
Yaradıcılığa məktəb illərindən başlayıb. Ədəbiyyat aləmində ilk xeyir-duasını ölməz yazıçımız Əlibala Hacızadə vermişdir.
Şeirləri rayon və respublika mətbuat orqanlarında, müxtəlif antologiya və almanaxlarda dəfələrlə çap olunub.
“İki qəlbdə bir ruh” (2006) və “Köçkün Xarı bülbülüm” (2009) adlı kitabların müəllifidir.
AYB-nin üzvü, Aşıq Pəri Məclisinin Mətbuat katibi, AYB-nin Şirvan Bölməsi Qadınlar Şurasının sədridir.
Biz də Minirə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
HACI ƏLİƏKBƏR ŞİRVANİ RƏSULOV,
Zirve.info" saytının, "Zirvə"
və “Mən Şirvanın səsiyəm”
ədəbi-bədii, elmi-publisistik məcmuələrinin
Şirvan bölgəsi üzrə nümayəndəliyinin rəhbəri
ZiM.Az
MƏN TURAN SEVDALIYAM
Çəksələr dara məni,doğransam dilim-dilim,
Son nəfəsimdə belə, söyləyəcəkdir dilim
Qorxutmaz nə işgəncə,nə iztirab, nə ölüm,
Yenə də öz sözümdə dönməz, iddialıyam,
Mən Turan sevdalıyam!
Sanmayın bir köşədə uyumuşam, yatmışam.
Qəlbimdəki bu eşqi, bu sevdanı atmışam.
Damardakı bozqurdu yenidən oyatmışam,
Bütün Türk millətinin bax, bu günkü halıyam,
Mən Turan sevdalıyam!
Ərzurumdan haylayıb, Zəncanımdan hay verən,
Dadaşlardan yaranıb, Oğuzlardan soy verən,
Kərkük, Tatar, Türkmən, Qırğızlardan boy verən,
Keçmişi Eldəgizlər dövləti, Osmanlıyam,
Mən Turan sevdalıyam!
Türk dilində yaratdı, daim qoca Şəhriyar.
İk dövlət, bir millət dedi şair Bəxtiyar.
Vətənimdə minlərlə belə fədailər var,
Doğma ana yurduma varlığımla bağlıyam,
Mən Turan sevdalıyam!
Ərdoğanla, İlhamla vüsətlənən, canlanan,
Düşmənlərdən amansız qisas alan, öc alan,
Ulu öndərimizdən bizlərə miras qalan,
Bu sözlə fəxr edirəm ki, Azərbaycanlıyam!
Mən Turan sevdalıyam,
Bir Turan sevdalıyam!!
ƏR TÜRK QIZI TÜRKƏM MƏN
Boş yerə yaşamıram mən bu qoca cahanda,
Vətən adlı müqəddəs, pir yara vurulmuşam.
Uymamışam şöhrətə, nə sərvətə, nə ada,
Söz adlanan ilahi bir vara sarılmışam.
Ən ağır sınaqlardan alnı açıq çıxmışam
Sarsıtmayıb nə boran, nə tufan, nə qar məni.
Şeytanın binasını öz əlimlə yıxmışam,
Aldatmayıb nə iblis, nə namərd, nə xar məni.
Qədim Şirvan elində yetib dolmuşam yaşa.
O sözünki kökündə aslan yatar, şir yatar.
Ən çətin düşmənimi yenib, çıxaram başa.
Təki dost dediklərim zərbə vurmasın, yetər.
Yollarımı kəssə də dərin uçrum, sərt qaya,
Sanmayın əqidəmdə ya qorxam, ya hürkəm mən.
Mərd kişinin belindən gəlmişəm bu dünyaya,
Oğuzlardan boy alan ər türk qızı türkəm mən!
AY ELLƏR!
Bu qoca dünyada, bu gen dünyada,
Nələr çəkmədiki başım, ay ellər!
Körpə ikən həkim ata itirdim,
Çox erkən boylandı qışım, ay ellər!
Gəlin köçdüm mən də elin adəti,
Bəslədim ocağa dərin hörməti.
Rəbbimsə qıymadı övlad qisməti,
Zəhərə çevrildi aşım, ay ellər!
Sinəmə dağ çəkdi qardaşın dağı,
Bacı getdi, qopdu yaram qaysağı.
Öyrəndim bayatı, söylədim ağı,
Süzüldü gözlərdən yaşım, ay ellər!
Minirəyəm, yetdim əlli yaşına,
Pəs vurmadım bir kimsənin işinə.
Dost bildiyim bir çoxunun başına,
Nədən ağır oldu daşım, ay ellər?!
QOCALAR
Oxuyub öz ömür kitabçasanı,
İlləri yollara salar qocalar.
Sonra da gəncliyin həsrəti ilə,
Şirin xəyallara dalar qocalar.
Kecdikcə həyatın keşməkeşindən,
Qara tellərinə düşər ağ-ağ dən,
Biz görməyək deyə o çətinlikdən,
Bizlərə öyüdlər verər qocalar.
Bəzən sərt çəkilər onlar sınağa,
Evladlar köç edər, gedər uzağa,
Ömür yoldaşın da verib torpağa,
Lap elə tək - tənha qalar qocalar.
Qorxmazlar borandan, nədə ki, qardan,
Qorxmazlar ölümdən, nədə ki, dardan,
Təkcə dərdləri var, doğmalar sardan,
Unudulan zaman solar qocalar.
Sizə and verirəm siz ey cavanlar!
Qoymayın onların gözünü ağlar.
Siz də qocalarsız bax bir zamanlar,
Sizləri ahına salar qocalar.
Bizlərə gərəkdir, gərək qocalar,
Qəlbi uşaq kimi kövrək qocalar.
DANIŞIN!
Şuşamızı ziyarət edib qayıdan dostlar!
Müqqəddəs torpağımın dağ-daşından danışın!
Görüm nə keçirtdiniz o anda qəlbinizdən,
O qəmli, o qürurlu göz yaşından danışın!
Yenə duman gəlirmi uca dağlar başına?!
Yenə kəklik qonurmu qayasına, daşına?!
İgidlərim zəhəri necə qatdı aşına?!
Düşmənlərin o xoflu baxışından danışın!
Nə olar, siz danışın orda gördüyünüzü,
Qoy dinləsin əllisi, sizi dinləsin yüzü.
Necə həsrət çəkmişdi, söyləyin Cıdır düzü,
Bizsiz keçən illərin sərt qışından danışın!
Gördünüzmü səfalı, siz o cənnət bağları?!
Əsgərlərim dırmanan sıldırım, sal dağları.
Öpdünüzmü şəhidim gəzdiyi torpaqları?!
Danışın sizə qurban, lap başından danışın!
Minirəyəm, Vətənim mənim ülviyyətimdir,
Könlümdəki ən uca, ən təmiz niyyətimdir
Qarabağı ziyarət, Kəbə ziyarətimdir,
Şuşa tək üzüyünün siz qaşından danışın,
Danışın sizə qurban, lap başından danışın!
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.