Bakı Ekspo Mərkəzində keçirilən
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində,
Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə "Məhəmməd Füzuli" salonunda dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli tədbir baş tutub.
Fondun prezidenti, professor Aktotı Raimkulovanın rəhbərliyi, rəsmi heyətlərin və beynəlxalq qonaqların iştirakı ilə keçirilən paneldə dörd əsas məruzəçidən biri olan tanınmış yazıçı-publisist Sona Abbasəliqızı (İsmayılova) ədəbi mühitdə böyük əks-səda doğuran nitq söyləyib.
Sona Abbasəliqızı öz çıxışında ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı tarixi Sərəncamının əhəmiyyətini vurğulayıb.
Müəllif beynəlxalq platformada Xaqani irsinin işığında bir araya gəlməyin qürurverici olduğunu bildirərək, paytaxtımıza təşrif buyuran bütün xarici qonaqları və Türk dünyasının ziyalılarını salamlayıb.
Sona Abbasəliqızı qeyd edib ki, Pakistanın tanınmış alimi, professor Ali Kumail yazıçının yaradıcılığına və Xaqani mövzusundakı araşdırmalarına yüksək qiymət verərək, əsərlərin urdu və fars dillərinə tərcümə olunması missiyasını uğurla tamamlayıb və bu müjdəli xəbəri sərgi günlərində Azərbaycana çatdırıb.
Tədbirin keçirildiyi zalda və elektron stendlərdə şəkli çıxışçı olaraq nümayiş etdirilən Sona Abbasəliqızının bu nitqi sərgi iştirakçıları, xarici diplomatlar və oxucular tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda xarici qonaqlar müəllifə öz kitablarını hədiyyə ediblər.
Sona Abbasəliqızı isə öz növbəsində "Seçilmiş əsərlər"ini qonaqlar üçün imzalayaraq onlara təqdim edib və xatirə şəkilləri çəkdirilib.
Samir Arifoğlu Abdullayev
AYB-nin və Qırğızıstan Yazıçılar Birliyinin üzvü, yazıçı
ZiM.Az
.






