ŞAKİR MAHMUDLU (1955)

ŞAKİR MAHMUDLU (1955) Şakir Mahmudlu - 1955-ci ildə Masallı rayonunda anadan olub. Ali təhsillidir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU-nu) bitirib. Dil-ədəbiyyat müəllimidir.
"Mahmudlu” və “Mahmudabad" salnamələrinin, "İtirilmiş kənd" və "Dərs" adlı tarixi romanların müəllifidir.



TÜRKƏM DEMƏKDƏN QORXMA

Qorxma qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!

Türkün türkdən savayı,
Dostu yox, qardaşı yox.
Hayqır dünyaya, hayqır,
Haqlı olduğunu de.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!

Oğuz sənin öz elin,
Osmanlılar qardaşın.
Özbək, Tata həmdilin ,
Türkmən, Qazax soydaşın.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!

Atilla vuran əlin,
Babək başında tacını.
Teymur düşünən başın,
Həmdə ki, xəcalətin.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!

Kimliyin Çanaqqala,
Fəlakətin Xocalı.
Yatmadın gecə-gündüz,
Yorğanın atın yalın.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən qorxma!

Dövranın çarxında sən,
Fırlandın, ha fırlandın.
Parçalandın, bölündün,
İtmədin, yox olmadın.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!

Göytürkdür bir dövlətin,
Turan elin, ulusun.
Sən haqdan doğulubsan,
Ucal, ucalsın səsin.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!

Bir yanın fars doğrayır,
Bir yanını rus kəsir.
Qayıt, özünə qayıt,
Araz mələyib keçir.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!

Ay -ulduzlu bayraqlar,
Göylərdə dalğalansın.
Turan olsun adımız,
Turan ellər var olsun.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!

Şükr etməkçün doğuldum,
Şakir qoydular adım.
Şükr et sən də Allaha,
Arxalan sən də haqqa.
Qorxma, qardaşım, qorxma!
Türkəm deməkdən, qorxma!
1991-ci il


GİLEYLİYƏM GECƏLƏRDƏN

Qalıb tənha, qalıb yalqız,
Gileyliyəm gecələrdən.
Gecə uzun, gecə sonsuz,
Gileyliyəm gecələrdən.

Yuxum çəkilibdi ərşə,
Məəttələm bu gərdişə.
Düşüb sevda adlı işə,
Gileyliyəm gecələrdən.

Gecə ələm, gecə dərdi,
Əllərimdən axdı getdi.
Ömrüm-günüm belə bitdi,
Gileyliyəm gecələrdən.

Ağrımazdı dərdsiz başım,
Sızıldayır gözüm-qaşım.
Yəqin səbəb buna yaşım,
Gileyliyəm gecələrdən.

Həsrət, hicran yağışdı,
Ağrı-acı axışdı.
Nakam bir eşq qarğışıdı,
Gileyliyəm gecələrdən.
2000-ci il


YATA-YATA

Yaşayırıq günləri də,
Ayları da sata-sata.
İlləri də hədər verdik,
Yata -yata, yata -yata.

İnsan oğlu çeviribdi,
Həyatını müəmmaya.
Mücərrədə, mürəkkəbə,
Günahlara bata-bata.

Verib fələyin qəniminə,
Yaxşını da, yamanı da.
Sovurmuşuq yaxşınıda,
Yamanala qata-qata.

Babalardan bizə qalan,
Milli olan nələr varsa.
Yadlaşırıq özümüzdən,
Torpaqları sata-sata .

Alıb bizi özümüzdən,
Laqeydlik, həm soyuqluq.
Nəyimiz var itirmişik,
Bir-birinə ata -ata

"Yanıq Kərəm oynadıq,
"Sarı gəlin"i paylaşdıq.
Öndə idik, geri qaldıq,
Avropaya çata-çata.
2000-ci il


İÇİMDƏN

Daşını, kəsəyini,
Öpmək gəlir içimdən.
Gülünü, çiçəyini,
Qucaq gəlir içimdən!

Pərvanə tək dolanıb,
Vətənimin başına.
Odunda, ocağında,
Yanmaq gəlir içimdən!

Mən can deyirəm sənə,
Azərbaycan səslənir.
Üzümü torpağına,
Sürmək gəlir içimdən!

Şakir qurbandır sənə,
Həyat, can verdin mənə.
Əlif tək, Mübariz tək,
Bayrağına bükülüb,
Ölmək gəlir içimdən!
Ölmək gəlir içimdən!
2022-ci il


DAHİ,YOXSA Kİ, DƏLİ

Dahiliklə dəlilik,
Qardaşdı bu həyatda.
Qalib olanlar dahi,
Məğlub olanlar dəli!

Papağını qarşına,
Qoyub da bir fikirləş.
Görən, indi sən kimsən,
Dahisən, yoxsa dəli?

Indi qoy tərəziyə,
Əməlini, işini.
Hansı ağır gələcək,
Dahi, yoxsa ki, dəli?

Ətrafına sal nəzər,
Gör, kimləri görürsən.
Bir-bir saf, cürük eylə,
Dahidi, yoxsa dəli?

Dəlinin bircə feli,
Əlindəki də beli
Indi gör ki, o da kim,
Dahidi, yoxsa dəli?

Dahini də gəl yoxla,
Gör mizana gələcək.
Gəlsə, səncə o kimdir,
Dahidi, yoxsa dəli?

Həyat belədir qardaş,
Bəzən dəyişik salır.
Dəli ağıllı olur,
Dahi də ki, lap dəli?
2024-cü il


İÇİMİ

Təbriz yükü, Urmi yükü ağırdır,
Əyib qədim, lal edibdi dilimi.
Xocalıdan danışma heç, söyləmə,
Sındırıbdı, bükülməyən belini.

Dərbənd görən gözüm idi, görürdüm,
Ərdəbildə sözdən məclis qururdun.
Mahmudabad arxam deyib dururdum,
Arxam yoxdur itirmişəm özümü.

Şuşanı, Ağdamı unutmaq olmur,
Sahibsiz qapını kimsələr çalmır.
Gedənlər getdilər, yerləri dolmur,
Bu dər acı çəkir, alır gücünü.

Borçalıda at oynadıb, gəzərdim,
Göyçə gölün birnəfəsə üzərdim.
Savalandan Vətənimi süzərdim ,
Kor olmuşam, görəmmirəm elimi .

Şeytan bazarının səsli çağları,
Zəngəzurun çölü, düzü, dağları.
Nüvədimin ərik dolu bağları,
Zəhər olub, zəhərləyir içimi.

Bilə-bilə bəsləmişik sinədə,
Qara qanqal, sarı qanqal tikanı,
Qara keşiş, Qara Məlik kimiləri,
Harınlaylb, didib, sökür içimi.

Vətəni Şakirin sözsüz bəstəsi,
Ağrı dağın, Savalanın xəstəsi.
Qarasu teşnəsi, Araz teşnəsi,
Dəli Kür də soyutnayır içimi.
1995-ci il


DÜNYA

Deilindən, işindən baş açammazsan,
Mücərəttdi, müəmmadır bu dünya.
Sirli bir qapıdır, sən anlamazsan,
Səhnə, tamaşadı, sirdi bu dünya.

Əlindən tutduğun əlini kəsir,
Qorxu bir küləkdir, şimaldan əsir.
Qərb bir bəladır ki, olmuşuq əsir,
Yaranışdan qovğa, bazardı dünya.

Hər korun oğlundan Koroğlu olmur,
Hər qılınc qurşanan igid, ər olmur.
Hər dünyaya gələn, tarixdə qalmır,
Namərdə, nakəsə "ər"bi bu dünya.

Biri gəl-gəl deyir, birisi qovur,
Hərrac bazarıdı, birisi soyur.
Biri cəllad olub gözünü oyur,
Ölçünü, mizanı itirib dünya.

Düyün vuran vurur, hər cür düyünlər,
Oyun quran qurur, min cür oyunlar.
Qurda ağa olub, indi qoyunlar,
Mərdin dərisini soyandı dünya.

Oxudur, oynadır salıb oyuna,
Yaxşı da, yaman da tərs minir ata.
Yaxşı kişiləri mindirib ata,
Götürüb aparır, belədir dünya.
2020-ci il


TEZ GETDİN

ATAM İBRAHİM SƏTTAR OĞLUNA

Atan ömrün verdi sənə, olmadı,
Bacıların getmə dedi, olmadı,
Gecə-gündüz dua etdik, olmadı,
Həyat səni yordu deyib; tez getdin!
Nə tələsik işin vardı, tez getdin?

Görülməmiş çox iş qaldı,görmədin,
Ev də tikdik, divarını görmədin.
Qaya bildik, arxamızda durmadın,
Yarı yolda qoydun bizi, tez getdin!
Nə tələsik işin vardı, tez getdin?

Sənlə nəfəs alıb, sənlə gülərdik,
Əvəzinə öl desəydin, ölərdik.
Hər sözünü bizlər qanun bilərdik,
Siz yaşayın deyə deyə, tez getdin!
Nə tələsik işin vardı, tez getdin?

Bizlər baba, nənə olduq, görmədin,
Nəvən oldu, sənsə onu bilmədin.
Nəticəni sən oynadıb, gülmədin,
Anan, atan çağırdı da, tez getdin!
Nə tələsik işin vardı, tez getdin?

Həm nəvən Ibrahim, həm də nəticən,
Sən yaşa dedik ki, bəlkə biləsən.
Şakir çox çağırdı, bəlkə gələsən,
Allahımı çağırdı da, tez getdin!
Nə tələsik işin vardı, tez getdin?
2024-cü il


SEVDALIYAM

İnsanların sədaqətli dostluğuna sevdalıyam,
İnsanların bir-biriylə ülfətinə sevdalıyam.

Muğanımın, həm Milimin, həm dağımın, həm aranımın,
Kömür gözlü, dəniz gözlü el qızına sevdalıyam.

Məcnunumun, Fərhadımın, Abbasımın dəli-dolu,
Leyli, Şirin, Gülgəz adlı sevdasına sevdalıyam.

Təbrizimin, Dərbəndimin, Urmiyamın, Ərdəbilin,
Gəncə adlı, Bakı adlı, yanğısına sevdalıyam.

Vətənimdə Qara suyun, Arazımın, həm də Kürün,
Teşnələrə həyat verən, irmağına sevdalıyam.

Göy gölümün həsrət dolu, hicran dolu,
Göyçə adlı, Urmi adlı, göz yaşına sevdalıyam.

Murovumun, Kəpəzimin, ağrı dolu, acı dolu,
Savalanlı, Ağrı dağlı həsrətinə sevdalıyam.

Vətənimin torpağını, həm daşını haqq bilmişəm,
Vətənimin mən tamına, bütövünə sevdalıyam.
1999-cu il

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: