Maqsud Şeyxzadənin xatirəsinə…
Məzarın önündə gözlədim bir an,
Baxdım həsrət dolu baxışlarına.
Vətəndən vətənə sürgün edilib
Düşmüşsən taleyin qarğışlarına...
Ulu Türkistan’ın pak sinəsini,
Zülüm qılıncıyla parçaladılar.
Millətin ziyalı oğullarını
“Türkçü” damğasıyla damğaladılar.
Mərdcə sinə gərdin tüm əzablara,
Sönmədi içində Turan sevdası.
Yazdın misra misra vətən dərdini,
Sözü sipər edib aldın qisası.
Diyardan diyara sürgün eylədi,
“Türk” adından belə qorxan namərdlər.
Şair ürəyini qana bələyib
Səni öz içində boğdu bu dərdlər …
Səninlə birlikdə doğdu, böyüdü,
Türkçülüyə sevgin, “Turan” niyyətin.
Əymədin boynunu zalım önündə,
Bizə bayraq oldu pak əsalətin!
Qaranlığı yardın, çıxdın tufandan,
Yanan ürəklərdə köprülər saldın.
Qəmli ürəyinlə, yurd həsrətinlə
Xalqın yaddaşında əbədi qaldın.
Xalqın yaddaşında əbədi qaldın!
Xuraman Muradova
Azərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvü,
Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü
ZiM.Az
.