Gülzar Şərifova: SABAHI DÜŞÜNÜRƏM

Gülzar Şərifova: SABAHI DÜŞÜNÜRƏM

GÜLZAR ŞƏRİFOVA

ÜRƏK OLANDA


Böyük əməllərlə çarpar, döyünər
İnsanın köksündə ürək olanda.
Xəyallar qanadlı bir quşa dönər
İnsanın köksündə ürək olanda.

Dil açar arzular, təmiz diləklər
Sevən ürəklərdə doğar al səhər.
Əngin səmalarda ucalmaq istər
İnsanın köksündə ürək olanda.

Tufanlar sarsıtmaz mətanətini,
Tapar öz əbədi səadətini.
Xalqa, elə bağlar məhəbbətini
İnsanın köksündə ürək olanda.

SABAHI DÜŞÜNÜRƏM

Qarşımda hər misrası min qüssə, min ahu-zar,
Müqəddəs bir ananın gündəlik dəftəri var.
Oxuyuram bir vərəq mən onun dəftərindən,
Ananın taleyini düşünürəm dərindən....
Boğur məni göz yaşı, ürəyim alovlanır,
Onun qəmli siması göz önündə canlanır...
Budur, üzündə kədər, gözlərində intizar,
Qəlbində ağrı, əzab, sözlərində intizar,
O, sönür ulduz kimi... Dan yerisə sökülür,
Axıb gözünün yaşı ürəyinə tökülür.
Yaralı ahu kimi seyir edir buludları,
Sinəsində yurd salmış müqəddəs arzuları.
Gül açmamış saralır, inləyir dərdli ana...
Bu gündəlik dəftəri tez qoyuram bir yana.
Götürürəm anamın qalın kitabını mən,
Nələr keçir, a dostlar, gözlərimin önündən.
Gülür insan, gülür el, gülür təbiət bu dəm,
İftixarla, sevinclə sabahı düşünürəm.

ZiM.Az
Turan.İnfo.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: