İlk şeirini 13 yaşında ikən dünyadan vaxtsız köçmüş bacısına həsr edib. Bu vaxtsız ayrılıq onun ürəyində dərin iz buraxıb. Bundan sonra duyğularını davamlı olaraq misralara köçürüb. Bacısının ölümündən təsirlənərək yazdığı həmin ilk şeiri Şabranda çap olunan rayon qəzetində işıqüzü görüb.
Sonradan onun şeirləri bir çox qəzet və jurnallarda, almanaxlarda və ədəbi məcmuələrdə, o cümlədən, "Nur ocağı" antologiya kitabının 1-ci və 2-ci cildlərində, “Şah dağı” ədəbi məcmuəsində, "Bütöv Azərbaycan" qəzetində, "Turkay" aylıq ədəbiyyat dərgisində dərc olunub.
2024-cü ilin avqust ayında isə "Bu dünyanı nağıl bilək" adlı kitabı işıq üzü görüb.
Sahibə xanım gənc olmasına baxmayaraq, duyğu və düşüncələrini çox dolğun ifadə edən, özünəməxsus yaradıcı fikirlərə malik istedadlı xanımdır.
Hazırda Sumqayıt şəhərində yaşayır. Ailəlidir, üç övladı var.
Biz də Sahibə xanıma yaradıcılığında bol-bol uğurlar arzulayır, aşağıda onun misralara hopmuş duyğu dünyasının müəyyən məqamlarını əks etdirən bir neçə şeirini geniş oxucu kütləsinə təqdim edirik.
Ramilə ƏLİYEVA,
turan.info.az
BAYRAĞIMEy mənim Şanlı Bayrağım!..
Sən göylərin mavi nəfəsi, torpağın al qanı, çəmənlərin yaşıl ümi¬disən.
Səni dalğalanan görəndə, içimdə bir səssiz dua oyanır “Qorx-ma, sən bu torpağın ruhusan. Minlərlə ərənlərin hay¬qır¬tısı, anala-rın duasısan."
Adi parça deyilsən sən. Sən bir millətin yaddaşısan, şəhidlərin son nəfəsi, anaların göz yaşı, uşaqların sabahına çəkilən rəngsən.
Sənin hər zolağında bir tarix yatır, hər rəngində bir iztirab, bir qürur, bir dirəniş gizlənir.
Mavin - azadlığımızın nəfəsidir, səmanın şahidliyində qazanı-lan haqdır.
Qırmızın - qanla yazılmış tarixdir. Neçə-neçə şəhidinin imzası var al rənginin üstündə.
Yaşılın - isə imanla bəzənmiş gələcək.
Müqəddəs ruhların amanında qalacaqdır hər zaman.
Səni küləklər deyil, ruhlar dalğalandırır.
Hər dəfə zirvədə açıldığında, sanki bir şəhidin səsi gəlir: “Mən burdayam, Vətən sağ olsun!”
Bəzən səssizcə səmada durursan, amma o səssizlikdə bir xalqın ürək döyüntüsü var.
Sənin kölgəndə doğulan hər uşaq, hər bir vətən övladı, səni sev¬məyi öz qanında daşıyır.
Çünki bayrağı sevmək sadəcə vətənpərvərlik deyil. Bu özünü tanımaqdır. Kökünü, keçmişini, sabahını bir yerdə duymaqdır.
Səni ruhumla duyuram mənim üç rəngli şanlı bayrağım.
Sənə baxanda başım dik olur, çünki bilirəm:
Bu torpaq nə qədər sınsa da, sənin dalğalanışında qalib bir mil¬lətin nəfəsi var.
ŞƏHİD ANASI...
Əlləri övladının uşaqlıq şəkillərinə sığal çəkib gözləri hər gün qapıya dikilir.., amma bilir ki, o qapıdan gələcək addım sə¬siylə yalnız xatirələr danışacaq. Başqa heç nə...
Şəhid anası olmaq həm ucalıqdır, həm də ömürlük yanğı. Hər kəs ona “qürurlu ol” deyir, amma heç kəs o qürurun al¬tın¬dakı ağrının ağırlığını daşımır. Onun ürəyi iki yerə bölünüb: bir yeri fəxrlə döyünür, bir yeri isə daima həsrətlə susur. Məgər Şəhid anasının baxışında dünya tamam başqa¬dırmı?
Xeyir, bu əsla belə deyil.
Bir tərəfdə oğul qoxusu, digər tərəfdə Vətən qoxusu.
Amma övlad qorxusu bütün qorxuları üstələyir.
Heç kim övladını itirmək istəməz.
Yaxşı ki "Şəhid"sözü var.
Tək təsəllisi bu beş hərfdə gizlənib.
Ehh... Allah səbir versin.
Bəlkə də şəhid analarının göz yaşları torpağa düşdükcə, ora-dan yeni güllər boylanır. Çünki onların hər damla göz yaşında həm nisgil, həm də dualar var.
Onların dərdini anlamaq üçün gərək bir anlıq öz övladını qucağında təsəvvür edəsən… və sonra onu torpağa təhvil verə-sən. Ancaq o zaman bir parça anlaya bilərsən. Şəhid anası – bu dünyada ən müqəddəs yaralı qəlbdir. O, oğul itkisini sinəsinə basaraq hələ də “Vətən sağ olsun” deyə bilir.
Səbrinə göylərdə mələklər belə heyrandır, Şəhid anası…
ANA ÜZÜ, OĞUL DƏRDI
Yaxşı baxın o ananın üzünə,
Boğazında düyünlənib yüz qəhər.
Yüz təsəlli versəniz də nafilə,
Çatlayacaq sinəsində yüz kədər.
Elə bildi sağ çıxacaq savaşdan,
O davadan, o qırğından, vuruşdan,
Sübh namazı... səhər vaxtı, obaşdan
Balasına dua etdi hər səhər.
Üzü solğun, saçı dalğın... söz bitib,
Gözlərində oğul dərdli köz bitib.
"Döz!" deməklə dözmək olmur - döz bitib,
Gələn sabah... nə gətirsə şərdi, şər...
Yandı bağrı... alovlardan od aldı,
Bir gecənin içindəcə qocaldı,
İndi oğlu... onun üçün xəyaldı,
Varmı ona həyat verən bir nəfər?..
ATA HƏSRƏTİM
Solğun çıraq kimi niyə tez söndün,
Axı doymamışdım həlim səsindən...
Bir anlıq da olsa baxmaq istərdim,
Atalı dünyamın pəncərəsindən.
İndi ulduzlar da görünmür sənsiz,
Elə bil göy üzün zülmət talayıb.
Başımın üstünü kəsən ayrılıq,
Köksümun altında ocaq qalayıb.
Payız da tez gəlib qapıma bu il,
Saçıma kədərdən yağır soyuq qar.
Mən indi ürəklə deyə bilmirəm;
Can Ata, məni də xatırlayan var.
Təkliyim toxunur ruhuma hər gün,
Boynuma alıram itirdiyimi...
Mənim bu dünyadan qəlbim inciyib,
Üzümə vurduqca yetimliyimi.
Soyuq fəsilləri çəkib üstümə,
Atasız yaşamaq mənim qismətim.
Sönmüş ocağımdan çıxan tüstümə,
Sakitcə boylanır Ata həsrətim.
SAKİTCƏ İZLƏYİRƏM
Səpib misralarıma qəlbimin ağrısını,
Könlümə qıfıl vurub zamanı gözləyirəm.
Ovudub sətirlərdə kədərin acısını,
Gözlərimin yaşını, içimdə gizləyirəm.
Yalançı ümidlərlə aldadaraq sözümü,
Məni duymayanlara, qurban verdim özümü.
Doğma anamdan belə, gizli tutub düzümü,
Nələrin olacağın, sakitcə izləyirəm.
Buzlaşıb xatirələr ömrün soyuq qışında,
Yad olmuşam elə bil doğmalar baxışında.
Dünyanın məhvərində, həyatın axışında,
Astarı paralanmış günümü üzləyirəm.
YUXU
Mənə ümid gətir, Ümid yaşadır.
Mənə sevgi gətir - sevgi bal dadır.
Məni bu dünyadan qopar bir anlıq,
Apar yuxularda xoşbəxt olmağa.
Məni bu dünyadan apar bir anlıq -
On yeddi yaşımda olduğu kimi.
Yenə ilk eşqimin odu yerində,
O eşqin ətiri, dadı yerində...
Bu yükü qəlbimdə gizli daşıyım,
Gizlədib hər kəsdən, gizli yaşayım.
Atam hiss etsə də susub dinmədən,
Hər addım başında sınasın məni -
Hər dəfə tənəli sözləri ilə.
Razıyam, anam da qınasın məni.
Amma oyatma…
Bu yuxu şirin.
Bu yuxu əlçatmaz, bu yuxu dərin.
Açma bu dünyaya bir də gözləri -
Tapmasın izimi həsrət izləri.
Razıyam! Ömrümdən ömür azalsın,
Sonra o dünyadan məndən öc alsın.
Amma ayıltma…
Beləcə qalım, belə qocalım.
Narahat günləri bitirsin yuxu;
Oyansam rahatlıq tapmayacağam.
Məni xoşbəxt edir axı bu yuxu
Oyansam nələrə oyanacağam?
Oyansam hicrana boyanacağam.
Qıyma ki, bir daha narahat olum.
Mənə ixtiyar ver elə yuxuda,
Ağrısız, acısız bir həyat olum.
***
Günah özümündür, səhv özümündür;
Gör kimi bilmişəm özümə həmdəm.
Sən adi biriydin… sənə nə var ki?
Adilik içində qocalan mənəm.
Yordu şıltaqlığın məhəbbətimi,
İncidib tərsliyin köksümü dəldi.
Yuxusuz gecələr doldu gözümə;
Yorğunluq üstünə yorğunluq gəldi.
Sən uşaq ürəkli, heç böyüməyən,
Kefinə mənimlə oynamaq dolar.
Nə qədər bəxtəvər birisənmiş ki…
Sənin mənim kimi oyuncağın var.
YALNIZLIQ
Külək pəncərəni döyür,
amma heç kim içəridə deyil...
Köhnə saat da susub ...
Vaxt artıq saymır zamanı ...
Elə bu vaxt…
Bir fikir keçir küçənin ortasından, ağacın kölgəsində gizlənir.
Heç kim görmür onu
bəlkə də heç olmamış kimi.
Ay yenə susur.
Yalnızlıq deyir ki,
hər gecə bir az daha çox insan olur
boş oturacaqlarda.
QADIN
Bəlkə də sənin üçün,
Bu sevgi bir suç idi.
Ağla, tənha otaqda,
Dizlərini quc indi.
Kimə lazımsan, qadın,
Varmı sənə ehtiyac?
Səni incidən sənsən,
Bacarsan özündən qaç.
Səni əldən salanlar,
Səni ələ salırlar.
Əzabından, acından,
Gör necə kam alırlar.
Kor qalmış arzuların,
Bir nankorun nax(ı)şıdı.
Haqqın var danışmağa,
Amma sussan yaxşıdır.
FİLMİMİN QƏHRƏMANI
Məhəbbətin qəlbimdən budaq-budaq söz dərir,
Bir qığılcım gülüşə ümidlərim közərir.
Sevincin muncuq olub, yanağımdan süzülür,
Kəpənək xəyallarım fəzalara düzülür.
Kədərin nəhəngliyi yox olur gözlərində,
Min təsəlli tapıram bəzəkli sözlərində.
Məzaradək yolumdur sənin ayaq izlərin,
Ovucumda dualar, ürəyimdə hislərim.
Mən sahilsiz bir ümman, sən eşqi dərin dərya,
Sənə çata bilməkçün baş vururam yüz yola.
Göz yummağa qoymursan, asılıb kipriyimdən,
Əl çəkmirsən o yazıq, o məsum təkliyimdən.
Yuxusuz gecələrin daimi sakinisən,
Təkcə sənsən ruhuma həzin rüzgar tək əsən.
Sən görünməz ağ duman, sən üfüqdə nur seli,
Gecə gələn xəyalın, sabahıma təsəlli.
Ürəyimin ən kövrək, ən incə sarı simi,
Ona toxunan zaman sındırırsan tilsimi.
Bilirəm asan deyil, mənə görə dəyişmək,
Röyalara yox deyib, həqiqətdə görüşmək.
Ən odlu hisslər belə, nə vaxtsa sönə bilər,
Ayrılıqlar yaşayan, adamlar ölə bilər.
Bəzən də, nağıllara inanmaq yaşamaqdır.
Film kimi düşünüb, içində daşımaqdır.
Elə yuxular var ki, gerçək olur əzizim,
Sevgi məzarlar üstə çiçək olur əzizim.
Nə olsa bir xeyir var, olan, keçən hər işdə,
İşıq dolu sabahda, ümid adlı vərdişdə.
İnsan iradəsiylə, həsrətə dözməlidir,
Qarşılıqlıqsız sevgidən əlini üzməlidir.
Daha əvvəlki kimi gözləmirəm o anı,
Sən ,ey xəyal qurduğum, filmimin qəhrəmanı.
KÜSMƏ QADASI
Gəl, götür qığılcım, od, ürəyimdən,
Alış alovumdan, od ürəyimdən
Razıyam, dadırsan dad, ürəyimdən,
Ancaq salamını kəsmə, qadası,
Küsmə, qurban olum, küsmə, qadası.
Mən yazıq nə bilim məhəbbət budur,
Gözümdən tökdüyüm müqəddəs sudur.
Gəl elçi daşımın üstündə otur,
Amma yollarımda əsmə, qadası,
Küsmə, qurban olum, küsmə, qadası
Həsrətin saçıma bəyazlar əkir,
Hicranın köksümə qanlı yaş tökür,
Xəyalım hər gecə şəklini çəkir,
Dikilib qalmışam rəsmə, qadası.
Küsmə, qurban olum, küsmə, qadası.
DÜŞMÜSƏN ÖLÜMÜN MƏNGƏNƏSİNƏ
Özgə qapılardan baxıb dünyama,
Yorğun baxışlarla gülümsünürəm.
Bu qərib şəhərdə keçən hər ana,
Neçə kaşkilərlə köks ötürürəm.
Əlimdə illərin kiri, torpağı..
Ömrüm ətəyimlə yerlə sürünür.
Anamdan qeyrisi,ondan savayı,
Ən yaxın olan da uzaq görünür.
Sən demə insanın özündən öncə
Həyata, marağı, eşqi ölürmüş.
Çıxıb yaddaşlardan o incə-incə,
Heykələ dönürmüş, daşa dönürmüş.
Zaman qum saatı durmaz bircə an,
Baxıb mat qalırsan təntənəsinə.
Özündə bilmirsən harda, nə zaman,
Düşmüsən ölümün məngənəsinə.
GƏL SUSAQ
Xatirələr dünənlərə yol olar,
Ümidlərim bu yollarda yorular,
Sağalmayır ürəkdəki yaralar,
Nə vaxtadək xoşbəxtliyi biz pusaq,
Nə sən soruş, nə mən deyim, gəl susaq!
Kök salmasa qəlbdə ümid ağacı,
Arzuların puç olması çox acı,
Kimə deyək, kim eyləyər əlacı?
Yaxşısı bu səbrimizdən daş asaq,
Nə sən soruş, nə mən deyim, gəl susaq!
Ümid məndən bir içimlik su dilər,
Sözüm bitib, nə güc qalıb, nə hünər,
Hara getdi, necə keçdi bu illər,
Kimə lazım bu qalmaqal, bu yasaq?
Nə sən soruş, nə mən deyim, gəl susaq!
Xəyal qurub çox yoruldum açığı,
Xoşbəxtliyin gəldi məndən acığı,
Bəxtimizdən bu ləkəni, palçığı,
Yox olarmı gözyaşında biz yusaq?
Nə sən soruş, nə mən deyim, gəl susaq!
TƏŞƏKKÜR EDİRƏM,
ÖMÜR YOLDAŞIM
Ömrünün yazını bəxş edib mənə,
Ömrünün qışından uzaq saxladın.
Ürəyim düşəndə qüssəyə-qəmə,
Dərdə sinə gərdin,dərdi tapdadın.
Qabarlı əllərin saçımda gəzdi,
Hicran daşımadım, qəm daşımadım
Bəlkə də yorğunluq ruhunu əzdi,
Mənə yaşatmadın,mən yaşamadım.
Cənnəti gətirdin hər gün evinə,
Cəhənnəm oduna sən sipər çəkdin.
İstədin hər zaman qəlbim sevinə,
Könlundən, könlümə çiçəklər əkdin.
Sən məndən sevgini əsirgəmədin,
Qoymadın həsədi tapım,dostlaşım.
Gözümdən gözünü əskik etmədin,
Təşəkkür edirəm, ömür yoldaşım.
BİLİRSƏNMİ, ƏSİL MƏHƏBBƏT NƏDİR?
Bilirsənmi, əsil məhəbbət nədir?
Heç israr etmədən geri çəkilmək.
Bəzən uzaqlardan dayanıb baxmaq,
Bəzənsə önünə keçib dikilmək.
Bilirsənmi, əsil məhəbbət nədir?
Bir dərviş misalı çöllərə düşmək.
Cənnətdən könüllü imtina edib,
Cəhənnəm odunda eşq ilə bişmək.
Bilirsənmi,əsil məhəbbət nədir?
Onu bir ömürlük daşıya bilmək.
Milyon sevgiləri görməzdən gəlib,
Keşiş yanlızlığı yaşaya bilmək.
Nə yazıq təslimmiş insan nəfsinə,
Məğlubmuş yasağa göz yummağına.
Güclü görünsə də aciz qalırmış,
Özünün özünə uduzmağına.
DÜŞÜNCƏLƏRİM
Bir acı həqiqətin,
Alovunda yanıram.
Bu dünyanı Tanrının
Cəhənnəmi sanıram.
Ömür qurtarır ...amma,
Bitmir yerin naləsi.
Zaman qəh-qəhə çəkir,
Əlində piyaləsi.
Uçmaq istəyənlərin,
Qanadı tez qırılır.
Tanrının oyunundan,
Yavaş-yavaş yorulur.
Yeri, göyü, səmanı
Özün yaratmadın ki?
Qəflətdə yatanları,
Niyə oyatmadın ki...
Sən iblislə, insanı
Təkbaşına buraxdın.
Belə edəcəkdinsə,
Bizi niyə yaratdın?
Hardadır bu zamanın,
Xilaskarı hardadır?
Necə-neçə məzlumun
Gözü hələ yoldadır...
Bəlkə, deyirsən dünya
Sınaqdı... sınayıram.
Məzəmmət eləyirəm
Sonra da qınayıram.
Nə deyim hikmətinə,
Hər şey öz hökmündədir.
Amma bir gün en yerə
Gör dünya nə gündədir.
Bu əgər üsyandırsa,
Qaldır üstümə daş at.
Belə ömrü neynirəm
Ya öldür, ya da yaşat!..
BU DÜNYANIN HARASINDA?
İki kəlmə söz olaydım,
Dodağının arasında.
Ulduz kimi parlayaydım,
Gözlərinin qarasında.
Düşüb izə izləyəydin;
Yolum üstə gözləyəydin,
Həsrətimi gizləyəydin,
Ürəyinin yarasında.
Niyə gəlmir səsin ünün,
Sinəm də qalanıb külün.
De, hardasan məndə bilim,
Bu dunyanın harasında?..
KÖLGƏYİK, KÖLGƏ...
Yalançı eşqinlə girib min dona,
Dayandın qarşımda sınağım kimi.
Açıb qollarımı sarıb boynuna,
Səni qarşıladım qonağım kimi.
Qaya ürəyimdə çiçəklər açdı,
Söykədim ruhumu dağ vuqarına.
Sənin məhəbbətin başıma tacdı,
De, niyə caladın qəm ünvanına.
Çinar ağacıydım, qırıldı qolum,
Böyüdü, yekəldi sinəmdəki dağ.
Gül açdı yan-yörəm, bütün sağ-solum,
Ehh... mənim bəxtimə düşənə bir bax!
Taleyin tərsliyi, qismətin rəngi,
Qaradan kənara çıxa bilmədim.
Kədərin notundan düşən ahəngi,
Nə qədər etdimsə yıxa bilmədim.
İçimi yalanın elə sardı ki,
Güvənim sarsıldı, biləsən, ey yar.
Sənə deyəcəyim nəyim qaldı ki?..
Səni göndərənə şikayətim var.
Həsrət xəbər tutdu hər izimizdən,
Hicran da rast oldu bizə hər döngə.
Daha xəbərsizik bir-birimizdən,
İndi ikimiz də kölgəyik, kölgə.
SƏN DƏ İÇINDƏKİ İŞIĞI YANDIR
Bilirsən, həsrətə nöqtə qoyulmur,
Son nəfəs boğazdan çıxana qədər.
Özünü Allaha təslim edirsən,
Çiynin hicran yüklü, ruhunda kədər.
Başından yeltəki əsir o sevda,
Gözündən filmtək keçir illərin.
Çətinlik çəkirsən nəfəs almağa,
Nəfəsi kəsilsin xatirələrin....
Susursan, içində təlatüm, təlaş,
Fırtınalar qopur, səssiz sinəndə.
Heç kimsə duymasın deyə səsini,
Deyirsən astaca:- Məğlubam mən də.
Boynuna alırsan təslimiyyəti,
Ey könül! ağ bayraq yellə göylərə.
Sənə kim dedi ki, qazanacaqsan,
Bu qədər özünə güvən, öy deyə?
Qürurun bir damla göz yaşı deyil,
Boğma içindəki o yorğun səsi.
Niyə yaşamağa nifrət edirsən,
Nədir içindəki ölmək həvəsi....
İçində arzu tut, dindir, danışsın,
Ruhunda bir çılğın ümid oyandır.
Axı hər gecənin bir sabahı var,
Sən də içindəki işığı yandır...
XƏZƏLLƏR
Uzanır həsrətin payız qolları,
Qışqırır qəlbimdə sarı xəzəllər.
Bağlayır bahara gedən yolları,
Gələn mövsümlərin barı xəzəllər.
Bu hicran o qədər tanışdır mənə,
Bu ağrı,bu əzab təzədir demə.
Könlümdə səssizcə oxunan nəğmə,
Ayırır canımdan yarı, xəzəllər.
Son bahar tələsik qaçır qışıma,
Eləyir bəyaz məğrur başımı.
Hələ çatmamışam ahıl yaşıma
Təmizlə saçımdan qarı Xəzəllər.
NAĞILTƏK DÜŞÜNƏK BU DÜNYANI BİZ
Nağıltək düşünək bu dünyanı biz,
Tez-tez əfsanələr gətirək dilə.
Tutaq qəlbimizi təmizdən-təmiz,
Verməyək ömürü tufana,yelə.
Düşsün çiynimizdən bu ağrı,bu yük,
Həsrətə yox deyib, vüsala doyaq.
Ümidlər təkrarsız,ümidlər böyük,
Açılan sabahla sevinci duyaq.
Sığmasın arzular qoy ömrə, günə,
Quraq xəyalları biz qucaq-qucaq.
Bu şıltaq həyata gərdikcə sinə,
Dünya qollarını geniş açacaq.
SƏNƏ OLAN DUYĞULAR
Mən sən gələn yollara qızılgüllər əkmişəm.
O yoldan ürəyimə başqa bir yol çəkmişəm.
Gəlirsən, gəl ,gözümün qarası ağ olmasın,
Sənə olan məhəbbət boynubükük qalmasın.
Düşundukcə vəslini surətin xəyal olur
Duyğular dilə gəlir,ürək də bihal olur.
Unutmaq üçün deyil,darıxmamaqdan ötrü
Gizləyirəm yadigar mənə qalan o şəkli.
Söylə görüm, mən səni necə,harda gizləyim?
Qəlbimdə tüğyan edən bu hissə de, neyləyim ?
Səni mən yaratmışam,sən mənim öz kəşfimsən,
Ən dəlisov ən çılğın,ən ərköyün eşqimsən.
Ürəyimə ýığilan niskilimsən,ahımsan,
Qəmdən qurtarmaq üçün qaçdığım pənahımsan.
Hər kəsdən gizlədiyim gizli qalan məbədim,
Deyə bilsəydim səni, dostlarıma nə dərdim...
Nə qədər eyləsəm də özgə sevgiyə meyil,
Toplasam sevgiləri yenə də bir "sən" deyil..!
Günduz günəşin olub səmalardan baxaram,
Gecələr ulduz kimi asimandan axaram.
Sən bu eşqin varisi,sən bu qəlbin sələfi,
Məhəbbət bucağının gizli qalan tərəfi.
Sübhün gözündən düşən güllərdəki jaləmsən,
Sən ayrı bir həyatsan,sən ayrı bir aləmsən.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.










