Etnosun mənəvi materiyası onun materiya təsəvvürünün alt və üst qatında dayananlara bağlanmaqla coğrafi atlasda əhatələnən şüur qatını öz içinə almaqla daha təfərrüatlı yanaşmaları zəruriləşdirir. Folklorun əhatələdiyi və daxili potensiya olaraq işarələdiyi ilahi potensiya milli kimliyin özgürlük təsəvvürünü bir sistem olaraq nizamlamağa yüklənir. “Manas”, “Koblandıbatır”, “Qırx qız” və s. milli yaddaşın etnokosmik düşüncə modelinə dayanmaqla onun ümumi sistemini normativ olaraq nizamlamağa həssaslıq göstərir və ötürücü funksiyasında ilahi təkam prinsipini əsas götürməklə spesifikləşir. Atalar sözü, məsəl, əfsanə, nağıl, inanc, sanama, uşaq folkloru, musiqi folkloru etnokosmosun struktur elemntləri olaraq xaotik entropiyanı (xaosu) kənarlaşdırmağa, ona qarşı dayanmaya yönləndirir. Onların məzmun zənginliyinin sistemli şəkildə öyrənilməsi isə bütünlükdə mahiyyətin açımı üçün müstəsna önəm daşıyır. Qırğız folklorunun spesifiklik formulası. Xalqın şifahi yaradıcılığı ibtidai təsəvvürdə olanları bu və ya digər şəkildə qorumaq və aşılamaq aspektində əsaslı təsəvvürlə səciyyələnir. Keçib gəlinən yolun əsrarəngizlikləri müxtəlif şəkillərdə aşılanmaqla həm də onun mahiyyətində olanlar ötürücü missiyası və xarakteri ilə nəsil-nəsil gələcəyə daşınır. Eyni zamanda təbii axarda simvollaşmanı sıralayır. Füsunkar təbiət, dağ, səma cisimləri, sakral rəqəmlər və s. bunun örnəyidir. “Mən dağlarla əhatələnmiş və sanki nəhəng çömçənin dibində yerləşmiş kənddə anadan olmuşam. Adamlar kəndi qızıl cam adlandırmışlar. Kənddə doğulmuş istənilən qırğız körpəsi dil açanda ilk öyrəndiyi mütləq ata, ana, nan – çörək sözlərindən sonra, too – dağ, at, Manas söyləməyə başlayır. Kəndli qırğız tifilləri üçün Vətən məhz bu müqəddəs dağlardan başlayır. Dağlar qırğızlar üçün sadəcə dağ deyil. Bu, əcdadlarımızın uca ruhunun, onların azadlığa doğru əbədi can atmalarının həyat müdrikliyinin və fəlsəfəsinin rəmzidir. Axı həyatda yuxarı belə çətinliklə dırmaşmaq olur, çox asanlıqla da müvazinətini itirib aşağı uçmaq mümkündür”.. Mətn bilgisi etnosun genetik struktur sxemlərini kənd (aul), qırğız körpəsi, dağ, Manas və s. timsalında əhatələməklə onun ümumi sistemini bir kod olaraq işarələyir.
Folklorun spesifiklik formulası toplumun mədəniyyət şifrələnməsinə və tarix anlamında sərgilədiyi məzmuna dayanır. Dağ kultu türk mifoloji təsəvvüründə simvollaşma baxımından bir neçə istiqaməti, himayəçi, ucalıq, əzəmət, vüqar anlamında əsaslı möhtəşəmliyi sərgiləyir. İnam və etiqadlarda dağdan kömək istəmə, ona pənah aparma, dərdləşmə anlamında əsrarəngiz spesifikliklə səciyyələnir. Yuxarıdakı mətn də əcdad ruhunun rəmzləşmə müstəvisində sərgilədiyi məzmuna bağlanır. Folklor nümunəsi müxtəlif səviyyələrdə təbiətin şifrələnməsini və onun bədii-estetik kateqoriya olaraq dərkini bir bütöv kimi faktlaşdırır. Mifə qədər olanlar və mifin ümumi mənzərəsində oturuşmuş arxetiplər ilahi təkamül təsəvvürünün qırılmayan inkişaf dinamikasını diqqət önünə gətirir. Epos məfkurəsi, dastan ənənəsinin informasiya qatı bütövlük anlamında bunu sərgiləmək simpatiyası ilə spesifikləşir. Etnoenergetik enerjinin ötürülməsi mexanizmi “Oğuz Kağan”, “Manas”, “Semetey”, “Seytek”, “Kitabi-Dədə Qorqud” və s. timsalında bir mükəmməlliyi və təbii axara bağlanan dinamikanı əhatələyir. “Bir millətin ən əski tarixinə olduğu qədər sosial, mədəni və inanc sisteminə də işıq tutması baxımından dastanların böyük önəmi vardır. Hər nə qədər dastanlarda zikr edilən olayları tarixi hadisələrlə əlaqələndirmək mümkün deyilsə də, gerçəkliyin izlərini daşıması səbəbiylə üzərində diqqətli durmaq lazım gəlir. Etnik mədəniyyətimizin və milli kimliyimizin ən əski nümunələri olduğu üçün türk dastanları daha da böyük önəm daşıyır.
Ümumiyyətlə, folklor bir mədəniyyət hadisəsi olmaqla etnik özünüifadə ilə etnik qavram arasında müəyyənləşdirdiyi mexanizmlərlə arxaik qatda olan modelləşmələrə həssaslıq göstərir. Özü üçün onu bir çıxış nöqtəsi, etnokosmosun polifoniyasını sərgiləyən konsept olaraq qəbul edir. Oğuz Kağandan Manasa, oradan da Semeteyə gələn axarın dinamikası yaddaş kultuna və onun müəyyənləşdirdiyi nizama yüklənir. “Hər millətin onu başqalarından fərqləndirən və xalqa çevirən səciyyəvi cizgiləri, öz müqəddəs məfhumları mövcuddur. Qırğızların da yeddi müqəddəs məfhumu var: komuz, qalpaq, yurta, at, Səxavətli Manas, Ala-Too dağları və İssık-Kul gölü. Bunlarsız qırğız xalqının dolğun həyatını təsəvvür etmək qeyri-mümkündür”. Simvollaşmanın ümumi mexanizmi toplum səviyyəsində çox əski çağlardan gələn təsəvvürləri əsas götürməklə baş verir. Onların yeddilik anlamında kutsallaşması rəqəm simvolikasından, ad simvolikasına qədər bir çeşidliliyi diqqət önünə gətirir. Qədim düşüncə tərzinin etnik müəyyənlik kontekstində işarələdiyi məzmun mifik qatı, tarixi prosesin arxetip formasını və gələcəyə ötürülmə mexanizmlərini sıralayır.
Qopuz//komuz səviyyəsində işarələnmələr. Komuz haqqında verilən məlumat bu simvollaşmanın ümumi komponentləri sırasında müstəsna önəm kəsb edir. O da vurğulanır ki, “komuzun simləri bütün iki min illik qırğız tarixini yaddaşına hopdurub saxlamışdır. Mənə elə gəlir ki, dünyada komuz tərəfindən vəsf olunmamış heç nə qalmamışdır. Onun havaları bəxtəvər məhəbbət, uğurlar və məyusluqlar, qəmgin və məzəli yaşantılar haqqında bəhs edə bilər. Komuzun zümzüməsi altında salamlamalar, ithaflar oxunmuş, zəfərlərə mədhiyyələr söylənmiş, məğlubiyyətlərə göz yaşı axıdılmışdır. Və xalq musiqisi də, sözlər də genlərimizdə qorunub saxlanaraq əbədiyyətə qovuşmuşdur.
Komuz – bizim də miras qəbul etdiyimiz əcdadlarımızın ruhudur. Xalqımız üçün bu gerçək mənəvi dəyərdir ki, nəinki insanları qanadlandırır və ilhama gətirir, həmçinin xalqı birləşdirir. Komuz odda yanmadı, yüzilliklərin uzun və faciəli yolunda izsiz-tozsuz batıb getmədi. Komuzun melodiyaları çətin dəqiqələrdə qırğız xalqına sıralarını möhkəmlətməyə yardım göstərdi, çox vaxt mübarizəyə çağırış kimi səsləndi”. Qopuz//saz ənənəsinə bağlanan komuz türk xalqlarının simli musiqi alətlər silsiləsinə aidliyi baxımından əski təsəvvürlərə, özü ilə bağlı mif, əfsanə söyləmələrinin daha dərin qatları düşüncəsinə köklənməsi halı ilə diqqətçəkici təsəvvür formalaşdırır. İki min illik qırğız tarixini içinə almaq (və bəlkə də daha qədim) imkanları ilə diqqət önünə gələn musiqi alətlərinin yaranması ilə bağlı türk xalqlarında lazımı qədər maraqlı hekayətlər dolaşmaqdadır.
Komuz da türk düşüncə tərzinin ən qədim laylarını hərəkətə gətirmək və onu təqdim etmək xüsusiyyəti ilə spesifikləşir. Qopuz törəməli simli alətlər silsiləsində tənbur, ruzba, çoğur, ud, bərbət, rud, rübab silsiləsində etnik müəyyənliyin özünəməxsusluq kodu olaraq ciddi spesifikliklə faktlaşır. “Çoxyönlü qopuz əski çağlarda ritual səciyyəli olmuşdur. Ç.Vəlixanova görə, Dədə Qorqud qopuzundan şamanlar da ritual vaxtı çalğı aləti kimi istifadə edirdilər. Etnoqrafik materialla hələ ki, təsdiqlənməyən bu məlumat şaman əfsanələrində qalmışdır. Ondan çox əski çağlardan üzü bəri xəstələri müalicə etmək məqsədilə də istifadə etməyə çalışmışlar. Altay, qırğız, xakas qopuzçularının bu çalğı alətinin köməyi ilə xəstələri sağaltması V.Radlovun, V.Viktoroviçin və başqa tədqiqatçılarının əsərlərindən məlumdur”. Qopuzun funksional səciyyəsi simvolik işarələnmədə arxaik qatı, müqəddəslik simvolikasının etnos təsəvvürlərinin və yaşam tərzinin struktur sxemlərini, düşüncə enerjisinin reallaşma mexanizmlərini sərgiləyir.
Qopuz//komuz səviyyəsində işarələnmələr mifoloji layın simvolik sistemini, xronotop kontekstində nizamın unikallığını, anarxizm aspektində prosesin gedişini tamlıqla izləmək üçün müşahidə olunan fərqlilikləri mif, əfsanə səviyyəsində izləməyə imkan yaradır. “Dədə Qorqudla bağlı rəvayətlərdə ölümün belə qopuzdan qorxaraq Qorquda yaxınlaşa bilməməsi qeyd olunur. Qopuz səsinin ecazkarlığı, müqəddəsliyi eşidildikcə ölüm Dədə Qorquddan kənardadır. Qopuz susanda ölüm Dədə Qorqudun canını ala bilir”. Çeşidli əfsanə örnəkləri qopuz//komuz timsalında xalq düşüncəsində özünü müxtəlif şəkillərdə göstərən nümunələrlə diqqət önünə gəlir. Onların ümumi mənzərəsi bütünlükdə əfsanə, mif örnəklərində çox dərin qatları ehtiva etməklə altaylardan balkanlara qədər özünəməxsus spesifikliklə müşahidə olunur. Əlbəttə bunların spesifikası musiqi alətlərinin hazırlanmasından, yaranışından sonrakı dönəmlərdəki kəsb etdiyi məzmuna qədər rəngarəngliklərlə spesifikləşir. Xaotik entropiyanı əhatələyən arxaik qat invariant müstəvisində milli yaşam enerjisinin komponenti olaraq sonrakı çağların kəsb etdiyi zənginliyinə vəsilə olur. Komuz timsalında qırğız folklorunun, musiqi mədəniyyətini məzmunu musiqi alətinin hazırlanmasından ayrı-ayrı havacatların səs tembrinə, akustiklik harmoniyasına yüklənməklə spesifikləşir.
Raykan Şükürbəyov “Ölümsüz komuz” şeirində xalq təsəvvüründə özünə yer almış əfsanə və söyləmələrdən çıxış edərək komuzun əsrarəngizlik sərgiləyən ahəngini nəzmə gətirir və Moldekenin timsalında onun mahiyyətinə diqqəti yönəldir.
Naqafil Moldoke nəğməsinə başlarkən həmən,
İssık-Kulun suları tək dalğa-dalğa yayılardı.
Ürəkləri riqqətlədib titrədirdi o gözəl hava.
Onun nəğmələri düşüncələr dəryası,
İri quş qanadları çırpılır hər tərəfdə,
Bəyaz qu quşu süzür sakit sularda.
Bədii mətnin ehtiva elədiyi informasiya qırğızlar timsalında komuzun və ustad sənətkar Moldekenin sənət imkanlarını diqqət önünə gətirir. Ümumiyyətlə, folklor çeşidli tərəfləri ilə tarixi yaddaşı, xalqın istək və arzularını, ideallarını, dünyagörüşünü bu və ya digər dərəcədə əks etdirmək baxımından əvəzsizlik sərgiləyir. Onun təbiətindəki təbiilik, təmizlik və heç bir qatqı olmadan yüksək mədəniyyətə köklənmə duyğusu etnosun həyat və mücadilə fəlsəfəsini təlqin etmə, gələcəyə ötürmə baxımından da mühüm funksiya ilə özünü nümayiş etdirir. Türk xalqlarında “qopuzu hayqırmayan millət yetim kimidir” təsəvvürü müxtəlif səviyyələrdə qırğız komuzçularının şeirlərində də diqqətçəkici bir tərzdə müşahidə olunur.
Yalnız komuz susmayacaq heç zaman,
Üçsimli komuzun üç qartalın yuvasıdır,
Sizin – Toktoqul, Atay, Karamoldo...
Dənizlər quruyar, dağlar dağılar,
Ancaq siz zirvənizdən heç vaxt enməzsiz.
Ölüm o zirvənizin önündə aciz.
Yaradıcı düşüncəsi poetik nümunənin ayrı-ayrı misra və bəndlərində əhatələdiyi məzmunla xalqın mənəvi materiyasının əhatələdiyi bütün qatları, etnik şüurda ən qədim çağlardan üzü bəri daşınanları bir özgürlük örnəyi olaraq canlandırır. Burada etnosun özünüdərki, bəşəri-universallığı “yalnız komuzun susmayacağı ilə” işarələnmir, daha doğrusu, onun harayı, səs-sədası ilə ruhun ayaqlaşmasına çağırışı diqqət önünə gətirir. Bədii nümunədəki tipoloji müqayisələr ilahi potensiyadan qaynaqlanan əski təsəvvürlərə, etnos düşüncəsində oturuşmuş arxetiplərə həssaslığı işarələyir və müqayisələrdə onun açımını əsasa çevirir. Musiqinin, ayrı-ayrı havacatlar və bədii mətn səviyyəsində müşahidə olunan səs simmetriyası, harmoniyanın əhatələdiyi arxitektonik sistem etnik mənəvi enerjini nümayiş etdirmək səviyyəsində bir kutsallığa bağlanır.
Qırğız folklor yaddaşı komuzun ecazkar sədaları ilə bülbülün əvəzsiz səs ahəngi arasında yaxınlıqlar görmüş və onların bir-birinə təsirini əfsanə, rəvayət örnəklərində geniş auditoriyaya çatdırmağa üstünlük vermişdir. Komuzun minilliklər boyu heyrət doğuran musiqi ahəngi nəsil-nəsil etnosun ruhani dünyasını ayaq üstə saxlamışdır. Geniş kütlənin yüksək ideallar üzərində köklənməsində, dəyərlərin kutsallığına önəm verməsində musiqinin, komuzçu söyləmələrinin müstəsna rolu olmuşdur. Ona görə də xalq arasında komuz müqəddəsləşdirilmiş, onun çalğıçıları “el anası” kimi şöhrətləndirilmişlər. Xalq arasında işləklik qazanmış “Kyuu atası Kambarkan” – “Melodiya atası Kambarkan” bütünlükdə elat səviyyəsində şeirə, sənətə, sənətkara verilən qiymətdir.
Xalq arasında dolaşan əfsanələrin birində bülbül ilə komuzun müqayisəsi aparılır və vurğulanır ki, bir dəfə bülbül gözəl çalğını, musiqi sədalarını eşidib qoca komuzçudan komuz kimi oxumağı öyrətməyi xahiş edir. Qoca musiqiçi onun xahişini yerinə yetirir. Bülbül böyük həvəs və şövqlə komuzun ecazkarlığını mənimsəyir. Xalq arasında dolaşan inama görə, bülbülün məlahətli səsində komuzun ecazkar avazının elementləri vardır. Qədim çin məxəzlərində (Xun bu si təqvimində) komuzun adı keçir. Ehtimala görə həmin qaynaq iki min il bundan əvvəllər yaranmışdır. Fitonimlər, toponimlər, oykonimlər, oronimlər və s. bağlı xalq arasında dolaşan əfsanə və rəvayətlər qırğızların etnoqrafik zənginliyini, tarixi yaddaşını, əski təsəvvürlərdən gələn mədəniyyət klişelərini əhatələmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, “şifahi ədəbiyyat əsrlər boyu xalqın kollektiv əməyinin məhsulu olan zəngin bədii sənət inciləri xəzinəsidir”. Türk xalqlarının ucu-bucağı görünməyən zəngin folklor külliyyatı bunun bariz örnəyi kimi ayrı-ayrı janrlar səviyyəsində bir mükəmməlliyi sərgiləyir. Qırğız xalqının mif, əfsanə, rəvayət, nağıl, dastan, atalar sözü, məsəl, mərasim folkloru və s. bu baxımdan əsaslı bir faktura ilə diqqət önünə gəlir.
Qırğız xalqının uzaq tarixini, mifoloji qatdan gələnləri öyrənmək üçün ən əsaslı qaynaq onun şifahi yaradıcılığıdır. Min illərə yol yoldaşlığı edən söyləmələr arxpetip olaraq etnosun mədəniyyət təsəvvürlərini, mənəvi materiyasında əhatələnən həyat nizamını, toplu təsəvvürlərini, el qurmaq düşüncəsini əks etdirmək baxımından əsaslı mənbədir. “Manas”a, “Edige”yə dələnlərin ən mükəmməl informasiya sistemi onun inam və etiqadlarında, əsatir və əfsanələrində, bu silsilədən olan etnoqrafik yaddaşında özünü qoruyub saxlamaqla qəlibləşir. Çağdaş elmi-nəzəri fikir bunların məzmun qatında olanları sinxron və diaxron yanaşmalarda aydınlaşdırmaq yolunu tutmaqla gərəkli nəticələrə gəlir. Kreativ yanaşmalar qırğız folklor materiyasında özünü göstərən tarixin paradiqmatik qatından əlavə geneoloji sistemini də açmağa həssaslıq göstərməklə spesifikləşir. Bütün bunlar etnoenerjinin yaranması və ötürülməsi mexanizmini əhatələməklə həm də onun ümumi sistemini müəyyənləşdirən elementlərin dinamik axarda hansı əlavələrlə özünü göstərməsi halını da aydınlaşdırmağa əsas olur.
JALƏ NAĞIYEVA
BDU,
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının
doktorantı
ZiM.Az
.











