SALAM OLSUN!
Turan dünyasının orta göbəyində
- Borçalı adlı müqəddəs yurdda,
sazın telində od,
sözün kökündə nur olduğu çağda,
qışın oğlan vaxtında,
Tanrının “Ol!” dediyi anın nəfəsində
bir Şair dünyaya gəldi -
adını ZƏLİMXAN qoydular….
Uca Yaradan ona SÖZ Verdi -
peyğəmbər kəlamlı,
dua tək pak,
qılınc tək kəsərli,
bayraq tək uca!
Tanrı sevgili misralarıyla
daşı da danışdırdı,
ozan çağırışıyla
millətin yaddaşını oyatdı.
- Dur ayağa, məmləkətim!
- Qalx ayağa, millətim! -
deyə hayqırdı!
Nəğmələri könülləri mələkləşdirdi,
şeirləri torpağa can,
insana iman oldu.
Əməli Qurandan,
yolu haqqdan keçən,
Quran–Turan qanadlı bir ömür!
Qanında Türkün şərəfi,
ruhunda Turanın sevdası…
Vətəni sözə çevirdi,
sözü Vətən etdi!
Millətini ucaldan,
dövlətini ucaldan,
İnsanlığı ucaldan
böyük ƏRƏN oldu!
“Şöhrət”i boynuna Tanrı taxdı,
“Şərəf”i ona xalqı verdi, zaman verdi.
Azərbaycanın Xalq şairi adını isə
xalq özü möhürlədi!
Saz susanda sözü danışan,
söz tükənəndə ruhu ayağa qaldıran,
Borçalıdan Turana uzanan
əbədi nida!
ZƏLİMXAN YAQUBA SALAM OLSUN!
Sözünə salam,
yoluna salam,
adına salam olsun!
VIDADI ÖMƏR OĞLU ORUCOV,
pedaqogika elmləri doktoru,
professor
ZiM.Az
.






