Bu gün ictimai, ədəbi mühitdə özünün pedaqoji, elmi, ədəbi fəaliyyəti ilə öz yeri və mövqeyi olan Tamella Əliyevanın doğum günüdür. Ən önəmlisi də 75 illik yubiley yaşıdır.Uzun illər Azərbaycandan uzaqda, qardaş Türkiyədə yaşayan, səsindən, sözündən doğmalarının, sevdiklərinin, feyzdaşlarının qəlbinə, könlünə yaxın, həmdəm olan Tamella xanım, ilk olaraq doğum gününü təbrik edirəm. Tanrı sənə bundan sonra da sağlam, bərəkətli illər yaşamağı nəsib etsin...
Əzəl başdan deyim ki, həyatına, taleyinə fəaliyyətinə bələd olduğum həmyerlin, qələmdaşın kimi yaşadığın ömrə nəzər salanda heyrətlənirəm. Uca Yaradan, hər şeyə Qadir Allah körpəliyindən ananı, ilk gəncliyindən atanı itirən sən qızcığaza elə bir güc, iradə və səbr verdi ki, həyatın burulğanlarında yolunu, səmtini itirmədin. Vətənə, cəmiyyətə faydalı vətəndaş, zəhmətkeş, nəcib, xeyirxah bir İnsan olaraq yetişdin. Tərcümeyi-halın o qədər zəngin, rəngarəngdir ki, onları sadalamaq, yazıya gətirmək uzun olar, deyə düşünüb, şəxsiyyətinə, obrazına mükəmməllik gətirən bəzi məqamları xatırladıram...
Zamanında ölkədə ən ünlü, və elm məbədgahı kimi bilinən Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra mətbuatda, radioda maraqlı yazılar, çıxışlarla özünü, imzanı təsdiq etdin. Universitetin Filologiya fakültəsində çalışdın. Elmə marağın səni tədqiqatlara yönəltdi. Namizədlik dissertasiyası müdafiə edərək alim adını haqq etdin. Bundan sonra da istedadın, zəhmətinlə elmi araşdırmalarına davam etdin. Həmin vaxtda qardaş Türkiyə Universitetlərinin birində işləmək üçün dəvət alanda həyatın çətin sınaqları ilə üz-üzə gəldin. İlk vaxtlar tanımadığın ölkədə dilini bilmədiyin insanlarla uyğunlaşmaq, birgə fəaliyyət göstərmək nə qədər çətin olsa da bacarığın, erudisiyan, istiqanlı olmağınla çətin sədləri aşa bildin. İllərlə Əskişəhərin Osman Qazi Universitetində çalışdın. Doktorluq müdafiə etdin. Elmlər doktoru, professor adını qazandın. Qardaş ölkədə Azərbaycanı ləyaqətlə təmsil etdin. Məqam olunca Azərbaycana qanadlandın, Birinci Qarabağ savaşında həlak olan oğulların ailələrinə baş çəkdin, gözü yaşlı şəhid analarının ürəyinə ürəyini söykədin. Xeyli sayda məqalə, esselər yazdın. Bildiyimə görə bu mövzuda 6 kitabın işıq üzü gördü. Üst-üstə 30-a yaxın elmi-ədəbi kitabların müəllifi olduğunu da bilirəm....
***
Dostlar, vaxt gəlir, dr.prof. Tamella Əliyevanın elmi səviyyə və təcrübəsini yüksək dəyərləndirən Muş Arpaslan Universitetinin rəhbərliyi onu birgə əməkdaşlığa dəvət edir. Tamella Əliyeva Muş Universitetinin Jurnalistika fakültəsini yaradır və uzun illər də həmin fakültənin dekanı və kafedra müdiri vəzifəsində çalışır...
Tamella Əliyeva Azərbaycanla Türkiyə arasında mədəni-mənəvi körpünün etibarlı dayaqlarından ola bildi. Professor bu missiyanı özünün əməli fəaliyyəti, çalışmaları sayəsində ləyaqətlə daşıyır. Türkiyə mətbuatının nüfuzlu qəzet və jurnallarında çıxışlar edərək, hər iki ölkənin elm, ədəbiyyat xadimlərinin yaradıcılığından bəhs açır, əsərlərini tarixilik-müasirlik baxımından tədqiq-təhlilə cəlb edir. Bütün bunlara rəğmən düşünürəm ki, T.Əliyevanın elmi-pedaqoji-ədəbi fəaliyyətinin yenilik və dəyərini öyrənmək, incələmək gənc tədqiqatçılardan ötrü əsl xammal statusundadır...
Bu gün Tamella Əliyeva artıq qardaş ölkədə işini başa çatdıraraq doğma Azərbaycana qayıdıb. Nə vaxtdı Vətəndə yolunu doğmaların, dostların, Azərbaycan cəmiyyətinin təəssübkeş, qədirbilən insanlar gözləyirdi. O insanların arasında gəlişinin intizarında olanlardan biri də məndim: SÖZdaşın, QƏLƏMdaşın
ŞƏFƏQ NASİR.
Vətənində qarşıladığın yubiley yaşın mübarək olsun, əzizim Tamella xanım!
ZiM.Az
REDAKSİYADAN:
Biz də tanınmış yazıçı, jurnalist, publisist, mətbuat tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması Ziyalılar şurasının, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü ŞƏFƏQ NASİRin səmimi təbrikinə və xoş arzularına qoşularaq, bütün Redaksiya Heyətimiz adından,
dəyərli ziyalımız, sevimli həmkarımız - "TURAN" İnformasiya Mərkəzinin və "turan.info.az" saytının redaktoru, görkəmli ədəbiyyatşünas alim və tanınmış ictimai xadim, filologiya elmləri doktoru, professor Tamella Abbasxanlını - Əliyevanı bir daha Yubileyi və eyni zamanda, 22 iyul - Milli Mətbuat günü münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...
Müşfiq BORÇALI,
"TURAN" İnformasiya Mərkəzinin və
"turan.info.az" saytının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü,
"Abdulla Şaiq", "Nəriman Nərimanov,
"Həsən bəy Zərdabi", "Zirvə", "Zəfər",
“Qızıl qələm” və s. mükafatlar laureatı
ZiM.Az
.











