
Solmaz Elqızının poeziyası varlıq və mənəviyyatın vəhdətini bədii dildə ifadə edən nadir nümunələrdəndir. O, insanı təbiətə, dilə, kitaba, elmə və Allaha bağlayır; beləliklə, zahir və batin, cismani və ruhi aləmlər arasında harmoniya yaradır. Onun yaradıcılığı bir həqiqəti xatırladır: İnsanın varlığı mənəviyyatla işıqlananda, poeziya həyatın özünə çevrilir.
Solmaz Ədhəm qızı Əfəndiyeva (Elqızı) - 16 mart 1964-cü ildə Qax rayonunun İlisu kəndində dünyaya gpz açıb. 1971-1981-ci illərdə həmin kənddəki Nizami Gəncəvi adına orta məktəbdə təhsil alıb. 1983-cü ildə Bakı Maliyyə-Kredit Texnikumunun (indiki İqtisad Kolleci) mühasibat uçotu fakultəsinə daxil olub, 1985-ci ildə oranı bitirdikdən sonra fasilələrlə müxtəlif vəzifələrdə çalışıb.
Solmaz xanım gənc yaşlarından həm də bədii yaradıcılıqla məşqul olur. O, ilk xeyir-duasını unudulmaz filosof şairimiz Bəxtiyar Vahabzadədən almış, böyük sözünə, ustad xeyir-duasına istinad edərək yaradıcılığını daha ürəklə, daha həvəslə davam etdirmişdir. 3 kitab müəllifidir. 2004-cü ildə "İlisudan gələn səslər", 2008-ci ildə "Ulu tanrıdandır bu şeir payım", 2019-cu ildə "Dünyaya gəlmişik sevilmək üçün" adlı kitabları işıq üzü görüb. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2008-ci ildə "Qafqaz Media" İctimai Birliyinin təsis etdiyi "Vicdanlı Qələm" diplomu ilə, 2009-cu ildə "Müasir Azərbaycan ədəbiyyatında qazandığı uğurlara görə" fəxri fərmanı ilə, 2011-ci ildə KİVHİ-nin təsis etdiyi "Qızıl Qələm" diplomu ilə, 2012-ci ildə "Cəsarətli Qələm" diplomu ilə, 2015-ci ildə Avrasiya Şairləri Antologiyasının "Katılım Belgesi" diplomu ilə təltif olunub. 2017-ci ildən Avrasiya Senet Küıtür Edebiyyat Federasyonunun Azərbaycan üzrə üzvü seçilib. "Karabağdan Kerkükden Çanakkaleye" şiir şeçkisində 7 şeri çap olunub.
Solmaz Elqızının yaradıcılığında diqqət çəkən əsas məqam onun heç kəsi təkrar etməməsidir.
Onun öz yolu, öz dəsti-xətti var. Elə bu məziyyətlərinə görə də digər yazarlardan seçilir.
Solmaz Elqızının poeziyasında Ana Vətənə, Ata yurda, doğma dilə və kitaba sevgi hər sətirdə, hər nəfəsdə duyulur.
O, qələmini xalqının ruhundan yoğurub, onu İlisu bulaqları kimi saf, Qafqaz dağları kimi uca, Şuşa kimi müqəddəs bir sevgi ilə işlədir.
Solmaz Elqızının misralarında İlisu təkcə bir kəndin adı deyil. O, xatirələrin, uşaqlığın və milli kimliyin məkanıdır. Şairə bu torpağı sadəcə tərənnüm etmir, onu şərəf və qürur mənbəyi kimi dərk edir. Onun qələmində İlisu bulağının səsi, dağların sükutu, insanların səmimiyyəti yaşayır. O, doğma torpağına bu qədər sevgi ilə yanaşanda oxucu da o təbiətin bir parçasına çevrilir.
Solmaz Elqızı üçün İlisu bir ünvan deyil, bir duyğudur – öz kökünü, milliliyini unutmamaq duyğusu.
Onun “İlisu”, “İlisum” şeirləri bir coğrafi məkanı deyil, bir mənəvi beşiyi təsvir edir.
O, bu torpağı sadəcə doğulduğu yer kimi deyil, qəlbin ünvanı, sözün başlanğıcı kimi qəbul edir:
“Doğulmuşam uca dağlar qoynunda,
Şan-şöhrətim, şərəfimdi İlisu...”
Bu misralarda ucalıq və təvazökarlıq birləşir. İlisu onun poeziyasında millilik, təbiilik və doğmalığın rəmzidir. O, sanki hər daşa, hər bulağa söz verir, hər ağacda bir duyğu tapır.
Solmaz Elqızının poeziyasında İlisu dağların əzəməti, xalqın ruhu, tariximizin qüruru hiss olunur. Şairə doğma yurdunu “şan-şöhrətim, şərəfim” adlandırır, çünki bu torpaq onun həm uşaqlıq xatirəsidir, həm də ilham mənbəyi. İlisu Solmaz Elqızının yaradıcılığında milli kimliyin və təbiət sevgisinin rəmzidir:
Bil, xainlik olmayıbdır soyumda,
Mənim köküm, nəsilimdi İlisu.
Bu misralar həm fərəh, həm də qürur doludur. Şairə burada öz varlığını torpaqla eyniləşdirir - sanki İlisu onun qanında, dilində, nəfəsində yaşayır. “Şan-şöhrətim, şərəfimdi İlisu” misrası həm milli, həm şəxsi fəxarətin təcəssümüdür.
Elqızının təsvirlərində İlisu sanki bir təbiət lövhəsidir - dağların ucalığı, bulaqların səsi, meşələrin qoxusu, axan çayların ahəngi onun misralarında canlanır. O, bu təbiəti romantik bir duyğu ilə, lakin reallıq və səmimiyyətlə təqdim edir.
İlisu onun üçün “gözəlliyin ana bətnidir” – insanı saflaşdıran, düşüncələrini təmizləyən bir məkandır. Şairə dağları tükənməz qüvvə, bulaqları sözün başlanğıcı, meşələri isə səssiz dua kimi qavrayır. Bu baxımdan onun İlisuya həsr etdiyi şeirlər həm də mənəvi harmoniya daşıyır - yəni insanla təbiətin vəhdətini vurğulayır.
Solmaz Elqızının İlisuya baxışında təkcə doğma kəndinə məhəbbət deyil, həm də tərbiyə, kökə sədaqət, saflıq və milli kimliyə bağlılıq dayanır. O, İlisuya baxanda oradakı insanların sadəliyini, zəhmətini, mərdliyini görür və bunu öz şəxsiyyətinin formalaşmasında əsas amil kimi qiymətləndirir. Onun yaradıcılığında İlisu bir növ əxlaq məbədi, vətənpərvərlik dərsi, saflığın ünvanı kimi təsvir olunur.
Şairə üçün İlisu həm uşaqlıq yaddaşının işığı, həm də şəxsiyyətinin dayağıdır.
O, bu yurdun dağlarını “qəlbin ucalığı”, bulaqlarını “sözün şəffaflığı”, torpağını isə “imanın rəmzi” kimi görür.
Solmaz Elqızı İlisu haqqında yazarkən fərdi duyğularla yanaşı, xalqın yaddaşını da ifadə edir. İlisu onun misralarında türk ruhunun qorunduğu, milli yaddaşın yaşadığı bir ocaqdır. O, İlisu adını çəkəndə təkcə öz kəndini deyil, bütün Qaxı, bütün Qafqaz türklüyünü, Azərbaycan mədəniyyətini təmsil edir. Bu baxımdan onun şeirlərində İlisu həm də dirəniş, kimlik, təməl dəyərlərə sədaqət simvoludur. Hər bir dağ, hər bir bulaq, hər bir səs orada Azərbaycanın bütövlüyünü, türk ruhunun əzəmətini xatırladır.
Solmaz Elqızının “İlisu” mövzusunda yazdıqları sadəcə təbiət təsviri və ya nostalji duyğu deyil - bu, bir kimlik manifestidir. O, İlisu adını çəkərkən bir qadın şair kimi həm öz ruhunun, həm xalqının, həm də torpağın səsini danışdırır.
Onun poeziyasında İlisu – şərəf, saflıq, yurd, yaddaş, sevgi və ruhun başlanğıcıdır.
Solmaz Elqızının “İlisu”suna baxdıqda oxucu həm bir kəndin gözəlliyini, həm də bir millətin sözlə qurulmuş mənəvi abidəsini görür.
Azərbaycan ədəbiyyatında dil və milli-mədəni dəyərlərin ifadəsi hər zaman mühüm yer tutmuşdur. “Nə səlisdir mənim dilim” şeiri də bu ənənənin davamı kimi, dilimizin gözəlliyini, zənginliyini və ifadə imkanlarını tərənnüm edən bir əsərdir. Şeir, həm poetik bədii estetikaya malik olması, həm də milli-mənəvi dəyərlərə yönəlməsi ilə seçilir.
Şeirin əsas mövzusu ana dilimizin səlisliyi və ifadə gücüdür. Şair burada yalnız dili tərif etmir, eyni zamanda onun milli kimliyimizin, mədəniyyətimizin daşıyıcısı olduğunu vurğulayır. Şeirdə “mənim dilim” ifadəsi vasitəsilə şəxsi və milli duyğular birləşdirilir, dilin insan ruhuna və milli şüura verdiyi dəyər poetik vasitələrlə önə çıxarılır.
Şeir oxucuya belə bir ideyanı çatdırır: dil təkcə ünsiyyət vasitəsi deyil, həm də bir xalqın tarixini, mədəniyyətini və estetik zövqünü əks etdirən əvəzsiz bir sərvətdir. Şair oxucuya dili qorumağın, ona hörmət etməyin vacibliyini xatırladır.
Bu şeir yalnız bədii deyil, həm də mənəvi və tərbiyəvi dəyərə malikdir. O, oxucuda ana dilinə sevgi, hörmət və qoruma instinktini oyadır. Uşaqlar və gənclər üçün belə bir şeir dilin əhəmiyyətini anlamaq, onun gözəlliyini qiymətləndirmək baxımından əvəzsiz vasitədir. Şeir eyni zamanda vətənpərvərlik hissini də gücləndirir. Dil və milli kimlik arasındakı sıx əlaqə burada açıq şəkildə nümayiş olunur. Oxucu şeir vasitəsilə öz milli kökləri ilə fəxr etməyə, dilinin zənginliyini başa düşməyə təşviq olunur.
“Nə səlisdir mənim dilim” şeiri Azərbaycan poeziyasında dili, milli mədəniyyəti və mənəvi dəyərləri yüksək qiymətləndirən əsərlərdən biridir. Şairin dili təsvir etməkdə göstərdiyi ustalıq, bədii obrazların zənginliyi və şeirin ritmik quruluşu onu oxucular üçün yaddaqalan edir. Bu əsər oxucuda dilə sevgi, milli şüura hörmət və estetik zövq formalaşdırır.
Solmaz Elqızının “Nə səlisdir mənim dilim” şeiri onun milli düşüncəsinin təməl daşıdır. O, Azərbaycan dilini bir varlıq kimi sevir, bir xəzinə kimi qoruyur.
Onun üçün dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın yaddaşı, kimliyi və tarixi nəfəsidir:
Bu dildə danışıb Heydər babamız,
Bu dildə ucalıb dahi xalqımız,
Bu dildə yazılıb dastanlarımız,
Bu dillə fəxr edib analarımız.
Bu sətirlərdə dilə olan dərin sevgi, həm də məsuliyyət hissi duyulur.
Solmaz Elqızı oxucusuna dilin saflığını qorumağın bir vətəndaş borcu olduğunu incə poetik dillə çatdırır.
Şairənin “Nə səlisdir mənim dilim” misrası sanki bir and kimi səslənir. O, Azərbaycan dilini bir miras, bir xəzinə, bir ruh kimi görür.
Bu misralarda dilə yalnız sevgini deyil, həm də məsuliyyəti ifadə edir – çünki dilimizi qorumaq millətimizi qorumaq deməkdir. Solmaz Elqızı dilin musiqiliyini, incəliyini, saflığını bədii obrazlarla göstərir. Onun üçün ana dili elə ana nəfəsidir, uşaqkən eşidilən laylanın davamıdır.
Onun qələmindən süzülən misralarda Şuşa bir məbəd, Azərbaycan dili isə ana səsi kimi ucalır. Solmaz Elqızı üçün dil sadəcə ünsiyyət vasitəsi deyil, millətin yaddaşı və ruhunun ifadəsidir. “Nə səlisdir mənim dilim” deyən şairə bu misrada xalq dilinin təmizliyini, poetik zənginliyini, musiqiliyini ucaldır. O, Azərbaycan dilini bir çiçək kimi qoruyur, onu yad təsirlərdən saf saxlamağın vacibliyini vurğulayır.
Solmaz Elqızının “Ey zəfər soraqlı Azərbaycanım!” adlı əsəri - Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərə poetik tərzdə ithaf edilmiş yüksək ruhlu vətənpərvərlik nümunəsidir.
Əsərin ideya yükü milli qürur, şəhidlərə ehtiram və qalibiyyət sevinci üzərində qurulub. Solmaz Elqızı burada Vətənini bir canlı varlıq kimi təsvir edir - “döyünən ürəyim, damarda qanım” misraları ilə şairənin daxili mənini millətinin taleyi ilə eyniləşdirməsi diqqət çəkir. Bu poetik obraz vasitəsilə müəllif demək istəyir ki, Azərbaycan yalnız coğrafi məkan deyil, hər bir vətəndaşın damarında axan canlı ruh, milli kimlik rəmzidir.
Birinci bənddə “Qoy əbədi olsun tarixi zəfər” misrası xalqın arzusunu ifadə edir. Şairə üçün bu qələbə təkcə hərbi deyil, həm də mənəvi dirçəlişin başlanğıcıdır. “Hər an sevindirir bizi xoş xəbər” deyərkən o, müharibədən sonrakı bərpa dövründə gələn müsbət xəbərləri, yenidən doğulan ümidləri nəzərdə tutur.
İkinci bənddə “Nankor düşmənlərlə gəldik üz-üzə” misrası ilə müəllif ədalət və haqsızlıq qarşıdurmasını vurğulayır. “Ordumuz yetişdi köməyimizə” — burada xalqın inamı, orduya olan sonsuz güvəni ifadə olunur. Hər bəndin sonunda təkrarlanan “Ey zəfər soraqlı Azərbaycanım!” nidası isə şeiri həm emosional, həm də ritmik baxımdan tamamlayır, vətənpərvərlik marşı effekti yaradır.
Üçüncü bənddə “Bu haqq işimizdə şəhidlər verdik” misrası şeirin ən duyğulu nöqtəsidir. Solmaz Elqızı burada şəhidliyin müqəddəsliyini önə çəkir. “Milyon cür ağrıya, əzaba dözdük” - bu ifadə xalqın zamanla sınanmış dözümünü və ümumxalq mübarizəsini göstərir. “Sonunda möhtəşəm qələbə gördük” cümləsi ilə şairə ədalətin zəfər çaldığını bildirir.
Sonrakı bəndlərdə artıq qələbə sevinci və gələcəyə ümidlər ön plana keçir:
“Açılır nur üzlü aydın səhərlər,
Qurulur yenidən gözəl şəhərlər.”
Bu misralar bərpa olunan Qarabağın obrazıdır. Müəllif azad olunmuş torpaqlarda yeni həyatın başlanmasını, yaraların sağalmasını və xalqın iradəsini simvolik şəkildə təsvir edir. “Boğmasın bizləri acı qəhərlər” misrası isə keçmiş ağrılardan dərs alaraq gələcəyə nikbin baxmağı tövsiyə edir.
Solmaz Elqızının “Ey zəfər soraqlı Azərbaycanım!” şeiri, həm müasir Azərbaycan poeziyasında Zəfər dövrünün ruhunu ifadə edən ən təbii nümunələrdən biridir, həm də xalqın döyüş iradəsini, milli birliyini və şəhidlərə ehtiramını yüksək poetik dillə ifadə edir.Bu şeir, həm ədəbiyyat baxımından, həm də mənəvi-ideoloji cəhətdən müasir vətənpərvərlik lirikasının parlaq səhifələrindən biridir.
Şuşa Solmaz Elqızının poeziyasında millətin qəlbi, mədəniyyətin tacı kimi görünür. O, bu şəhəri təkcə torpaq kimi yox, məna kimi, ruh kimi sevib. Şuşa haqqında yazdığı şeirlərdə həm sevgi, həm kədər, həm də ümid var:
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
Dünyaya bəxş etdin neçə sənətkar,
Üzeyir, Bülbülü, həm Natəvanı.
Məğrur duruşunda tanrı hökmü var,
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
Onun sözlərində “dön Şuşa” deyən bir xalqın fəryadı, “var ol Şuşa” deyən bir qürur duyulur. Solmaz Elqızının yaradıcılığında Şuşa həm kədərin, həm də qürurun adıdır:
Cıdır düzün igidlərin oylağı,
Qonaq-qaralıdı İsa bulağın.
Sənsən Qarabağın qədim torpağı,
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
O, Şuşa haqqında yazarkən təkcə bir şəhəri deyil, xalqın ruhunu, mədəniyyətin beşiyini tərənnüm edir:
Qaryağdıoğlunun həzin nəfəsi,
Vaqifin qəzəli, Bülbülün səsi.
Riqqətə gətirir dinləyən kəsi,
Ay Şuşam, hüsnünə söylə, tay hanı?
Solmaz Elqızının poeziyasında kitab motivi xüsusi yer tutur.
Onun “Deyirəm, İnsanlar, sevin kitabı” şeiri elmə, bilik və mənəviyyata çağırış kimi səslənir. O, inanır ki, kitab insanı dəyişir, yüksəldir, saflaşdırır.
Şairə üçün kitab zəka və nur mənbəyidir. Onun bu tip şeirləri maarifçilik ruhu daşıyır, gəncləri düşünməyə, öyrənməyə, özünüinkişafa səsləyir:
Kitab bu cahanda sözünü deyib,
Özün təsdiqləyib, sözünü deyib.
Bizə dahilərin sözünü deyib,
Oxuyun kitabı, bilin kitabı,
Deyirəm, insanlar, sevin kitabı.
Solmaz Elqızı gənc nəslə yönələn misralarında insanı oxumağa, düşünməyə, mənəvi zənginliyə səsləyir. Onun “Deyirəm insanlar, sevin kitabı” kimi şeirlərində maarifçilik ruhu, elmə dərin inam özünü göstərir. Kitab onun üçün sadəcə bilik mənbəyi deyil – insanı kamilləşdirən bir dostdur. Bu mövzu onun poeziyasına tərbiyəvi dəyər, maarifçi nəfəs gətirir:
Hər evə bol fərəh gətirəndə o,
Köksündə min inci bitirəndə o,
Hər kəsi insan tək yetirəndə o,
Oxuyun kitabı, bilin kitabı,
Deyirəm, insanlar, sevin kitabı.
Solmaz Elqızının yaradıcılığında sadə hisslərdən çox, dərin fəlsəfi düşüncələr var.
O, insanı öz vicdanı ilə üz-üzə qoyur, həyatı zahiri gözəlliklə yox, mənəvi mahiyyəti ilə dərk etməyə çağırır:
Bütün insanlığa bəyan oldu o,
Elmə, savada həyan oldu o,
Ellərə ziyasın yayan oldu o,
Oxuyun kitabı, bilin kitabı,
Deyirəm, insanlar, sevin kitabı.
Bu misralar həyatın ziddiyyətləri ilə barışıq fəlsəfəsini daşıyır.
Solmaz Elqızı üçün kədər də, sevinc də insanı yetişdirən dəyərlərdir.
Şairə zamanın keçiciliyini, amma sözün əbədiliyini vurğulayır.
Onun fikrincə, insan bədəni yox olur, lakin söz və amal yaşamağa davam edir. Bu sətirlərdə ölüm və əbədiyyət fəlsəfəsi öz bədii təzahürünü tapır.
“Sənsən” şeirinə nəzər salaq:
Vermisən hər kəsə bir cür “mərəzi”,
Sonunda qurursan mizan-tərəzi.
Qəlblərdən silmədin kini, qərəzi,
Axirət evini tikən də sənsən.
Solmaz Elqızı üçün söz – ruhun davamı, əbədiyyətin simvoludur. O, təbiəti də təsvir edərkən onu sadəcə fon kimi deyil, hikmətin daşıyıcısı kimi görür. Dağ, yağış, külək, günəş - hamısı onun poetik dünyasında fəlsəfi mənalar qazanır. Bu şeirlərdə o, təbiətin dövri dəyişimini insanın mənəvi saflaşması ilə birləşdirir. Bu baxımdan onun yaradıcılığı həm təbiət, həm də varlıq fəlsəfəsinin poeziyaya çevrilmiş formasıdır.
Solmaz Elqızı səsini heç vaxt yüksəltmir, amma sözləri dərin təsir buraxır.
Onun zərif duyğularında möhkəm ruh, iman və xeyirə inam var.
O, qadın kimi yazır, amma sözlərində bütün insanlığın dərdi və sevgisi gizlidir.
Şairənin yaradıcılığı təbiətə, insan ruhuna və mənəvi dəyərlərə dərin sevgi ilə yoğrulmuşdur. Belə ki, Solmaz Elqızının şeirlərində təbiətə olan dərin məhəbbət və insanın daxili aləminin zənginliyi ön plana çıxır. Onun poeziyasında təbiət hadisələri insanın ruh halı ilə paralel şəkildə təsvir olunur, bu da oxucuda emosional bir əlaqə yaradır.
Solmaz Elqızının fəaliyyəti yalnız onun bədii yaradıcılığı - yazılı əsərlərilə məhdudlaşmır. O, həm də fəali ictimai xadim və istedadlı bədii qiraət ustası kimi tanınır. Müxtəlif ədəbi-bədii tədbirlərdə yaxından iştirak edir və öz şeirlərini səsləndirərək oxucularla birbaşa əlaqə qurur. Bu cür tədbirlərdə onun poeziyasının canlı təqdimatı, şeirə olan marağı artırır və ədəbi mühitdəki rolunu gücləndirir.
Solmaz Elqızı müasir Azərbaycan poeziyasının saf səsi, fəlsəfi düşüncənin və milli duyğunun daşıyıcısıdır. Onun yaradıcılığı təkcə bir şairənin deyil, xalq ruhunun, dilin və təbiətin ifadəsidir. Bu poeziyada həm dağların sükutu, həm kitabların işığı, həm də sözün əbədiyyəti yaşayır.
Solmaz Elqızı şeirlərində düşüncəni duyğuya, duyğunu hikmətə çevirir. O, Azərbaycan qadınının zərif, amma möhkəm obrazını poeziyada yaşadan sənətkardır. Onun səsi sakitdir, amma təsiri dərin. Bu səs – Ana dilimizin səsidir! Bu səs - Ana Vətənimizin, Ata Yurdumuzun səsidir! Bu səs - sözün elə özüdür...
Müşfiq BORÇALI,
“TURAN” İnformasiya Mərkəzinin –
Turan.info.az saytının Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru;
Məlahət BABAYEVA,
“TURAN” İnformasiya Mərkəzinin –
Turan.info.az saytının redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru
ZiM.Az
.