Aygün xanım gənc yaşlarından həm də bədii yaradıcılıqla da məşqul olur, “Dilbər” təxəllüsü ilə şeirlər yazır.
Biz də Aygün Dilbərə elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
MÜŞFİQ BORÇALI,
SƏMAYƏ ŞAHNƏZƏROVA,
ZiM.Az
MƏN SƏNƏ GƏLİRƏM
Mən sənə gəlirəm Züleyxa kimi,
Yorğun dizlərimi çəkib gəlirəm.
Qaranlıq dünyada tək tənha kimi,
Gözümü gözünə dikib gəlirəm.
Sənin gözlərindən işıq qoparsam
Nurundan yoluma şəfəq səpilər.
Tutulmuş gözümə şəfa taparsam,
Bəlkə yollarından gözüm çəkilər.
Bütün ömrüm boyu aradım bəlkə,
Bir xəbər deyənə qurban olmuşam.
Heç kimsə bilmədi ürək çəkəni,
Sənsiz keçən günə peşman olmuşam .
Sən mənim Vətənim ,sənsiz bir qərib.
Sənsiz hər bir yerdə qürbət görmüşəm,
Payızım tükənib,yazım tükənib.
Mən səni sevəni həsrət görmüşəm.
GEDİM
Mən hələ də gizlin ötən ney səsiyəm.
Qəmli, həzin ruzgar kimi ötəsiyəm.
Şirin sözün, xoş söhbətin xəstəsiyəm.
Qəm-qüssəni birdəfəlik yıxım, gedim.
Ürəyimdə ağlamaqdan yorulmuşam.
Haqqa ümid bağlamaqdan yorulmuşam.
Sellər kimi çağlamaqdan yorulmuşam.
Çaylar kimi sakit, səssiz axım gedim.
Buludlardan nəm çəkibdir gözüm mənim.
İstəmişəm doğru olsun sözüm mənim.
Haqsızlıqlar qarşısında əyilmədən dizim mənim.
Yumruğumu bu dünyaya sıxım, gedim.
AY ÜRƏK
Niyə tələsirsən ,nədən qaçırsan?
Bir gün susacaqsan onsuz, ay ürək.
Boşuna göylərə qanad açırsan.
Göylər də sonsuzdu, onsuz, ay ürək.
İnanıb hər kəsə tən olmasaydın,
Hər üzə gülənə şən olmasaydın.
Mən ki,var olmazdım sən olmasaydın.
Sən döyünərdinmi, mənsiz, ay ürək?
Mənlə üzülmüsən, mənlə gülmüsən,
Məzluma ağlasam gözüm silmisən.
Hamının dərdini özün bilmisən,
Dünyada insan yox, qəmsiz ay ürək.
GƏLDİN
Hər yandan ətrini duyuram sənin.
Sən bir gülüstandan qopdunmu gəldin?
Nə qədər doğmadır izin,ləpirin.
Su kimi torpağa hopdunmu gəldin?
Bəlkə də göylərdən qopub gəlmisən.
Axdın ulduz kimi qəlbimə düşdün.
Bu nurdan ömrümə bir nur vermisən,
Milyonlar içində bəxtimə düşdün.
Bəlkə də ömrümün alın yazısı.
Bəlkə də Tanrının payısan mənə.
Mən təkrar sevəcəm səni, qadası.
Bir daha dünyaya qayıtsam yenə.
SONRA
Bir yorğun ürəyəm küskün, pərişan,
Yazılan taleyə dözüb, barışan,
Bir eşq gözləmirəm yanan,alışan,
Gözlərimin nuru sönəndən sonra.
Qalmayıb həvəsim solan ürəkdə,
Gül əkə bilməzsən donan ürəkdə,
İşıq axtarma sən sönən ürəkdə,
Zülmət bir gecəyə dönəndən sonra.
Heç nə istəmirəm Tanrıdan daha,
Ümidim ki, yoxdu nurlu sabaha,
Unudummu yoxsa,barşım daha,
Tale qismətimi yazandan sonra.
SƏNİ ÜRƏYİMƏ YAZDIM
Səni ürəyimə yazdım yazalı,
Zülmət gecələri sübhə bağladım.
Sən şirin yuxuda yatanda bilsən.
Mən burda həsrətdən necə ağladım.
Gəlmədin gözümün yaşın silməyə,
Sənin ürəyimdən heç xəbərin yox.
Bilmədin möhtacam sənlə gülməyə,
Bilsən nə dəyişər, gəlmələrin yox...
Sözlər düyünlənib dilimdə qalıb,
Anlada bilmirəm, nə çətin imiş...
Əlinin istisi əlimdə qalıb
Ürəkdə ən gözəl yer sənin imiş...
SƏN Kİ ÜRƏYİMİ BİLİRDİN
Sən ki, ürəyimi bilirdin mənim,
Bu qəlbin həsrəti, acısı çoxdu.
Fərqində olmadan deyilən bir söz,
Mənim ürəyimə sancılan oxdu.
Mən ki, incitməyə qıymazdım səni
Qaşların çatılsa, qiyamətimdi.
Bir an üzülməyə qoymazdım səni,
Sənin təbəssümün səadətimdi.
Mən səni qəlbimdə hara qoyum ki?
Kimsə toxunmasın, kimsə əzməsin.
Bu sənli dünyadan necə doyum ki?
Mümkünmü çicəklər yazı sevməsin?
Səndən uzaqlarda qaralır dünyam,
Gəlir göy üzünün dumanı,çəni,
Ey mənim al-əlvan ,naxişlı dünyam.
Heç belə üzərmi sevən sevəni?
QADIN
Sənə şeir yaraşar,
Şeir qoxulu qadın..
Belə qəmli dayanma,
Yorğun , yuxulu qadın.
Hər sözün bir nalədir,
Süzüləndə dilindən,
Alıb aparam səni
Dərdin ,qəmin əlindən..
Sığal çəkəm telinə
Soyuq döyən illərin.
Necə edim ki, artıq,
Üşüməsin əllərin.
Gözlərinə nur olam..
Ağlamasın gözlərin.
Çəkib alam əlindən
Məşəqqətli günlərin...
Üzün bahardı sanki
İçin boranlı bir qış.
Belə necə gülmüsən
Gülüşlərinə alqış..
Dözmüsən bu talenin,
Cilvəsinə , nazına...
Çarəsiz baş əymisən,
Bəlkə alın yazına...
Min dəfə şükr etmisən,
Övlad adlı payına..
Oynamısan ,gülmüsən
Bəlkə fikrin yayına...
Bəlkə də toy düyündə
Ən çox sən oynamısan..
Hamıdan daha gözəl,
Daha şən oynamısan..
Bax ,bu qədər güclüsən,
Zərif , duyğulu qadın...
Qəlbində fırtınalar,
Üzdə qürurlu qadın...
Sil qəlbinin yaşını,
Ağlamasın ürəyin.
Tanrı səni unutmaz,
Verər arzun, diləyin.
Sabahlara ümidli,
Məğrur , onurlu qadın.
Sənə nələr yaraşmır ?
Ey incə ruhlu qadın..
Ey, incə ruhlu qadin.
TANRIM BİR YOL GÖSTƏR
Tanrım bu dünyanın qaranlığından,
Yol göstər ,yolumu qoy tapım gedim.
Qəbulsuz duamı atım çiynimə.
Ümid də bir yükmüş ,mən atım gedim.
Yorğun dizlərimdə tale bir zəncir.
Sürüyüb özümü apara bilim.
Həssas ürəklərə dünya bir qəbir,
Qəlbimi bu yükdən qopara bilim.
Tanrım bir yol göstər tapım özümü,
Yaratdığın gündən itən insanam.
Axtara-axtara gəldiyim yoldan.
İtirə itirə gedən insanam.
Dəryaya qovuşan çay olum gedim.
Oxundan ayrılan yay olum gedim.
Səmadan boylanım insanlara da.
Əvvəl gedənlərə tay olum ,gedim.
Mən burdayam, İlahi.
Məni bu yerdən qoru.
Cahilin yaşadığı qəflətdən, şərdən qoru.
Verdiyin bu ürəyə zülm etmişəm illərcə.
Mənə düşmən olmuşam, sən məni Məndən qoru.
MƏNƏM
(Qəzəl)
Səndəyəm, ilahi, Səndə, Səninlə vəhdətdə mənəm,
Zikr ilə vəcdə gələn Həqdə sükunət də mənəm.
Varlıqda yoxluq da mənəm ,yoxluqda kəsrət mənəm,
Əhsəni təqvim içində,ən gözəl xilqət də mənəm.
Sirli Mirac gecəsi, Yar ilə vüslət də mənəm...
Yüksəlib göy üzünə seyri - kainat da mənəm...
Söz verib Qalü Bəlada, əhdə xəyanət də mənəm...
Tərk edib şər libasın ,salehi - fitrət də mənəm...
Dərd edib dünya yükün, qəlbə əziyyət də mənəm,
Saxlaram sirrimi pünhan,aləmi xəlvət də mənəm...
Arama Xaliqə bürhan ən gözəl isbat da mənəm...
Bürünüb ruhuma cismim surəti ayət də mənəm.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.













