SÜRƏYYA KAMAL QIZI: "MƏNİM QİSMƏTİM"

SÜRƏYYA KAMAL QIZI: "MƏNİM QİSMƏTİM" TƏBRİK EDİRİK!..

Bu günlərdə Balakən rayonun Katex kəndində yaşayıb-yaradan şairə Surəyya Kamal qızının "ŞÜKÜR BU GÜNƏ" adlı ilk şeirlər kitabı "Borçalı" nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.


Kitabın naşiri: “TURAN” İnformasiya Mərkəzinin – Turan.info.az saytının baş redaktoru, Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü MÜŞFİQ BORÇALI, Redaktoru və ön sözün müəllifi: “TURAN” İnformasiya Mərkəzinin – Turan.info.az saytının redaktoru, ADPU-nun dosenti, Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü MƏLAHƏT BABAYEVAdır.

Bütün redaksiya heyətimiz adından Surəyya xanımı ilk kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..

FİRƏNGİZ İBADOVA,
"Borçalı" nəşriyyatının redaktoru,
Turan.İnfo.Az saytının şöbə müdiri


ZiM.Az



ANA

Sən gözümün nuru, baçımın tacı,
Döyünən ürəyim canımsan anam.
Min bir əziyyətlə bizi böyüdən,
Damarımda axan qanımsan anam.

Mənəöz canından xan verən anam,
Mənə öz qanından qan verən anam,
Məni bu həyata bəxş edən anam,
O əziz canına qurban olaram.

Yuxusuz gecələr xəyala salmısan,
Sübhəcən sən mənə laylay çalmısan,
Gündə neçə dəfə qadam almısan,
Qadanı alaram sənin can Ana.

Bizi öz südüylə baxıb, bəsləyən,
Tanrının qisməti, çiçəyim deyən,
Min bir əziyyəti qatlayıb, çəkən,
Zəhmətkeş canına qurbanam Ana.

Sən mənim şərəfim-şöhrətim Ana,
Sən mənim əvəzsiz dövlətim Ana,
O nurlu üzünə, ağ birçəyinə,
O əziz canına qurbanam Ana.

Adın müqəddəsdir, həm də ki, özün,
Bal kimi şirindir, sənin hər sözün
Sən mənim gözümdə ay əziz Ana,
Dünya bir yanadır, sən də bir yana.

Sən mənim pənahım, sultanım, canım,
Sən mənim nur üzlüm, həm asimanım,
Məzlum baxışına, ağ tellərinə,
Sənə qurban olsun Azerbaycanım.


ATA

Sən gözümün nuru, başımın tacı,
Ay mənim gülər üz, mehriban atam.
Həyatın olmuşdur şirin, həm acı,
Ay mənim əzizim, şirin dil atam

On üç uşaq baxıb kama yetirdin,
Oğul evləndirib, qızlar köçürdün.
Neçə-neçə nəvə toyları gördün,
Toylar yaraşığı ay əziz atam.

Səksən üç yaşında həyatdan köçdün,
Bizim çiynimizə duz yükün tökdün.
Xəstə anamızın belini bükdün,
Ay mənim zəhmətkeş əzizim atam.

Gedirsən yolların daim uğurlu,
Yerin cənnət olsun, məzarın nurlu.
Anamız olmayır sənsiz qürurlu,
Qızın sənə qurban, ay əziz atam.

Adını çəkəndə dözə bilmirəm,
Gözümü yaş tutur yaza bilmirəm,
Daha səni heç vaxt görə bilmirəm,
Haqqını halal et, ay əziz atam.


MƏNİM QİSMƏTİM

Çox şükür Xudaya, şükür Allaha,
Açılan sabaha, hər gələn aya,
Min dəfə razıyam verdiyin paya,
Etdiyim dualar gəlməyir saya,
Bu mənim taleyim, mənim qismətim.

Sənin yazdığını, kim yaza bilər,
Sənin yazdığını, kim poza bilər.
Sən izin verməsən gözəl həyatda,
Kim danışa bilər, kim gəzə bilər.
Bu mənim taleyim, mənim qismətim.

Neçə il olmuşam illər xəstəsi,
İndi də olmuşam şeir bəstəsi.
Şükür Kərəminə, şükür ay Allah,
Ürəkdən deyirəm sözləri Vallah,
Bu mənim taleyim, mənim qismətim.

Oturan yerimdə boş dayanmıram,
Quran oxuyuram, zikir çalıram.
Hərdən darıxıram, hərdən daşıram,
Hərdən tövbə edib, şeir qoşuram,
Bu mənim taleyim, mənim qismətim.


BALAKƏN

Ay insanlar gəlin sizə söyləyim,
Açılıb hər yanda gülün Balakən.
Hər yana baxıram çil-çiraqban,
Şad olub sevinir elin Balakən.

Səadət gətirib bir köhlən ata,
Bütün planların tez gəlib çata.
Qoymarıq tənbəllər bir az da yata,
Arzuna çatasan gözəl Balakən.

Bu şəhərdə gözəl parklar salmışıq,
Hər bir havanıda sazda çalmışıq.
Düşmənlərdən əcəb qisas almışıq,
Zəhmətin böyükdür doğma Balakən.

Qoynunda canlanır hər zaman bahar,
Sənsən əzəmətli gözəl bir diyar.
Səninlə fəxr edib oldum bəxtiyar,
Mənim doğma yurdum, gözəl Balakən.

Sənin bilinməyir ad günün, yaşın,
Hər yerdə üzün ağ, ucadır başın,
Sənin bilinməyir bacın, qardaşın,
İgidlər oylağı, gözəl Balakən.


* * *

Balakənim sinəm dolu sözüm var,
Sevincinə alışmağa dözüm var.
Ürəyimdə sözlərimdən düzüm var,
Yazılmamış qarışına Balakən.

Qarışaram güllərinin ətrinə ,
Söz yazaram bülbüllərin xətrinə,
Qoşularam misraların sətrinə,
Şirin sulu, bol ruzulu Balakən.

Gündə bir yol söz yazaram adına,
Əlil qızın salar səni yadına.
Gücüm yetməz, qələm yetər dadına,
Nur çiləyən, doğma yurdum Balakən.

Xatirələr ürəyimdə danışır,
Hara baxsam, baxışlarım qarışır.
Fikirləşdim, şeir yazım, yaraşır,
Göy yamaclı, yaşıl düzlü Balakən.

Sənin bilinməyir ad günün, yaşın,
Hər zaman üzün ağ, ucadır başın.
Bilinməyir sənin Bacın, qardaşın,
İgidlər oylağı, gözəl Balakən,
Mənim ana yurdum, əziz Balakən.


KATEX KƏNDİM

Mən sənin qoynunda bil doğulmuşam,
Sənin çörəyinlə, sənin suyunla.
Böyüyüb, boy atıb, yaşa dolmuşam,
Mənim Katex kəndim, doğma vətənim.

Necə də gözəldir sıra dağların,
Bol sulu çayların, göy yaylaqların.
Min bir vitaminli meyvə bağların,
Mənim gözəl kəndim, doğma vətənim.

Sənin kəhrizlərin dərindir, dərin,
Suyu həm şirindir, həm də ki, sərin
Yeni sərvətindir bu qaz kəmərin,
Mənim Katex kəndim, doğma vətənim.

Tən ortadan keçir bu Bakı-Ceyhan,
Xalqa xidmət edir, Sahil, həm Fantan.
Sənə yaraşıqdır, Katex restoran,
Mənim gözəl kəndim, doğma vətənim.

Nihat şadlıq evi toylar məkanı,
Gənclərin sevinci, arzusu-kamı,
Səninlə fəxr edir, sevinir hamı,
Mənim Katex kəndim, doğma vətənim.

Genişdir çöllərin, yamyaşıl meşən,
Sübh tezdən açılan o tər bənövşən,
Qızıl gül, qərənfil, bir də ki, lalən,
Bu gözəl cahanda sən də bir gülsən.

Başını uca tut ölməzlərin var,
Neçə şəhidlərin, İgidlərin var,
Mahirin, Şahinin, Mübarizin var,
Mənim Katex kəndim, doğma vətənim

Səni fikirləşib, xəyala dalaram,
Mən gələ bilməsəm hərdən ağlaram,
Sənə zərəl gəlsə qara bağlaram,
Mənim gözəl kəndim, doğma vətənim.

Mən kiməm; Deyim mən kiməm?
Sənin doğma balan, mən Sürəyyayəm.
Mənim söz yazmağa haqqım yox bəyəm?
Mənim Katex kəndim, əziz vətənim.


* * *

Mən də öz qızınam ay Katex kəndim,
Sənin qoynunda şeir, sənətim.
Başımı tutmuşam bir günəş kimi,
Var olsun qələmim, eşqim, qüvvətim.

Hər təmiz ürəyin ötən səsiyəm,
Bu bağın, bağçanın ilk qönçəsiyəm.
Gözəl vətənimin, gözəl kəndimin,
Şeir sənətinin ilk nəfəsiyəm.

Bu ömür karvanım gedir bir başa,
Dəydi mənim başım daşdan da daşa .
Yaşamaq gözəldi bu kainatda,
Xəyalım günəşlə durur baş-başa.

Bu bağlar, bağçalar, ellər mənimdi,
Bura mənim yurdum, öz vətənimdi.
Doğms oylağımdı, bu daş, bu torpaq.
Mənim qəlbim istər güllü bir budaq.

Qəlbim hər çiçəyə istər yar olsun,
Bir bahar içində min bir bar olsun.
Mənimdə adıma bircə nəğmə var,
Eşqim, sədaqətim, haqqım var olsun,
Bu şeirim sizlərə ərməğan olsun.


MƏN

Ay insanlar, nələr gördüm dünyada,
Əzəl gündən oldum bəxti qara mən.
Qət etdim İranı, cümlə-cahanı,
Tapmadım dünyada bir dəvanı mən.

Gecə-gündüz işim ahu-zar oldu,
Gen dünyada canım mənə dar oldu.
Üzün dönsün sənin bivəfa dünya,
Çətin gündə İran mənə yar oldu.

Leyli təki atəş mənim, od mənim,
Miskin qəlbim heç demədi şad mənəm.
Özgəsinin şad günündə şad mənəm,
Başım alıb getdim o diyara mən.

Sürəyyayəm, öz canımdan bezaram,
Dizim üstə ağ kağıza yazaram.
Mələklər tək hər diyarı gəzərəm,
İstəyirəm hər arzuma çatam mən.


FANİ DÜNYA

Deyirəm gözəlin gözləri sənsən,
Deyirəm aşiqin sözləri sənsən,
Cavanın, qocanın məkanı sənsən,
Ay vəfasız dünya, ay fani dünya.

Mən sənin ortandan keçib gəlirəm,
Dünyanı əynimə biçib gəlirəm,
Sənin şərbətini içib gəlirəm,
Ay vəfasız dünya, ay fani dünya.

Ağlaya-ağlaya gəldim dünyaya,
Çox əzablar çəkdim, gəlməyir saya,
Ax bura belədi, ay fani dünya,
Ay vəfasız dünya, ay fani dünya.

Gedən də ağlaya-ağlaya gedər,
Getmək istəsədə aparan gedər,
Biri gələr, birisidə tərk edər,
Ay vəfasız dünya, ay fani dünya.

Bu fani dünyanın günahı çoxdur,
Qılıncı, qalxanı heç biri yoxdur,
Mənim ürəyimə Allah bir oxdur,
Ay vəfasız dünya, ay fani dünya.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: