Məmməd Araz:
“Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət
axtaran şairdir”
Gənclik insan ömrünün çıraqbanı, ilhamçısı və sevgi dünyasıdır.
Yaradıcı insanlarda ilham və sevgi vəhdətliyi o dərəcədə yüksəkdə durur ki, gənc yaşlarında yaratdıqları poetik duyumlar damla-damla ruhlara hopur və sevgi dünyasında insanların güvənc yeri olur. Həmin yaradıcı gənclərdən biri də öz dəsti-xətti ilə seçilən Ramiz Abdullayevdir. Televiziya ekranlarında, radio dalğalarında sözlərinə bəstələnmiş mahnıları dinləmiş və bəyənmişəm. Onun “Sevgi dolu gecələr”, “Mənim gizli məhəbbətim”, “Görünmə sən gözlərimə”, “Ayrılıq olmayaydı” və s. mahnıları qəlbimi riqqətə gətirmişdir. Elə buna görə də 2000-ci ildə nəfis şəkildə çap olunan “Sevgi dolu gecələr” kitabına məmnuniyyətlə ön söz yazmışdım. Budur, şairin yeni kitabı qarşımızdadır: “Vətən torpağı”! Eyni adlı şeirlə başlayan poeziya çələngində vətən sevgili şeirlər xüsusi ilə diqqəti cəlb edir:
Bu gün,Vətən,sənin üçün həyatımdan keçərəm mən,
Öpüb sənin torpağını, gözlərimə çəkərəm mən,
Səni azad etmək üçün son qanımı tökərəm mən,
Arzum budur:sən azad ol, şəhid olum yolunda mən,
Təki yaşa, Azərbaycan, Odlar yurdu, sən ey Vətən!
“Mənim gizli məhəbbətim”şeirində şair özüylə bacara bilməməyini səbrin gücünün vüqarında, öz gizli məhəbbətinin ülviliyində axtararaq özünü Məcnuna bərabər tutur:
Gəl öldürmə, diriltmə sən,
Axtarsalar Məcnuna tən,
Söylərəm ki, o mənəm, mən,
Mənim gizli məhəbbətim.
Bəzən şair gözəllikləri məzəmmət edərək öz ilk sevgilərinə sadiq qalmağa çağırır. Onlara ən “sərt”misraları yağdırmağı belə rəva görür.
“Görünmə sən gözlərimə”misrasıyla bitən hər bənddə sözləri ilk sevgisinə “güllə” yağışı kimi yağdıraraq onu məzəmmət edir:
Sən ikiyə böldün ürək,
Qəmdən-qəmə bürünərək,
İlk sevgimi öldürərək,
İnanmıram sözlərinə,
Görünmə sən, gözlərimə.
Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axtaran şairdir desək, səhv etmərik. Şair qardaşımıza həmişə axtarışda olmağı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Məmməd ARAZ,
Xalq şairi.
.