Qüdsiyyə Qocayeva (1962)

Qüdsiyyə Qocayeva (1962) TƏBRİK EDİRİK!...

Bu gün sevimli şairimiz Qüdsiyyə xanım Qocayevanın doğum günüdür!..


Qüdsiyyə Sayəddin qızı Qocayeva -
1962-ci il iyunun 1-də
Ağdaş rayonunun Qülbəndə kəndində
ziyalı ailəsində anadan olub.
1979-cu ildə Ağdaş rayonundakı
S.M.Kirov adına (indiki Müşviq İsayev adına) orta məktəbi fərqlənmə ilə bitirib. (Şəhid Müşviq İsayev yaxın qohumudur və Xəzər İsayevin qardaşıdır).
Hələ orta məktəbdə oxuyarkən toplantılarda
öz şeirləri ilə çıxışlar edib.
Yerli "Ağdaş" qəzetində bir sıra şeirləri dərc olunub.
Makinaçı-kargüzarlıq, ingilis dili və mühasibatlıq kurslarını, Mingəçevir Baza Politexnik Texnikumunu, Fermer və Sahibkarlar məktəbini, Odlar Yurdu Universitetinin hüquq fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.
Uzun müddət vəkil işləyib.
1993-2002-ci illərdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasında çalışıb.
Dövri mətbuatda vaxtaşırı aktual məqalələri və şeirləri ilə müntəzəm olaraq çıxışlar edir.
Şeirləri "Zirvə", "Şah dağı", "Ləlvər dağı", "Canım Azərbaycan", "Buta", "Vətən", "Nizami Gəncəvi zirvəsi", "Zəfər", "Qarabağ Azərbaycandır" və s. poeziya antologiyalarında dərc olunub.
"Abdulla Şaiq", "Zirvə", "XXI Əsrin ziyalısı" "Qızıl qələm" mükafatları laureatıdır. "Xurşidbanu Natəvan" medalı ilə təltif olunub.
“Gec açılan çiçəklər” (“Borçalı”, 2020), “Xəzərin sahilində” (“Borçalı”, 2021) və "Tale yolları" (“Borçalı”, 2022) adlı üç şeirlər kitabının müəllifidir.
Hazırda dördüncü kitabı "Borçalı" nəşriyyatında çapa hazırlanır.

Fürsətdən istifadə edərək, biz də çox hörmətli Qüdsiyyə xanımı doğum günü münasibətlə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI
turan.info.az




Qüdsiyyə Qocayeva (1962) AZƏRBAYCAN

Günəş saçar dağa, düzə,
Sünbülləri çıxar dizə,
Gözəlliyi gülər üzə,
El-obaya gətirər şan,
Azərbaycan, Azərbaycan.

Gur suları, bol sərvəti,
Dünya ilə bir şöhrəti,
Tükənməzdir dəyanəti,
Heyrət edər seyrə dalan,
Azərbaycan, Azərbaycan.

Çox şıltaqdır təbiəti,
Göylərdədir əzəməti,
Süfrəsində bərəkəti,
Qonağına açıq hər yan,
Azərbaycan, Azərbaycan.

Keşməkeşli tarixi var,
Sinəsində min-min qübar,
Yağı yadlar hey parçalar,
Torpağında tökülər qan,
Azərbaycan, Azərbaycan.

Qaranlıqlar boğulaydı,
Çən, dumanı dağılaydı,
Azadlığı doğulaydı,
Hamilədir birliyə can,
Azərbaycan, Azərbaycan.


V Ə T Ə N

Görmədim əskilə kədərin, qəmin,
Çoxalır günbəgün, azalmır kəmin,
Mənim naləm ilə yüksəlir bəmin,
Sirdaşsan gözümün yaşına, Vətən.

Küləklər dağıdır sinəmdən ahı,
Gülmək istəyirəm, səslənir ağı,
Bədbəxt taleyimin bu xəzan çağı
Döndün üzüyümün qaşına, Vətən.

Gözlərim yollarda qaldı, bilmədin,
Bircə yol dindirib sevindirmədin,
Həsrətin bol oldu, heç əl vermədin,
Tumarın çəkmədin başıma, Vətən.

Uğrunda döyüşüb qandan olmuşam,
Havanla yaşayıb candan olmuşam,
Bütün dərdlərinə zindan olmuşam,
Qatmısan zəhərin aşıma, Vətən.

Yetim uşaq kimi sınıbdı könlüm,
Çatır mənzilinə kül olmuş ömrüm,
Gedərəm, tükənib, qalmayıb səbrim,
Baxmaram bu çənli yaşıma, Vətən.


V Ə T Ə N

Axı səni sevirdim,
Belə ağlatma gəl sən.
Doğma anam bilirdim,
Ey ürəyi daş Vətən.

Heç baxmadın üzümə,
Sarımadın yaramı,
Atdın çölün düzünə,
Mən tək bəxti qaranı.

Üstdən aşağı baxdın,
Olmadı kimsəm deyə,
Mən bir yetim uşaqdım,
Sən bənzətdin özgəyə.

Yalanların boyuna
Güllü xalat biçmisən,
Salıb məni oyuna,
Şərab kimi içmisən.

Qalmayıbdır heç nəyim,
Nə vermişdin əzəldən?
Puça getdi əməyim,
Salma məni nəzərdən.

Vurmusan ürəyimdən,
Elə incimişəm ki,
Düzəlməsən, ey Vətən,
Sənlə barışmaram ki.

Bəlkə buna görədir,
Heç gözlərin gülməyir,
Elə sənin dərdlərin
Mənimkinə bənzəyir.


ÜRƏYİMİ

Kəsmək bilmədən yağır,
Gecələrin yağışı.
Yastığımı isladır,
Taleyimin göz yaşı.

Əritdi ürəyimi
Hər gəlib yoldan ötən.
Sevindirmədi məni,
Ana dediyim Vətən.

Gündüzləri işləyib
Bir təhər baş qatıram.
Gecələr inildəyib
Dərdlərimlə yatıram.


ŞAM KİMİ

Uçan qanadı ağır,
Ömrün, kədər yükündən.
Əl edir fağır-fağır,
Yaş tökülür gözümdən.

Sevincləri olub az,
Surəti qardan bəyaz.
Çönür bülbülə hər yaz,
Əbədi sevgisindən.

Gələcəyə boylanıb,
Keçmişlərə dönür o.
Şam kimi yanıb, yanıb,
Yavaş-yavaş sönür o.


AYRI YAŞASAQ DA

Qoy yalan olmasın başqaları tək,
Hicran yaşasaq da kədərimizdə.
Səni dəli kimi sevsin bu ürək,
Ayrı yaşasaq da qədərimizdə.

Ümidə bələyir sağı, həm solu,
Acılı-şirinli bu həyat yolu,
Bağlayır bizləri taleyin qolu,
Ayrı yaşasaq da qədərimizdə.

Qoy həsrət salmasın bu eşqə kölgə,
Unutmaq sevgiyə olardı ləkə,
Gizli pıçıltılar ah çəkir: -"bəlkə"!...
Ayrı yaşasaq da qədərimizdə.

Nə sənin, nə mənim var ehtiyacı,
Könüllər bir təmiz sevgi möhtacı,
Bu eşq ömrümüzə olsun baş tacı,
Ayrı yaşasaq da qədərimizdə.

Qoy yalan olmasın başqaları tək,
Bir yanar şam kimi əriyənədək,
Yaşasın məhəbbət biz ölənədək,
Ayrı yaşasaq da kədərimizdə.

YAXŞİDİR

Hörmətli şair Səyyad Sərraf mənim bir bənd şeirimə
"Yaxşidir" adlı şeirlə nəzirə yazmışdır.
Mən də öz fikirlərimi həmin başlıqla bildirirəm.


Yaxşıdır, əlbəttə, şair qardaşım,
Olmadı insandan dostum, yoldaşım.
Gəlmədi köməyə, dondurdu qışım,
Daşürək insanlar ölsə yaxşıdır.

Üzləri yaşıldır, içində sarı,
Şirini sözündə, qəlbində marı,
Dildə ayrı deyər, əməldə ayrı,
Zəhəri özilə bölsə yaxşıdır.

Hər addım yalandan çəpər qurdular,
Xoş dinib, arxadan zərbə vurdular,
"Kimsən, haralısan," - deyə sordular,
Üzümə baxanda bilsə yaxşıdır.

Tək-tük insan qalıb daha həyatda,
Yaşamaq əbəsdir bu kainatda,
Əşrəf dediyimiz bəni-adamda,
Azacıq vicdanı gülsə yaxşıdır.


SEVGİ ŞEİRİ

Sənə sevgi şe(i)ri yaza bilmirəm,
Sevgiyə xəyanət olar, bilirəm.
Bu eşq çıxacaqmı yaza, bilmirəm,
Çıxarsa xəyanət olar, bilirəm.

İdeal məhəbbət yaşayırıq biz,
Günahın önündə qəlbimiz təmiz.
Birdir kədərimiz, həm sevincimiz,
Ayrılsaq xəyanət olar, bilirəm.

Günləri qovuruq həsrəti çapıb,
Danışır hissimiz fürsəti qapıb,
Hicran dənizində vüsalı tapıb,
Yuyunsaq xəyanət olar, bilirəm.

Örtülü həyatsan, açıb girmirəm,
Özgə qapısında heç vaxt gülmürəm,
Sənə sevgi şe(i)ri yaza bilmirəm,
Oxunsa xəyanət olar, bilirəm.


AÇMADI

Məsum sevgim, ümidlərim var idi,
Parçalandı yad, qıyqacı baxışda.
Həyatımın hər küncünü bəzirdi,
Arzularım, gül açmadı naxışda.

Tanrı yazdı, iblis pozdu bəxtimi,
Uçurdular bay olmamış təxtimi,
Zay eylədi öm(ü)rümü, əhdimi,
Arzularım gül açmadı naxışda.

Dolanıram ayaq üstə sağ kimi,
Dərdlərim var sinəm içrə dağ kimi,
Vətənimdə gün görmədim çağ kimi,
Sevgilərim nakam oldu, naxışda.


YOXDURMU?

Səninlə doğulur cahanda həyat,
Sevgiyə bürünür bütün kainat,
Nədən ayrı salır bizi zaman, vaxt?
Yaşamaq haqqımız yoxdurmu bizim?

Nə qədər gözəlsə tənha gül, çiçək,
Tökülər başından qəm ətək-ətək,
Sənsiz ömür bağçam nəyimə gərək?!
Yaşamaq haqqımız yoxdurmu bizim?

Bu qısa dünyamız haraya qədər?
Çəkir imtahana daim dərd, kədər.
Hicran dənizində batırıq hədər,
Yaşamaq haqqımız yoxdurmu bizim?

Niyə əlçatmazdır bu eşq, məhəbbət?
Tanrıya üsyandır çəkdiyim həsrət.
Yaraşmırmı bizə dostluq, sədaqət?
İnsanlıq haqqımız yoxdurmu bizim?


DÜŞÜNCƏLƏR

Elə kövrəlmişəm ki....
Xəyal məni bürüyür.
Qara, keçmişindəki
Ağ saçların üşüyür.

Dayanmısan utancaq,
Dodaqların titrəyir,
Deyə bilmirsən ancaq,
Sözün dildə büdrəyir.

Çevirirsən üzünü,
Guya görməyim deyə.
O vaxtkı tək dizini
Döyürsən söyə-söyə.

Hanı o gülüşlərin?
Üz-gözündə qırış var.
Mehriban öpüşlərin
Qalıb mənə yadigar.

Olan olubdur daha,
Ayrılıb yollarımız.
Əl açsa da sabaha,
Uzanan qollarımız.

Sən gedəli könlümə
Bir dəfə yaz gəlmədi.
Ümidim sevinsə də,
Ürəyim sevinmədi.

İtdi ömür-gün, zaman,
Sürət qatarı kimi.
Qapımızı bağlayan
Bəxtin açarı kimi.

Tənhalığa çəkilib,
Daim səninlə oldum.
Tale belə biçilib...
Eh, qəhərdən boğuldum.


ÖMRÜMƏ

Mənə bir gül bağışla,
Bahar gülsün ömrümə,
Vidalaşım bu qışla,
Bahar gəlsin ömrümə.

Neçə ilin həsrəti,
Sovuşsun hər möhnəti,
Hiss edim məhəbbəti,
Sabah gəlsin ömrümə.

Duyğularım gül açsın,
Qayğılarım çoxalsın,
Tənhalıqdan qurtarsın,
Vüsal gəlsin ömrümə.

Qırdı məni yetimlik,
Uzun yollar, sitəmlik,
Dəyişim, bir qədəmlik,
İlham gəlsin ömrümə.

Mənə bir gül bağışla,
Vidalaşım bu qışla,
Kədər, məni bağışla,
Həyat gülsün ömrümə.
Mənə bir gül bağışla....


OCAQDİR

Çox hörmətli şair, filoloq, müəllim
Nəsib Abidə ithaf edirəm


Dost həyatdır, tutacaqdır, deyiblər,
Nəsib müəllim yolumuzda mayakdır.
Güclünün də tək qolunu əyiblər,
Dostlarına ilahidən dayaqdır.

Təvazökar, əməksevər, ziyalı,
Uçub qonar gözəlliyə xəyalı,
Xoş gələcək, həqiqətdir amalı,
Şər işlərdən, yamanlıqdan uzaqdır.

Dəyər verər yaradanın işinə,
Haqqı deyər, vurub bir-bir dişinə,
Döyməz heç vaxt yaxşı insan döşünə,
Saxtalığa, xəyanətə duzaqdır.

Allah verən bu həyatda paydı, pay,
Bəndələrin sırasında öndə say.
İstəyəndə lap dünyaya salar hay,
Dostlarının ürəyində ocaqdır.

Nə yaxşı ki, vardır yaxşı adamlar,
Əlimizdən çətin gündə tutanlar,
Səhərlərə gözəl müjdə qatanlar.
İlahinin yandırdığı çıraqdır,
Bükülməyən ağappaq bir varaqdır.


AĞ ATLİ OĞLANDİR

Əziz dostum, gözəl insan
Müşfiq Borçaliya həsr edirəm.


Sönən ümidlərin işıq ucudur,
İnsan yer üzünün qızıl tacıdır,
Pislərdən bezənlər yaxşı acıdır,
"Ağ atlı oğlan"dır Müşfiq müəllim.

Çəkdiyi zəhmətə yox təmənnası,
Sanki bir günəşdir gözəl siması,
İşindən nurlanır qəlbin səması,
"Ağ atlı oğlan"dır Müşfiq müəllim.

Savadın, təhsilin hamisidir o,
Neçə nəşrlərin banisidir o,
Qurub yaratmağın dahisidir o,
"Ağ atlı oğlan"dır Müşfiq müəllim.

Elin dərdlərini dərdinə qatan,
Ən çətin günlərdə əlindən tutan,
Bilik səngərində oyaq tək "yatan",
Sayıq kapitandır Müşfiq müəllim.


VAXŞILARIN YAXŞISI

Müşfiq Borçalının 55 illik yubileyinə


Qəzəl


Var yaxşıların yaxşısı insanlar içində,
Olmuşlar həyat elçisi dövranlar dövranlar içində.

Daim kasıba əl tutacaq kimsəsiz olsa,
Yüksək tutular adları aslanlar içində.

Dövrün belə bir müjdəsidir Borçalı Müşfiq,
Safdır nə qədər vicdanı vicdanlar içində.

Doğma Vətəni Borçalıda, həm də kənarda,
Qoymuş izini daima ad-sanlar içində.

Düşsən çətinə dost əlini tez yetirəndir,
Amadə olandır köməyə anlar içində.

Müşfiqlə yaşar qanda olan əsli-nəcabət,
Hər dəm duyular qayğısı imkanlar içində.

Görsə azacıq yaxşılığı Qüdsi unutmaz,
Minnətdar olub qoruyacaq şanlar içində.




*** Qüdsiyyə Qocayeva (1962)

Həyat məndən qisas alır,
mən, həyatdan.... gülürəm,
O heç zaman anlamadı
bir baharlıq
sevgi üçün
ölürəm!



ÖZGƏLƏR

Olsa da pis arasında nə qədər,
Doğmalardan yaxın oldu özgələr.
Tənha görüb sardı məni qəm, kədər,
Doğmalardan yaxın oldu özgələr.

Əl açmadım, yalvarmadım heç kimə,
Xəstə ikən ümid saldım həkimə.
Şikayəti ərz eylədim hakimə,
Doğmalardan yaxın oldu özgələr.

"Qüdrətli yad pis qohumdan yaxşıdır",
Yaxşı adam insanlığın nax(ı)şıdır.
Müdriklərin zaman- zaman bax(ı)şıdır,
Doğmalardan yaxın oldu özgələr.

"Qurd, ağacı öz içindən yeyərmiş",
Ta əzəldən aqillər söyləyərmiş.
Əvvəlindən bəxtim belə gətirmiş,
Doğmalardan yaxın oldu özgələr.

Yaxın qonşu, uzaq qohum misalı,
Kim bölmədi bu "tənliyi", "əmsalı"?
Satan çoxdur əqidəni, amalı,
Doğmalardan yaxın oldu özgələr.
2026


HƏLƏ

Pəncərə önündə bitib həsrətim,
İzindən bir soraq bilinmir hələ!
Süzülən damcılar ilk məhəbbətim,
İçində ümidlər görünmür hələ!

Sükuta uzanıb sonsuz yolların,
Məndən uzaqlarda açıq qolların.
Ayağın altında qalan salların,
Üstündə hənirin silinmir hələ!

Eh! Qərib axşamlar vahimə saçan!
Sənin xatirəndir boynumu qucan.
Deyiləm sürünən, nə də ki, uçan,
Soyuq misralarım isinmir hələ!
2026


SƏADƏTİN

Mənə bir dəstə gül vermə, əzizim,
Təkcə sədaqətin özünü göstər.
Yazın bağçasını dərmə, əzizim,
Sevgi, məhəbbətin düzünü göstər.

Bilirsən sevgisiz yaşamaq nədir?!
Onsuz ömür çılpaq, boş əfsanədir.
Vallah, ayrılıq da bir bəhanədir,
Dözüm, dəyanətin sözünü göstər.

Həyat başımızı elə qatıb ki!
Eşqi xəyanətə elə satıb ki!
Eh! Uzaq düşmüşük dərdə batıb ki!
Vaxtdır, səadətin üzünü göstər!
2026


DEYƏSƏN...

Çaylar kimi çağlayır,
Gözlərimdən axan su.
Həsrətindən ağlayır,
Deyəsən, sevgidir bu.

Xatirələrmi dinən?
Yuxuda gördüm dünən.
Uçub qəlbimə sinən,
Deyəsən, sevgidir bu.

Zaman qurutmur nəmi,
Gənclikdir ömrün kəmi.
Geri dönsə nə qəmi?
Deyəsən, sevgidir bu.
2026


SATIB...

Həsrətini atıb getdin üstümə,
Mən ömrümü sənsiz, belə yaşadım.
Nə olsun ki, yetişmədin tüstümə,
Necə vardım, qalıb elə yaşadım.

Çaqqal, tülkü bürüdü hər yanımı,
Gözləmişəm gec açılan danımı.
İllərimi, hey alsa da canımı,
Düşünmə sən, verib yelə yaşadım.

Guya həyat bir sevgidir dedilər,
Tapıb bizi təpəgözlər yedilər.
Eşqimizi qınaq edib döydülər,
Kədərimi satıb telə yaşadım.
2026


SƏNSİZ SƏNİNLƏ

Sən olan yerlərdə yoxudum, gülüm,
Səninlə məhəbbət qoxudum, gülüm.
Səni illərimə toxudum, gülüm,
Sənsiz sənli dünya yaşayacağam,
Ölüncə bir nisgil daşıyacağam!

İndi peşmanlığın nədir faydası?
Gecikmək olurmuş eşqin qaydası.
Kənarda ah çəkər qadın tayfası,
Aldanmış qəlbimlə barışacağam,
Ölüncə bir nisgil daşıyacağam.

Elə yaxınsan ki, görmürəm səni,
Arxam, dayağım da bilmirəm səni.
Bəlkə sənə layiq sevmirəm səni?!
Bu dəli sevgimlə yarışacağam,
Ölüncə bir nisgil daşıyacağam.


QƏZƏL

Mənim də sevgiyə dair bir qəzəlim olsun, deyə yazdım.

Sənli dünyada, gülüm, qəm də mənə şad kimidir,
Həsrəti - qüssə - kədər aləmi bərbad kimidir.

Hər nəfəs aldığım an şehli gülün ətri gəlir,
Zalımı - dövran özü sanki şirin dad kimidir.

Yoxdu dünyada tayın, sən bir ömür çeşməsisən,
Başqa kim can diləsə, hamsı elə yad kimidir.

Çəkdiyim cövri - cəfalar nə qədər versə zülüm,
Yenə könlün sarayı daima abad kimidir.

Hamıya bəllidi, Məcnunu sevən Leylisi var,
Bu məhəbbət qəzəli sanma ki, fəryad kimidir.

Xəyali surətinə nur çiləyir Ay işığı,
Səni görmək həvəsi Tanrıdan imdad kimidir.

Qüdsi sevsə birini, ömrü ona həsr eliyər,
Sevgidə dahi sən ikən, o da ustad kimidir.
2025


QƏZƏL

Çöllər dəyişir rəngini bezmiş kimi qışdan,
Torpaq hələ doymur, su içir telli yağışdan.

Gün saçmada öz şöləsini sevgili yartək,
Xal qoymada lalə bac alıb sanki yarışdan.

Bağlar bəzənir, ətri gəlir gül, çiçəyin də,
Gənclik elə bil əl eləyir sirli naxışdan.

Bülbül gələrək vəcdə deyir nəğməli eşqin,
Bir busə atıb öz gülünə odlu baxışdan.

İnsan sevinir gördüyü ol mənzərələrdən,
Dövran da gedir yaxşılığa bəlli çaxışdan.

Könlüm yeni bir nəğmə qoşur qəmdən uzaqda,
Zülmət əriyib gün uzanır sülhi - barışdan.

Eşq ilə yazır Qüdsü, yazın xoş nəfəsindən,
Dünya oyanır qurtularaq hüsni - qırışdan.
2026


S Ə N S Ə N

De, hansı qüvvəyə yalvarım ki, mən,
Qayıdıb yenidən geri dönəsən?
Ürəksiz yaşamaq nədir, bilirsən?
Sinəmdə döyünən ürəyim sənsən.

Zalım fələyəmi çöküb yalvarım?
Ömrün payızında sənsizmi qalım?
Yoxsa taleyimə baxıb ağlayım?
Alnıma yazılan o yazı sənsən.

Bezib allahım da mənim əlimdən,
Daha yaradana yalvarmıram mən,
Ayrılmaq çətindir vallah könüldən,
Həyatda sən mənə doğma, əzizsən.

Səni and verirəm o sevgimizə,
Qayıt gəl, son qoyaq həsrətimizə,
Gəl haram qatma sən illərimizə,
Günüm də, ayım da, ilim də sənsən.


***

Ömrümün bir payız, xəzan çağında
Bir sevgi pay verdi ilahi mənə,
Kövrək illərimi seyrə çıxanda,
Rast oldum bir eşqin təlatümünə.

Qayıtdı gəncliyim, sanki yenidən,
O ilk məhəbbətin sevincindəyəm,
Xəzan bağçasında qonaq bülbüləm,
Payızda açılan gülün eşqinə.

Nə deyim taleyin bu yazısına?!
Elə bil yenidən gəldim dünyaya,
Baxıram keçmişə, yaşananlara,
Gah sevinc, gah kədər qonur qəlbimə.


VAXT GƏLƏR

Hər kəs özün haqlı bilir, öyünür,
Başqasının arxasınca deyinir,
Kəsilir baş, kəsənlərsə sevinir,
Dünya mənə qərib gəlir, yad gəlir.

Tanımayır daha qardaş qardaşı,
Pozulubdur zəmanənin yaddaşı,
Qalmayacaq belə getsə yurd daşı,
Dünya mənə qərib gəlir, yad gəlir.

Talelərdə əks olunur taleyi,
Bu həyatın tükənməzdir gileyi,
Mal-mülk hərisliyi, sərvət istəyi...
Dünya mənə qərib gəlir, yad gəlir.

Veribdir həsrətə o pak sevgini,
Şair də vəsf edir müharibəni,
Kefdədir dünyanın şeytanı, cini,
Dünya mənə qərib gəlir, yad gəlir.

Yarılır qorxudan bağrının başı,
Ana laylasından axır göz yaşı,
Tanrı bəndəsinə olubdur naşı,
Dünya mənə qərib gəlir, yad gəlir.

Çoxdan susub "Sülh", "Asayiş" dilində!
Vaxt gələcək, insanlığın önündə
Diz çökəcək bir tikəsi əlində...
Dünya mənə qərib gəlir, yad gəlir.


DİNİB DİLSİZ MƏLƏKLƏR DƏ

Doymadımı torpaq qandan?
Neçə insan keçir candan!
İniltili fəryadlardan
Ərşdə buludlar ağlayır!

Edir, çəkib qılıncını,
Xeyir Şərlə davasını,
Sübut edir haqq haqqını,
Göydə buludlar ağlayır!

Susan deyil haqq heç zaman,
Kəsən deyil bu dava, qan,
Könüllərin harayından
Göydə buludlar ağlayır!

Neçə illər qələmim də,
Haqq səsləyib sətirlərdə,
Dinib dilsiz mələklər də,
Göydə buludlar ağlayır!


İ S T Ə Y İ R Ə M

VƏTƏNİMİ TAM AZAD,
ŞƏN GÖRMƏK İSTƏYİRƏM!
SEVİNCDƏN HÖNKÜR-HÖNKÜR
AĞLAMAQ İSTƏYİRƏM!

İLLƏRİN QƏM YÜKÜNÜ,
BU ƏZİLMİŞ KÖNLÜMÜ,
TƏHQİRLƏRİ, TƏNƏNİ
UNUTMAQ İSTƏYİRƏM!

HEÇ BƏHANƏ QALMASİN,
QƏLBİM BİR DƏ DOLMASİN,
GÖZÜM BAHARA BAXSİN,
EŞQ, VÜSAL İSTƏYİRƏM!

İBLİSLƏR ÜZ ÇEVİRSİN,
MƏNDƏN UZAĞA GETSİN,
ELİM, OBAM SEVİNSİN,
Ə D A L Ə T İSTƏYİRƏM!
Ə D A L Ə T İSTƏYİRƏM!

.
ZiM.Az

Zirve.info

nur.info.az

turan.info.az

Dostliuq.İnfo.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: