Bu dünyaya gəlişimi gözləyənlər kimlər olub, bu dünyaya gəlişimi gözləməyən kimlər olub. Darıxmayın yazacağam, darıxmayın açacağam bu sirr dolu atmacanı, bu sirr dolu tapmacanı. Darıxmayın səbr eləyin olduğutək yazacağam hər detalı, hər bir anı. Tarix adlı bu yazının bilin mənəm qəhrəmanı. Qələmimlə dindirəcəm İLYAS adlı bu insanı. Bu dünyaya gəlişimin budur məğzi, budur canı.Bu dünyaya gəlişimi eşidəntək sevinərək şad olublar, qurban kəsib ad qoyublar qohumlarım, doğmalarım, yaxınlarım. Bədxahlarsa seinməyib, yasa batıb kədərlənib.
Bəli əziz qohumlarım, əziz dostlarım, əziz oxucularım bu yazını yazmağımın əsas məğzi, canı budur ki, ömrümün 60-cı akkordu vuruldu. Bəli 60 yaşım tamam oldu. Əsla kövrəlmədim, əksinə sevindim. Çünki 60 yaş müdriklik yaşıdı deyilər atalar. Və istər, istəməz xəyalən arxaya boylandım. Xatirələr yada düşdü, çözüldü, bircə- bircə hafizəmə düzüldü.
Gəldim
Mən qəfildən, birdən gəldim,
Göydən düşdüm, yerdən gəldim.
Şair kimi zühr eylədim
Bir müqəddəs Pirdən gəldim.
Buta verdi Qorqud ruhu,
Tez çin oldu röya- yuxu.
Dərk eylədim azı- çoxu,
Möcüzəli sirrdən gəldim
Mən kükrədim, coşdum-daşdım,
Sərhədləri keçib aşdım.
Şeir yazdım, nəğmə qoşdum,
Ehram, Araz, Kürdən gəldim.
İlham verdi Vətən mənə,
Oldu hər an həyan mənə.
Qoy gülməsin ötən mənə,
Cilalandım dürrdən gəldim.
Babalarım dahi, ulu,
Keçib onlar qeyrət yolu.
Bəy əsilli, dəli- dolu,
Mərd kişidən - Ərdən gəldim.
Budur sözün müxtəsəri,
Mənimlədi ilham Pərim.
Yazmaq üçün şah əsəri,
Göydən düşdüm , yerdən gəldim.
Həyat şirin, həyat gözəl,
Ömür sürür İLYAS özəl.
Yazır şeir, qoşma, qəzəl,
Zühr eylədim birdən gəldim,
Ulu Haqqdan, Pirdən gəldim.
9-10 yaşım olardı mən artıq cızma- qaralar edirdim. Demək mümkünsə xırda- para "şeirlər" yazırdım. Sonralar nəslimizin, Borçalımızın ziyalı oğlu , dövrünün Zərdabisi , tanınmış maarif xadimi Şəmsi Əlizadənin lirikasından bəhrələndim., elimin- obamın tanınmış el şairləri Xətə Namazın, İbrahimxəlil Alıoğlunun şeirləri ilə yaxıdan tanış oldum. Məşhur şair İbrahimxəlil Alıoğlu rəhmətlik mənim şeirlərimlə tanış olduqdan sonra "sənin gələcəyin var, sən mütləq şair olacaqsan"- deyə mənə xeyir- dua verdi. Yaxşı yadımdadı 1972-ci ildə məşhur nakam şair İsa Sadiq mənə xeyir-dua verərək dedi ki, səni təbrik edirəm sən artıq şairsən. Vaxt keçdi şeirlərim " Yeni Marneuli" qəzetində müntəzəm olaraq çap olunmağa başladı. İlk şeirim İlyas Vəfalı imzasıyla çap olundu. Ədəbi ictimaiyyətə İlyas Vəfalı kimi tanındım. Bu sahədə Pərixanım Mursaqulovanın, mərhum şair Qasım Abbasəliyevin, Abdulla Nəbiyevin müstəsna xidmətləri oldu. Həyatımda ilk "uğurlu yolu" Pərixanım Mursaqulova yazdı.
Nəhayət 2000- ci ildə elimin- obamın, Borçalımın, nəslimin alim qızı Aysəba xanım Şəmsi qızı Əlizadənin maddi və mənəvi köməkliyilə "Səda" nəşriyyatında "Borçalı oğluyam" ilk şeir kitabım işıqüzü gördü. Və 2000- ci ilin aprel ayında mərhum dostum, Borçalının sayılıb- seçilən ziyalı oğlu Osman Əhməd oğlu Çobanovun və dostum- qrdaşım Hüseyn Yusif oğlu Yusifovun yaxından köməklikləri ilə ilk kitabımın təqdimat mərasimi keçrildi. Görüşdə tanınmış ictimai-siyasi xadimlər, Borçalı ziyalıları, o cümlədən "Region" qəzetinin təsisçisi, "Rustavi" 2 kanalının əməkdaşı Tamara xanım iştirak etdilər. Mənim poeziyaya gəlişim belə oldu.
Bu günün də qəhrəmanı özüməm,
Məclisin də söhbəti mən, sözü mən,
Sevincimdən kövrəlmişəm, düzü, mən,
A Borçalım, doğma ocaq, doğma el!
Görüşümə bu gün Osman gəlibdi,
Cavanşirlə Asif, Hasan gəlibdi,
Hüseyn, Süleyman, Rəhman gəlibdi,
A Borçalım, doğma ocaq, doğma el!
Aysəbaya xüsusidi hörmətim,
O veribdi kitabıma qiyməti,
O çəkibdi kitabıma zəhməti,
A Borçalım, doğma ocaq, doğma el!
Gözün aydın, gözün aydın , Borçalı,
Şənlik edir bu gün sənlə Vəfalı,
Unutmaram bu büsatı, cəlalı,
A Borçalım, doğma ocaq, doğma el!
...Görüşümə Bakım, Gəncəm gəlibdi,
Neçə-neçə qocam, gəncim gəlibdi.
Sümüyümə, vallah, "Cəngi" gəlbdi,
Oğuz oğlu, qopuzunu, çal görək.
Elə çal ki, keçmişimə qayıdım,
Yatmış idim gec də olsa ayıldım.
Yüz yetmiş il dabanımdan soyuldum,
Oğuz oğlu, qopuzunu, çal görək.
Yadellilər sərvətimi taladı,
Torpağımı torpağına caladı.
Əvəzinə qoydu mənə qul adı,
Oğuz oğlu, qopuzunu, çal görək.
O tay, bu tay deyib axan Arazdı,
Bu taleyi qismətimə kim yazdı?
Xudafərin sınıq telli bir sazdı,
Oğuz oğlu, qopuzunu, çal görək.
Ayrı düşüb Təbriz, Dərbənd, Borçalı,
Ələsgərin Göyçə adlı mahalı.
Ağlar- sızlar " Vətən" deyə Vəfalı,
Oğuz oğlu, qopuzunu, çal görək.
Və beləliklə Borçalıdan təpərlənib Bakıya gəldim. Gözəl insanların sayəsində işlə- güclə təmin olundum. Günlərin bir günü yaxın qohumum Aysəba Xanım Şəmsi qızı Əlizadənin məsləhətilə tanınmış ziyalı, tədqiqatçı alim, gözəl jurnalist, gözəl insan, əsl Borçalı təəssübkeşi, görkəmli nasi və naşir Müşfiq Mədəd oğlu Borçalının ünvanına üz tutdum. Çox sağ olsun, məni gülərüzlə, mehribancasına qarşıladı və məni məmuniyyətlə işlə təmin etdi. "Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin redaktoru və "Borçalı" NPM-nin ədəbi redaktoru kimi jurnalistlik fəaliyyətinə başladım. Və mənim Azərbaycan Respublikasıda, Türk dünyasında tanımağımda Müşfiq Borçalının müstəsna xidmətləri var. Fürsətdən istifadə edərək Müşfiq Borçalıya və Aysəba Əlizadəyə öz dərin təşəkkürümü bildirirəm və hər iki ziyalıya "Nə yaxşı ki, varsınız" deyirəm.
2020-ci il 29 avqust həyatıma qədəm qoydu. Ünvanıma saysız- hesabsız təbriklər, telefon zəngləri gəldi. Qəflət yuxusundan ayıldım, demək 60 yaşımdı, nə tez gəldi özüm də bilmədən. Bir tanınmış ziyalı xanım, İlyas müəllim, tanınmış yazıçı var 60 yaşdan çox qorxurdu, bu günlər 75 yaşını qeyd etdi, siz necə, qoruxmursunuz? Mənim isə xanım əfəndiyə cavabım belə oldu: Mən əksinə 60 yaşıma çox sevindim, xoş gəlib,, səfa gətirib. Bu Allahın mənə lütfüdü. Mənim hədəfim 85- di.Allahın izniylə 85-i qarşılayıb yola salacağam.
Dünən Gürcüstanda tanınmış ictimai-siyasi xadim,gözəl insan, gözəl dost Gürcüstan Azərbaycanlıları Konqresinin prezidenti çox hörmət bəslədiyim şəxsiyyət Hüseyn Yusif oğlu Yusifov mənə zəng edərək 60 illik yubileyimlə əlaqədar məni səmimi və xoş sözlərlə ürəkdən təbrik etdi. Məni GAK- ın fəxri fərmanıyla təltif olunduğumu qeyd etdi, çox sağ olsun sevincimə sevinc qatdı.Hal-hazırda koronavirusun tüğyan etdiyi, pandemiyanın hökm sürdüyü bir vaxtda Gürcüstana səfər edə bilmirəm. Təki sağlıq olsun, karantin rejimi sona çatsın. Heseyn müəllimin dəvətini məmuniyyətlə qəbul edərək hökmən Borçalıya ziyarət edəcəyəm.
...Borçalı oğluyam sazım-sözüm var,
Ləhcəm də şirindir, dilim də şirin.
Qırx ildən çox olar cəh-cəh vururam
Bəmim də şirindir, zilim də şirin.
Dəsti- xəttim, adım-imzam bəllidir,
Həqiqət yoludur getdiyim bu yol.
Məndə cavabı var min bir sualın
Haqqın dərgahıyam, eşit, agah ol.
Vətən torpağının hər qarışına,
Nəğmə bəstələyib, şeir qoşmuşam.
Bağrıma basaraq çölü- çəməni
Hər gülə- çiçəyə könül açmışam.
Gah dağlı olmuşam, gah da aranlı,
Xoşgəldin eləyib oba- el mənə.
Təbriz, Kərkük, Dərbənd, Göyçə dərdim var
Tənə eyləməynən qafil gəl mənə.
Sənət aləmində, söz meydanında,
Deməyə hər zaman sözüm var mənim.
Heç vədə bu yoldan sapdıra bilməz
Nə şöhrət, nə dövlət, nə də var məni.
Və sonda məni təbrik edən hər bir kəsə öz dərin təşəkkürümü bildirirəm. Hər birinə ayrı- ayrılıqda: - Nə yaxşı ki, varsınız-, söyləyirəm.
Aylar, illər ötdü mən də "bac" aldım,
Torpaq təpər verdi, yurddan güc aldım.
Mərdlərə dost dedim, yadla öc oldum,
Öz alın tərimlə, dostlar, ucaldım,
Saçım çallaşsa da deməm qocaldım
Laylanla böyüyüb, Vətən, boy atdım,
Şəninə nəğmələr yazdım-yaratdım.
Eşqindən güc aldım vüsala çatdım,
Öz alın tərimlə, dostlar, ucaldım,
Saçım çallaşsa da deməm qocaldım.
Başıma ələndi, yağdı bəyaz qar,
Altımışdı, İlyas, üz tut yüzə var.
Görüm səni hər an xoşbəxt, bəxtiyar,
Öz alın tərimlə, dostlar, ucaldım,
Saçım çallaşsa da deməm qocaldım.
Borçalım
Borçalım, könlümə düşmüsən yaman,
Qoy gəlim gülündən öpüm qayıdım.
Sənsiz bu dünyada heç kiməm , inan,
Mehindən, yelindən öpüm qayıdım.
İstərəm bağçanı, bağını gəzim,
Aranını gəzim, dağını gəzim.
Girim bostanına tağını gəzim,
Ocaqda külündən öpüm qayıdım.
Çağır qonaq olum, görüşə gəlim,
Səninlə birlikdə şadlanım, gülüm.
İlyasam toxunsun daşına əlim,
Ləhcəndən, dilindən öpüm qayıdım.
İlyas Əfəndi Vəfalı
" Şərqin səsi", "Elm və Təhsil" qəzetlərinin redaktoru,
"Borçalı" NPM-nin ədəbi redaktoru,
şair-publisist.
turan.info.az
.