Sürəyya Yunisqızı (İsmayılova): KİMLİYİM

Sürəyya Yunisqızı (İsmayılova): KİMLİYİM

Göz açdığım ilk beşiyim, heç zaman
Çıxmaz xəyalımdan qərib Borçalım.
Müqəddəs and yerim, səcdəgahımsan,
Zəngəzur, Təbrizim, Göyçə, Borçalım.
Daim qəlbimdəsən Azərbaycanım!

Keçmişi şərəfli hər zaman xalqın,
Bir dünya səadət arzu, amalı.
Yer üzünün əşrəfi insanların
Dili ana dilim, Türk, oğuz eli.
Məğrur Vətənimsən Azərbaycanım!

Əbədiyyət beşiyi, nurlu cahan.
Cənnət qoxulu müqəddəs torpağın,
Gündən-günə xarüqələr yaradan
Azadlığa qovuşan Qarabağın
Rəşadət timsalı Azərbaycanım!

Harada doğulsam, harda yaşasam,
Öz ana dilimdə vüsət almışam.
Vətəndən Vətənə köçməli olsam,
Ey Vətən eşqinlə qanadlanmışam,
Qürur, iftixarım Azərbaycanım!

Türk əsilli xalqımın öz Vətəni,
Qarapapaqlılar - qədim tayfası,
Dədəm Qorqud gəzən Zərdüşt məskəni.
Misri harayıdı Cəngi sədası,
Yenilməz elimsən Azərbaycanım!

Şuşa xarıbülbül ətri duyulan,
Vətənin döyünən qəlbi, uğuru.
Tarixlərin yaddaşına yazılan
Şəhidlər Vətənin fəxri, qüruru.
Başını dik tut, ey Azərbaycanım!

Cəsur Şuşam mədəniyyət mərkəzi,
Türk xalqları Birliyinin dünyası,
Əzəmətli həmrəyliyin sülh rəmzi,
Sücaət timsalı, zəfər müjdəsi,
Möhtəşəm qələbən Azərbaycanım!

Qürurla Zəfər bayrağı ucalan
Möhtəşəmdir Cıdır Düzün, Xankəndi.
Rəşadəti kainat ovsunlayan
Fəxarət simvolu Şuşa, əbədi,
Sarsılmayan gücün Azərbaycanım!



ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: