GÜLNARƏ İSRAFİL: "GƏLİRƏM SƏNƏ DOĞRU"

GÜLNARƏ İSRAFİL: "GƏLİRƏM SƏNƏ DOĞRU" GÜLNARƏ İSRAFİL
(1981)


Gülnarə İsrafil (Gülnarə İsrafil qızı Əmiraslanova) - 1981-ci il mayın 25-də Gədəbəy rayonunun Qarıkənd kəndində doğulub.
2002-ci ildən müxtəlif qəzet və jurnallarda çap olunur.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Torpaq adamlar", "İki", "Sirran" adlı şeir kitablarının müəllifidir.
Bu yaxınlarda "Daşın bağrında bir daş" adlı şeir kitabı əski Azərbaycan əlifbası ilə öz ana dilimizdə Urmiya şəhərində işıq üzü görüb. "Düşünürəmsə varam", "Zərrələr" adlı layihələrin müəllifidir.
Kitabları "Turuz" və "Milli kitabxana" saytlarında dərc edilib.
Ədəbiyyat nümunəsi olan bir neçə kitabların redaktorudur.
Hazırda jurnalist olaraq fəaliyyət göstərir.

Biz də Redaksiya Heyətimiz adından Gülnarə xanıma uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



GƏLİRƏM SƏNƏ DOĞRU

Bir azadlıq carçısı, səssizliyim səsində,
Bir çinarın dibində, buludun nəğməsində,
İşıq səmalarında, devrimin simgəsində,
Uçuram gah dal üstə, uçuram gah yol üstə,
Gəlirəm Sənə doğru...

Mehvərindən fırtına, qopan külək titrəşim,
Mən dünyanın köçündə, dünya mənim köç nəşim,
Yazılan yaşanandır, yaşanmışlıq gərnəşim,
Uçuram gah sal üstə, uçuram gah qol üstə,
Gəlirəm Sənə doğru...

Qıyıram öz yerimdən, çıxıram səhər erkən,
Səkirəm su üzünə, açıram göyə yelkən,
Bənd almıram buludda, var ilə yoxda hürrkən!
Uçuram gah hal üstə, uçuram gah yal üstə,
Gəlirəm Sənə doğru...

18.05.2026.


ÖZÜM GEDƏRƏM

Sən getmə, əzizim, özüm gedərəm,
Yollar ayağımın həsrətindədi.
Getmisən, yamanca qəribsəmişəm,
Bu hikmət dizimin əsməsindədi.

Səni soruşuram, yollar lal olur,
İzini gəzirəm, izin qar olur.
Nəfəs alammıram, köksüm daralır,
Nəfəsim izinin kəsməsindədi.

Sən getmə, dön geri, özüm gedərəm,
Yoluna səcdələr düzüm, gedərəm.
Çökərəm diz üstə, dizin gedərəm,
Sevgin dizlərimin gəzməsindədi.


İLLƏRİN QOLLARINDA

İllərin qollarında bir gün, bir gün köçürsən,
Şuxluğunu, qəddini, fəsillərə bükürsən,
Əgər səni ay tutsa, yoldan məni götürsən,
Zamansızlığa götür, məkansızlıq məndədir.

Genimdə torpaq ətri, damarımda su lili,
Yaşım yaş üstündədir, ilim çalır təbili,
Daşa dilim açılır, danışıram hər dili…
Bir tərəfim Borçalı, bir yanım Dərbəndədir.

Sən xitab yerimdəcə sən ol, şeir yaradım!
Yaram elə dərindir, qorxuram ki, qanadım,
Səni sevgi adında ömür boyu aradım,
Ömür adlı fırtına, ölüm adlı dəmdədir.


DİRİLİM

Külək, sevdiyimi götür geri gəl,
Çəkim ciyərimə, çəkim dirilim.
Əvvəlki ömrümdə xarabalıqdır,
Alım can evimə tikim, dirilim.

Öpüb gözlərimin üstünə qoyum,
Ərisin şövqümə, tüstüyə doyum,
Sinəmin üstündə büstünü oyum,
Gözümün nuruna çəkim, dirilim.

Günəş, dər gecəmi, çevir gündüzə,
Bərqindən süzülən eşqi çək üzə,
Məni nökər elə, döndər kənizə,
Önündə diz üstə çöküm, dirilim.

Göylər, yağışını sevdiyimlə yağ,
Gecəmin üstünü nurlasın çıraq,
Könlümə sevdadan qaynasın bulaq,
Günümü ruhuma əkim, dirilim.
26.08.24


KƏPƏNƏK QADIN

Sən ey əlləri boş, kəpənək qadın,
de niyə dinmirsən dilin tutuldu?
ağrıdı saçların sığalsızlıqda,
ovcunmu lillədi, əlin tutuldu?

De hara gedirsən, yolun hardadır?
"Dünya tək adamlıq yerdir" demişdin.
Nə çoxdur yol üstə ruhu əzilmiş,
nə çoxdur sürüdən ayrılmış adam,
sən dik baxışları kimdə əymişdin?

Sən ey əlləri boş, kəpənək qadın,
nəfəs boyda qaldın, nəfəs-nəfəsə.
Deyirlər üstündə şam yandıran yox,
qəlbini küsdürmə gül və ağla keç,
tutun, bərk tutun!
Səni ovunduran bax gör nədirsə.


DİPDİRİ

Qara qəpik dünyanın sakinləri qovaqdır,
Biri köç karvanında, biri doğulacaqdır,
Nənəmin cəhrə qurub, nəhrə asdığı vaxtdır,
Duaların üfqündə isinmiş alın təri, - dipdiri.

Bir tərəfdə çardağı, bir tərəfdə balları,
Qumaşdandır boğçası, cehizliyi, şalları,
Ay şövqündə toplamış yuxulu, - buğdaları,
Qartımış sümükləri, qabarlamış əlləri, - dipdiri.

Yəhərli yüyənli at daylağına teylənir,
Yaz açılır arandan dağa köçən əylənir,
Kimsə qonşu çadırda nərgiz yuyub dəmləyir,
Toplayırıq şəfalı bitkiləri, gülləri, - dipdiri.

Kainat da sükutda, yer kürəsi tələsmir,
Nə nənəmin əlləri, nə də ki, yarpaq əsmir,
Əzrail də bağ qurur, qurur, bir teli kəsmir,
Elə bil ki, alacaq ağuşuna göy yeri, - dipdiri.

Bu elə yuxudur ki, ayılmaq istəmirsən!
Hər şey səndən aşağı, üst yerdəsən, əmrsən.
Birdən də zaman dönür əcəl donu geyirsən,
Özündən, özgəsindən yerini alır biri, - dipdiri.


AY İLIQ

Sarılıb sarmaş-dolaş, seyri-süluk edərəm,
Nə saat tak-tak edər, nə də zaman var olar.
Sənin hava axını çəkdiyin hər nəfəsdə,
Hissənə, hüceyrənə dönüşərəm doğrular.
Sən olaram gülüşdə, sən olaram kədərdə,
Sındıraram sehirli, sirr doğuran tilsimi.
Narçiçəyi rəngində bəzənərəm, bəzərəm,
Öpüşümlə boyaram dodağına sevgimi.
Ozonqatımda sərib ayağına çilçıraq,
Apararam illərin səndən gedən fəslinə.
Səni ruhuma çəkib edərəm yaza qonaq,
Səni vermərəm yerin, torpağın da əslinə.
Mənim ruhum əbədi yaşanacaq baqidir,
Sən mənim bədənimin tənyarı hissəsisən.
Gözlərimin işığı, hisslərimin güzgüsü,
Zamansız dövrə vuran nəbzimin qu səsisən.
Gəl ömrümə, ruhumu uçurt göyə çərpələng,
Sonra yapış, bərk sarıl, qoparmasın ayrılıq.
Əriyək bir can olaq, bir səs, bir bədən, ətir,
Bizə Günəş işığı gecə gəlsin, ay ilıq.


SÜBH MAVİ GƏLİNLİKDƏ!

Sübh mavi gəlinlikdə,
Mənsə ulduzlu axşam.
Əks olur dodağımda,
Içimdə əriyən şam.

Açılır hər gün yeni,
Xəyalıma pəncərə.
Göy qurşağı deyilir,
Arzular doğan yerə.

Qanadları bəm-bəyaz,
Uçur gedir zamanım.
Qışa doğru yeriyən,
Payız mənim ünvanım.


RUHUN CANI

Mən elə yorğunam ki,
ruhumun damarında
bir dolaşım qan yoxdur.
Bir qucaqlıq hənirti,
yaşamağa can yoxdur.
- Ruhun canımı olur?
- Olur ey əziz adam,
yoxsa yaranardımı
atan anan torpaqdan?
Bir nütfəlik həyatın
eşiyində dövrələr,
göz hiss eləmirsə bəs,
necə yatar, kövrələr?
- Gözün görməkdir işi,
əcaib, qəraibdir,
bu dünyanın seyrişi.
- Ruhun canında dad var,
dadın canında dad var,
görməkdə, bilməkdədir,
yaşamaqdadır dadlar.
- Yox, sən ağlını uddun,
sən bir torpaq, hava, su,
özündən yanan oddun.
Bir cüt ulduz parlayır
üzündəki dəlikdə,
sən işığa dönürsən
işıqlar gəlmədikdə.
Ruh öz yuvasındadır,
yuva vücuduna tən.
Ruh doğulur,
yaranır cansız qopan kölgədən.


DAĞ

Dağın pıçıltısını,
Eşitmir kar olan qulaq.
Görmür göz,
Çəkir başa
bəyaz duvaq.
Köksündə qayanı görür,
Çınqılı, boz daşı görür,
Bilmir, amma çox heyf ki...
Dağın da qəlbi döyünür.
Dağın nəfəsi kəslir,
Bağırır səsi kəsilir.
Çağırır səsi gəlmir heç,
danışan çağı, kəslir.
Görmür kor olan göz,
Eşitmir kar olan qulaq.
Öz-özünə deyir, susur;
O səsi geyinir dərə,
O səsi geyinir bulaq.
Sular dəyir çınqıllığa...
Bəlkə, dağın səsi elə,
Elə bu cür eşidilə.


UKRAYNA

Elburus küçələrin
yastıq qəlpələri
yetim qarnını aclığa aparır.
Zirzəmilərin almaq-culmaq dalğası
düyün hədiyyəsi edir doğmağı.
Yaşamın barıt nəfəsliyində
cütlük imza atır.
Güvən
qanına qəltan edir
binaları.
Diktator gecələrin
hörük saçları
soyumuş səsini oxşayır adamların.
Çərşənbə gecəsinin
keçməyən qanmışıdır Ukrayna.
Bir imza qədər
qurtuluşdur savaşlar,
bir imza qədər
ölümdür doğuluşlar.


YOL

Hərə bir yolçudur bu dünyada...
Susmadan döyünür ürək.
Ağız dadı deyilən bir şey varmış
yediyin yeməkdə,
danışdığın sözdə,
oxuduğun nəğmədə,
boylandığın aydınlıqda.
Ağız dadı varmış çiçəklərdə,
bir də “bənövşə, bəndə düşə,
bizdən sizə kim düşə”də.
Yol gedir bəbəyindəki üzüntülər.
Dərin yol,
qəddar yol,
rəhimsiz yol.
Yol gedir adamlar...
Hərə bir rəng doğulur, bir rəng ölür.


SƏN EY SEVDİYİM ADAM

Məni ayaq altında tapdaladı ha xıncdı,
doğmalarım, yadlarım.
Ən ağrılı tərəfi,
sevdiklərim odladı.
Sevdim ki, rəng gətirsin
toz basmış təkliyimə.
Yayda şaxtaya düşmüş
qabarlı əllərimə.
Oğurladı sevgimi kimsə qapı ağzında,
oğurladı sənimi,
ömrümün payızında.
Az oldu sabahları
xoşbəxt başlayım günə.
Dayanmadan yeridim
sevgi adlı ölümə.
Hamı haqqlı çıxanda,
yaşamaq istəmişdim...
Demək, təklik yazılmış
alnımızın tərinə.
Ölüm, qoy ölüm elə,
boğazım qıldan incə,
qurban gedim ömürlük.
Tap oğrunu,
al geri,
sahib çıx sevgimizə...
Sən ey sevdiyim adam!

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: