KAMİL FAMİL OĞLU: ARZUM

KAMİL FAMİL OĞLU: ARZUM

Məhərrəmov Kamil Famil oğlu - 08 sentyabr 1993-cü ildə Azərbaycanda dogulmuşdur.
Dünyaya gəlişi vətənindən, yurdundan, elindən ayrı düşdüyü ilə təsadüf etdiyindən vətənə çox baglı biridir.
1999-cu ildə Rusiyada birinci sinifə gedib. Orta təhsilini Rusiyanın bir sıra böyük şəhərlərində, o cümlədən, Volqaqrad və Sankt-Peterburqda alıb.
2011-ci ildə tam orta məktəbi bitirib.
2011-2013-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib.
2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan İdman Akademiyasına) daxil olub.
Beş il qiyabi təhsil alıb.
Təhsil illərində ədəbiyyat və incəsənətlə dərindən tanış olub.
Boş vaxtlarında şeir yazır.
Həmin şeirlərdən bir neçəsini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



ARZUM

Qara gözlərindən öpəydim sənin,
Biləydim gözünün busəsi nədir?
Sənin həyatında işıqlı gündür,
Mənim həyatımda zülmət gecədir.

Qara gözlərinə düşüb itəydim,
Kədərdən, həm dərddən uzaq olaydım.
Sən məni ətrafda görməsən belə,
Mən sənə hər zaman yaxın olaydım.

Gözlərində gizlət xəlvətcə məni,
Hər tərəfdə məni axtaran olar.
Ürəyin qapısın açarsan birdən,
Məni ürəyindən aparan olar.

Gözlərində gizlət görən olmasın,
Gözündən gözümlə dünyanı görüm.
Bircə xahişim var, mənim Allahdan,
Arzum çin olsun ki, qoy sonra ölüm.


YAZILIB

Mənim taleyimə kədər yazılıb,
Həm sevmək, sevilmək mənə yad gəlir.
Sevdiyim gözəlin adın çəkirəm,
Kagızı açanda özgə ad gəlir.

Ümid edirdim mən cavan çagımda,
Ümidim niyyətim yaman puç oldu.
Nə qədər həyatda arzum var idi,
Hamısı dagıldı, çoxu puç oldu.

Yenədə səbr etdim, dedim düzələr,
Nə yaxşı olmadı, nə düzəlmədi.
Dedilər ki, ümid etmə boş yerə,
Bu həyatda hər şey gəldi gedərdi.


KİMİ

Gecə yolun üstə çıraq olaram,
Sən gedib evinə çatana kimi
Tutaram əlindən zəlidən betər,
Səndən "hə" cavabı alana kimi.

Küssəmdə səninlə tez barışaram,
Könlünü almağa bil çalışaram.
Dəryalar üzərəm, dağlar aşaram,
Sənə düz bir addım qalana kimi.

Sənsən mənim üçün eşqin əzəli,
Görmədim həyatda səndən özəli.
Inanki çəkmərəm səndən nəzəri,
Həyatda sən mənim olana kimi.


BİLƏR

Mənim çəkdiyimi dağlar çəkməsin,
Əriyib kösövə dönə bilərlər.
Gur yanan ocağa desəm halımı,
O, anın içində sönə bilərlər.

Dənizdə bilməsin deməyim ona
Dalgasın sahilə çırpmayacaqdır.
Günəşdə bilməsin halımı mənim,
Yoxsa səmalara çıxmayacaqdır.

Dərdimi mən gərək gizli saxlayam,
Qoy duyan olmasın, bilən olmasın.
Məni bu həyatda çarəsiz bilib,
Ürəyindən adım silən olmasın.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: