BABƏK ZEYNALOV (1963)

BABƏK ZEYNALOV   (1963) Zeynalov Babək Şahbaz oğlu - 1963-cü ilin may ayında Qubadlı rayonunun Bəxtiyarlı kəndində anadan olub. Orta təhsilini Qubadlı rayonunda Qara İlyasov adına orta məktəbdə tamamladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. Filoloq ixtisasına yiyələnən Babək müəllim 10 il pedoqoji fəaliyyətlə məşğul olub. Gənc yaşlarından ədəbi yaradıcılığa başlayıb. Şeirləri müntəzəm olaraq dövrü mətbuatda, müxtəlif almanaxlarda çap olunub. "Qubadlı tarixin yaddaşında", "Qubadlı-80" kitablarında şeirlərinə geniş yer verilib. Eləcə də "Sumqayıt", "Sözün sehri", "Bərgüşad" qəzetlərində silsilə şeirləri çap olunub.
Babək müəllim təkcə heca vəznində deyil, əruz vəznində də bir sıra qəzəllərin müəllifidir. Onun yaradıcılığının ana xəttini ana, vətən, torpaq sevgisi, şəhid və qazilərimizə həsr olunmuş silsilə şeirlər təşkil edir. "Yurd həsrəti" poeması şairin vətənpərvərlik duyğularını özündə mükəmməl şəkildə əks etdirən yaradıcılıq nümunəsidir.
Babək müəllim hazırda Sumqayıt şəhərində məskunlaşıb. 4 övlad var.
Biz vətənpərvərlik ruhunu daim şeirlərində əks etdirən Babək müəllimə bol-bol yaradıcılıq uğurları arzulayır və onun duyğu dünyasından bir neçə şeiri geniş oxucu kütləsinə təqdim edirik.

Ramilə ƏLİYEVA,
turan.info.az



VƏTƏN

Sənə əl uzadan əllər qurusun,
Namərdin, nakəsin qalmasın, Vətən.
Hər qarış torpağın gülüstan olsun,
Tər qönçə güllərin solmasın, Vətən.

Yadelli qalmasın torpaqda, yurdda,
Dost seçməz özünə, tək gəzər qurd da.
Dönməsin qapıya oğul tabutda,
Analar saçını yolmasın,Vətən.

Dişini qıcadı hərə bir yandan,
Şimaldan, cənubdan, o tay, bu taydan.
Növrəstə cavanlar olmasın candan,
Üstünü buludlar almasın,Vətən.

Acıya, itkiyə qalmayıb dözüm,
Hər gün atəş səsi,qan-qada,ölüm.
Biryolluq məhv edim,ya da ki,ölüm,
Bir daha şəhidin olmasın, Vətən.

Bir yarpağı düşsə şah damarımdı,
Bir canı üzülsə özcə canımdır.
Gözümün nurudur, axan qanımdır,
Alışıb, od tutub yanmasın, Vətən.


DAĞLAR

Gəlmişəm, qoynunda xəyala dalıb,
Hər yan bənövşədi, laladı dağlar.
Cənnətə oxşayır yalı, yamacı,
Keçilməz zirvədi, qaladı dağlar.

Soruşma halımı, niyə gəldim gec,
Boynum tükdən nazik, əfv elə, gəl keç,
Bizi ayıranı yarımasın heç,
Üstündə bayquşlar uladı, dağlar.

Babək qulun, kölən, bir dərdli balan,
Hər nə söylədisə, dedilər yalan,
Qapımda boynunu buran, yallanan,
Qudurub bizləri daladı, dağlar…


DAĞLAR

Dolanaram, pir deyərəm daşına,
Çəmənə, çiçəyə bataram dağlar.
Səhərin sazağı üşütsə məni,
Dərədə bir tonqal çataram, dağlar.

Əzəldən mailəm, gədiyə-qaşa,
Düşmən çəpərisən, səni min yaşa,
Başımı söykəyib sinəndə daşa,
Dərdimi dərdinə qataram dağlar.

Ayağında duman, zirvəsində qar,
Açılıb bərələr, gedən-gələn var,
Boylanar yollara, gözüm dolanar,
Qəm alıb, sevinci sataram dağlar.

Axtarma, tapmazsan onda bir eyib,
Ayaqdan başacan ağ libas geyib,
Babəkəm, dünyaya əlvida deyib,
Gələrəm, qoynunda yataram dağlar…


GÖRDÜM

Şükür Yaradanın böyüklüyünə,
Oğlumun telində özümü gördüm.
Dərədə, düzəndə itməyib qalan,
Cığıra həkk olmuş izimi gördüm.

Gəldim axır gördüm, dilbər Vətəni,
Yenə xatırladım, olub keçəni,
Bir yuxu görürdüm, çağırdım səni,
Əlləri qoynunda qızımı gördüm.

Qurbanam kəndimin ab-havasına,
Ərənlər qalxdılar qan davasına,
Torpağı aldılar, can bahasına,
Dağımı, çayımı, düzümü gördüm.

Qanqaldı, tikandı, kəndin hər yanı,
Hər yer xatırladır, quru səhranı,
Yovşanlıq bürüyüb, düzü, dünyanı,
Nə bir bağça-bağat, nə zəmi gördüm.

İllər iz salmadı, qara telində,
Qırış da olmadı nurlu üzündə,
Bir cavan ananın məzar evində,
Mən sənə yazdığım sözümü gördüm...


VAR

Bu dağları elə belə dağ sanma,
Bu dağların atəşı var, qarı var.
Dövlətimin enilməyən bayrağı,
Bu ölkənin Şəhid adlı varı var..

Güllələrdən deşik deşik pencəyi,
Qızıl qandan islanıbdı köynəyi,
Vətən üçün qurban verib hər şeyi,
Sarsılmayan namusu var, arı var.

Məzar yeri, tər çiçəklər arası,
Könüllərdə, ürəklərdə qalası,
Başdaşını qucaqlayan balası,
Sızıdayan anası var, yarı var


GƏNCLİYİM

Şəkildə qoşayıq, həyatda ayrı,
Albom varağında qaldı gəncliyim.
Uşaqlıq, cavanlıq, hər nəyim vardı,
Qopardı, əlimdən aldı gəncliyim.

Dedim canım sulu, çatar köməyə,
Döndü pərvanəyə, döndü mələyə,
Qoymadı sığışam, kəndə-kəsəyə,
Yurdumdan uzağa saldı gəncliyim.

O zaman payızın yelləri əsdi,
Ayağı dolaşdı, kim ki, tələsdi,
Dedi ağ eləmə, həvəsdi, bəsdi,
Əlvida nəğməsi çaldı gəncliyim.

İlmələr dolaşıb, çoxu düyündə,
İllərin ağrısı qaldı çiyində,
Yorulub, bükülüb doqqaz önündə,
Şirun xəyallara daldı gəncliyim.

Babək qarışdırdı, illəri yenə,
Şükr elə Tanrının verdiyi günə,
Hər kimdən soruşsan, deyəcək sənə,
Şərbətdi, şəkərdi, baldı gəncliyim.


NEYLƏYİM

Yaradanım, belə zülmü götürməz,
Hər nə gəlsə, bizə gəlir, neyləyim.
Mərd insanlar, haqq-salamı itirməz,
Üzdə olan, gözə gəlir neyləyim.

Doymadım ki, Bərgüşaddan, Arazdan,
Sən keçərsən, mən baxaram məzardan,
Açılmadı başım dərddən-azardan,
Sağalmamış təzə gəlir, neyləyim.

Qurtarmadım, gileyindən, ərkindən,
Qırat, Dürat, saldı məni tərkindən,
Mən qaçıram Əzrayılın cəngindən,
O əlində nizə gəlir, neyləyim.

İşıqlandı, dan yeri də ağarır,
Doğan günəş təpələrdə qızarır,
Getməliyəm, ağam məni çağırır,
Qaf dağında düzə gəlir, neyləyim...?


BURDA BIR ANA YATIR

Bir həsrət var canımda,
Damarımda, qanımda.
Əsməz əlim, ayağım,
Anam olsa yanımda.

Tanrı nizam yaradır,
Günəş doğur, ay batır.
Asta yeri, a yolçu,
Burda analar yatır.

Düşündürür hər kəsi,
Gəlir səsi, nəfəsi.
Ay Allah, şəklinə bax,
Qucağında körpəsi.

Yel əsdi, ocağında,
Göyərçin var, cağında.
Burda bir ana yatır,
Laylası dodağında.


İSTƏYİRƏM

Yiyəsi ölmüş bağı,
Sulamaq istəyirəm.
Körpə fidanlar əkib,
Calamaq istəyirəm.

Hələ ki, hamı yatıb,
Çəməndə şehə batıb,
Qayada tonqal çatıb,
Qalamaq istəyirəm.

Qaraldıblar qanımı,
Alıb qaçdım canımı,
Arı kimi hamını,
Dalamaq istəyirəm.

Dişim kəsir dilimi,
Sındırıblar belimi,
Tənha canavar kimi,
Ulamaq istəyirəm.


BƏNÖVŞƏNİ

Sığallamaq istəyirəm,
Hər görəndə bənövşəni.
Çadır olmaq istəyirəm,
Qar örtəndə bənövşəni.

Gün keçir, yaşa doluram,
Gah saralıb, gah soluram,
Elə bil uşaq oluram,
Hər dərəndə bənövşəni.

Yerim-Yurdum, əsir-yesir,
Soyuq vurur, şaxta kəsir,
Əzərsən, ovcunda gətir,
Gətirəndə bənövşəni.

Mehr-ülfət bağlayasan,
İldə bir yol, yoxlayasan,
Diz qatlayıb qoxlayasan,
Kol dibində bənövşəni...


GƏL ÜSTÜMƏ TORPAQ AT

Bura quru səhradı,
Burda necə gül bitib.
Ağlamısan, ya şehdi,
Gözünün rəngi itib.

Əkdiyim gül-çiçəyin,
Çoxunu qurutmuşam.
Belə tanış gəlirsən,
Adını unutmuşam.

Bəzənib düzənərsən,
Qırx çıxıb, il olmamış.
Gəl üstümə torpaq at,
Başıma kül olmamış...


ÜSTƏ

Hər işimi özüm gördüm,
Tər gətirdim tərin üstə.
Qoyun torpağa söykənim,
Nə sərsəniz, sərin üstə.

Haqsızlıqla barışmadım,
Yalan sözü danışmadım.
Kim deyir ki, yaşamadım,
Göyün altda, yerin üstə.

Vaxtı qoru ötürərsən,
Tər qönçələr bitirərsən.
Bir qızılgül gətirərsən,
Məndən sonra qəbrim üstə...


ÜSTÜNƏ

Dağın zirvəsindən bir yol çəkdilər,
Tökdülər daşları məzar üstünə.
Kəndin dərdi-səri azalmadı ki,
Azar gətirdilər, azar üstünə.

Ay mühəndis öğul, sürücü qardaş,
Kaş mənim üstümə düşəydi o daş...
Burda ruhlar yatır, bir azca yavaş,
Tonlarla daş, torpaq axar üstünə.

Məzardan çox daş var, gəlmir ki, saya,
Çox ümid bağladıq, payıza, yaya,
Vurub parçalayıb, nəhəng daş, qaya,
Sellər, sular gəlib, sızar üstünə.

Eşidin onların hayın, harayın,
Salın texnikanı, torpağı yayın,
Əgər təmizləsəz, bir daş saxlayın,
Babək gəlib adın yazar üstünə...


BƏNDDİ

Bu dağlar mənimdi, bu kənd mənimdi,
Uçulub, dağılıb, bir himə bənddi.
Bu arx da mənimdi, bu bənd mənimdi,
Gözləri dolubdu, bir himə bənddi.

Dəyməyin, siz Allah, bulud kimiyəm,
Bilmirəm ölüyəm, yoxsa diriyəm,
Ömrü-günü talan, fəqir biriyəm,
Soruşun bu yetim, bəs kimə bənddi.

Fələk bir qapını vaxtsız döyməsin,
Ömür kələfinin ipin düyməsin,
Babəkə də deyin özün öyməsin,
Ortaya qoyduğu bu üçcə bənddi...


ANA

Bu gün gələcəyəm ziyarətinə,
Sübhdən, gün çıxmamış, durmuşam, ana.
Nə alım gətirim, bilmirəm sənə,
Başımı sualla yormuşam, ana.

Nə olsun üzünə qayıtmamışam,
Çox vaxt haylamısan, qayıtmamışam,
Məni çağırmısan, dayanmamışam,
Haçansa qəlbini qırmışam, ana.

Yadıma salıram ötən günləri,
Acılı-şirinli xatirələri,
Sərib sinən üstə qərənfilləri,
Yanında boynumu burmuşam, ana.

Bir fikir yandırar, oğulu-qızı,
Hər kəs sual edər, yüz dəfə azı,
Anam razı getdi, yoxsa narazı,
Mən də öz-özümdən sormuşam, ana.

Tər güllər gətirim, saralsın, solsun,
Əkim qızılgüllər, yanında olsun,
Ana, rahat uyu, ruhun şad olsun,
Yaxşı-pis, güzəran qurmuşam, ana,
Yanında boynuma burmuşam, ana...


ANAM

Baxmayıb çox şeyin olmadığına,
Şirin təbəssümlü, gülüşlü anam.
Hər işi görərdi göz qırpımında,
Ağır təbiətli, yerişli anam.

Can alan, anama toxunma, gəl keç,
Kimi istəyirsən bizdən birin seç.
Bircə yol bəzənib, düzənmədi heç,
Mənim gen tumanlı, qaloşlu anam.

Başımı dizinə qoya bilmədim,
Ağarmış telini saya bilmədim,
Şirin təamından doya bilmədim,
Pilə tək əlləri qırışlı anam.

Nə yadına düşüb, xəyala dalıb,
Yol çəkən gözləri yollarda qalıb,
Gedib təbrik edim, qızılgül alıb,
Mələk görünüşlü, baxışlı anam.


BULAQ

Heç olmasa sən quruma,
Səhər-axşam çağla bulaq.
Yarım qalmış nakam eşqə,
Məhəbbətə, ağla bulaq.

Səndə cənnət qoxusu var,
Gələnlərin yuxusu var,
Yersizi var, yurdsuzu var,
Ürəkləri dağla bulaq.

Talan olmuş evim qalıb,
Pərən düşmüş elim qalıb,
Burda daha kimim qalıb,
Mənlə ülfət bağla bulaq.

Qismət varmı gələn yaza,
Əl-ayağım dönüb buza,
Əmanətim var bir qıza,
Verim sənə, saxla bulaq.


MƏNİM

Hara köç elədi, hayana getdi,
Heç görən oldumu, elimi mənim.
İstədim daşına bir sığal çəkim,
Bir atəş yandırdı, əlimi mənim.

Gözəldir baharı, gözəldir qışı,
Tanrı min rəng ilə vurub naxışı,
Dağılmış evlərin küskün baxışı,
Əydi qamətimi, belimi mənim.

Bir də haçan olar, o gəlhagəli,
Uçub komaları, sərgərdan eli,
Viranə qoyubdu düşmənin əli,
Qəhr edib bağımı, gülümü mənim.

Babəkəm, həsrətin yükü bir qucaq,
Get dedi, sızladı hər künc, hər bucaq,
Dağılmış, soyumuş, bu od, bu ocaq,
Ömürlük bağladı, dilimi mənim...


CEYRAN

Vaxt-vədə danışıb razılaşaydıq,
Bircə yol bulağa gələydi ceyran.
Ovçu yayı çəkib oxun atanda,
Əlləri titrəyib əsəydi, ceyran.

Məst edər könlümü süzgün baxmağı,
Uzaqdan seyr edər, çayı, irmağı,
Gözəlliyə qıyan əli, barmağı,
Yaradan dibindən kəsəydi, ceyran.

Gördüm yarasını, yaram sağalmaz,
Dərd üstə dərd gələr, dərdim azalmaz,
Ananı baladan ayırmaq olmaz,
Təbiət bir candı, ürəkdi ceyran.

A zalım, nə tezdən kəsdin gədiyi,
Boğazında qaldı qırpıb yediyi,
Axı necə qıyıb çəkdin tətiyi,
Hələ cüyür idi, körpəydi ceyran.

Bir yanı təpədi, bir yanı sinə,
Görmədim, boylandım hey dönə-dönə,
Babəkəm, mən axı neylədim sənə,
Bu eşqi-ülfəti nə əydi, ceyran.


KİŞİ

Günah sənin deyil, dövran belədi,
Ehtiyac içində doğulan kişi.
Saysan qazancını qəpik-quruşdu,
Canı boğazına yığılan kişi.

Nə olsun kasıbdı, qazancı yoxdu,
Dünyanın malında gözü ki, yoxdu,
Heç nəyə əyilməz, ürəyi toxdu,
Tapdanıb, əzilib, sıxılan kişi.

Gah kərpic daşıyar, gah da ki, palçıq,
Ustası bir yandan çığırar, gəl çıx,
Öz evi daxmadı, yarı, yarımçıq,
Borc, xərcin içində yıxılan kişi.

Xozeyin xod gedir, üzünə baxmaz,
Gözlərdən gizlənər, gözünə baxmaz,
Nə övrət, nə uşaq sözünə baxmaz,
Dünyası məhv olan, dağılan kişi.

Kimsə xəbər tutmaz dərdi-halından,
Qohum əqrəbası ötər yanından,
Hər bir şey yaxşıdı, deyər yalandan,
Həyadan, abırdan, boğulan kişi.

Çoxuna aldandı, hamı bic idi,
Evə çatanda da artıq gec idi,
Bilmədi bayramı necə keçidi,
Köksünü ötürüb, doluxan kişi..


SƏNƏ GÜL GƏTİRMİŞƏM

Sənsiz keçən günlərin,
Sayını itirmişəm.
Tarixin unutmuşam,
Təqvimdən götürmüşəm.

Nə tez ötüşdü belə,
Gəlib çıxdıq bir ilə,
Deyəsən mən də elə,
Ömrümü bitirmişəm.

Sıxır məni bu qəfəs,
Nə bir istək, nə həvəs,
Gəlmişəm qaranəfəs,
Özümü yetirmişəm.

Şaxta, soyuq qoxulu,
Qar örtüb rəddi, yolu,
Oyaqsan, ya yuxulu,
Sənə gül gətirmişəm.


QADIN

Nə dərdi bilindi, nə də sevinci,
Hər sirri özündə saxlayan qadın.
Özünə sirdaşı bilib gecəni,
Buz kimi yataqda ağlayan qadın.

Qorudu adını, ləyaqətini,
Körpəyə bağladı məhəbbətini,
Verib ürəyinin hərarətini,
Od-ocaq yerinə qalayan qadın.

Ağrı-acılıdır olan yaddaşda,
Onun dünyasının biçimi başqa,
Hamısı sağ olsun, bacı, qardaş da,
Ümidin Allaha bağlayan qadın.

Bahar dünyasına sanki, qar yağıb,
Unudub nə zaman güzgüyə baxıb,
Özü də, özünün yadından çıxıb,
Saçını ağ-qara darayan qadın.

Qazancı nədir ki, dala nə ata,
Məcburdu gecəni gündüzə qata,
Günəmuzd işləyir, on beş manata,
Artıq işıqlanıb, dur oyan, qadın...


BİR ANA VƏDƏSİZ KÖÇDÜ DÜNYADAN

Getməzdi, bir bəla gəldi apardı,
Nurlu bənizi də soldu, saraldı,
Onu zaman aldı, dövran qopardı,
Bir ana vədəsiz, köçdü dünyadan.

Biruzə vermədi ağrılarını,
Özüylə apardı arzularını,
Allaha tapşırıb balalarını,
Bir ana vədəsiz köçdü dünyadan.

Yatmadı gecələr övlad böyütdü,
Ən şirin kəlamdı ana öyüdü,
Nə qədər ku, sağdı, mələk özüydü,
Bir ana vədəsiz köçdü dünyadan.

Məkanı buz kimi, kəsəkli-daşlı,
Nə fərqi cavandı, yoxsa ki, yaşlı,
Qoyub balaların gözünü yaşlı,
Bir ana vədəsiz köçdü dünyadan.

Analar çiçəkdi, cəfası yoxdu,
Anasız olanın dünyası yoxdu,
Gördü ki, heç kimin faydası yoxdu,
Bir ana vədəsiz köçdü dünyadan.


QAYITSIN

Möcüzə olaydı, imkan olaydı,
Deyərdim kimsə yox, anam qayıtsın.
Allahdan bir buyruq, fərman olaydı,
Analı günlərim, dünyam qayıtsın.

Görüm çəkilibmi, üzünün qəmi,
Yoxsa gözlərinin donubdur nəmi,
Tutum ətəyindən, gizləsin məni,
Məni qoruyanım, arxam qayıtsın.

Lap töksün üstümə qəzəbin, hirsin,
Bəlkə günahım var, əfv etsin, keçsin,
Bir dəfə əlini başıma çəksin,
Deyim ki, ölmüşəm, yoxam, qayıtsın.

Üzümdə hiss edim, isti nəfəsin,
Danışsın eşidim kəlməsin, səsin,
Neynək, heç olmasa, bir günə gəlsin,
Nurlu gözlərinə baxım, qayıtsın..


KÜS GÖRÜM

Harda qaldın, yaz səhəri, dağ mehi,
Həzin-həzin, təşrif buyur, əs görüm.
Dərgahına sığlnmışam, İlahi,
Əl mənimdi, ətək sənin, kəs görüm.

Çıxıb getdi, bircə dəfə baxdımı,
Qınamadım taleyimi, baxtımı,
İstəmişəm, mənə düşən haqqımı,
Niyə axı, acı görüm, pis görüm.

Xatirəyə dönüb indi o çağlar,
Baxım necə qönçələnib uzaqlar,
Mən gözəllik aşiqiyəm, a dağlar,
İstəmirəm, duman görüm, sis görüm.

Niyə çəkdin o atəşi, o ahı,
Demədinmi, qara gələr sabahı,
Səni gülə oxşatmaqdı günahı,
Bacarırsan, gəl Babəkdən küs görüm..


KEÇƏRƏM

Gecə qalxıb arada,
Nəvəmə baş çəkərəm.
Örtüb qolun, qanadın,
Tellərini öpərəm.

Şöləsi titrər şamın,
Çarəsi yox axşamın,
Bir işıqlı sabahın,
Həsrətini çəkərəm.

Düz ilə hər vaxt varam,
Gəzirəm aram-aram,
İşinə qarışmaram,
Tanrı qulu, nökərəm.

Yurduma xor baxanın,
Yad arxına axanın,
Yeddi arxa qalanın,
Gözlərini tökərəm.

İşıqlı Vətən yolu,
Gedirəm üzü sulu,
Cibim boş, sinəm dolu,
Canımdan da keçərəm.


NƏYƏ LAZIM

Hər şeyin öz vaxtı, öz zamanı var,
Etibarsız olan yar nəyə lazım.
Elə ki yaz gəldi, əyyam dəyişdi,
Lalə açılanda qar nəyə lazım.

Zaman köhlən kimi üzə durdusa,
Səni dolaylarda üzüb yordusa,
Birinə bir manat xeyrin yoxdusa,
Yığıb-topladığın var nəyə lazım.

Alnın açıq olsun, nə utan, qızar,
Çiynində mələklər nə etsən yazar,
Gizlində hoqqadan, əməldən çıxar,
Üzdə göstərilən ar nəyə lazım.

Babəkəm, sözümü deyərəm kəsə,
Hal əhli olanlar yozmazlar pisə,
Vaxtı yetişəndə dərilmədisə,
Budaqda bürüşən bar nəyə lazım.


ÜÇÜN

Ürəyi, qəlbi təmiz, bir insanam, canım üçün,
Bu ağır zəmanədə, bir ad-sanam, canım üçün.

Qorxmaram, çəkinmərəm, mən hər sözü düz deyərəm,
Yalandan and içmərəm, hər nə olsa canım üçün.

Yolunda baş qoyaram, yox demərəm bircə dəfə,
Canı qurban edərəm, yaxşı dosta, canım üçün.

Fələyin dərdi-sərindən başım ayrılmadı heç,
Elə bil ki dayanıb, mənlə qəsdə, canım üçün.

Çox gəzib, çox dolanıb, dərdimə dərman aradım,
Yurd-yuva həsrətində olan xəstə canım üçün.

Babəkəm, söz demərəm inan ki, heç vaxt boşuna,
Yaxşıdı abır-həya, olsa üzdə canım üçün...


ƏCƏL

Bizə bir candı qalan, istər onu bizdən əcəl,
Qoya rahat yatasan, gəlir gəlsin tezdən əcəl.

Bir sirrdi, müəmmadı, söyləməz heç vaxt gəlişin,
Bir də gördün ki gəlir, dağdan əcəl, düzdən əcəl.

Kimdi bəndə dəyişə, silinməz alnın yazısı,
Kim görüb ki, gələndə, ötüb keçsin üzdən əcəl.

Əməlin düz olmasa, əvvəli dartar qulağın,
Verər hərdən işarət, asar pərdə gözdən əcəl.

Gələndə büdrəyəsən, yolda qırılsın qədəmin,
Səni mayıf qalasan, candan əcəl, dizdən əcəl.

Babəkəm, düşməliyəm dilimdən axır bəlaya,
Yadımdan çıxarıram, sözü tutur, sözdən əcəl.


turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: