Gürcüstanın Suxumi Dövlət Universitetinin humanitar elmlər fakültəsində Azərbaycan vətəndaşı, tarixçi-araşdırmaçı və politoloq Natiq Hümbətov “Xl-Xlll əsrin əvvəllərində Gürcüstan və qıpçaq dünyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
AZƏRTAC xəbər verir ki, elmi işin müdafiəsi zamanı rəsmi opponentlər professor Mixail Baxtadze və professor Kaxa Kvaşilava, elmi rəhbər professor Zurab Papaskiri, digər görkəmli alimlər Giuli Alasaniya, Guram Marxuliya və başqaları çıxış edərək dissertasiyanı dəyərli monoqrafik əsər adlandırıblar. Bildirilib ki, bu elmi əsər Azərbaycan-Gürcüstan elmi əlaqələrinin və xalqlararası dostluğun möhkəmlənməsi baxımından da əhəmiyyət kəsb edir.
Əvvəlcə rus dilində yazılan elmi iş sonradan gürcü dilinə tərcümə olunub. N.Hümbətovun müdafiə məruzəsi də gürcü dilində olub. Bu bir Azərbaycan vətəndaşının gürcücə müdafiəsi kimi “ilk” olaraq dəyərləndirilib.
N.Hümbətov AZƏRTAC-a müsahibəsində deyib: “Dissertasiya işinin əsas məqsədi göstərilən dövrdə türk xalqlarından olan və Borçalı türklərinin də etnogenezində mühüm rol oynamış qıpçaqların gürcü dövlətçiliyinin qorunub möhkəmlənməsində müstəsna rolunu araşdırıb elmi yolla ictimaiyyətə çatdırmaqdır.
Borçalı azərbaycanlıları üçün əsərin əhəmiyyəti onların da etnogenezində mühüm rol oynamış qıpçaq dünyasının Gürcüstan dövlətçiliyinin qorunmasında və XI-Xlll əsrlərdə “Qızıl dövr” yaşamasında önəmli rol oynamasıdır. Xalqlarımızın dostluğundan narahat olan bir çox qüvvələr adətən keçmişimizi bir-biri ilə qarşıdurmada olan xalqlar kimi göstərməyə çalışırlar. Halbuki ortaq tariximizdə işğalçı qüvvələrə qarşı çiyin -çiyinə döyüşdüyümüz bu və bunun kimi çoxlu tarixi faktlar var”.
Natiq Hümbətov, həmçinin “Dostluq körpüsü” adlı kitabın redaktoru və tərtibatçısı, iki sənədli filmin ssenari müəllifidir. Elmi jurnallarda və internet resurslarında bir çox elmi və publisistik məqalələri dərc edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
***
TƏBRİK EDİRİK!..
Biz də Redaksiya Heyətimiz adından - sevimli həmkarımız, dəyərli ziyalımız, tanınmış ictimai xadim, zəhmətkeş tədqiqatçı, tarixçi-alim-politoloq, "ZiM.Az"ın şərhçisi, "Zirvə" və “Turan” İnformasiya Mərkəzlərinin, "Borçalı" və "Şərqin səsi" qəzetlərinin Redaksiya Heyətinin üzvü, "Zirvə" mükafatı laureatı, "Travelon" Şirkətinin baş direktoru, çox hörmətli Natiq Hümbətovu
“Xl-Xlll əsrin əvvəllərində Gürcüstan və qıpçaq dünyası” mövzusunda yazdığı doktorluq dissertasiyasını Gürcüstanın Suxumi Dövlət Universitetinin humanitar elmlər fakültəsində uğurla müdafiə etməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.











