Ürəklərdə, köz bağlamış
O, ayrılıq yaraları.
İnim-inim inildəyir, sızıldayır,
Gözlərimdə donub qalmış
O körpənin baxışları.
Sifətində bəyazlanmış,
O küskünlük naxışları,
Məni didir, parçalayır,
Sanki məndən soruşurdu
Harda idin nə yatmışdın,
Ayrılığın laylasındamı batmışdın.
Bu nə tale, bu nə qismət , bu nə yazı
Kimlər yazmış belə yazı.
Saxla qardaş bu maşını.
Mən Savalan mərd dağının,
Ətəyində dayanmışam.
Güneyi bir, quzeyi bir,
Bu torpağın od püskürən,
Ocağında dayanmışam.
Yazıq babam ....
Həsrət ilə boylanaraq, SAVALANA
Gözləri nəm, qəlbi qübar,
İçin-için ağlayardı.
“SAVALANIM” HAYQIRARDI. Ardı var.

07.09.2020, Təbriz şəhəri


SƏN ALLAH, AY QARDAŞ,
BU EVİ SÖKMƏ


Ata torpağıdır, ana qucağı,
Hər qarış divarda sevgi - çırağı.
Bacı - qardaş evi, yurdun ocağı,
Qaçıb gəzdiyimiz həyatı yıxma
Ruhumuzu boğub, göylərə çəkmə -
Sən Allah ay qardaş, bu evi sökmə...

Xatirələr dolu bütün otaqlar,
Atamın yazdığı “Naryad” - “Vərəqlər”.
O küncdə dayanan kitab - şkaflar,
Divarda yığılan rəfləri yıxma.
Başqa bir düzənə, nizama çəkmə.
Sən Allah ay qardaş, bu evi sökmə...

Hasarın küncündə təndirxanamız,
Hisli ocağımız, damaq dadımız,
Təndir çörəyimiz, yağ, qaymağımız,
Nənəmin bükdüyü yaxmacı, kəsmə -
Bu bağa, bağçaya, başqa gül əkmə,
Sən Allah ay qardaş, bu evi sökmə ...

Həyat, bacamızda oynayaq, gülək,
Qapıda palaza bürünub keçək.
Nənəmin nağıllı gecələri tək,
Dalıb xəyallara dönək keçmişə -
Xatirələr üstə tikanlar əkmə,
Sən Allah ay qardaş, bu evi sökmə...

Atamın səsi var bu daş - divarda,
Anamın nəfəsi isti otaqda.
Bu həyat - bacada, qədim torpaqda -
Onların kölgəsin, izin itirmə.
Bu yurda, torpağa, yad daşı tökmə,
Sən Allah ay qardaş, bu evi sökmə...

Atam İbrahimdən qalmaz bir səda,
Babam Səttarımın zəhmi həyatda.
Xanım - xatun nənəm göyçək Sayata,
Hörmət et, ruhların əzib, incitmə.
Bu evi sökərək yenisin tikmə.
Sən Allah ay qardaş, bu evi sökmə...

2025


ŞƏHİDLƏR

Siz tarix yazdınız hünərinizlə,
Mərdlik dastanını yazan şəhidlər.
Şərəfli ölümlə ürəklər yaxıb,
Vətəndən yağını, qovan Şəhidlər.

Hər qarış torpağı qanla sulayıb,
Şəhidlik heykəlin siz ucaltdınız.
Şuşa qayaların hünərlə aşıb,
Düşmənin bağrını, yaran Şəhidlər.

Vətənin namusun, şərəf bilərək,
Torpağın hər zaman əziz tutdunuz.
Azərbaycan xalqının igidliyini,
Dünya tarixinə, yazan Şəhidlər.

2021


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: