Bu gün xalqımızın dəyərli ziyalısı,
tanınmış alim, pedaqoq və ictimai xadim,
vətənpərvər, yurdsevər və xeyirxah insan,
Azərbaycan Respublikasının
Əməkdar müəllimi,
Azərbaycan Texniki Universitetinin
(AzTU-nun) "Maşın dizaynı, mexatronika və
sənaye texnologiyaları" kafedrasının müdiri,
AzTU-nun sabiq Tərbiyə işləri üzrə prorektoru,
texnika elmləri doktoru, professor
İsa Əli oğlu Xəlilovun Doğum günüdür.
Daha dəqiq desək, Yubileyidir.
65 yaşı tamam olur.
Biz də dəyərli ziyalımız,
çox hörmətli professor İsa Xəlilovu
anadan olmasının 65 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!...
Xatırladırıq ki, İsa Əli oğlu Xəlilov - 1961-ci il may ayının 2-də qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1968-1978-ci illərdə Faxralı kəndində orta təhsil alıb. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika (maşınqayırma) fakültəsinə daxil olub. Tələbəlik illərində qazandığı nailiyyətlərə və institutun ictimai işlərində fəal iştirak etdiyinə görə Lenin təqaüdünə layiq görülüb. 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib, 1983-1984-cü illərdə Bakı Məişət Kondisionerləri zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb.
1984-cü ildə Azərbaycan Texniki Universitetinin "Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları" kafedrasına "Maşınşünaslıq" ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ildə "Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb.
1987-1991-ci illərdə Azərbaycan Politexnik İnstitutunun, indiki Azərbaycan Texniki Universitetinin "Maşın detalları vəyükqaldıran-nəqliyyat maşınları" kafedrasında assistent, 1991-2013-cü illərdə isə həmin kafedrada dosent vəzifəsində işləyib. Eyni zamanda, 1990-1992-ci illərdə həmin universitetin "Robot texnikası" fakültəsində tədris işləri üzrə, 1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan müavini vəzifəsində çalışıb.
2013-cü ildə “Maşın intiqallarının sistemli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2013-2015-ci illərdə “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsini yerinə yetirib.
2015-ci ilin dekabr ayından həmin kafedranın müdiri və professorudur. Kafedra hazırda "Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları" adlanır.
O, 1988-ci ildə Moskvada Bauman adına Ali Texnika Məktəbdə ixtisasartırma kursu keçmişdir. 1992-ci ildə Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsi İsa Xəlilovun elmi fəaliyyətini nəzərə alıb, onu 1992-1993-cü illərdə Boxum şəhərinin Ruhr Universitetinə elmi işə dəvət etmişdir. O, burada tamamilə yeni bir prinsiplə işləyən yumruqlu mexaniki ötürmənin kinematik hesabı alqoritmini tərtib etmişdir.
İsa Xəlilov 1988-ci ildə Moskvada Bauman adına Ali Texniki Məktəbdə, 1992-1993-cü illərdə Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsinin (DAAD) dəvəti ilə Boxum şəhərinin Ruhr Universitetində elmi və pedaqoji ixtisasartırma kursları keçmişdir. O, 1996-1997-ci illərdə AFR-nın 80 illik tarixi olan, bütün dünyada texniki-iqtisadi kadr mübadilələri aparan məşhur Karl Düysberq (Carl Duisberg) cəmiyyətinin dəvəti ilə yenidən Almaniyada olmuşdur. Cəmiyyətin proqramı çərçivəsində sosial bazar iqtisadiyyatı şəraitində müəssisələrin yaradılması, idarə edilməsi kurslarını ən yüksək balla başa vuraraq, 1-ci dərəcəli diploma layiq görülmüşdür. Bu proqram çərçivəsində dünyada ən böyük avtomobil zavodlarından biri olan Wört şəhərindəki Mercedes-Benz zavodunda avtomobillərin istehsalının texniki və iqtisadi təşkili, avtomatlaşdırılmış istehsal şəraitində müəssisələri idarə etmə təcrübəsi keçmiş və Daymler Kraysler AC-nin Azərbaycan təmsilçiliyində satış şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir.
1997-ci ildə AFR Akademik Mübadilələr İdarəsi yenidən İsa Xəlilovu Almaniyanın Karlsrue Universitetinə elmi işə dəvət etmişdir.
O, 1997-1998, 2003, 2006 və 2009-cu illərdə isə Karlsruhe Universitetində elmi və pedaqoji ixtisasartırma kursları keçmişdir.
İsa Xəlilov 2005-2008–ci illərdə AzTU rektorunun müşaviri, 2008-2021-ci illərdə AzTU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmış, universitetin “İnformasiyalaşdırma Şurası”nın sədri olmuşdur.
2021-ci ildə o, 2013-cü ildən rəhbərlik etdiyi “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsinə yenidən seçilmişdir.
Hazırda da indi "Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları" adlanan həmin kafedraya rəhbərlik edir.
Texnika elmləri doktoru, professor İsa Əli oğlu Xəlilov maşınşünaslıq sahəsində ixtisaslaşmış alim və pedaqoqdur. O, uzun illərdir maşınşünaslıq, tətbiqi mexanika, maşınların etibarlığı, konstruksiyaetmənin əsasları istiqamətlərində elmi və pedaqoji fəaliyyət göstərir. Alimin elmi tədqiqatlarının əsas istiqamətlərinə maşın intiqallarının sistemli analizi, muftaların seçilməsinin nəzəri əsasları və mexaniki sistemlərin etibarlılığının artırılması daxildir. Bu sahələr üzrə apardığı tədqiqatlar mühəndislik elminin inkişafına mühüm töhfələr vermiş, nəticələri nüfuzlu elmi nəşrlərdə dərc olunmuşdur.
Xəlilov İ.Ə. pedaqoji fəaliyyətində müasir mühəndislik yanaşmalarını tətbiq edərək tələbələrin analitik düşünmə qabiliyyətinin formalaşdırılmasına, onların elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına və yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasına xüsusi önəm verir.
170-dən çox elmi-texniki və metodik əsərin, o cümlədən, "İntiqal muftalarının seçilməsinin nəzəri əsasları" (2011) adlı 1 monoqrafiyanın, "Maşınların yaradılmasının texniki əsasları" (2002), "Elevatorların layihələndirilməsi" (2002), "Maşınların etibarlığı" (2009), "Tətbiqi mexanika" (2014), "Poliqrafiya istehsalının əsasları" (2014), "Müasir istehsal prosesləri" (2022), "Maşın dizaynı" (2025) və "Print-Media texnologiyaları" (2026) adlı 8 dərslik və dərs vəsaitinin, 20 elmi-metodik məcmuənin və 2 texniki lüğət kitabının müəllifidir.
"Elevatorların layihələndirilməsi" adlı dərs vəsaiti bu sahədə azərbaycanca yazılmış ilk kitabdır.
"Makine elemanları sözlüyü" adlı rusca-azərbaycanca-türkcə-ingiliscə texniki lüğət kitabı Türkiyədə işıqüzü görüb.
Prof. İsa Xəlilov Azərbaycanda ilk dəfə olaraq "Maşınların yaradılmasının texniki əsasları" fənni üzrə mühazirələrin və eyni adlı kitabın da müəllifidir. Əsərləri Azərbaycanda, Rusiyada, Türkiyədə, Almaniya Federativ Respublikasında nəşr edilib. Alimin elmi məqalələrinin bir qismi beynəlxalq WoS və SCOPUS bazalarında indekslənmişdir.
Professor İsa Xəlilov - Universitetin elmi, tədris və ictimai işlərində fəal iştirak edir. Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, "Maşınlar, avadanlıqlar və proseslər" ixtisası üzrə seminarın sədridir.
O, eyni zamanda, Unuversitetin elmi-medodik şurasının üzvü, "Dərsliklərə, dərs vəsaitlərinə və fənn proqramlarına qrif verən metodik bölmə"nin sədridir.
Elmi və pedaqoji fəaliyyətinə görə 2011-ci və 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin “Fəxri Fərman”ı ilə təltif edilmiş, 2020-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
Rus və alman dillərində sərbəst danışır.
Ailəlidir, bir oğlu, bir qızı var.
Sonda biz, bir daha redaksiya heyətimiz adından
dəyərli ziyalımız, görkəmli alim,
çox hörmətli professor
İsa Əli oğlu Xəlilovu
anadan olmasının
65 illik Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Junalistlər Birliyinin və
Turan Yazarlar Birliyinin üzvü,
"Ziya" qəzetinin, ZiM.Az, Ziya.info.az,
Elm.info.az və Turan.info.az
saytlarının Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü
ZiM.Az
.















