Əkbərov Əkbər Yusif oğlu - 1974 cü il sentyabrın 6-da Kəlbəcər rayonunda Qaragüney kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1992-1996-cı illərdə Vətən müharibəsində, Vətənimizin müqəddəs torpaqları uğrunda gedən döyüşlərdə iştirak edib.
O, Asəf Zeynallı adına musiqi texnikumunda musiqi təhsili alıb.
Gözəl səs imkanlarına malik xanəndədir.
Əkbər Əkbərov mütəmadi döyüş bölgələrində olub əsgərlərlə görüşlərdə, tədbirlərdə iştirak etmişdir.
Hazırda ədəbi yaradıcılıqla məşğuldur.
Bir sıra şeirlər müəllifidir.
Onun yaradıcılığından bir neçə şeir nümunələrini oxucularımızın diqqətinə təqdim edirik.
Ramilə Əliyeva (Zahitqızı),
ZiM.Az
İNDİ
Neynirsən halımı soruşub mənim,
Yarımcan olmuşam, xəstəyəm indi.
Fələk də dağ çəkir, kəsilib qənim,
Taleyi bəd gəlmiş bəndəyəm indi.
Özüm-öz canımdan gəldim bezara,
Taqətim qalmayıb dərdə-azara,
Xəstəlik əlindən gəlmişəm zara,
Gəlsin görsün hansı gündəyəm indi.
Zamanda saçıma ələdi dəni,
Yağdırdı üstümə dumanı, çəni,
İllərdi arayıb axtardım səni,
O vaxtdan qulağı səsdəyəm indi.
Cavanlıq qayıda, dönəydi geri,
Cüt gəlməz mənimlə, Fələyin zəri,
Ağlasın Əkbəri o nazlı pəri,
Yalandan deməsin, kefdəyəm indi.
YIXIB GEDƏNİM
Bu şeiri yazdım ki, xatırlayasan,
Vəfasız sən oldun, çıxıb gedənim.
Sağalmaz qəlbimdə yaralar dərin,
Dünyamı başıma yıxıb gedənim.
Bir zaman döyünən ürəyim idin,
Yaşam səbəbim sən, gərəyim idin,
Göylərdə görünməz mələyim idin,
Yaş olub gözümdən axıb gedənim.
Adını qəlbimdə gizli saxladım,
Axı niyə sənə könül bağladım,
Çox gəzdim mən səni, çox soraqladım,
Özgələr xınasın yaxıb gedənim.
Soruşdum hər kəsdən gəlib-gedəndən,
Düşmüsən yadıma bilmirəm nədən,
Əkbərəm, sevmişdim cani- könüldən,
Kənardan halıma baxıb gedənim...
GƏLSİN
Axtarıb-arayıb soruşan olsa,
Xəstəyəm deyərsiz, yanıma gəlsin.
Kədərdən ağlayıb gözləri dolsa,
Dərdimin çarəsi hayıma gəlsin.
Çoxalıb ağrılar, dözə bilmirəm,
Ayaqlar quruyub gəzə bilmirəm,
Möhtacam bir quru sözə, bilmirəm,
Qəm-kədər düşübdür payıma, gəlsin.
Dərdə düçar oldum, üzüm gülmədi,
Təbiblər dərdimə, çarə bilmədi,
Sağikən hayıma niyə gəlmədi,
Əkbərəm, deyərsiz vayıma gəlsin...
***
Bülbülə yuva qur, şah sarayında,
Vətən deyə-deyə ağlayacaqdır.
Qızıldan qəfəs qoy, o, can hayında,
Yenə öz dərdini oxuyacaqdır.
Bir tikan koludur, bəlkə vətəni,
Bal kimi şirindir, darısı, dəni,
Yanıqlı səsiylə dağlayar səni,
Kədərdən sinəsi sızlayacaqdır.
Yurdum dağılandan qərib olmuşam,
Ömrüm getdi hədər, gültək solmuşam,
Sənin kimi yad budağa qonmuşam,
Ah-nalən könüllər dağlayacaqdır.
Əkbərəm, taleyim sənə bənzədi,
Yerim dağlar idi, indi qəfəsdi,
Gəl belə oxuma, ürəyim əsdi,
Yaşım sellər kimi çağlayacaqdır.
***
Ömür necə gəldi, getdi bilmədim,
Bir də ayıldım ki, yaş gəlib keçir.
Gənclik bir gül idi, soldu, saraldı,
Payız çox tələsdi, qış gəlib keçir.
Qocalıq dayanıb, durub qapıda,
Əzrayıl tələsin qurub qapıda,
Getməz ki, boynunu burub qapıda,
Çoxunun könlündən aş gəlib keçir.
Yaşamaq həvəsim, yüzdü hədəfim,
Fələkdən gün çalmaq, qazancım, nəfim,
Əkbərəm, təmiz ad budur şərəfim,
Çoxunun əlləri boş gəlib keçir...
***
Bəd gəldi qismətim, nədir günahım,
Dünyaya mən bəxti qara gəlmişəm.
Dərdimin çarəsi varmı, Allahım?
Xəstəlik əlindən zara gəlmişəm.
Gəncliyim puç oldu, hədər olmuşam,
Hər kəsə qəm-qüssə kədər olmuşam,
Bəxtimdən narazı qədər olmuşam,
Axtarıb dərdimə çarə gəlmişəm.
Gecəni gündüzə qatıb birtəhər,
Ağrıyla oyandım yenə bu səhər,
Yediyim, içdiyim olubdur zəhər,
Qəlbimdə sağalmaz yara gəlmişəm.
Can ağrısı nədir, bilən anlasın,
Əkbərin halını bilən ağlasın,
Yaramı loğmanın özü bağlasın,
Dərd dolu ürəyi para gəlmişəm...
***
Keçdim məhlənizdən o gün ötəri,
Özüm də bilmədən oyana gəldim.
Eşitdim nənəsən, aldım xəbəri,
Otuz il həsrətin sonuna gəldim.
Görən gözlərindən qalıbmı əsər,
Çıxmayır yadımdan nə axşam-səhər,
Deyirlər, şairlər bəxtindən küsər,
Fələklə qovğaya, oyuna gəldim.
Xoş günlər bir anda uçdu əlimdən,
Ayrılıq nəğməsi düşməz dilimdən,
Adın silinmədi heç vaxt qəlbimdən,
Həsrətin, kədərin boluna gəldim.
Nəğməkar bülbüləm, dəli-divanə,
Yurdu talan olmuş, evi viranə,
Əkbər, hər şey yalan oldu, bəhanə,
Axır ki, mən haqqın yoluna gəldim...
***
Nə zaman istəsən qonaq gələrsən,
Bağımda manqal var, üstə közü var.
İstəsən ağacdan nar da dərərsən,
Bu bağda çoxunun Vallah gözü var.
Bilsəm ki, gəlirsən quzu kəsərəm,
Sən gələn yollara qulam, əsirəm,
Gəlməsən, inan ki, səndən küsərəm,
Ürəyimdə bu sevginin özü var.
Çəkmisən bilirəm məni sınağa,
Canım da qurbandı, gələn qonağa,
Oxusam, bülbüllər qonar budağa,
Xanəndənin yaxşı səsi, sözü var.
Kəlbəcər suyundan, su da istəsən,
İsti su bağımda, gəlib içərsən,
Əkbərdən çox razı qalıb gedərsən,
Süfrəsində düz çörəyi, duzu var...
***
Çəkmə imtahana, ahıl yaşımda,
Sözümü səngərdə deyib gəlmişəm.
Şəhidlər vermişəm Qarabağımda,
Qanlı köynəyimi geyib gəlmişəm.
Deyərdim sirrimi anlayan olsa,
Dərdə şərik olub ağlayan olsa,
Yaram çox dərindi, bağlayan olsa,
Ömrümü, günümü bölüb gəlmişəm.
Ayaqlarım yandı, Murov dağında,
Hərə bir tərəfdə can harayında,
Yaşımın ən gözəl cavan çağında,
Ruhum orda qalıb, ölüb gəlmişəm.
Yaşadım, o günlər geridə qaldı,
İgidlər yağıdan, qisası aldı,
Əkbərəm, torpağım indi azaddı,
Sanki, bir röyadır, görüb gəlmişəm...
***
Ay məni saymayan qohumum-yadım,
Qəlbinizdən yəqin silinib adım,
Sanki qırılıbdır qolum-qanadım,
Daşa döndü qəlbim, yanmaram daha.
Hamıya can deyən, ürəkdən yanan,
Hər kəsin dərdini öz dərdi sanan,
Heyif əziyyətə, olmadı qanan,
Qohum sandım sizi, sanmaram daha.
Xoş günə sevindim, sizinlə güldüm,
Yolları fəth edib qapına gəldim,
Hər sirrimi verdim, dərdimi böldüm,
Unutdum adını, anmaram daha.
Bilmədim yazmışam adını hara,
Sizlərin əlindən gəlmişəm zara,
Əkbərəm, taparam özüm bir çara,
Namərd qabağında sınmaram daha...
***
Deyəsən saqqalı vermisiz ələ,
Namərdlər pusquda dayanıb hələ,
Qocası belədir, cavanı belə,
Çal aşıq, "Kərəmi" yerinə düşər.
Təşvişə düşübdür bir çoxu yaman,
Qoca kardinaldan kəsildi güman,
Bəs niyə millətə vermədiz aman,
Quyu qazan özü dərinə düşər.
Bu xalqın, millətin nəydi günahı,
Bilmirdiz tutacaq sizləri ahı,
Yaradan Allahdır, xalqın pənahı,
Sandın ki, qoşalar zərinə düşər.
Doymadı gözünüz dünya malından,
Yalanlar danışdız millət adından,
Əkbər də pay istər sənin varından,
Var dövlət yetimin, birinə düşər...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.














