Bu günlərdə qardaş Türkiyədən
daha bir şad xəbər almışıq:
Əslən qədim Qarayazıdan,
indiki Gürcüstanın
Qardabani şəhərindən olan
Mədinə Mustafayeva orta məktəbi
əlaçı olaraq bitirib və ali məktəbə
daxil olub.
Mədinə Mustafayeva 9 il Qardabanidə təhsil aldıqdan sonra təhsilini Türkiyənin Bursa şəhərindəki liseydə davam etdirib.
O, burada 3 illik lisey təhsilini əla qiymətlərlə başa vuraraq sinif birincisi olub və universitetə daxil olub.
Onu da qeyd edək ki, Mədinə Mustafayeva hələ Qardabanidə orta məktəbdə oxuduğu illərdə təhsil sahəsində göstərdiyi yüksək nəticə ilə diqqət çəkib.
O, lisey təhsili müddətində də yüksək akademik göstəriciləri ilə seçilib və əlavə müəllim yanına getmədən uğurlu nəticə əldə edib.
Böyük fəxr və qürur hissi ilə onu da bildirmək istəyirik ki, Mədinə Mustafayeva hələ gənc yaşlarından nəinki Qarayazıda, bütün Borçalıda və Gürcüstanda, həmçinin keçmiş SSRİ-də məşhur olan və hazırda Moskvada yaşayan, eyni zamanda, bizim Redaksiya Heyətimizin Fəxri üzvü olan dəyərli soydaşımız Səməd Şahverdiyevin nəvəsidir.
Səməd Şahverdiyev keçmiş SSRİ-nin "Hərbi xidmətlərə görə" medalı ilə, Əfqanıstanın “İgidliyə görə” medalı ilə, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Döş nişanı ilə təltif olunmuş, adı qızıl hərflərlə SSRİ Komsomolu Mərkəzi Komitəsinin Şərəf jurnalına yazılmış, təhsil aldığı məktəbə xidmət etdiyi alay rəhbərliyi tərəfindən minnətdarlıq məktubu göndərilmişdir.
O, 1983-1987-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində ali təhsil almış, İnstitutu qırmızı "Fərqlənmə diplomu" ilə bitirmiş, oxuduğu müddətdə İnstitut Elmi Şurasına seçilən iki tələbədən biri, fakultənin komsomol komitəsinin katibi, institut partiya komitəsinin üzvü və Gürcüstanda ilk dəfə Əfqanıstan Veteranlar Birliyinin yaradıcısı olmuşdur. Adı komsomolun 33-cü qurultayında yüksək tribunadan çəkilmiş, SSRİ Kommunist Partiyasının 27-ci qurultayının ən gənc nümayəndəsi, Tbilisi şəhərinin deputatı olmuşdur. Respublika və mərkəzi qəzetlərdə onun haqqında dəfələrlə geniş məqalələr yazılmışdır.
1989-cu ildə Qardabani komsomol komitəsində, sonralar rayon kinolaşdırma idarəsinin direktoru və başqa vəzifələrdə çalışmış, daha bir neçə medalla təltif olunmuşdur.
Səməd Şahverdiyev hazırda Moskvada yaşayıb işləsə də, doğma Ata yurdunu unutmur, tez-tez Qarayazıya baş çəkir, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda böyümələri və yüksək səviyyədə təhsil almaları üçün əlindən gələni əsirgəmir.
Biz də Redaksiya Heyətimiz adından həm dəyərli soydaşımız Səməd Şahverdiyevi, həm də nəvəsi Mədinə Mustafayevanı ürəkdən təbrik edirik və onlara yeni-yeni uğurlar arzulayırıq!..
Əminik ki, Mədinə Mustafayeva gələcək təhsil və karyera yolunda qazandığı yeni-yeni nailiyyətləri ilə həm babası Səməd Şahverdiyevi, həm də bizləri sevindirəcək!..
MÜŞFİQ BORÇALI,
SEVDA AYXAN,
ZiM.Az
.














