Bəzən insan ömrü görünməyən bir körpünün kənarından başlayır. O körpü nə daşdan, nə də dəmirdən olur — o, həsrətdən qurulur. Bir tərəfi çin olmayan arzular, bir tərəfi reallıqdır. İnsan isə illərlə o körpünün bu tayında dayanıb o biri tayına baxır...
Mənim ömrüm də elə o körpünün bu tayından başladı. Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun...
Mən onu heç vaxt görməmişəm. Onunla eyni zamanın adamı olmamışam. Lakin insan bəzən görmədiyi insanı daha çox sevir. Mən də şair Səməd Vurğunu belə sevdim - uzaqdan, səssizcə, ürəyimin dərinliyində böyüyən bir sevgi ilə...
Çünki o - xalqın sevimlisi, sadə dildə danışan, insanların qəlbində yaşayan, Azərbaycan şeirinin döyünən ürəyi, sözün zirvəsində ucalan bir şairdir.
Gürcüstanda başqa millətlərin arasında böyüsəm də, ürəyim Səməd Vurğunun sözünün işığında boy atırdı. Uşaqlıq illərimdə ədəbiyyat kitabımın ön səhifələrində şairin yazdığı “Azərbaycan” şeirini oxumuşdum. O şeirdə sadəcə misralar yox - bütöv bir dünya vardı. Oxuduqca, o dünyaya daxil olduqca, bu sevgi daha da dərinləşirdi.
Sonralar Gürcüstanda çap olunan “Gürcüstan” qəzetində böyük şair haqqında çoxlu sayda məqalələr oxudum. Qəzetdə yazırdılar ki, Səməd Vurğun kasıblara əl tutan, imkansız uşaqların yolunu açan, onların uzaq şəhərlərə qədər uzanan təhsil yollarına işıq salan mərhəmətli bir insan olub. O yazıları oxuduqca anladım ki, mən təkcə bir şairi yox, böyük bir ürəyi sevmişəm.
II BÖLÜM - Baharın İçində Gizlənən Kədər
Qaranquş müjdəli mart ayı... Baharın həzin nəfəsi yağışın ilk damlası torpağa düşən kimi həyat yenidən canlanır...
Yaz qışın yorğun sükutunu yarır, torpaq sinəsini açır, nərgiz gülü yuxudan oyanır, buz bağlamış çaylar xatirələrini çözərək yenidən axmağa başlayır. Təbiət sanki uzun bir yuxudan ayılıb nəfəs almağa başlayır. Yazın gəlişini qeyd etdiyimiz Novruz yalnız bir bayram deyil - o, dirçəlişdir, o, ümiddir, o, insan qəlbində yenidən işıq yandıran bir başlanğıcdır.
Belə gözəl bir gündə dünyaya göz açan şairin taleyində isə bir nisgil, illərlə sağalmayan bir yara — “ana” adlı bir dərd vardı...
Körpəlikdən anasını tez itirmişdi. Ana nəvazişindən uzaq böyümüşdü o. Ana qucağının istiliyini duymadan, ana laylasının sehrində mışım-mışım yatmadan böyüyən Səməd taleyin yazdığı alın yazısına sığınmışdı. Bəlkə də buna görə onun misralarında, şeirlərində həmişə bir həsrət, bir yanğı yaşayırdı.
Bu misraları oxuduqca, mən özümü onda tapırdım. Çünki mən də körpəlikdən ana nəvazişi görməmişdim...
Lakin bizim böyük fərqimiz vardı.
Onun anası dünyasını dəyişmişdi.
Mənim anam isə sağ idi...
Sadəcə xəstə idi.
Və o xəstəlik ana istiliyini mənim uşaqlığımdan alıb aparmışdı.
Mən anasız deyildim...
amma ana nəvazişsiz böyüyürdüm.
III BÖLÜM - Sazın Susduğu Ev
Biz Gürcüstan Respublikasının Rustavi şəhərində yaşayırdıq. Mən Rustavi şəhərində 5 nömrəli tam orta məktəbdə oxuyurdum. Məktəb mənim üçün sadəcə dərs yeri deyildi — həyatımın mərkəzi idi.
Dayım məktəbdə tədris işləri üzrə direktor müavini işləyirdi, sonra məktəbin direktoru oldu. Bibim isə ibtidai sinif müəlliməsi idi.
Mən o məktəbin dəhlizlərində təkcə şagird kimi yox, sanki o ocağın bir parçası kimi gəzirdim. Ədəbiyyat dərsimizi keçən, eyni zamanda sinif rəhbərim olan Cəfər müəllim sözün sehrini bizə sevdirən insan idi.
Lakin mənim dünyamın ən böyük səsi evdən gəlirdi. Atam el aşığı idi — hər zaman sazı sinəsində, sözü dilində həzin kövrək laylalar çalardı.
Onun sehrli barmaqları simlərə toxunanda sanki həyatın özü səslənirdi. “Mansırı”, “Baş Sarıtel”, “Dubeyti”, ”Yanıq Kərəm”-in havalarının ahəngi uşaqlığımın yaddaşına yox, ruhuma yazılmışdı.
Amma bir gün o səs susdu. Anam xəstələndi və atam bizdən ayrıldı. Evimizin sükutu dərinləşdi...
Mən isə həm atam üçün, həm də o sazın səsi üçün darıxdım. Elə o gündən söz mənim içimdə doğulmağa başladı...
IV BÖLÜM - Yarımçıq Qalan Yol
Beşinci sinifdə oxuyanda Qazax rayonunda, ustad şair, dahi şəxsiyyət Səməd Vurğunun adını daşıyan 2 nömrəli tam orta məktəbdə dahi sənətkarın yubileyinə həsr olunmuş tədbir keçirilirdi. Gürcüstanda fəaliyyət göstərən məktəblər içində bizim məktəbimizi də dəvət etmişdilər.
Məktəbimizdə keçirilən bütün tədbirlərdə aktiv şagird olduğuma görə o mötəbər tədbirdə iştirak etmək üçün məni də seçmişdilər. Mənə tədbirdə çıxış üçün şairin “ Ceyran” şeirini və “Dağlar” mahnısını ifa etməyi tapşırdılar.
Sevinirdim...
Çünki Qazaxa gedəcəkdim...
Uzaqdan sevdiyim bir ruhun izinə düşəcəkdim. Nə yazıq ki, o görüş baş tutmadı. Qazaxa getməyimizə bir həftə qalmış Cəfər müəllim sinifimizə gəlib mənə dedi:
— Telli, sən nümunəvi, tərbiyəli bir şagirdsən, səsləndirdiyin hər bir şeiri çox gözəl deyirsən, nədənini bilmirəm, qərarı kim tərəfindən verildiyini də bilmirəm, üzgünəm, qızım amma sən o tədbirdə iştirak etməyəcəksən.
O gün yaralı ürəyimdən bir tel də qırıldı. İçimdə kövrəlsəm də ağlamadım. Sadəcə başımı aşağı saldım. Məktəbdən evə necə gəldimsə... Evdə də heç kimə heç nə demədim. Axı deyəcək adamım da yox idi. Anam xəstə yatağında, atam da başqa bir xanımın yanında yeni qurduğu ailəsində...
Deyəcək kimim vardı ki,?
O gün başa düşdüm:
-yetimlik təkcə valideyn yoxluğu deyil bəzən arzuların da sahibsiz qaldığı ünvandır. O, gündən bir cümlə mənimlə yaşadı:
“Şair… yetimliyim qoymadı səninlə görüşüm…”
V BÖLÜM - Yolların Qovuşduğu Sükut
İllər keçdi. Ailə qurdum. Anam dünyasını dəyişdi. Amma içimdəki o balaca məktəbli qız dəyişmədi. O hələ də o günün astanasında dayanmışdı - yarımçıq qalan bir yolun kənarında...
Qədərim, alın yazım məni dolana-dolana yenə o yola qaytardı. Həyat yoldaşımla Rustavi şəhərindən Bakıya köçməyi qərar verdik.
O, Qazax rayonunun Kəmərli kəndindəndir. Hər dəfə Kəmərliyə gedib - gələndə yolumuz Qazax şəhərindən keçirdi. Avtobus sakit-sakit yol alardı, mən isə pəncərədən baxardım...
Yollar dar olsa da, xatirələr geniş idi...
Bir gün yenə həmin yoldan keçəndə həyat yoldaşım mənə dedi:
- Telli, bax... bu gördüyün 2 nömrəli məktəb Xalq şairi Səməd Vurğunun adını daşıyır. Bu sözləri eşidəndə sanki zaman geri döndü. İçimdə köhnə qaysağı bağlanmamış yaram qanadı, heç kimə söyləmədiyim bir ağrı oyandı. Amma yenə də ağlamadım. Sadəcə içimdə bir nisgil dilləndi...
Bəzən insanın taleyini böyük hadisələr yox, sakitcə içində qalan bir kədər yazır...
VI BÖLÜM - Sözün Oyandığı An
Hər dəfə o məktəbin yanından keçəndə içimdə eyni cümlə doğulurdu:
“Şair... yetimliyim qoymadı səninlə görüşüm...”
Bu, artıq sadəcə bir cümlə deyildi.
Bu - mənim uşaqlığımın kövrək göz yaşları idi...
Aramızda görünməyən həsrət adlı bir körpü vardı.
İllər keçdi...
Zaman susdu, amma içimdəki səs susmadı. Ulu babam Aşıq Qəhrəman kimi, Atam Aşıq Düşgün Ənvər kimi dərdimi misralara düzməyə başladım.
Hecalara bölündü ağrılarım...
Söz mənim içimdə doğuldu.
Qanımda aşıq qanı çağladığı üçün mən də o yolun davamçısı oldum.
Mən şeir yazmağa 45 yaşımda başladım.
Bu gecikmə deyildi.
Bu — illərlə içimdə yığılan səsin nəhayət sözə çevrildiyi an idi.
Anamın adını və doğulub boya-başa çatdığım Ulu Borçalının adını özümə təxəllüs götürdüm:
Telli Sənəm Borçalı.
Ədəbi mühitdə tanınmağa başladım.
İmzam tanındı. Artıq dörd kitab müəllifi idim...
“Oxu, lal bülbülüm, oxu”, “Sözün Zəlimxan ətri”, ”Qarapapaqlar” və “Böyüməyən körpə”
VII BÖLÜM - Gecikmiş Görüşün Qapısı
Bəxtim, qədərim illər əvvəl əlimdən alınanı bir gün mənə geri qaytardı. Borçalı elinin dəyərli ziyalısı, alim Müşfiq Borçalı Azərbaycan Texniki Universitetdə keçirilən Xalq şairi Səməd Vurğunun yubiley gecəsinə, şair Sadət Novruzu dəvət etdi. Şair Sadət Novruz isə məni həmin tədbirə dəvət etdi.
Bu dəvət mənim üçün sadəcə bir çağırış deyildi...
Bu - taleyin gecikmiş cavabı idi.
Sevincimin həddi-hüdudu yox idi.
Hətta o gecə sevincdən yuxu belə yatmadım.
İlhamım çağladı. Şairə şeir belə yazdım.
Səhər qırmızı paltonu geyindim.
Elə bilirdim, illərin həsrəti bu gün sona çatacaq...
VIII BÖLÜM — Sözün Öz Yolunu Tapdığı Gün
Texniki Universitetdə keçirilən tədbirin zalı dolu idi.
Aşıqlar, tanınmış söz adamları, alimlər və tələbələr...
Hamı orada idi.
Mən də yaxınlaşıb aparıcıdan çıxış üçün söz istədim. Kitablarımı tribunda əyləşən ziyalılara hədiyyə etdim.
Amma aparıcı dedi ki:
- Üzr istəyirik, sizə söz verə bilmərik. Çıxışlar əvvəlcədən planlaşdırılıb.
Geri çəkildim...
Sakitcə...
Lakin gördüm ki, tribunada oturan ziyalılar kitabımı vərəqləyir.
Misralarımı bir-birinə göstərib bir-birilərinə nəsə deyirlər. O an hiss etdim ki, söz öz yolunu tapır...
Orada olan şairlərdən biri - Zəlimxan Yaquba ithaf etdiyim “Sözün Zəlimxan ətri” kitabımın bir neçə misrasını oxuyub mənim kim olduğumu soruşdular.
Həmin anda dəyərli ziyalımız Müşfiq Borçalı ayağa qalxıb dedi:
- Mən onu tanıyıram. Gözəl şairdir. Şeirlərini tez-tez qəzetimizdə çap edirik.
Beləliklə də zalda oturanlar məni tanımasalar da, sözümü tanıdılar.
Və tədbirin sonunda mənə söz verildi.
IX BÖLÜM - Həsrətin Səsləndiyi An
İlk dəfə idi böyük auditoriya qarşısında çıxış edirdim. Zalda yüzlərlə insan. Əllərim titrəmirdi.
Amma içim danışırdı... Şair Cığatel xanımın səhnədəki çıxışını diqqətlə izləmişdim. Onun rahatlığı mənə güc vermişdi. Və mən həyat hekayəmi qısa olaraq danışdım... və sonda
- Bu gün burada təkcə bir şair kimi yox, illərlə içində həsrət gəzdirən bir insan kimi dayanmışam...
Sonra isə şeirimi səsləndirdim:
Xalq şairi Səməd Vurğuna ithaf
Boylanıb baxıram uzaq illərə,
Tozunu alıram xatirələrin.
Dərsinə gecikən məktəbli kimi,
Döyürəm qapısını ötən illərin.
Vurğun kəsilmişdim Səməd Vurğuna,
Yenə o istəklə ürəyim qızın.
İndi arzusuna işıq tutursan,
Qırmızı paltonlu məktəbli qızın.
Açıb yaxasını xatirələrim,
Gəlir asta-asta illər yorğunu.
Bax, on bir yaşında bir qız dayanıb,
Xəyalı qarşılayır Səməd Vurğunu.
Qəlbində arzular çiçəkləyirdi,
Könlü qarşılayır uca şairi.
Beşinci sinifdən bir qız əl edir,
Xəyalı salamlar qoca şairi.
Dumanı sıyrılıb Göyəzən dağın,
Qazax torpağının gözləri gülür.
Vurğun qoxusuna bələnib yurdu,
Sənət dünyasından işıqlar süzülür.
Sənət bağçasına, söz gülşəninə,
Nəğmə qanadında gəlibdir bahar.
Üz tutub Bakıdan Qazaxa qədər,
Vurğunun şəhərinə bələnib yollar.
Böyük sənətkarın sənət dünyası
Odlar diyarında ocağa dönüb.
Vurğun misrasının təravətiylə
Ürəklər eşq dolu qucağa dönüb.
Şeiri bitirəndə sonra zal sükuta büründü. Sonra isə alqışlar yüksəldi.
Uzun... səmimi... ürəkdən...
Mən yerimə qayıdanda göz yaşlarım yanağımda çiçəklədi. Yanımda oturan şair Sadət Novruzqızı soruşdu:
— Telli xanım niyə ağlayırsınız?
Dedim:
— Ehhh, Sadət xanım mən yaşadıqlarımı siz bilməzsiniz... bu həsrətin dadı çox acıdır...
Bir zamanlar yetimliyim şairin ruhyla görüşməyimə mane oldu Qazaxa gedə bilmədim...
Amma bu gün sözün özü məni ustadın hüzüruna gətirdi.
X BÖLÜM — Yazıçılar Birliyində Doğan Söz
Sonra o hissləri kitaba çevirdim:
“Məktəbli ömrümün Səməd Vurğunu”adlı poema yazdım. Bu kitabı özümə doğum günü hədiyyəsi etdim. 2016-cı il 15 apreldə Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda kitabın təqdimatı yüksək səviyyədə keçirildi. Bu, sadəcə təqdimat deyildi. Bu yarım qalan bir ömrün tamamlanması idi. Tədbirimə yazılı sürətdə, məktubla bir neçə televiziya kanallarını dəvət etmişdim. Sağ olsunlar tədbirə gəlib tədbiri lentə aldılar.
Yayımladılarda...
Bu sözlər artıq təkcə mənim deyildi.
Xalq şairi Səməd Vurğuna vurğun olan bütün xalqa çatdı. Ürəklərə yol tapdı.
XI BÖLÜM - Həsrətin O Tayı
(Final)
Bu gün artıq dörd kitab müəllifi idim.
Bu gün həyat mənə gecikmiş görüşümü qaytardı.
Bir tədbir bir zal yüzlərlə baxış əvvəl söz vermədilər. Amma söz öz yolunu tapdı.
Və mən danışdım.
Zal alqışladı.
Mən isə yerimə qayıdanda ağladım.
Bu kədərin yox tamamlanmanın göz yaşları idi.
İndi anlayıram:
Mən onu görmədim amma onunla böyüdüm.
Keçə bilmədiyim körpünü illər sonra sözlə keçdim.
Mən şeirə gec gəlmədim şeir mənə gec gəldi.
Və o məni həsrətin o tayına apardı.
Telli Sənəm BORÇALI,
şair-publisist
ZiM.Az
.
.












