Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Xarici əlaqələr şöbəsinin
müdir müavini,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
------------------------------------
Yenidən müstəqillik qazanmasının 25 ilini tamamlayan Azərbaycan Respublikası ötən tarixi dövrdə beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuşdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət strategiyası bu gün Azərbaycanın qlobal və regional müstəvidə müstəqil siyasət həyata keçirən azsaylı dövlətlərdən birinə çevrilməsinə səbəb olmuşdur.
Beynəlxalq münasibətlər sistemində 25 illik təmsilçilik
Prezident İlham Əliyev tərəfindən aparılan xarici siyasət milli maraqlar əsasında müstəqil, balanslaşdırılmış, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu münasibətlər, etibarlı tərəfdaşlıq prinsiplərinə söykənir. Bu xarici siyasət strategiyası ölkəmizin beynəlxalq aləmdə mövqeyini yeni zirvələrə yüksəltmişdir. İlkin mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə təcrid vəziyyətindən çıxarılması, tarazlaşdırılmış xarici siyasət xəttinin yürüdülməsi, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadi potensialın ölkənin xarici siyasət mövqelərinin gücləndirilməsinə yönəldilməsi, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə beynəlxalq münasibətlər sisteminin çevik iştirakçısına və regionun iqtisadi güc mərkəzinə çevrilməsi bu strategiyanın konseptual əsaslarını təşkil edirdi.
Azərbaycan Respublikasının xarici siyasətində milli maraqlar əsasında müstəqil siyasət kursu məhək daşı rolunu oynayır. Qeyd etməliyik ki, dünya nizamının yenidən formalaşmaqda olduğu müasir dövrümüzdə müstəqil xarici siyasət həyata keçirmək olduqca çətindir. Tarix isə göstərir ki, hər bir əsrin əvvəli və sonu geosiyasi transformasiyaların ən çox müşahidə olunduğu zaman kəsiyidir. Bu mənada XXI əsrin başlanğıcı da kiçik dövlətlərin siyasi səhnədə müstəqil xarici siyasət apara bilməsi baxımından yalnız istisnalara şamil oluna bilər. Digər tərəfdən isə ölkəmizin yerləşdiyi regionun geosiyasi çəkisi və mürəkkəbliyi bu seçimi daha da çətinləşdirir. Buna görə də geosiyasi cəhətdən bu qədər həssas regionda milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış siyasət yeritmək olduqca çətindir. Prezident İlham Əliyev 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Nazirlər Kabinetinin iclasında ölkəmizin bu mövqeyini bir daha bəyan etdi: “Heç kim bizə heç nəyi diktə edə bilməz. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır”. Bu, müstəqil siyasi kursun xarici siyasətimizdə əsas meyar olmasına dəlalət edir.
2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olurdusa, 2017-ci ildə ölkəmizin beynəlxalq münasibətlər sistemində təmsil olunmasının 25 illiyidir. Belə ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini 1991-ci ildə elan etsə də, xarici ölkələrlə diplomatik münasibətlər qurması 1992-ci ildən başlamışdır. Cari ildə Azərbaycanın 68 dövlətlə diplomatik münasibətlər qurmasının 25 ili tamam olur. İlk diplomatik münasibətlərimizin qurulduğu qardaş Türkiyədən sonra dünyanın əksər mühüm dövlətləri ilə diplomatik əlaqələrimiz yaradılmışdır. Hazırda Azərbaycanın 177 ölkə ilə diplomatik münasibətləri mövcuddur. 2017-ci ildə eyni zamanda respublikamızın Birləşmiş Millətlər Təşkilatına üzv olmasının da 25 illiyi tamam olur. Nə qədər ağır olsa da, bu il Xocalı soyqırımının törədilməsindən 25 il keçir. Erməni vəhşiliyinin nəticəsi olan bu faciənin dünya miqyasında tanıdılması xarici siyasətimizin qarşısında duran prioritet vəzifələrdəndir.
Beləliklə, beynəlxalq səviyyədə diplomatik münasibətlərimizdə əsrin dörddə biri kimi əlamətdar tarixi dövrə daxil olduğumuz 2017-ci ildə Azərbaycan beynəlxalq aləmdə yeni-yeni nailiyyət və uğurlara istiqamətlənmişdir. Eyni zamanda dünyada baş verən yeni çağırış və təhdidlərə uyğun çevik xarici siyasi kursun aparılması günümüzün reallığıdır.
Dağlıq Qarabağ münaqişəsinin həlli - sülh, yoxsa müharibə
Heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin qarşısında duran ən böyük vəzifədir. Bu münaqişə, hətta regional miqyası da aşaraq daha böyük coğrafi məkanda siyasi konfiqurasiya üçün böyük təhdiddir. Eyni zamanda erməni tərəfi dünya ictimaiyyətini aldatmağa çalışır ki, bu konflikt dini əsaslara söykənir və bu istiqamətdə geniş təbliğat aparır. Münaqişənin əsl mahiyyətini, ermənilərin əsassız ərazi iddialarını pərdələmək üçün ortaya atılan bu yalan çox təəssüf ki, Qərbdə müəyyən dairələr tərəfindən dəstəklənir. Əslində, dini, mədəni fobiyaların artdığı müasir dünyada bu cür yanaşma həqiqətlərin deyil, fobiyaların beynəlxalq sistemdə təsir gücünü müəyyənləşdirməyə imkan verir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin regional çərçivəni aşaraq qlobal qüvvələr müstəvisində əks olunduğunu bir daha göstərir. Eyni zamanda əksər xarici ekspertlərin, sivilizoloqların, siyasətçilərin fikrinə görə Qafqazın sivilizasiyaların toqquşma xəttində yerləşməsi və regionda qlobal güclərin maraqları münaqişənin həllini daha da çətinləşdirir.
2016-cı il atəşkəsdən bu yana keçən dövr ərzində əlamətdar bir il olmuşdur. Belə ki, keçən ildə tərəflər arasında həm münaqişənin hərbi, həm də sülh yoluyla həlli ilə bağlı indiyə qədər görünməmiş hadisələr baş vermişdir. Atəşkəsdən bəri tərəflər heç vaxt indiki kimi böyük müharibəyə və digər tərəfdən ictimai sülh təşəbbüsünə yaxın olmamışlar.
İlk növbədə keçən ilin aprel ayında Azərbaycanla Ermənistan arasında qoşunların təmas xəttində “dördgünlük müharibə” adlandırılan hadisəyə diqqət yetirmək istərdik. Məlum olduğu kimi, aprel ayında qoşunların təmas xəttində Ermənistanın hərbi qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücumla müəyyən əraziləri işğaldan azad etmişdir. Bu, münaqişənin tarixində olduqca həlledici bir məqamdır. Aprel hadisələrinə Azərbaycan və Ermənistan ictimaiyyətinin reaksiyası münaqişənin gələcək taleyini aydın görməyə imkan verir. Azərbaycan cəmiyyətində bu hərbi əməliyyat stereotiplərin qırılması, özünəinam və yüksək vətənpərvərlik əhvali-ruhiyyəsi ilə qarşılandı. İlk növbədə cəmiyyətimiz Azərbaycan Ordusunun qələbəsinə inandı, qalib Azərbaycan Ordusu fikri üstün mövqe qazandı. Eyni zamanda ölkədə hər kəs yüksək əhvali-ruhiyyədə torpaqlarımızı azad etmək üçün cəbhəyə getməklə bağlı təşəbbüs göstərdi. Ermənistan ictimaiyyətində isə erməni ordusunun məğlubiyyəti cəmiyyətin onsuz da ümidsizlik baxışını daha da dərinləşdirdi. Paytaxt İrəvanda işğalçı hərbi xunta rejiminə qarşı mənasız əsgər ölümlərinə görə böyük etirazlar oldu. Azərbaycanda insanlar səngərə getmək üçün yarışdığı halda, Ermənistanı tərk edənlərin sayı daha da artdı. Təsadüfi deyil ki, aprel-iyun aylarında Ermənistandan xaricə miqrasiyanın sayı orta aylıq rəqəmi ötdü. Statistik məlumatlara görə, son illər Ermənistanda hər il 80-90 min insan ölkədən qaçır. Yəni orta aylıq təxminən 6-7 min nəfər. Aprel hadisələrindən sonra isə bu rəqəm aylıq 10-12 min nəfərə qalxmışdır. Ümumiyyətlə, Ermənistanın bir ölkə olaraq demoqrafik gələcəyi yoxdur. Ölkədən qaçanların sayı durmadan artır, təbii artımın səviyyəsi isə hər il azalır.
Bütün bunların günahı isə hətta öz xalqının belə gələcəyini düşünməyən hakimiyyətdə olan işğalçı hərbi xuntadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel hadisələrinin erməni mifinin dağıdılmasına təsirini xüsusi qeyd edərək mövcud status-kvonun bizim üçün qəbuledilməz olduğunu bildirmişdir: “Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər”.
Beləliklə, aprel hadisələri münaqişə tərəflərində hərbi sahədə olduğu kimi, sosioloji və psixoloji cəhətdən fərqli mənzərənin yaranmasına səbəb oldu. Bir tərəfdə xalqın etimad etdiyi Ali Baş Komandanın ətrafında birləşərək müharibəyə hazır olan Azərbaycan, digər tərəfdə isə məğlub psixologiyasının təzyiqi altında danışıqları pozmağa çalışan, destruktiv mövqe nümayiş etdirən və xalqla hərbi xunta iqtidarı arasında böyük uçurum olan Ermənistan.
2016-cı ildə münaqişə tərəfləri arasında sülh təşəbbüsləri də ortaya çıxdı. Bu da ilk növbədə hər iki tərəfin münaqişənin həllinə münasibətilə birbaşa bağlıdır. Belə ki, Azərbaycan tərəfi danışıqlar prosesi ilə bağlı konstruktiv mövqeyini açıq ortaya qoyur. Prezident İlham Əliyev Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət verilə biləcəyini ifadə etdi. Bu, Azərbaycanın prinsipial mövqeyidir. Ermənistanda iqtidarda olan hərbi xunta isə münaqişədən hakimiyyətdə qalmaq üçün istifadə edir. Buna görə yalnız danışıqları pozmaqla, həlledici anlarda təxribat törətməklə hətta erməni ictimaiyyətini da narazı salır. Münaqişənin həllinin süni surətdə uzadılması iqtisadi cəhətdən böyük çətinliklərlə yaşayan, hərbi xuntanın təzyiqlərindən cana doyan erməni cəmiyyətində də mənfi qarşılanır. Fikrimizcə, məhz bu amillər keçən ilin sonlarında Ermənistandan qaçaraq Azərbaycana sığınan sülh tərəfdarı ermənilərlə azərbaycanlıların birgə “Sülh Platforması” təşəbbüsünün ortaya çıxmasına səbəb oldu.
“Sülh Platforması” 2016-cı ildə tərəflər arasında münaqişənin həllinə doğru yeni bir baxış oldu. Ümumilikdə regionla bağlı araşdırma aparan beyin mərkəzləri, xarici ekspertlər arasında münaqişənin gələcəyi ilə bağlı ən böyük maneənin hər iki ölkə ictimaiyyətinin barışığa hazır olmaması fikri dominantlıq təşkil edir. Bu mənada yeni platforma xalqların bu tezisini dəyişir. Belə ki, Ermənistanda hərbi xuntanın münaqişədən hakimiyyət naminə istifadə etməsindən bezən insanlar iki xalq arasında barışıq üçün missiya başladılar. Bu təşəbbüs münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan azərbaycanlılar tərəfindən dəstəkləndi. Hazırda bu platformaya qoşulan ermənilərin sayı artmaqdadır. Mövcud vəziyyətin ancaq ölüm, fəlakət, problemlər gətirdiyini əsas tutan bu təşəbbüsün tərəfdarları Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir. Maraqlısı odur ki, erməni cəmiyyətində bu təşəbbüsə həm Ermənistandan, həm də diaspordan qoşulanlar var. Bu isə iqtidarda olan hərbi xuntanın heç bir ictimai dayağının olmadığını bir daha göstərir.
Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini hərb və ya sülhlə həll etmək təşəbbüsləri qarşıdakı ildə də ən vacib məsələ olaraq qalır. Əsas odur ki, mövcud status-kvonun davam etməsi artıq hamı üçün qəbuledilməzdir. Azərbaycan heç zaman işğal vəziyyəti ilə razılaşmayıb, artıq vasitəçilər də bütün görüşlərdə bu prinsipi bildirirlər. İndi isə sadə ermənilər tərəfindən status-kvonun erməni xalqına deyil, iqtidardakı hərbi xuntaya xidmət etdiyi və vəziyyətin dəyişdirilməsi zərurəti ortaya atılıb. Azərbaycan münaqişənin həlli üçün həm hərb, həm də sülh yoluna hazırdır. Status-kvonun dəyişməsi isə qaçılmazdır.
2017-ci il - “İslam həmrəyliyi ili”
Günümüzdə dünyada bütün sahələrdə münasibətlərdə gərginlik hiss olunur. Bu gərginlik istər qlobal iqtisadi böhran və tənəzzüldə, istər böyük güc mərkəzləri arasında anlaşılmazlıq və qarşıdurmada, istərsə də müxtəlif dinlər və mədəniyyətlər arasında toqquşmalarda özünü göstərir. Dünyada qaynar nöqtələrin, münaqişə bölgələrinin sayı getdikcə artır. Dini dözümsüzlük, miqrantlara qarşı ayrı-seçkilik, islamofobiya, ekstremistlərin dini pərdələnməsi və digər neqativ hadisələr dövrümüzün nəbzini müəyyənləşdirir.
Avropa artıq özününkü olmayanlara qarşı dözümsüzlük nümayiş etdirənlərin, ayrı-seçkilik edənlərin Avropasıdır. Ən təəssüfləndirici isə odur ki, bu münasibət Qərb cəmiyyətinin bütün təbəqələrində - siyasi liderlər, akademik dairələr, sadə vətəndaş cəmiyyətində müşahidə olunur. Biz ötən illərdə Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətlərin, islamofob meyillərin şahidi olduq. Düşündürücüdür ki, miqrantlara qarşı bu münasibət ancaq müsəlman qaçqınlara göstərilir. Misal üçün, Mərkəzi Avropa ölkələrindən Çexiyada ölkəyə gələn miqrantlar arasında vyetnamlılar heç də müsəlmanlardan sayca az deyil. Ancaq ölkədə siyasi partiyalar və siyasətçilər arasında müsəlman miqrantlara qarşı dözümsüzlük olduğu halda, rəsmi səviyyədə vyetnamlıların ölkəyə adaptasiyası üçün proqramlar həyata keçirilir. Təəssüf ki, bu cür yanaşmaya Avropanın əksər ölkələrində rast gəlinir.
Prezident İlham Əliyev 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Qərbdə gedən bu islamofob meyillərin dünya miqyasında yaratdığı problemlərə toxunaraq bildirmişdir: “Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb, - biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb”.
Qərb dini, mədəni, etnik fərqliliklərə dözümsüzlük nümayiş etdirdiyi zaman, digər tərəfdən İslam aləmində də dinin müxtəlif məzhəb və təriqətləri arasında barışmaz mübarizə gedir. Yaxın Şərqdə baş verən qanlı toqquşmalarda geosiyasi faktorlarla yanaşı məzhəb düşmənçiliyi də mühüm rol oynayır. Məhz belə bir şəraitdə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması ölkəmizin dünyada sülh, barışıq və birliyə çağırışının göstəricisidir.
Tarixən ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları birgə yaşamışlar və bu, Azərbaycan cəmiyyətinin zənginliyinə səbəb olmuşdur. Azərbaycan xristianların da, yəhudilərin də uzun əsrlərdir birgə yaşadığı müsəlman ölkəsidir. Fərqli dəyər daşıyıcılarının qarşılıqlı hörmət əsasında birgəyaşayışına əsaslanan multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul olunur. Tarixin bütün zamanlarında ölkəmizdə dini, irqi, milli və ümumiyyətlə hər hansı bir ayrı-seçkilik olmamışdır.
Xalqımızın xoşbəxtliyi ondadır ki, bizim cəmiyyətdə din heç zaman xurafat olaraq üstünlüyə malik olmamışdır, əksinə, Azərbaycan bütün mərhələlərdə intibaha töhfə vermişdir. Hələ orta əsrlərdə Azərbaycan mütəfəkkirləri İslam İntibahının öndə gedənlərindən olmuşdur. İslam dünyagörüşünün əksər maarifçi baxışlarında - sufilikdə, hürufilikdə azərbaycanlı alimlər məktəb yaradıcıları kimi tanınmışlar. Şərqdə bir çox ilklər Azərbaycanın adı ilə bağlı olmuşdur. Müsəlman Şərqində ilk opera, teatr, parlamentli respublika, qadınlara seçki hüququ məhz Azərbaycanın adı ilə bağlıdır.
Müasir dövrdə də Azərbaycan bu yanaşmanı davam etdirir, ölkəmiz bütün dünyada tolerantlığın ünvanına çevrilmişdir. Eyni zamanda İslam aləmində müxtəlif məzhəblərin qarşılıqlı hörmət şəraitində, dinc yanaşı yaşadığı məkandır Azərbaycan. Keçən il Bakıda “Heydər məscidi”ndə İslam dininin müxtəlif cərəyanlarının təmsilçilərinin bir yerdə vəhdət namazı qılması Azərbaycandan İslam dünyasına göndərilən ən güclü həmrəylik mesajı idi.
Azərbaycanın tarixən dini və mədəni tellərlə bağlı olduğu İslam dünyası ölkələri ilə münasibətləri xarici siyasətimizdə prioritet istiqamətlərdən hesab olunur. Ölkəmiz müstəqilliyinin ilk ilindən İslam Əməkdaşlıq Təşkilatı (həmin vaxt İslam Konfransı Təşkilatı adlanırdı) ilə fəal əməkdaşlıq edir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu təşkilat hər zaman qətiyyətli mövqe bildirmişdir. 2016-cı ili İƏT çərçivəsində əməkdaşlıq baxımından ölkəmiz üçün xüsusi mənada fərqləndirmək olar. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının aprelin 10-15-də İstanbulda keçirilmiş zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Təmas Qrupunun yaradılması münasibətlərimizdə yeni bir səhifədir. Hazırda qrupun tərkibinə Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxil olub. Coğrafi təmsilçilik prinsipi ilə götürdükdə İƏT çərçivəsində bütün regionlar təmsil olunub. Bu qrup imkan verir ki, Dağlıq Qarabağ münaqişəsi daim təşkilatın gündəliyində qalsın və müsəlman ölkələrinin diqqətini cəlb etsin. Qarşıdakı illərdə qrupun üzvlərinin sayının artacağı da gözlənilir.
Beləliklə, dünyada müxtəlif dini məzhəblər arasında münasibətlərin kəskinləşdiyi bir tarixi şəraitdə Azərbaycanın “həmrəylik nümunəsi”ni bütün dünyaya, o cümlədən İslam aləminə göstərmək üçün növbəti illərdə gözəl imkanı vardır. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, 2018-ci ildə Naxçıvan şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” seçilməsi müsəlman ölkələrinin təmsilçilərinə bu həmrəyliyi daha yaxından görməyə və tanış olmağa imkan verəcəkdir.
Avropa İttifaqı ilə münasibətlər - əməkdaşlıq, yaxud inteqrasiya
“İnteqrasiya” sözü özlüyündə bütövləşmə, birləşmə mənasını ifadə edir. Beynəlxalq münasibətlər sistemində isə inteqrasiya prosesləri vahid siyasi, iqtisadi, təhlükəsizlik və hətta mədəni dəyərlərin cəmləşdiyi məkana doğru istiqamətlənmiş siyasət deməkdir. Hazırda dünyada bütün sahələrdə ən yüksək inteqrasiya səviyyəsinin Avropa İttifaqı (Aİ) çərçivəsində olduğu şübhəsizdir. Bu ittifaq Avropa ölkələrinin öz müstəqilliklərini saxlamaqla ortaq dəyər daşıyıcısı birliyidir. Formalaşmasına hələ keçən əsrin ortalarından başlanan Avropa İttifaqı sosialist düşərgəsinin dağılmasından sonra Şərqə doğru genişləndi. Eyni zamanda “Qoca qitə”nin şərqindəki bir çox qonşuları da bu məkana can atmışlar. Bu mənada Türkiyənin Aİ ilə münasibətləri xüsusi fərqləndirilməlidir. Türkiyə uzun illərdir ki, bu təşkilata üzv kimi buraxılmır. Halbuki iqtisadi parametrlərinə, qanunvericiliyin Qərb standartlarına uyğunluğuna və bir çox başqa göstəricilərinə görə Aİ-nin yeni üzvləri heç də Türkiyəni üstələmir. Bu ayrı-seçkilik Aİ-nin təkcə siyasi, iqtisadi, mədəni birlik olmadığına, eyni zamanda vahid dini dəyərlərin daşıyıcısı olmasına əsaslanır. Belə görünür ki, Avropa yalnız öz dəyər daşıyıcılarının bu məkana inteqrasiyasını arzulayır.
Azərbaycan Respublikasının müstəqilliyin ilk illərindən Avropa təsisatları, daha geniş mənada isə Avratlantik institutlarla əməkdaşlığı, o cümlədən yaxınlaşması təbii bir proses idi. Yeni yaranmış bir dövlət çoxşaxəli xarici siyasətə üstünlük verir və bütün istiqamətlərdə mövcud imkanlardan istifadə edir. Bu mənada Avropa İttifaqı ilə də münasibətlərdə böyük yol keçilmişdir və bu əməkdaşlıq getdikcə dərinləşir.
Lakin qeyd etmək lazımdır ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin əsas prinsipi bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıqdır. Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan etmişdir.
Azərbaycanın Avropa ilə münasibətlərinə Prezident İlham Əliyev bir daha aydınlıq gətirmişdir: “Biz öz yolumuzla gedirik və Avropa ilə çox sıx əlaqələr qura bilmişik. Əməkdaşlıqla bağlı bizim heç bir problemimiz yoxdur. Biz bu əməkdaşlığa meyilliyik. Amma bir var əməkdaşlıq, bir də var inteqrasiya”.
Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir. Heç bir dövlət Azərbaycanla təzyiq dilində danışa bilməz. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılıqlı olduğu halda mümkündür.
Beləliklə, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Qərblə Şərq, eləcə də Şimalla Cənub arasında mühüm enerji və nəqliyyat dəhlizinə çevrilmişdir. Bütün tərəflərlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edən respublikamız böyük layihələrin təşəbbüskarıdır. Prezident İlham Əliyev tərəfindən aparılan xarici siyasət 2017-ci ildə də ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əsasda yeni nailiyyətlərə, münaqişə ilə bağlı ədalətin bərpa olunmasına nail olacaq.
turan.info.az
.