Süni intellekti kino dili ilə birləşdirən Sarvan Hüseyn, hazırladığı “Düşmənə qarşı tək”, “Səma Qurbanları” və “20 Yanvar Qürur Günü” filmləri ilə diqqət çəkir. Azərbaycanda süni intellekt texnologiyalarından istifadə olunaraq hazırlanan kino layihələrinin ilk nümunələri sırasında yer alan bu işlər təkcə texniki tərəfi ilə deyil, yaradılan vizual dünyası ilə də fərqlənir.Sarvan Hüseynin işlərində süni intellekt yalnız görüntü yaratmaq üçün istifadə edilən bir vasitə deyil, filmin bütün yaradıcı prosesinin bir hissəsidir. İdeyanın formalaşdırılması, ssenari müəllifliyi, rejissorluq, səhnə planlaması, vizual konsept, personaj dizaynı, məkanların qurulması, geyim detalları, kamera bucaqları, işıqlandırma, personaj davamlılığı, görüntü və video istehsalı, eləcə də post-prodakşn prosesi vahid sistem daxilində həyata keçirilir.
Xüsusilə tarixi və real hadisələrə əsaslanan səhnələrdə arxiv materialları araşdırılaraq dövrə uyğun məkanların, geyimlərin və personajların yenidən yaradılmasına diqqət yetirilir. Səhnələr arasında vizual ardıcıllığın saxlanılması və süni intellekt vasitəsilə yaradılan görüntülərin kino estetikasına uyğunlaşdırılması istehsal prosesinin əsas texniki mərhələləri sırasındadır.
“Düşmənə qarşı tək”, “Səma Qurbanları” və “20 Yanvar Qürur Günü” fərqli hekayələrə malik olsa da, hər üç layihədə Sarvan Hüseynin formalaşdırdığı kino dili və süni intellekt əsaslı istehsal yanaşması ön plana çıxır. Filmlərdə ssenaridən rejissor yanaşmasına, personajların dizaynından səhnələrin vizual atmosferinə qədər bir çox detal vahid yaradıcı xətt üzrə qurulur.
Sarvan Hüseynin layihələri zamanla yalnız rəqəmsal platformalarla məhdudlaşmayıb. Filmlər Azərbaycanın müxtəlif bölgələrində keçirilən nümayişlərlə yanaşı, Türkiyə və Çexiyada da tamaşaçılara təqdim olunub. Beləliklə, süni intellekt vasitəsilə hazırlanan bu işlər müxtəlif ölkələrdə də nümayiş etdirilməyə başlayıb.
Sarvanın AI layihələrində Nəzrin Mərdanlı da süni intellekt assistenti kimi istehsal prosesinə töhfə verir. Bu işlər süni intellektin yalnız bir vizual və ya qısa video yaratmaq vasitəsi olmaqdan çıxaraq, ideyadan yekun filmə qədər uzanan bütöv kino istehsalı prosesinin bir hissəsinə çevrilə bildiyini göstərir.
ZiM.Az
.









