Ailəlidir, iki övladı, dörd nəvəsi var.
Hələ uşaq vaxtlarından ədəbiyyatı sevib, poeziya həvəskarı olub. Məktəb illərində "Şərq Qapısı" qəzetində şeir və məqalələri dərc olunub. Lakin ailə vəziyyətilə əlaqədar olaraq 28 il qələmdən kənar qalıb. Son üç il ərzində yenidən yaradıcılığa qayıdıb. Naxçıvan şəhərində fəaliyyət göstərən "Zərif qadınlar", Ağsu rayonunda yaradılan "Ağsu Yazarları", eləcə də, "Nur Ocağı", "Natəvan", "Zərif Kölgələr", "Söz Mülkü", "Mirvarid Dilbazi Poeziya Məclisi", "Aşıq Pəri" kimi ədəbi məclislərin üzvüdür. Müxtəlif qəzet və jurnalarda, bir neçə kitab və antologiyalarda, o cümlədən, “Zirvə”, “Zirvəyə ucalanlar”, “Zəfər”, “Şah dağı”, “Heydər zirvəsi”, “İlham çeşməsi”, “Şam işığı”, “Nur ocağı”, “Söz xəzinəsi”, “Qara-arxac” və s. ədəbi məcmuələrdə, “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, “turan.info.az”, “Zirve.İnfo”, “Yurd.İnfo.Az” və internet saytlarında bir sıra nəzm və nəsr əsərləri dərc olunub. "Məktubunu oxudum.Oxu məktublarımı" adlı şeirlər kitabının və l Qarabağ müharibəsi şəhidi Əli Qurbanovun xatirəsinə həsr etdiyi "Nişanəsi Vətən olan" adlı kitabın müəllifidir.Çox təvazökardır. Deyir ki, “Yazdıqlarımı şeir adlandırmaq olarmı,olmazmı, bilmirəm. Bircə onu bilirəm ki, şeirlərim ruhumdan doğulan körpələrimdir. Şeirlərim ruhumun özündən ələdiyi yeganə görünən "mən"dir. Onlar mənə Rəbbimin əmanətidir.”
Biz də belə gözəl duyğu və düşüncələri olan şairə Sevinc xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun duyğu çeşməsindən qaynaqlanan müxtəlif səpkili bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Ramilə ƏLİYEVA,
"Borçalı" nəşriyyatının redaktoru,
turan.info.az
DÜNYALARA SƏS SALAN
ZƏFƏR ÇALINACAQDI!
Unutmadım, unutmaq istəmirəm yağını,
Sinəmizə vurduğu çalın-çarpaz dağını,
Başımıza açdığı müsibətli çağımı,
Kidurətim, nifrətim ona qucaq-qucaqdı,
Dünyalara səs salan Zəfər çalınacaqdı!
Düşmən bilməliydi ki, boşa deyil hərbələr,
Yurduma göz dikəni əsgərim qana bələr.
Bir birinin ardınca enəcəkdi zərbələr
Suları şüzə-süzə yola salınacaqdı,
Dünyalara səs salan Zəfər çalınacaqdı!
Qoy hamı bilsin xalqım dünyamıza sülh dilər,
Amma yolun azanı yer üzərindən silər,
Öz yurdu, öz torpağı olmayanlar nə bilər,
Vətəndaşa vətəni müqəddəs pir, ocaqdır,
Dünyalara səs salan Zəfər çalınacaqdı!
Ordum aman verməzdi orda düşmən öyünə,
Qatil ayağı gəzə, cəllad qəlbi döyünə,
Keşiyin çəkəcəkdir şəhid ruhu göyünə,
O torpaqlar, o yurdlar geri alınacaqdı,
Dünyalara səs salan Zəfər çalınacaqdı!
27.09.2024
ZƏFƏRİM
Zəfər, bilirsən, mənim bu torpaqçün tökülən
Neçə min əsgərimin al qırmızı qanısan!
Əzasını vətənçün qorxmadan qurban verən
On minlərlə qazimin sızıldayan canısan!
Neçə min-min atanın, neçə min-min ananın
Pardaxlanmış sinəsi, dağ çəkilmiş bağrısan.
Neçə milyon bacıya, neçə milyon qardaşa
Heç zaman səngiməyən, dözülməz bir ağrısan!
Əllərinin xınası solmadan başsız qalan,
Qarayaylıq gəlinin duyulan toy səsisən!
Sən otuz il gözləri yolda qalan millətin
Nəhayət ki, bağrına basdığı o kəsisən!
Tox gözlərimə işıq, ac ruhuma qidasan,
Zəfər, sən elə dadsan, tamından doymaq olmur!
Sənlə müqayisədə daş-qaşlar ucuz qalır,
Səni heç bir sərvətlə çəkiyə qoymaq olmur!
Bizi yurd yuvamıza qovuşduran da sənsən,
Bizi dirçəldən də sən, bizimlə qal əbədi!
Şəhidimin qanıyla eyni rəngli ZƏFƏRim,
Xalqımın iftixarı, qürurumun məbədi!
08.11.2024
BİR İL DƏ BELƏ KEÇDİ
ŞƏHADƏTİNDƏN, OĞUL
Birinci Qarabağ müharibəsi şəhidi
Canpolad Ağaverdi oğlu Əsgərovun anası
Zərziba ananın dilindən.
Bir il də belə keçdi şəhadətindən, oğul,
Bir zərrə əksilmədi o həsrətindən bala.
Mən oğul böyütdüm ki, dizimə taqət ola,
Sığındığım bir, liman, söykənəcəyim qala.
Bir il də belə keçdi şəhadətindən, oğul,
Hər ötən il ömrümdə əsrə bərabər oldu.
Hicran tüğyan eylədi, tufan qopdu içimdə,
Canpolad, o gül ətrin gəlib burnuma doldu.
Bir il də belə keçdi şəhadətindən, oğul,
Büründüyün o bayraq mənə səni andırır.
Öpürəm gözüm üstə qoyuram bu bayrağı,
Qırmızısı qanıntək ürəyimi yandırır.
Bir il də belə keçdi şəhadətindən, oğul,
Nə sən çıxıb gəlirsən, nə mən ölə bilirəm.
Allaha xoş getməsin onun yaratdığını
Uyuduğu torpaqla, yurdla bölə bilmirəm.
Bir il də belə keçdi şəhadətindən, oğul,
Təkcə təsəllim varsa o da şəhid adındır.
Cənnətin qapısında gözləyən var desələr,
Bil ki, şəhid anası sağkən şəhid qadındır.
19.07.2024
GEDİŞİNLƏ SEVİNCİMİ GÖTÜRDÜN
I Qarabağ müharibəsi şəhidi
Abbas Məmmədovun anası Fatimə ananın dilindən
Ay gözümün nuru oğul, Abbasım,
Nolar, bir də bu ömrümə gəl bala.
Səni arxa bəlləmişdim özümə,
Söykəndiyim dağım idin, bir qalam.
Tanrı səni yazdı mənə bilirəm,
Qış ömrümə isti bahar gətirdin.
O istədi cənnətinə apardı,
Gedişinlə sevincimi götürdün.
Toy-bayramdı ilk gülüşün, ilk səsin,
Həyat sənlə mənasına qovuşdu.
Səndən sonra dadı qaçdı ağzımın,
Şaxta vurdu bağ-bostanım sovuşdu.
Darıxıram çıx gəl oğul nə olar,
Qardaşını, atanı da götür, gəl.
Pərişanlıq yağdı üstü-başımdan,
Başım üstdən çəkiləndən üç cüt əl.
Xəbər eylə gəldiyin gün qoy bilim,
Oğul, çıxım yollarına gül düzüm.
Zaman məndə getdiyin gün dayanıb,
İnan yoxdur sənsiz gecəm, gündüzüm.
19.01.2025
SOLDUM OĞUL
I Qarabağ müharibəsi şəhidi
Əli Qurbanovun anası
Tovuz xanımın dilindən
Sağlığında gül açan əlvan baxça, bağ idim,
Səndən sonra tükəndim, saraldım, soldum, oğul.
Aydın səmaydı ömrüm, bütün dövrlərində,
Səndən sonra bir qara buludtək doldum, oğul.
Bəlalı günlər gəlib həyatıma yetişdi,
Fələk qarğıdı məni, ocağıma od düşdü,
Çatladı kürəklərim, ciyərim yandı, bişdi,
Tabutunun üstündə saçımı yoldum, oğul.
Aldım qara xəbərin yerlər ilə süründüm,
Ağ yaylığımı atdım, qaralara büründüm,
Çoxlarına vüqarlı, əzəmətli göründüm,
Susdum dərdin əlindən lal-dinməz oldum, oğul.
Gör mənim xoşbəxt yuvam necə günlərə qaldı,
Başımızın üstünü çovğun, boran, qar aldı,
Həsrətin üzdü məni ağır mərəzə saldı,
Təbib dərman tapmadı yataqda qaldım, oğul.
Sən gedəndən üzüldü yerdən, göydən də əlim,
Qoxunu baş daşından alırdım igid Əlim,
Əşədənlə bərabər səni zikr etdi dilim,
İnan son nəfəsimdə ətrini aldım, oğul.
23.12.2024
HƏKİM, BURAX ÇIXIM GEDİM,
AXI VƏTƏN ƏLDƏN GEDİM
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin dilindən.
(Böyrəklərinin artıq sıradan çıxmasına baxmayaraq
həkiminə təkidlə onu xəstəxanadan buraxmasını deyir)
İstəmirəm vətənimin dağlarında lala solsun,
Mən olsam da olmasam da təki yurdum, yuvam olsun,
Sənlə bizim görüşümüz sağ dönərsəm sona qalsın,
Nə gedirsə səndən, məndən, bir də bizim eldən gedir,
Həkim, burax çıxım gedim, axı vətən əldən gedir.
Orda mənim cavanlarım, igidlərim başsız qalıb,
Çaqqal, tülkü əlbir olub aslanı tələyə salıb,
İstəmirəm sevinələr düşmənlər qələbə çalıb,
Mənim burda hər bir günüm ömrümdəki ildən gedir,
Həkim, burax çıxım gedim, axı vətən əldən gedir.
Yağı düşmən qırıb tökür anaların balasını,
Talayırlar yurd yerimin çox basılmaz qalasını,
Qan gölünə çevirirlər oyuğunu, çalasını,
Səsimizi bəm eşidib düşmən qalxıb zildən gedir,
Həkim, burax çıxım gedim, axı vətən əldən gedir.
Qüruruma toxunublar, heysiyyatım tapdalanıb,
Körpə məsum balalardan yurdumda tonqal qalanıb,
Anaların, bacıların adına adlar calanıb,
Namus, qeyrət kəlmələrim çıxarılıb dildən, gedir
Həkim, burax çıxım gedim, axı vətən əldən gedir.
Bilirsən ki, vətən bizə babalardan əmanətdir,
Dünənimdir, bu günümdür, sabahıma zəmanətdir,
Burda qalmaq mənim üçün, sənin üçün cinayətdir,
Nəsibini alıb tarix bax bu qara seldən, gedir,
Həkim, burax çıxım gedim, axı vətən əldən gedir.
19.05.2025
AĞIR YÜK İNCİDİR ÇİYNİMİ OĞUL
Şəhid Vəlizadə İbrahim Malik oğlunun anası
Kifayət xanımın dilindən
Bir bahar, ömrümə məna gətirdin,
Açdın çiçək kimi eynimi oğul.
Bir payız xəzanı sovurdu səni,
Qara don bəzədi əynimi oğul.
Billurtək bir qızın könlünü aldın,
"Sən də sev ay ana"- babalın saldın,
Bizdən vətən üçün aralı qaldın,
Ağır yük incidir çiynimi oğul.
Məzarın başında böyüdü balan,
Bizə öz canından əmanət qalan,
Olubdur qardaşın, atan da talan,
Didir dərdin mənim beynimi oğul.
Ələnir cismimdən ruh əlçim-əlçim,
Nədənsə gəlməyir əzrail elçim,
Bir səndin mənimçün başqa da heç kim
Səntək çəkə bilmir qeydimi oğul.
Bir balan qalıbdır Fərid adında,
Qızıma çevrilən gəlin qadın da,
Onlardan alıram ətrin, dadın da,
Neyləyim bu neynim-neynimi oğul.
A mənim torpağa sevdalı balam,
Əyilməz vüqarım, keçilməz qalam,
Durduğun məqama verirəm salam,
Sən saxla, gələcəm yerimi oğul.
07.04.2025
GƏLMİŞƏM Kİ...
Cənnət qoxulu şəhidimiz Zamin Məmmədovun
əziz xatirəsinə ehtiramla
Salam şəhid, ocağına gəlmişəm,
Gəlmişəm ki, müjdə verəm Zəfərdən.
Mən ruhunu hiss etmişdim, bilirsən?
Qarabağda, o möhtəşəm səfərdən.
Gəlmişəm ki, deyəm sənə azaddır,
Yollarında can qoyduğun Vətənin.
Səmasına keşik çəkir ruhun da,
Düşsə belə torpaq altda bədənin.
Gəlmişəm ki, deyəm sənə orada
Müqəddəs bir daş, torpaqda bitmisən.
Zamin, qardaş xoş halına deyimmi?
Sən Tanrının məqamına yetmisən!
Rahat uyu can şəhidim hüzurla,
Sayənizdə başı uca gəzirik.
Yoxluğunuz dağlasa da sinələr,
Yenə Vətən, Vətən deyib dözürük.
03.10.2025
SALAM, OĞUL
~ Şəhid anasının oğluna müraciəti ~
Salam oğul, anan qurban boyuna,
Məzarına dizin-dizin gəlmişəm.
Necə gözəl bəzənibdir mənzilin -
Bura düşdü yolun, izin, gəlmişəm.
Torpaq üçün torpaq altda qalanım,
Gendə qalma, dur qarşıla ananı.
Öpüb qoxla, saçlarımı sığalla -
Odsuz, közsüz həsrətindən yananı.
Əvvəlkitək sarıl mənim boynuma,
Qalx, nə olar, elə bilim yuxudur.
Toy etmədim qol götürüb oynayam -
İndi məni sənin dərdin oxudur.
Dur, ay oğul, qapını aç üzümə,
Dar evində qonaq eylə sən məni.
Əvvəlkitək laylay deyim mən sənə -
Sən də dinlə şirin-şirin nəğməni.
01.07.2023
YURD ƏTİRLİ EMİNİM
İkinci Qarabağ müharibəsi şəhidi
Sadiqov Emin Rəşadət oğlunun anası
Gülşad xanımın dilindən
Gözlərim yollarının tozun yuyur hər səhər,
Hardasan əziz, balam, qolum, qanadım oğul.
Yatsam da gecələri, göz yaşımla bir təhər,
Özümü hər yuxuyçun hər gün qınadım, oğul.
Gündüzlər rahatlığım, gecə hüzurum qaçıb,
Mənim həyat adında yaşamaq eşqim itib.
Bilirəm cənnət sənə qapılarını açıb,
Ayrılığın tikantək köksüm üstündə bitib.
Ağzımın dadı qaçıb, hər şey acı, zəhrimar,
Sən gedəndən udduğum hava da haram olub.
Sənin bahar ömrünə qəfil yağdı soyuq qar,
Şaxta vuran ürəyim ən böyük yaram olub.
Vətən sevdalı balam, yurd ətirli Eminim,
İndi sənin ətrini bu torpaqdan alıram.
Ruhunun başım üstdə uçduğundan əminəm,
Xatirəmin yolunu səmalardan salıram.
Səni yola salaraq dayandığım o yerdən,
Baş əyirəm göylərə ucaltdığın bayrağa.
Alqış olsun sayəndə əsir torpaqlarımda
İllər sonra yaranan gül, çiçəkli növrağa.
14.07.2025
ÇIX GƏL HƏDİYYƏ EYLƏ
II Qarabağ müharibəsi şəhidi Mirtalib Ağazadənin
əziz xatirəsinə ehtiramla. Həyat Yoldaşının dilindən.
Hardasan ay igidim çıx gəl toy günümüzdür,
Çıx gəl, hədiyyə eylə mənə özün özünü.
Ölümünə darıxıb səni sevən bu qadın,
Çıx gəl, bir də eşidim söhbətini, sözünü.
Çıx gəl, meydan sulayan dərdin utanıb getsin,
Çıx gəl buz kəsən əlim qoy əllərinə yetsin,
Çıx gəl, sənə bu həsrət bir cüt göz bayram etsin,
Baxışım üsyan edir görmək üçün gözünü.
Vətənə aşıq olan soluna qurban olum,
Düşmənə zərbə vuran qoluna qurban olum,
Yolun o taydan düşüb yoluna qurban olum,
Evlə evin arası yağır etdim izini.
Üstümə hücum çəkir gəzdiyimiz küçələr,
Mirtaliblə bu qızı gözləyirlər keçələr,
Yuxu getmir nə etsəm gözlərimə gecələr
Başım yastığa gəlmir, hey gözləyir dizini.
Uca dağlar başında həsrət çəkdiyim qarım,
Məhəbbətin bağından ilk sevdam, son nübarım,
Ayaqlarının altda yer eylə mənə yarım,
O günü gözləyirəm əgər desəm düzünü.
22.02.2025
MƏNİ BU ARZUMA YETIR,
AY BAHAR!
Sənlə yaşıllaşan bağ eşqindəyəm,
Zirvəsi qar tutan dağ eşqindəyəm,
Xalqıma ən gözəl çağ eşqindəyəm,
Məni bu arzuma yetir, ay bahar!
Parlasın səmada Günəşim mənim,
Əlvan çiçək açsın çölüm, çəmənim,
Süfrəmi bəzəsin yaşıl səmənim,
Məni bu arzuma yetir, ay bahar!
Çatılsın tonqallar, yansın ocaqlar,
Ruziylə qoy dolsun bütün bucaqlar,
Sevgiyə açılsın isti qucaqlar,
Məni bu arzuma yetir, ay bahar!
Qalsın ötən ildə bütün dərd kədər,
Getməsin ömrümüz boşuna, hədər,
İstəklər çin olsun, varsa nə qədər,
Məni bu arzuma yetir, ay bahar!
BƏNÖVŞƏ
Yazdanmı küsmüsən, payızda açıb,
Salmısan özünü dilə, bənövşə.
Bu yorğun könlümü şad eyləmisən,
Dilə nə istərsən, dilə, bənövşə.
Bəlkə ilk bahara naz eyləyirsən,
Payızı döndərib yaz eyləyirsən,
Elə, nə eyləsən az eyləyirsən,
Nə etsən, xoş gələr ilə, bənövşə.
Bəs niyə vədəsiz açmısan, gülüm,
Dostdan, tanışdanmı qaçmısan, gülüm..,
Ətrafa gözəllik saçmısan, gülüm,
İyini aləmə çilə bənövşə.
Qorxmadınmı payız bir tələ qurar,
Səni çən bürüyər, boran, qar vurar,
Yağışı, leysanı qəsdinə durar,
Batırar üzünü lilə bənövşə.
A LALƏ
Günəşmi veribdir üzünə rəngi,
Yox bu gözəlliyin təni,a lalə?
Bağrının başına kim dağ çəkibdir,
Dağların ən gözəl bəni, a lalə.
A dağlar gözəli, a gözü qara,
De durum, mən indi baş alım hara,
Əlim də yetişmir o nazlı yara,
Dərim, tər götürüm səni, a lalə.
A ömrü qisadan qısa olanım,
A teli həsrətdən vaxtsız solanım,
İzin ver qadanı, bəlanı alım,
Sovursun, qoy rüzgar məni, a lalə.
Düz bir il üzünə həsrət qalacam,
Səni sənsiz belə, yada salacam,
Mən sənin ətrini nədən alacam?
Arxada burax gəl, çəni, a lalə.
BİR VƏTƏN VAR,
AZƏRBAYCAN ADINDA
Bir vətən var, Azərbaycan adında,
Şöhrətinə tarix özü şahiddir.
Hər həmlədə dəmir yumruq altında,
Kor qoyulmuş düşmən gözü şahiddir.
Bir vətən var, Azərbaycan adında,
Əsrlərin sınağına tab gələn.
Qadınları, kişiləri ərdir, ər,
Yaradandan yurd, yuvava bab gələn.
Bir vətən var, Azərbaycan adında,
Havasına, çörəyinə doyulmaz.
Torpağının hər qarışı candır, can,
Ət-dırnaqdır insanından soyulmaz.
Bir vətən var, Azərbaycan adında,
İgidləri dastan yazıb, ad qoyub.
Zəfər çalıb, bayrağını ucaldıb,
Düşmənlərə dağ çəkdirib, od qoyub.
Bir vətən var, Azərbaycan adında,
Tövrat, İncil, Quran ona dayaqdır.
Nə basılmaz, nə tapdanmaz heç zaman,
Bir yenilməz ordu var ki, oyaqdır.
NAXÇIVAN
Tarixi qədimdir, yaşı uludur,
Atdığı hər addım haqqın yoludur,
Azərbaycanımın vuran qoludur,
Canımdan bir parça candır Naxçıvan!
Qorxmaz övladları igiddir, nərdir,
Düşmənlə döyüşdə yenilməz ərdir,
Ağır sınaqlara çox sinə gərdi,
Xalqıma şöhrətdir, şandır Naxçıvan!
Ey dünya, yurdumun rənginə boyan,
Qalmayıb cahanda adını duyan,
Oyan ey kar qalmış cahil qalx, oyan,
Eşit gör necə bir sandır Naxçıvan!
O odlar yurdunun öz balasıdır,
Basılmaz, keçilməz bir qalasıdır,
Ruhum ancaq ondan can alasıdır,
Damarımdan axan qandır Naxçıvan!
Anadır, bizlərə o qucaq açan,
Alar ağuşuna istəsək haçan,
Sabaha bu gündən şəfəqlər saçan,
Parlaq Günəş doğan dandır Naxçıvan!
ORDA BİR EV
Orda bir ev məlul-müşkül dayanıb,
Gözü yolda, darıxıbdır mənimçün.
Çaydanının kəfi cadar atıbdır,
Çayniki də darıxıbdır dəmimçün.
Toz basıbdır pəncərəsin o qədər,
Bağ bağçası görünməyir bayırda.
Yolağası ayaq görmür nə vaxtdır,
Az qalır ki, evə girsin çayır da.
Dəyişilib boyasının rəngi də,
Küf bağlayıb divarları, tavanı.
Açılmayıb nə zamandan qapısı,
Unudubdur çoxdan təmiz havanı.
Bir vədələr külfət dolu bu evin,
Qulaqları indi batır sükutdan.
Ölən ölüb, qalanları köç edib,
Rəsmlərdir qalan tozlu vur-tutdan.
İndi evin sakinləri hörümçək,
Bəzəyisə toxuduğu tor olub.
Odu sönüb ocağında qalansa,
Xəfif mehə dingildəyən qor olub.
Durum gedim könlün alım bu evin,
Ruhu boğan havasını götürüm.
Nə qalıbsa, bundan sonra ömrümün,
Son günədək bucağında ötürüm.
ÖLƏRƏM SƏNƏ GÖRƏYeri gəlsə qorxmadan,
Ölərəm sənə görə.
Gəmim batsa yenə də,
Gülərəm sənə görə.
Həyat bitsin də neynim,
Qəti pozulmaz eynim.
Yaşamaq çəksə meylim,
Dilərəm sənə görə.
Çal edərəm başımı,
Kipriyimi, qaşımı.
Axan bu göz yaşımı,
Silərəm sənə görə.
Görsəm ki, üzün solub,
Qara buludtək dolub,
Astaca yağış olub,
Çilərəm sənə görə.
Bəxt yolunda getməsə,
Əlim sənə yetməsə,
Ömür vəfa etməsə,
Bilərəm sənə görə.
DAĞLAR, SƏNDƏ
CAVANLIĞIM QALIBDIR
Xatirəm var yamacında yalında,
Dağlar, səndə cavanlığım qalıbdır.
Təndir çörək, yağlı qoyun pendiri,
Ləzzəti bol yavanlığım qalıbdır.
Otlağında hey sürüşə-sürüşə,
Qoyun-quzu aparırdım örüşə,
Kaş bu günüm dünənimlə görüşə,
Dərdin məni intizara salıbdır.
Sökülmədən dan o başdan, hər səhər,
Toplayardım kəklik otu, qantəpər,
Onda vardı bədənimdə can, təpər,
Qocalığım ömrümdən bac alıbdır.
Zaman gələ ayrılığı bitirə,
Qandalımı açıb əlim ötürə,
Ayaqlarım məni sənə götürə,
Xəyallarım həsrətinə dalıbdır.
ALLAH
Hansı günahımın cəzadır ki,
Çəkirsən bir belə sınağa, Allah.
Güya ki, savabım çoxuymuş, amma,
Bəs niyə gəlirəm, qınağa, Allah?
Düz olan yolları əyri getmədim,
Ya pinə, ya tənə, ya lağ etmədim,
Həddimi gözlədim heç ağ etmədim,
Sədamsa xoş gəlmir qırağa, Allah.
Ürək bulandırıb, könül qırmadım,
Bədbəxtlik üstündən yuva qurmadım,
Həddim deyil deyə səndən sormadım,
Nəzərindən saldın irağa, Allah.
Dəyirman daşına güclü pəridim,
Dilbilməz yolunda belə qəridim,
Özümü şam etdim, yandım əridim,
Döndüm odu sönmüş çırağa, Allah.
Bir ömür yaşadım nə çox, nə də az,
Gileyli deyiləm, deyiləm sözbaz ,
İstərsən rəhm etmə, al qələmi yaz,
Əməl dəftərimdə varağa, Allah.
ANA DİLİM
Mən bu dildə göz açmışam bu dünyaya,
Məhz bu dildən ilham alır mənim səsim.
Mənim üçün ən alidir ana dilim,
Üzərində titrəyirəm əsim-əsim.
Bu dildəcə öyüd verib atam mənə,
Canım, gözüm qurban olsun dilim, sənə!
Ötüşsə də neçə aylar, neçə sənə,
Sən ol yetər ana dilim, mənim bəsim.!
Əcdadlarım tariximi sənlə yazdı,
Şərəfinə nə yazılsa, yenə azdı,
Hər bir sözün bir musiqi, xoş avazdır.
Sənlə laylay deyib anam, doğma kəsim.
ANA
Bilmirəm k,i nə yazım, necə vəsf eləyim ki,
Ana, sənin adına azacıq layiq olsun.
Necə möcüzə edim, hansı sirri tapım ki,
Nə bənizin saralsın, nə də ki, çöhrən solsun.
Necə edim ömrümdən ömrünə gün calayım,
Gücdən düşmüş dizinə necə güc olum, ana?
Titrəyən əllərinə, nurdan düşmüş gözünə,
Qırış basmış üzünə qurbandır solum, ana.
Yolumda agartdığın saçlarının qarasın,
Necə qaytarım geri cavanlığın darasın.
O iti yaddaşının zəif düşmüş halına,
Necə çarə edim bəs, bu zehninə yarasın.
A mənim yer üzündə qoruyucu mələyim,
Kaş elə qüvvəm ola səni qoruya biləm.
Zərif çiyinlərinin ağır yükünü alıb,
Baxışından tökülən dərdi, kədəri siləm...
ATAM
Göydə Yaradanımdır, yerdə sənsən and yerim,
Şax dayanan qamətim, önə əyilməz sərim,
Qızına oğuldan çox qiymət verən pərvərim,
Sirrimə sirdaş atam, bizlərə qardaş atam.
Fani dünya malına gözü-könlü tox adam,
Səndən ibrət almalı bu aləmdə çox adam,
Halala düşgün olan, haram yerdə yox adam,
Yarına sədaqətli, dost atam, yoldaş atam.
Zirvəsi qarlı olan əzəmətli dağımsan,
Tayın-bərabərin yox, mənim cənnət bağımsan,
Sənlə gözəldir yaşam, həyat dolu çağımsan,
Daim sənə möhtacam,yüzə çatsa yaş atam.
Sığındığım istehkam, fəth edilməz qalasan,
Ətəyində savabdır çöküb namaz qılasan,
Sənsiz pöhrələnmərik yad budağa calasan,
Biz səndə kök atmışıq torpaq atam, daş atam,
Dünyanın özündən də uca atam, baş atam...
BUNDAN SONRA HƏSRƏTİN
ÖZÜ DƏ SƏN QOXACAQ.
Bundan sonra fərq etməz mənə gündüzlə, gecə,
Günəş hayandan doğub, ya batacaqdır necə.
Dağlamısan köksümü, bunu bilirəm bircə,
Bundan sonra həsrətin özü də sən qoxacaq.
Necə ki, çəkib getdin gözümdən ilim-ilim,
Səbəbini məsləhət görmədin belə bilim,
Ağzımda qovrulacaq, kül olacaqdır dilim,
Cümləmin hər kəlməsi, sözü də sən qoxacaq.
Gözünü də qırpmadan eşq girdabına atdın,
Əhsən sənə başımı özümə yaman qatdın,
Sinəmdə tonqal qurub yaxşı bir ocaq çatdın,
Bundan sonra o odun közü də sən qoxacaq.
BİZ ADLI BİR SEVDANIN
ÜNVANINA ÇATMADIM
Sənə gələn yolların dolanbacında itdim,
Həsrət adlı dən düşdü əvəzinə mən bitdim,
Hansı səmtə yönəldim, hansı tərəfə getdim,
Biz adlı bir sevdanın ünvanına çatmadım.
Ağlımın bir küncünə adın şərtsiz yazıldı,
Bu əlçatmaz sevdamsa dəliliyə yozuldu,
Nigaran qaldım səndən, rahatlığım pozuldu,
Yuxu üçün bayıldım, amma, gecə yatmadım.
Göz önündə xəyalın tez-tez dolandı, durdu,
Meydanda at oynadan qəlbim şıdırğı vurdu,
Zaman öz saatının milin keçmişə qurdu,
Keçdi deyib bir anın yaddaşımdan atmadım.
İLAHİ
Sənin rəhmətindən xəlq olmuşam mən,
Üstü açılmayan sirdən, İlahi.
Qanadı çıxmamış mələk kimiydim,
Zərrə seçilmirdim dürdən, İlahi.
Bir qətrə su idim, insan yaratdın,
Ali yaranışın dibinə çatdın,
Bu yer kürəsinə bir toxum atdın,
Cücərdib etmisən bir dən, İlahi.
Qəbahət nə vardı, onu elədim,
Ən əvvəl özümə yaxşı dilədim,
Dilimlə ətrafa zəhər cilədim,
Sonra mədət umdum pirdən, İlahi.
Mənə insanlığı vermisən hədər,
Çünki bəxş edirəm ətrafa kədər,
Həya eyləmirəm heç zərrə qədər,
Gözümün içində tirdən, İlahi.
Cənnətin bağından alma da yedim,
Özümə dünyanın şahı da dedim,
Qıyma hüzuruna günahla gedim,
Arındır, nə olar kirdən, İlahi.
Olmadım qoyduğun yolunla gedən,
Səni danaramsa tökülər didəm,
Mən günah işləyən, sənsə əhv edən,
Salma nəzərindən, birdən, İlahi.
turan.info.az
SƏHİD ADIN
Bu yazın da gəlişi ağır oldu nəisə,
Yenə neçə ocağın oduna qan töküldü.
Neçə-neçə ananın gözləri yaşlı qaldı,
Neçə-neçə atanın beli tamam büküldü.
Yenə doğma torpağa mənfur düşmən təpildi,
İyrənc caynaqlarını vətənimə atmağa.
Güllələr oğulların sinəsinə səpildi,
Amma, aman vermədi düşmən kama çatmağa.
Döyünən ürəyimsiz, düşmənə vuran qolum,
Mayası Koroğludan ərən yoğrulanlarım.
Şəhid adlı ən ali namına qurban olum,
Anaların bətnindən aslan doğulanlarım.
PƏRT DÜŞƏRSƏN
At oynatma bəni adəm, bir gün gələr,
Çapdığın o boz at sənə qənim olar.
Atar səni yəhərindən kaf keçərsən,
Ağrısından başın dönər, rəngin solar.
Güvəndiyin dağlarına qar ələnər,
İnam adlı bağ-baxçanı ayaz vurar.
Ümidinin ortasında çat yaranar,
Ağrısına tab gətirməz, ürək durar.
Tale sənə kələk gələr, oyun oynar,
Adını da unudarsan, pərt düşərsən,
Səd hörülər dərdlərindən qala kimi,
Keçəmməzsən, ilişərsən sərt düşərsən.
Yazın gəlməz, qışın yenə davam edər,
Həsrət qalar çəmanzarə bülbüllərin.
Ürəyində toxum səpib cücərtdiyin,
Nə boy atar, nə bar verər sünbüllərin.
QAZANARDIN BİR ÖMÜRLÜK SAVABI
Həsrətindən əriyirəm şam kimi,
Gücüm çatmır bircə addım getməyə.
Bu nə sirdir heç özüm də bilmirəm,
Taqətim yox durub nəsə etməyə.
Pardaxlanıb ürəyimin telləri,
Hər yerindən qara qanlar süzülür.
Ərkim çatır tək gözümün yaşına,
Mirvari tək yanağıma düzülür.
Nə olardı görərdin sən içimi,
Görərdin ki, necə tüğyan eyləyir.
İnan səni qınamıram ay adam,
Bir sevməyən, bir sevəni neyləyir.
Sınağımda ağır olan suala,
Sən bəxtimin kəsir düşən cavabı.
Nə olardı zamanında gələrdin,
Qazanardın bir ömürlük savabı.
SƏNİN
Yenə nə olub belə, dəliliyin tutubdur,
Elə bil ki, gəmini nəhəng dərya udubdur,
Gileylənib bəxtinə deyirsən ki, vurubdur
Qəlbinə yara sənin.
Harda itirdin belə yolağanı, yönünü,
Sanki gözün kor olub, heç görmürsən önünü,
İnanmazdım heç zaman, bu yoxluğum gününü,
Edərmiş qara sənin.
Peşman olma yazıya, demə səni itirdim,
Nə olsun k,i ömrümü belə qısa bitirdim,
Bu yorğun ürəyimin parasını götürdüm,
O qalan para sənin.
Yaşamağa davam et, addımlama yerində,
Qarşına biri çıxır, əlbət, günün birində,
Olar, bəlkə, tapılar onun şirin dilində
Dərdinə çara sənin.
VERSİN O DÖZÜM
Həsrətəm gül üzünə, gəl ki, gülüm, gülsün üzüm,
Boynuna çox yaraşar qoy elə mirvari düzüm,
Qorxuram agah ola, el də mənə töhmət edə,
Aşikar eyləməyim qoy elə xəlvətdə süzüm.
Yaradan öylə gözəl xəlq eləmişdir ki səni,
Kor olaydı nə edim kaş sənə baxmazdı gözüm.
Səni görcək qarışır külli ilə əhvalım,
Kəsilib nitqimə düşmən daha yoxdur ki, sözüm.
Rəbbimin dərgahına əl açaraq yalvarıram,
Ya məni nist eləsin, ya da ki, versin o dözüm.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.









