Tədbirə ev sahibliyi edən Qazaxıstan prezidendti ölkəsinin təşkilata sədrliyini “Türk dövrü” və ya “TURKTIME” devizi altında keçiriləcəyini bildirli.
Prezident “Türk dövrü” kimi tərcümə olunan TURKTİME ifadəsini eyni zamanda bir abrivietura kimi təqdim edir və bunun ən yüksək öncəliyə sahib 8 prioritetdən ibarət olduğunu deyir:
TURKTİME - Traditions /Ənənələr, Unification /Birləşmələr, Reforms /İslahatlar, Knowledge /Bilgi, Trust/Güvən, Investments /Yatırım, Mediation /Vasitəçilk və Energy /Enerji.
Qısa arayış:
TDT Dövlət Başçıları Şurasının İclası qısa olaraq “Zirvə Görüşü” adlanır. Zirvə Görüşünə ev sahibliyi edən ölkənin başçısı təşkilata növbəti bir il ərzində sədrlik edir. İndiki “10-cu yubiley Zirvə Görüşü”nün Astanada keçirilməsinin rəmzi mənası var:
SSRİ-dən sonra türkdilli dövlətlərin müxtəlif konsepsiyalı birlikləri yaranmasına baxmayaraq “Türk Dövlətləri Təşkilatı” türkdilli dövlətlərin tarixən könüllü şəkildə yaratdığı ilk siyasi beynəlxalq təşkilatıdır. Təşkilatın yaranma ideyası ilk dəfə 2006-cı ildə Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. TDT Azərbaycan, Qazaxstan, Qırğıstan və Türkiyənin iştirakı ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” adı altında 03 Oktyabr 2009-cu il tarixdə “Naxçıvan Sazişi” ilə təsis olundu. Təşkilatın bayrağı 2012 -ci ildə qəbul olundu və adı 12 Noyabr 2021-ci il tarixli “8-ci İstanbul Zirvə Görüşü”ndə prezident Ərdoğanın təklifi ilə dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” edildi. Göründüyü kimi, təşkilat daim formalaşmaqda və dinamik inkişafda olduğu üçün “Naxçıvan Sazişi” təşkilatın nizamnaməsini əvəz edən əsas sənədidir.
Ölkə başçılarının mövqeyi
TDT yubiley görüşünə sədrlik edən prezident Kassım-Jomart Tokayevin aydın şəkildə türkçülüyə doğru etdiyi dönüş, onun “Biz ortaq dəyərlərimizə sadiqliyimizi dünyaya nümayiş etdirdik. Biz əcdadlarımızın iradəsini yerinə yetirirk” deməsi TDT üçün xüsusi tarixi əhəmiyyət daşıyır.
Yazının başlığında qeyd olunduğu kimi, könüllü şəkildə təşkilat yaradan və sonradan bu təşkilata qoşulan Zirvə Görüşü üzvlərinin təşkilatda hansının könüllü, hansının könülsüz, hansının yalnız özünü, hansının xalqını təmsil ediyini onların səsləndirdiyi fikirlərdən görmək olur
Kassım-Jomart Tokayev: Biz əcdadlarımızın iradəsini yerinə yetiririk
Rəcəp Tayyip Ərdoğan: Azərbaycanın Qərb bölgələri ilə Naxçıvanı bir-birinə bağlayan nəqliyyat xətti Türkiyəni də öz ata yurdu Orta Asiyaya bağlayacaq.
İlham Əliyev: Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha genişdir
Şavkat Mirziyoyev: Öz çıxışıma qədim türk dövləti qurucularından biri Bilgə Xaqanın “Ey türk millətim yenidən doğul, dirçəlmək üçün özünü tanı!” çağırışı il başlıyıram.
Sadır Japarov: Qırğıstanın dənizlərə çıxışı olmadığına görə TDT-nin bizim üçün xüsusi əhəmiyyəti var.
Viktor Orban: Türk dünyası və türkdilli dövlətlər qlobal bloklar arasında dialoq qurulmasında əsas rol oynayacaq.
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan tərəfi hesab edir ki, ümumbəşəri təhlükəsizliyin praktiki təmin edilməsi üçün əsas 3 vasitədən biri kimi neytrallıq mexanizminin imkanlarından istifadə etmək lazımdır.
Tədbirlərdə iştirak edən iki ölkə lideri daim xüsusi diqqət mərkəzində olur: müəyyən bir qismi özünü türk hesab edən Avropanın xristiyan macarlarını böyük özgüvənlə təmsil edən Viktor Orban və Türküstanın (Orta Asiya) müsəlman türkmənlərinin əsrlərlə oturuşmuş yekdil iradəsini tərəddüddlə təmsil edən Qurbanqulu Berdiməhəmmadov.
Cənab Orban sağ olsun, adam mümkün olandan daha böyük işlər görür. Onu Berdiməhəmmədovla müqayisə etmək yalnız kontrastın dozasını göstərmək üçün lazım oldu.
Maraqlıdı, adı öz üzərində olan türkün TÜRKMƏN xalqının lideri niyə neytrallıq sözünü türkçülük sözündən üstün göstərməyə çalışır. Yəqin TDT ittifaqında qarşılıqlı məsuliyyət mexanizminin işə düşməsindən sonra neytrallıq statusunun onun şəxsən özü üçün verdiyi üstünlükdən məhrum olacağından qorxur!! Məsələn TDT-də yaradılacaq Ticarətin Asanlaşdırılması Komitıəsi (TAK) və Sadələşdirilmiş Gömrük Sisteminin (SGS) tətbiqindən sonra Türkmənistanın ölkədaxili biznes siyasəti dəyişməli olacaq. Başqa tərəfdən, görəsən neytrallıqdan danışan ölkə başçısı, eyni zamanda bu neytrallıqdan asılı vəziyyətdə qalmasından, neytrallığın təsiri altına düşməsindən və neytrallığın nəticədə onun özünə qarşı düşmənə çevrilməsindən qorxmur ? Yəqin yanacağa qənaət etmək üçün enişlərdə neytrala keçərək hər an qəza ilə üz-üzə qalan sürücülərdən və aeroportda neytral zonada qalan adamlar haqqındakı hadisələrdən xəbəri yoxdu...
TDT-nin çarpaz effektləri
Türkiyə və Azərbaycanla tərs düşən Fransa indi Türküstana üz tutub.
Afrika yataqlarından əli üzülməyə başlayan Fransa Zirvə Görüşü ərəfəsində dünyanın 13% uran ehtiyyatına sahib Qazaxstana gəldi.
Bundan sonra uran məsələsinə görə Qazaxstana görə Fransa Azərbaycanla, Qərblə yolları ayrıldığı üçün Türkiyəyə görə Rusiya Azərbaycan və Orta Asiya ilə, mövcud coğrafi gerçəkliyə görə isə Çin bütün TDT üzvləri ilə yola getməli olacaq. TDT tərkibində birləşdiyinə görə üzv dövlətlərin bir-birinə həm də bu cür çarpaz dəstək yaratması onların ayrı-ayrılıqda gücünə əlavə güc qatacaq. Bu platformada üzv ölkələr üçün çarpaz effektlərin müxtəlif kombinasiyaları yaranacaq. Hətta 10 il əvvəl “Türk NATOsu”, “Birləşmiş türk ştatları” başlıqlı məqalələr yazıb TDT-yə qarşı çıxan Rusiya Qərbdən qopub Çindən asılı vəziyyətə düşdüyü üçün artıq TDT-ni özünə rəqib yox müttəfiq görür.
Zirvə sonrası “TDT 10-cu Zirvə Bəyannaməsi” imzalandı. Bəyannamədə Azərbaycanın dövlət maraqları da xüsusi yer aldı. Bu barədə növbəti yazımızda.
İndi xoş təbəssümlə yalnız onu qeyd etmək istərdim ki, Bəyannamənin 83-cü bəndinə görə Quba şəhərinin Türk dünyasının kənd təsərrüfatı mərkəzi elan edilməsi çox xoş oldu...
Uğurlu ŞƏRİFOV,
"Soydaş" İctimai Birliyinin
həmtəsisçisi,
turan.info.az-ın şərhçisi
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.