("Adlar və adamlar" silsiləsindən)Dünyadakı adilər tək dahilər də fərqli olur,
Az olar ki, bəxtəvərdir, çoxu dərdlə yüklü olur.
Bir təqvimlə yeni ilin ilk günündə doğulmuşdu,
O biriylə köhnə ilin son səhəri ruhu uçdu.
Bəlkə də, bir təsadüfdür...Düşündürür dərin-dərin,
Qibtə, heyrət, möcüzədir qısa ömrü gənc Cəfərin,
...Onu ərzə verən ana mərd, qorxmaz bir qadın idi,
Hər məramı aydan arı, sudan duru--aydın idi,
Gülüş onun dodağında həm səadət, həm də ağrı,
Qələmilə yol göstərdi nurlu gündüzlərə doğru.
Incə zövqlü bir zərgərdir, söz onunçün inci, almaz,
Yaratdığı daim yaşar , illər keçsə, yenə solmaz.
Elin gözəl qızlarına Sevər, Gülər, Sevil dedi,
Qayna, qarış, işlə, oxu, həyati sev, sevil dedi.
Siz də cəsur oğullar tək qol çırmayın, qurun, tikin,
Gizli qalan hər arzunuz pardaqlansın bir gül təkin!
...Ailədə dörd qardaşdı: Hüseynqulu, Heydər, Əjdər,
Bir də evin sevimlisi, sonbeşiyi kiçik Cəfər.
Görən ona ad qoyanda bilirdimi ata-ana
Sonra necə yaraşacaq oğlu ada, ad oğluna*---
Deyirlər ki, kiçik çaylar körpələr tək əziz olur,
Kiçik çaydan axan sular aydın, duru, təmiz olur,
Kiçik çayın can atdığı sonsuz, mavi dəniz olur,
Onun həzin zümzüməsi könlü, ruhu oxşayandır,
Son məqamda qovuşduğu intəhasız bir ummandır.
Onu hər kim tanıyırdı, çoxusuna əziz idi,
Damarından axan qanı duru, qaynar, təmiz idi,
Can atdığı xoş arzular coşqun, dərin dəniz idi,
Mən "azad bir quşdum" deyə asta-asta oxuyandı,
İnsanların sevən qəlbi Cəfər uçun son məkandır.
İMARƏT CƏLİLQIZI,
Qabaqcıl təhsil işçisi,
“Tərəqqi” medallı
Azərbaycam dili və
ədəbiyyatı müəllimi
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.












