Aslan Qəhrəmanlı - 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq Neft Maş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır.
1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur.
Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış “Azərbaycanın Vergi Xəbərləri” jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olmuşdur.
Yazıçı kimi özünü 1967-ci ildə “Gənclik” nəşriyyatında çıxan “Gənc qələmlər” almanaxında dərc olunmuş “Dağların mahnısı” adlı ilk hekayəsi ilə sınamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Spektr”, “Döngə”, “Burulğan”, “Səni axtarıram”, “Bağışla” və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan televiziyasının “Müasirlərimiz” devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində “Ürək” pyesi 2-ci mükafata layiq görülmüşdür (birinci mükafat verilməmişdir).
Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” adlı üçhissəli telepyeslərin müəllifidir. Əsas rollarda Firəngiz Mütəllimova və Yaşar Nurinin çəkildikləri bu tamaşa hələ də sevilə-sevilə baxılır.
Onun radio üçün yazdığı “Daşa dönmüşlər şəhəri”, “Şeytan”, “Ceyran əfsanəsi”, “Tutuquşu” və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilmişdir.
Aslan Qəhrəmanlı 2010-cu ildə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilmişdir.
Aslan Qəhrəmanlı uzun sürməyən ağır xəstəlikdən 20 yanvar 2014-cü ildə vəfat etmişdir. Yazıçı anadan olduğu Ağstafa rayonunda dəfn edilmişdir.
İxtisasca dəqiq elmlər mütəxəssisi Aslan Qəhrəmanlı ya dövrünmü, ya mənəvi aləmininmi tələbindən ədəbiyyata meyl etmiş və gözəl əsərlər yaratmışdır. Onu da qeyd edək ki, ədibin atası ədəbiyyat müəllimi olub və ədib evdə olan bütün ədəbiyyatı oxuyaraq bəhrələnmişdir. Aslan Qəhrəmanlı o anları belə xatırlayır: “Atam orta məktəbdə ədəbiyyat müəllimi olub. Onun gözləri bir az zəif görürdü. Mən 5-6-cı sinifdə oxuyanda 10-cu sinif şagirdlərinin yoxlama dəftərlərini yoxlayıb atama deyərdim ki, hansı uşağın səhvləri necədir. Mənim sözlərimə görə atam həmin uşağa qiymət yazardı. Evimizdə olan bütün ədəbiyyatı oxumuşdum. O vaxt zaman başqa idi. Qoyun nobatına getmək, odun yarmaqla bərabər digər təsərrüfat işlərində atama kömək edirdim. Bütün bunlarla yanaşı, dərslərimi də əla qiymətlərlə oxuyurdum”.
Yazıçının ilk hekayəsi “Gəng qələmlər” adlı almanaxda dərc olunmuşdu. O vaxt “Azərbaycan gəncləri” qəzetinin redaktoru Cəmil Əlibəyov gənc yazarlarları başına toplayıb bir dərnək yaradıb. Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram və s. yığışıb gənc yazarlara qulaq asırdılar. Məsləhət verib, yol göstərirdilər. Əvvəllər hekayə yazan ədib sonralar pyes, fantastik hekayələr və nağıllar yazmağa başladı. Yazıçının hekayələrində dialoq çox olduğundan onu səhnələşdirmək asan idi. “Kirpi” jurnalında dərc olundu. Sonradan televiziyada səhnələşdirildi. Əsərlərin səhnələşdirilməsində birbaşa Aslan Qəhrəmanlının özü yaxından iştirak etmişdir. Tamaşalar müxtəlif mövzularda olurdu. Elə tamaşalar olurdu ki, tamaşaçılar tərəfindən çox gözəl qarşılanırdı və televiziyaya çoxlu sayda tamaşaçı məktubu gəlirdi. Tamaşaların ikinci, üçüncü hissələri də həmin məktublardan sonra çəkilirdi. Hətta tamaşaçılar tərəfindən müxtəlif təkliflər də gəlirdi...
Hər şeyin bir əvvəli, bir sonu olduğu kimi, söhbətimiz də bu yerdə sona çatdı. Aslan Qəhrəmanlının “Qorxu” əsərindəki “Məlikməmməd” nağılının yeni variant sonluğunu xatırladım: “Göydən üç alma düşdü. Ancaq bu almalar qızıldan deyildi. Qardaşların hərəsi almaların birini götürüb yedi”.
Aslan Qəhrəmanlı ilə bizi neçə illik məsafə ayırsa da, onun yaratdığı istər kiçik, istər iri həcmli və əsasən nəsr və dram əsərləri bu gün də dilimizin və mədəniyyətimizin keşiyində mərdi–mərdanə dayanır. Onun əsərləri daim oxucu və tamaşaçılar tərəfindən asanlıqla mənimsənib. Yaradıcılığı təkcə oxucu kütləsi tərəfindən deyil, həm də qələm əhli tərəfindən daim birmənalı və eyni zamanda yüksək qarşılanıb.
Aynur Turan,
"Borçalı" nəşriyyatının redaktoru
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.