Bundan başqa, görkəmli şəxsiyyətlər cəmiyyətin və xalqın təkamül proseslərində böyük ədəbiyyatın rolunu və təsirini dərindən qiymətləndirdikləri üçün, yaşadıqları dövrün ədəbi prosesini ölkənin qarşısında duran böyük ideallara doğru istiqamətləndirmişlər. Bu halda şəxsiyyət xalqı oyatmaq, dirçəltmək, səfərbər etmək məqsədilə ümumiyyətlə, ədəbiyyat faktorundan, ya da yazıçı amilindən düşünülmüş şəkildə istifadə etmişdir. Hər iki halda ədəbiyyat və şəxsiyyət münasibətlərindən yazıçılar da, ədəbiyyat da, hətta zaman da qazanmışdır.
Heydər Əliyevin simasında şəxsiyyət və ədəbiyyat münasibətləri bütün hallarda ədəbiyyatın xeyrinə olmuşdur.
Bu məqamda ilk növbədə şəxsiyyət - Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirmiş və inkişaf etdirmişdir.
Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli-mənəvi dəyərləri vəsf etmiş və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş vermişdir. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırmışdır. Haqlı olaraq deyildiyi kimi, həmin dövrdə tarixi mövzuda yazılmış bədii əsərlər milli-tarixi özünüdərk proseslərinin dərinləşməsində əhəmiyyətli rol oynamışdır, proseslərin kütləviləşməsinə və miqyasının genişlənməsinə özünün layiqli təsirini göstərmişdir.
***
Heydər Əliyevin dövlətçilik təfəkkürünün formalaşmasında, görkəmli dövlət xadiminin zəngin mənəviyyata və geniş dünyagörüşə malik nəhəng şəxsiyyət masştabını fəth etməsində ədəbiyyat və incəsənətin də böyük və xüsusi rolu olmuşdur. Ulu öndər həmişə bu fikirdə olmuşdur ki: “Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir”. Bu baxımdan qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biridir.
Müasirləri hələ gənclik illərində onun Naxçıvanın teatr mühitində yaxından iştirak etdiyini, “Vaqif” pyesində, “Qaralar ölkəsində” adlı dram əsərində əsas rolları məharətlə ifa etdiyini xatırlayırlar. Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər görkəmli dövlət xadiminin Naxçıvan şəhərindəki muzeyində qorunub saxlanmaqdadır. Vaxtilə Naxçıvan Pedaqoji Texnikumunda onunla oxumuş tələbə yoldaşı Dövlət Məmmədov Heydər Əliyevin ədəbiyyata və teatra münasibəti haqqında aşağıdakıları yazmışdır: “Yadımdadır, Lev Tolstoyun “Hərb və sülh” romanını o vaxt rus dilində oxuyur, məzmununu bizə danışırdı... Bundan əlavə, həvəskar teatrda da çalışırdı. Tamaşalarda adətən, baş rolları oynayır, özü də şah, hökmdar, xalq qəhrəmanı obrazını canlandırırdı”.
Bütün bunlarla bərabər, bu görkəmli tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan Yazıçılarının X qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, “oxumuşam, unutmamışam” sözləri sadəcə, bir fikir deyil. Yəni, onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.
Azərbaycan ədəbiyyatını və dünya ədəbiyyatı klassiklərini mütaliə etmək, dərindən bilmək, yadda saxlamaq və dövlət siyasətində ədəbiyyat amilindən məharətlə istifadə etmək baxımından Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevlə müqayisə edilə biləcək dövlət başçısı göstərmək çətindir.
Çoxcildlik siyasi irsinə, ədəbiyyat haqqında nitqlərinə, çıxışlarına, yazıçılara ünvanladığı təbrik məktublarına əsaslanaraq, belə bir nəticə çıxarmaq mümkündür ki, Heydər Əliyev Azərbaycanın qədim dövrlərdə, orta əsrlərdə və ya öz dövründə yaşayıb-yaratmış görkəmli yazıçı və şairlərinin demək olar ki, mütləq əksəriyyətinin əsərlərini diqqətlə oxumuş, özü üçün konkret nəticələr çıxarmışdır. O, dünya ədəbiyyatının, xüsusən rus ədəbiyyatının şedevrlərinə də yaxından bələd idi. Bu dahi şəxsiyyət söz sənəti dühalarının əsərlərini və ideyalarını dərindən mənimsəmişdir. Akademik Bəkir Nəbiyevin vaxtilə yazdığı kimi, “bunun birinci səbəbi özünün də dəfələrlə etiraf etdiyi və konkret əməllərində sübuta yetirdiyi məhəbbətdir: ədəbiyyata, sənətə, mədəniyyətə sonsuz məhəbbət. Digər bir səbəb Heydər Əliyevin klassik irsimizə və çağdaş ədəbi-mədəni prosesə bələdliyidir”.
Bu səbəbdəndir ki, Azərbaycan yazıçılarının 1971-ci ildə keçirilmiş V qurultayından 1997-ci ildə keçirilən X qurultayınadək bütün mötəbər tədbirlərində iştirak və çıxış edən Heydər Əliyevin nitqlərində ədəbiyyatın cəmiyyətin və mənəviyyatın inkişafındakı rolu ilə eyni səviyyədə müasir həyatın inkişafındakı borcu və vəzifələri də ən zəruri məsələlər sırasında xüsusi yer tutmuşdur.
Əlbəttə, görkəmli dövlət xadimi Heydər Əliyevin xüsusi rəğbət bəslədiyi yazıçı və şairlər, ayrıca fərqləndirdiyi, üstünlük verdiyi bədii əsərlər olmuşdur. Bu məqamda dövlət xadimi səviyyəsində onun şəxsi ədəbi zövqü və maraqları, ədəbiyyatda izlədiyi qayədə qabarıq şəkildə ifadə olunur. Heydər Əliyev qəti olaraq bu fikirdə idi ki, “...yalnız o yazıçıların insanın zəkasına və qəlbinə təsir göstərmək kimi böyük mənəvi hüququ var ki, o, ictimai həyatda da, şəxsi davranışı ilə də öz oxucusuna doğrudan da nümunə ola bilir, yəni, xalq qarşısında öz mənəvi məsuliyyətini bütün dərinliyi ilə dərk edir”.
Müşahidələr göstərir ki, böyük siyasi xadim Heydər Əliyev dram əsərləri içərisində Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasına, şairlərdən xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinə, poema janrı baxımından Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” əsərinə, milli mətbuat sarıdan “Molla Nəsrəddin” jurnalına, opera üzrə Üzeyir Hacıbəyovun “Koroğlu”suna, mənzum faciələrdən Hüseyn Cavidin “İblis”inə xüsusi önəm verdiyini və bu ədəbi nümunələri xüsusilə fərqləndirdiyini dəfələrlə nəzərə çarpdırmışdır.
Diqqət edilsə, bu ədəbiyyat faktlarının hər birində yüksək bədiiliklə yanaşı, xalqın milli-mənəvi özünüdərk məsələləri və böyük ictimai idealları özünün parlaq əksini tapmışdır. Ona görə də Heydər Əliyevin bədii ədəbiyyata münasibətdə şəxsi maraqları ilə dövlətçilik düşüncəsinin üstüstə düşdüyü, bir-birini üzvi surətdə tamamladığı aşkar müşahidə olunur.
Bütövlükdə isə Heydər Əliyev ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, ədəbiyyatı cəmiyyəti və insanı dəyişdirib inkişaf etdirən bilik və hikmət xəzinəsi kimi dəyərləndirmişdir. Heydər Əliyevin ədəbiyyat sevgisi Vətən və xalq sevgisinin, milli dövlətçilik baxışlarının əsas göstəricilərindən, zəruri amillərindən birini təşkil edir. Görkəmli dövlət xadimi hələ 1971-ci ildə Azərbaycan yazıçılarının
V qurultayındakı tarixi nitqində məsələnin bu cəhətini ön mövqeyə çəkərək demişdi: “Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini ədəbiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.
***
Ədəbiyyata xalqın keşməkeşli taleyinin, tarixi yaddaşının, müasir həyatının və inkişafının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Həmin prinsiplər Heydər Əliyevin dövlətçilik təlimində və ədəbiyyat siyasətində sadəcə, yanaşı mövcud olan amillər deyildir. Əksinə, qeyd olunan istiqamətlər Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətində, üzvi sintezində tam məna tapa bilir. Bu isə sovet rejimi çərçivəsində olsa belə, nəticə etibarilə Azərbaycanda möhkəm milli əsaslara malik olan, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan və möhkəmləndirməkdən ibarət olmuşdur.
Azərbaycanda 1969-1982-ci illərdə milli mədəniyyət və ədəbiyyat böyük sürətlə inkişaf etdirilmiş, yaradıcı qüvvələrin qarşısında geniş üfüqlər açılmış, onların keçmiş Sovetlər İttifaqı miqyasında tanıdılması və qiymətləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Görkəmli ədəbiyyat və incəsənət xadimləri Qara Qarayevin, Rəsul Rzanın, Tahir Salahovun, Mirzə İbrahimovun, Rəşid Behbudovun, Süleyman Rəhimovun dövrün ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmələri böyük dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsinin ən mühüm hadisələridir. 1972-ci ildə böyük dövlət xadimi və görkəmli yazıçı Nəriman Nərimanovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi və Bakı şəhərində ona əzəmətli heykəl ucaldılması dövrün mühüm tarixi hadisəsinə çevrilmişdir. Məlum olduğu kimi, sovet rejimi qeyri-rəsmi şəkildə milliyyətçi hesab edərək Nəriman Nərimanovu ictimai-ədəbi mühitin arxa planına ötürdüyünə görə, Heydər Əliyev bu böyük şəxsiyyətin yubileyini keçirmək və heykəlini qoymaq üçün Moskva-Kreml səviyyəsində iş aparmalı olmuş və mühüm əhəmiyyətə malik olan həmin tədbirləri həyata keçirməyə nail ola bilmişdir. Beləliklə, Nəriman Nərimanov yenidən Azərbaycan xalqına qaytarılmışdır.
Məhz buna görə, Heydər Əliyevin Nəriman Nərimanovun heykəlinin açılışı mərasimində dediyi aşağıdakı fikirlər böyük ictimai-siyasi məna daşıyır: “Azərbaycan paytaxtında bütün ömrünü zəhmətkeşlərin azadlığı və səadəti uğrunda mübarizəyə həsr etmiş insanın, SSRİ Mərkəzi İcraiyyə Komissarlığının ilk sədrlərindən biri Nəriman Nərimanovun abidəsinin ucaldılmasının dərin rəmzi mənası vardır. ...Nəriman Nərimanov bu gün bizimlədir. O özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları üzərində, ...Bakıda ucalır və sovet hakimiyyəti illərində tanınmaz dərəcədə dəyişilmiş respublikamıza elə bil iftixarla nəzər salır”.
***
Heydər Əliyevin ədəbiyyatda apardığı millilik siyasəti özündə xəlqilik, vətənpərvərlik, adət-ənənələrə dərin ehtiram, ana dilinin mövqeyinin genişləndirilməsi və sair kimi məsələləri əhatə edir. Bu istiqamətlərin hər biri üzrə ədəbiyyat sahəsində aparılan siyasət geniş mənada incəsənətin bütün sahələrini də əhatə etmiş, beləliklə, ümumdövlət siyasətinin əsaslarına çevrilmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə başlanan bu siyasi xətt müstəqillik dövründə də davam və inkişaf etdirilərək vahid bir dövlətçilik təlimi səviyyəsinə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin ana dilinin dövlət dilinə çevrilməsi və imkanlarının genişləndirilməsi uğrunda apardığı mübarizədə ədəbiyyat faktorundan istifadə bütün sahələrdə aparılan milliləşdirmə tədbirlərinə zəmin hazırlamaq niyyətini izləmişdir. Əslində isə ana dili uğrunda mübarizə geniş mənada milli istiqlaliyyət yolunda addım-addım irəli getmək demək idi. Buna görə də diqqət edilsə, XX əsrin 70-80-ci illərində Azərbaycan ədəbi-ictimai mühitində ana dili məsələləri geniş yer tutmuşdur. Xalq şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, bir qədər sonra Anar və Sabir Rüstəmxanlı kimi sənətkarların ana dili uğrunda apardıqları milli mücadiləyə dövlət səviyyəsində müəyyən üsullarla meydan açılmış və bu, mahiyyət etibarilə xalq arasında və mərkəzi hökumətdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması üçün ictimai rəyi hazırlamışdır.
Doğrudan da cəmiyyətdə ana dili uğrunda gedən prosesləri zaman-zaman mərkəzi hökumətin diqqətinə çatdırmaqla və məsələyə Siyasi Büro səviyyəsində aydınlıq gətirməyi bacarmaqla Heydər Əliyev hələ sovet hakimiyyəti illərində, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi ölkənin Konstitusiyasına ayrıca maddə kimi daxil edilməsinə nail olmuşdur. Bununla yanaşı, milli mücadiləyə könül vermiş, ömür sərf etmiş yazıçı və şairlər deputat seçilmək, fəxri adlar və dövlət mükafatları almaqla həm rəğbətləndirilmiş, həm də etibarlı şəkildə müdafiə olunmuşlar. Əslində, bu yolla Heydər Əliyev həm də onların fəaliyyətinə dəstək verdiyini göstərmiş, həmin yazıçıların toxunulmazlığına real təminat yaratmışdır.
Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimlərini - Muxtar Hüseynzadəni, Əlövsət Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu çoxcildlik “Müasir Azərbaycan dili” dərsliyinə görə respublikanın Dövlət Mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Bununla, Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti məsələsini ilk dəfə tam rəsmi olaraq böyük qətiyyətlə dövlət siyasəti səviyyəsində həyata keçirməklə tamamlamışdır. Ana dili uğrunda aparılan mübarizə öz növbəsində Azərbaycan cəmiyyətində və ədəbiyyatında millilik məsələsini diqqət mərkəzinə çəkmək, geniş mənada milli azadlıq mövzusunu dəstəkləmək demək idi.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Heydər Əliyevin böyük demokrat Cəlil Məmmədquluzadənin 1994-cü ildə keçirilmiş 125 illik yubileyində ana dili məsələlərinə göstərdiyi xüsusi diqqət həmin sahədəki digər böyük tədbirlərin başlanğıcına çevrilmişdir. Heydər Əliyev görkəmli yazıçı haqqındakı nitqində “Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyət, ...ədəbiyyatımızın klassiki” kimi çox yüksək qiymətləndirdiyi Cəlil Məmmədquluzadənin ana dili uğrunda mübarizəsini müasir dövr üçün də zəruri hesab etmişdir: “Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi “Vətən, Vətən, Vətən! Millət, Millət, Millət! Dil, Dil, Dil!” sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir. Ədibin ana dilinə - Azərbaycan dilinə böyük diqqəti, ana dilini bilməyə səsləməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsi zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün vacib idi, bu gün üçün də çox aktualdır”.
Heydər Əliyevin ədəbiyyat siyasətinin əsasını təşkil edən ən mühüm amil geniş mənada azərbaycançılıq məfkurəsinin cəmiyyətdə geniş yer tutmasından ibarət idi. Böyük dövlət xadimi özünün bütün fəaliyyəti boyu azərbaycançılıq idealını həmişə ön mövqedə saxlamış, ədəbiyyat sahəsində də bu ümummilli ideala xüsusi diqqət yetirmişdir. O, bu böyük ümummilli qayəsini həyata keçirmək üçün ən müxtəlif vasitələrdən, o cümlədən ədəbiyyat amilindən məharətlə istifadə etmişdir. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illik yubileyi hadisəsindən istifadə edərək Heydər Əliyev əvvəla, onun mənşə etibarilə azərbaycanlı olması fikrini möhkəmləndirmiş, ikincisi isə orta əsrlərdə azərbaycanlıların geniş ərazilərdə, müxtəlif Şərq ölkələrində yaşayıbyaratdıqlarını gündəmə gətirmişdir. Sovet cəmiyyətində bu mövzuda açıq danışmağın böyük çətinliklərinin olduğu bir vaxtda Azərbaycan Sovet Respublikası rəhbərinin “mühacirətdə” yaşamış sənətkarın ölkədə yubileyini keçirməsi, Bakıda heykəlini ucaltması, adının rayona, metro stansiyasına, məktəbə verilməsi qəhrəmanlıq hadisəsi idi.
Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi də türk dünyasının ortaq sənətkarlarından biri kimi qəbul edilən bu böyük sənətkarın milliyyətcə azərbaycanlı olmasına dair reallığı möhkəmləndirməklə bərabər, həm də Azərbaycanı tanıtmaq, azərbaycançılıq ideyasının, milli-mənəvi dəyərlərimizin tarixi-ədəbi köklərini cəmiyyətə çatdırmaq məqsədini izləmişdir: “Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında, bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir. Eyni zamanda, həm də mədəniyyətimizi, tariximizi təbliğ etmək üçün çox əlverişli fürsətdir və biz bundan hərtərəfli istifadə etməliyik”.
Göründüyü kimi, Heydər Əliyevin ədəbiyyat təlimindəki millilik anlayışı özündə bütün dolğunluğu ilə azərbaycançılıq məfkurəsini əks etdirir. Və yaxud da azərbaycançılıq Heydər Əliyevin apardığı ümummilli siyasətin lokomotividir. Azərbaycan ədəbiyyatı klassiklərindən Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Mə-həmməd Füzulinin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, həmçinin yeni dövr bədii fikrimizin Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Anar, Elçin, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi, Sabir Rüstəmxanlı və başqaları kimi onlarla nümayəndələrinin dövlət səviyyəsində yubileylərinin keçirilməsi, bu yaradıcı şəxsiyyətlər haqqında aparılan tədqiqat-təbliğat işləri həmin sənətkarların mənsub olduğu xalqa daha yaxından tanıdılması ilə bir sırada, həm də azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurla xidmət etmişdir.
Heydər Əliyev keçmiş İttifaq səviyyəsində ən yüksək siyasi dairələrdə böyük cəsarətlə bəyan etmişdir ki: “Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq. Nizami Gəncəvinin yubileyi bu böyük sənətkarın timsalında Azərbaycanın əvvəlcə keçmiş Sovetlər İttifaqında, daha sonra isə bütün mədəni dünyada tanıdılması missiyasına uğurla xidmət etmişdir. Məsələnin bu şəkildə qoyuluşu həm Nizami Gəncəvinin, həm də onu yetirən xalqın mənəvi zənginliyinin, bəşəri dəyərlərinin də təqdim olunmasına meydan açmışdır.
Heydər Əliyevin böyük əks-səda doğurmuş aşağıdakı mülahizələri də Azərbaycanın, xalqımızın ədəbi şəxsiyyətlər vasitəsilə tanıdılması qayğılarını aydın surətdə əhatə edir: “Bu yubileyi keçirərkən, biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir”.
Heydər Əliyev azərbaycançılıq məfkurəsini milli istiqlal mücadiləsi miqyasınadək inkişaf etdirmişdir. Ölkəmizdə azərbaycançılar həm də milli istiqlalçılar kimi tanınmış və müxtəlif vasitələrlə müdafiə olunmuşlar. Bütün faktlar və hadisələr sübut edir ki, Heydər Əliyev keçmiş sovet rejimi dövründə bütün çətinliklərə baxmayaraq, milli istiqlal düşüncəsinin əsaslarını formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifəni böyük bacarıqla həyata keçirmişdir. Sovet dövləti ilə münasibətləri tərs gələn milli istiqlalçıların - Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun, xalq yazıçısı Mirzə İbrahimovun, böyük vətəndaş alim, professor Abbas Zamanovun, xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın və başqalarının böyük dayağı ölkə rəhbəri Heydər Əliyev olmuşdur. XX əsrin 70-80-ci illərində baş verən əsas ictimai-siyasi, ədəbi-mədəni hadisələrin, görünən və görünməyən proseslərin mahiyyətində millilik amili, müstəqillik düşüncəsi, milli dövlətçilik qavrayışı dayanmışdır.
Deməli, ədəbiyyat vasitəsilə milli-mənəvi özünüdərk proseslərinin daha da dərinləşdirilməsi, azərbaycançılıq məfkurəsinin mənimsədilməsi və istiqlalçılıq miqyasına çatdırılması Heydər Əliyevin ədəbiyyat siyasətinin əsas prinsiplərindəndir. Ulu öndər həmişə bu fikirdə olmuşdur ki, “...bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçibdir”. Dövlət rəhbərinin Azərbaycan yazıçı və şairlərinə göstərilən diqqət və qayğının ətrafında da ədəbiyyatın milli-mənəvi özünüdərk, vətənpərvərlik, azərbaycançılıq ideyalarının həyata keçirilməsində ədəbiyyatın xüsusi roluna və əhəmiyyətinə bəslədiyi yüksək münasibəti dayanmışdır.”Kitabi-Dədə Qorqud” dastanlarının yaranmasının 1300 illiyinin beynəlxalq miqyasda keçirilməsi görkəmli dövlət xadiminin Azərbaycan xalqını və ölkəsini dünya səviyyəsində tanıtmasına, dövlətimizə və xalqımıza etibarlı tərəfdaşlar qazandırmasına doğru istiqamətləndirilmiş və müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Türkdilli Dövlətlər Birliyinin Zirvə toplantısının iştirakçıları olan dövlət başçılarının qatıldıqları yubiley mərasimində müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi Heydər Əliyevin nitqində ifadə olunan aşağıdakı fikirlər müasir dövr üçün bir çox cəhətdən əhəmiyyətli olan bəyanat kimi səslənmişdir: “Kitabi-Dədə Qorqud” bizim ana kitabımızdır. Biz fəxr edirik ki, Dədə Qorqud bizim əcdadımızdır. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi abidəmiz vardır. Biz fəxr edirik ki, “Kitabi-Dədə Qorqud” kimi ulu əcdadımız vardır”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin meydana qoyduğu aşağıdakı düşünülmüş format “Kitabi-Dədə Qorqud” dastanlarına münasibətdə obyektiv reallığı əks etdirən və bütün mövcud olan və ola biləcək mübahisələrə son qoyan siyasi-elmi düsturdur: “Kitabi-Dədə Qorqud” bütün türk dünyasına məxsusdur. Onun Vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.
Dünya şöhrətli böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin qeyd olunması ilə də Heydər Əliyev ilk növbədə bu qüdrətli sənətkarı lazımi səviyyədə öz ölkəsi olan Azərbaycanda, daha çox isə bəşəri ideallar carçısı olan qüdrətli Azərbaycan şairi kimi dünyada tanıtmaq və xalqımızın milli iftixar duyğusunu yüksəltmək vəzifələrini uğurla həyata keçirmişdir. Nizami Gəncəvinin yubileyinin keçmiş Sovetlər İttifaqı miqyasında keçirilməsi üçün Kreml rəhbərliyindən razılıq əldə olunması yolunda dövlət rəhbərinin apardığı məqsədyönlü işin özü də vətənpərvərlik və iftixar düşüncəsi üçün örnəkdir. Ulu öndərin Nizami Gəncəvinin 840 illik yubileyi mərasimi ilə bağlı söylədiyi aşağıdakı sözlər hər bir azərbaycanlıda dərin vətənpərvərlik duyğuları oyatmağa xidmət edir: “Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə, bizə çox yerdə irad tuturdular ki, 840 il yuvarlaq tarix deyildir. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.
Bunlar Heydər Əliyevin ədəbiyyat siyasətində həm də Azərbaycanın mənafeyinin qorunması, müdafiə edilməsi kimi məsələlərin də əhatə olunduğunu qabarıq surətdə nəzərə çarpdırır.
***
Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətində tarixilik prinsipinin özünəməxsus yeri vardır. Böyük dövlət xadimi Heydər Əliyev bu fikirdə idi ki, “Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də... respublikamıza maraq göstərən adamlara tanıtmaq lazımdır”. Heydər Əliyev Azərbaycan xalqına özünün soykökünü, milli-tarixi keçmişini dərindən və əsaslı şəkildə dərk etdirmək, mənimsətmək, xalqımızda milli qürur hisslərini daha da yüksəltmək üçün tarixi mövzularda bədii əsərlərin yazılmasına meydan verilməsini zəruri saymışdır. Heydər Əliyev epoxasında dövlət səviyyəsində təşviq edilən tarixi mövzulara müraciət siyasətinin işığında görkəmli Azərbaycan yazıçıları İsmayıl Şıxlının, Anarın, Elçinin, İsa Hüseynovun, Yusif Səmədoğlunun, Əzizə Cəfərzadənin, Hüseyn İbrahimovun, Fərman Kərimzadənin, Əlisa Nicatın, Həmid Arzulu və başqalarının tarixi mövzularda yazdıqları bədii əsərlər Azərbaycan xalqının milli-tarixi özünüdərk proseslərinin dərinləşməsində əhəmiyyətli rol oynamışdır. Dövlət dəstəyi sayəsində ölkədə tarixi mövzularda yazılmış bədii əsərlərin əsasında filmlərin çəkilməsi, teatr tamaşalarının hazırlanması, bu əsərlərdən bəzilərinin rus dilinə tərcümə olunması, xarici ölkələrdə nəşri prosesinin kütləviləşdirilməsinə və miqyasın genişlənməsinə özünün layiqli töhfəsini vermişdir. Beləliklə, Azərbaycan təkcə müasir inkişaf səviyyəsi ilə deyil, həm də zəngin tarixi ənənələri ilə dünyada tanıdılmışdır.
Tarixilik prinsipini önə çəkərkən Heydər Əliyev klassik ədəbi ənənədən yaradıcı şəkildə istifadə etməyi ən zəruri amillərdən biri saymışdır. Onun böyük uzaqgörənliklə və sanki mahir bir ədəbiyyatşünas dəqiqliyi ilə Azərbaycan yazıçılarının 1981-ci ildə keçirilmiş VII qurultayındakı tarixi nitqində səslənən aşağıdakı fikirlər yazıçı və şairlər üçün çox əhəmiyyətli sənət direktivləridir: “Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır. Əvvəlki nəsillərin istedadı və əməyi ilə yaradılmış bütün sərvətləri mənimsəmədən,... əvvəlki təcrübəyə arxalanmadan müvəffəqiyyətlə irəli getmək olmaz. Tarix ən qüdrətli və təsirli tərbiyə vasitələrindən, şüurları və həyat mövqelərini formalaşdırmaq vasitələrindən biridir. Mədəniyyətin milli sərvətlərinin demək olar əsas mühafizəçisi olan yazıçının yüksək vətəndaşlıq vəzifəsi xalqın tarixini onun müasir mədəniyyətinə xidmət göstərməyə cəlb etməkdir”.
Heydər Əliyevə görə, tarixi mövzuda yazılan əsərlərdə tarixiliklə bədiilik və müasirlik vəhdət daşımalıdır: “Tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, açıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər”. Buna görə də tarixi mövzular əsərlər yaratmağa girişməzdən əvvəl ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq işi aparmalıdır.
İctimai-siyasi istiqaməti ilə yanaşı, elmi cəhətdən də əhəmiyyətli olan yuxarıdakı mülahizələr tarixiliklə bədiiliyin sintezinə dair Heydər Əliyev tezisləri kimi səslənir. Bu cür aydın və konkret tələblər tarixi mövzuların meydanını genişləndirmiş, həmin mövzuda layiqli bədii əsərlərin yazılması ilə nəticələnmişdir. Bu isə öz növbəsində ölkəmizdə milli-tarixi dərk proseslərinin dərinləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
***
Heydər Əliyevin ədəbiyyat siyasətində müasirlik meyarının özünəməxsus rolu və yeri vardır. Böyük siyasətçinin nəzərində müasirlik genişmiqyaslı bir kateqoriya kimi həm çağdaş həyatın ədəbiyyatda əks etdirilməsi, həm də müasir düşüncənin, yeni təfəkkürün ədəbiyyata və həyata gətirilməsi vəzifələrini əhatə edir. Ona görə də Heydər Əliyev həmişə “öz dövrünü tam dolğunluğu ilə göstərməyin, ictimai inkişafın dialektikasını bədii formada canlandırmağın, onun ən mühüm meyillərini və qanunauyğunluqlarını açmağın necə məsul vəzifə olduğunu hər bir sənətkarın dərk etməsi çox böyük vəzifədir” qənaətində olmuşdur. Bu böyük dühanın fikrincə, müasir həyatdan söz açan əsl sənətkar ötəri, keçəri meyilləri deyil, “ictimai inkişafın müqəddəratını müəyyən edən prosesləri və hadisələri ilk növbədə təsvir etməlidir”. Heydər Əliyev hesab edirdi ki, “bizim zəmanəmiz və müasirlərimiz haqqında gözəl əsərlər yaratmaq Azərbaycan yazıçılarının əsas qayğısı olmalıdır.”
Həm keçmiş sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan yazıçılarının qurultaylarındakı dərin məzmunlu məruzələri müasir ədəbiyyatın, yaxud da ki, ədəbiyyatda müasirlik məsələsinin bədii əksinin proqramına çevrilmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin yazıçı və şairlərin yubileyləri haqqında imzaladığı sərəncamlarda, sənətkarlara ünvanladığı təbrik məktublarında, onlardan bir çoxuna həsr edilmiş təntənəli mərasimlərdəki nitqlərində həmişə geniş mənada ədəbiyyatda müasirlik mövqeyindən çıxış edərək, ədəbi prosesi bu istiqamətə doğru yönləndirmişdir. Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 80 illiyi münasibətilə yazılmış təbrik məktubunda “xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq, …xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmək” kimi keyfiyyətlərin diqqət mərkəzinə çəkilməsi bədii sənətin müasirlik kateqoriyasına bəslənilən münasibətin əks-sədasıdır. Heydər Əliyevin Məmməd Araza 60 illiyi ilə əlaqədar göndərdiyi təbrik məktubunda vətəndaşlıq mövqeyi və mənəvi təkamül məsələlərinə xüsusi fikir verilmişdir. Heydər Əliyevin XX əsrin sonlarına doğru yaşayıb-yaratmış yazıçı və şairlərin yaradıcılıq fəaliyyətini qiymətləndirərkən, onların cəmiyyətdə baş verən ictimai-siyasi proseslərdəki iştirakını, əsərlərindəki mübarizə və azadlıq ruhunu önə çəkməsi də sənətkar və zaman münasibətlərinə müasir dövrün meydana çıxardığı ümummilli ideallar baxımından yanaşmasından irəli gəlmişdir. Xalq şairi Xəlil Rza Ulutürkün vəfatı ilə əlaqədar 24 iyun 1994-cü il tarixdəki vida mərasimində deyilmiş aşağıdakı fikirlər müasirlik düşüncəsinə yeni tarixi dövrün axarında işıq salmağın ifadəsi idi: “Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ön cərgəsində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm də şair kimi… örnək olmuşdur. O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. …Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox da cəsurluğuna, əyilməzliyinə, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm”.
Müstəqillik dövrünün çətin və məsuliyyətli illərində deyilmiş bu fikirlər Azərbaycan xalqının azadlıq mübarizəsində yüksək vətəndaşlıq mövqeyi və cəsarət nümayiş etdirmiş Xəlil Rza Ulutürkün ədəbi-ictimai xidmətlərinə verilmiş yüksək qiymətin ifadəsi olmaqla bərabər, həm də yazıçı və şairlərə ünvanlanmış çağırış kimi səslənmişdir. Deməli, Heydər Əliyevin ədəbiyyatda müasirlik məsələsinə baxışı cəmiyyətdə gedən ictimai-siyasi və mənəvi proseslərlə bağlı olub, xalqı və ölkəni daim irəliyə aparmağa, yeniləşdirməyə xidmət etmişdir. O, yazıçılara və onların əsərlərinə qiymət verərkən ədəbiyyatşünaslığın, yəni, elmin tələblərindən deyil, həyatın və ədəbiyyatın daxili məntiqindən çıxış etmişdir. Heydər Əliyevin ədəbiyyat təlimi ədəbiyyatşünaslıq və sənətşünaslıq, tarix və dilşünaslıq elmlərini də zənginləşdirmiş və inkişaf etdirmişdir.
Müasir ədəbiyyatdan və ya ədəbiyyatda müasirlik məsələsindən danışarkən Heydər Əliyev ədəbi tənqidin rolu və vəzifələri məsələsinə xüsusi diqqət yetirmişdir. O, ədəbi-ictimai proseslərdə tənqid və ədəbiyyatşünaslığın rolunun artırılmasını, ümumi inkişafın və yaradıcılıq proseslərinin düzgün istiqamətləndirilməsi və qiymətləndirilməsini əsas vəzifələrdən biri hesab etmişdir: “Müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir. Onlar bədii həyatımızın mürəkkəb, bəzən ziddiyyətli proseslərini dərindən təhlil etməyə və ümumiləşdirməyə borcludurlar... Tənqidi fikrin üfüqləri hələ də nəzərəçarpacaq dərəcədə genişlənməmişdir... Azərbaycan ədəbiyyatşünaslığının və tənqidinin vəzifələri geniş və çoxcəhətlidir. İctimai, bədii-estetik zövqləri formalaşdırmaq, incəsənətdə sönüklüyə, durğunluğa, xalturaya, yabançı baxışlara qarşı mübarizə aparmaq işində ədəbiyyatşünaslığın və tənqidin rolunu gücləndirmək lazımdır”.
Məhz dövlət səviyyəsində qarşıya qoyulan aydın və konkret vəzifələrin nəticəsində XX əsrin səksəninci illərində respublikada tənqid və ədəbiyyatşünaslıq sahəsində böyük canlanma əmələ gəlmiş və yeni tənqidçilər nəsli yetişib formalaşmışdır.
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan”, “Qobustan”, “Ulduz” və “Literaturnıy Azerbaydjan”jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi də Heydər Əliyevin çətin keçid dövrü proseslərində milli ədəbiyyatın və ədəbi prosesin inkişafına göstərdiyi böyük qayğının əməli təzahürüdür.
Sözün həqiqi mənasında, Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər milli ədəbiyyatın və incəsənətin inkişafında müasir intibah dövrü adlandırılmağa layiqdir. Bu, ölkəmizdə azərbaycançılıq məfkurəsinin, böyük ədəbiyyatın və milli ziyalılığın böyük dirçəliş dövrüdür.
***
Azərbaycançılıq və müstəqil dövlətçilik ölkəmizin ədəbiyyat siyasətində Heydər Əliyev - İlham Əliyev epoxasının ortaq ana prinsipidir. Bu baxımdan yanaşdıqda, görkəmli dövlət xadimi Heydər Əliyevin “Dədə Qorqud” dastanlarına münasibəti ilə Prezident İlham Əliyevin bu möhtəşəm ədəbi abidəni qiymətləndirməsi biri digərini tamamlayan vahid təlimdir. Məlum olduğu kimi, vaxtilə “Dədə Qorqud” dastanlarının möhtəşəm yubiley tədbirlərini keçirmiş Heydər Əliyev bu dastana mühüm azərbaycançılıq hadisəsi kimi baxmışdır: “Kitabi-Dədə Qorqud” dastanlarının fövqəladə əhəmiyyəti ondadır ki, o bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 dekabr 2013-cü ildə Bakı şəhərində Dədə Qorqud parkının və Dədə Qorqud heykəlinin açılışı mərasimindəki çıxışında da dastana münasibətdə azərbaycançılıq ön mövqedə dayanmışdır: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Dastanın qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar... Əsərdə Oğuz eli kimi coğrafi məfhum bütün Azərbaycan oğuznamələrini əhatə edir.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında”kı 28 dekabr 2013-cü il və “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” verilmiş 20 fevral 2015-ci il tarixli sərəncamların ruhunda, mahiyyətində müasir dövrdə azərbaycançılıq faktorunun əhəmiyyəti məsələsi üstünlük təşkil edir. Yeni dövrün ədəbiyyat siyasəti ölkəmizdə uğurla həyata keçirilən multikulturalizm və tolerantlıq siyasəti ilə daha da zənginləşdirilmişdir.
Azərbaycanın bir çox görkəmli sənətkarları ilə əlaqədar dövlət tədbirlərində, o cümlədən xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi haqqındakı 14 yanvar 2015-ci il tarixli sərəncamında da ümummilli idealların diqqət mərkəzinə çəkilməsi Prezident İlham Əliyevin ədəbiyyat siyasətində azərbaycançılığın davamlı xətt təşkil etdiyini göstərir: “Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaş ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır.”
Yeni tarixi epoxada görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətinə dair formalaşmış ənənələr ardıcıl olaraq yaradıcı şəkildə davam etdirilməkdədir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin sanballı yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Həmçinin böyük xidmətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə Prezident mükafatlarının verilməsi də ulu öndər tərəfindən əsası qoyulmuş yazıçı zəhmətinin və ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Bundan başqa, uzun illik fasilədən sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Mükafatının verilməsinin yenidən davamlı olaraq bərpa edilməsi də ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir.
Bütün bunlarla bərabər, hazırda cəmiyyətin inkişaf xüsusiyyətlərinə, ölkəmizin artan iqtisadi imkanlarına uyğun olaraq ədəbiyyat siyasəti sahəsində bir sıra yeni tədbirlərin həyata keçirilməsi də müşahidə olunmaqdadır.
Ədəbiyyat və incəsənət sahəsində Heydər Əliyev mükafatının müəyyən edilməsi və həyata keçirilməsi, hər şeydən əvvəl, Azərbaycan dövlətinin ədəbiyyat siyasətini müəyyən edən görkəmli dövlət xadiminin xatirəsinə böyük ehtiramın ifadəsidir.
Eyni zamanda, son vaxtlarda “Qızıl çinar”, “Buta” kimi yüksək səviyyəli mükafatların meydana çıxması, Heydər Əliyev Fondunun mükafatları və təqaüdlərinin yaradılması və təqdim olunması mövcud siyasətin işığında formalaşan yeni və əhəmiyyətli ənənələrdir.
Bakı şəhərində Dədə Qorqud abidə kompleksinin yaradılması, xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması müstəqillik dövrü ədəbiyyat epoxasının möhtəşəm hadisələridir. Son illərdə ölkədə aparılan böyük quruculuq proseslərinin tərkib hissəsi kimi Azərbaycan Yazıçılar Birliyinin, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Dövlət Milli Dram Teatrının, Opera Teatrının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Sumqayıt və Şəki teatrlarının, Naxçıvan Yazıçılar Birliyinin və ölkəmizin digər ədəbiyyat və mədəniyyət ocaqlarının, görkəmli yazıçıların ev muzeylərinin əsaslı şəkildə yenidən qurulması, yeni texnologiya və müasir avadanlıqlarla təchiz edilməsi ölkəmizdə ədəbiyyata və incəsənətin inkişafına göstərilən dövlət qayğısının əməli ifadəsidir. Bakı şəhərində Muğam Mərkəzinin yaradılması, Gəncədə Mirzə Şəfi Vazeh, Şəkidə Bəxtiyar Vahabzadə və Şahbuzda Məmməd Araz, Kəngərli rayonunda Şahtaxtlılar, Ordubadda Məhəmməd Tağı Sidqi muzeylərinin, Gədəbəydə Ozan evinin tikilib istifadəyə verilməsi ölkəmizdə bədii ədəbiyyatın, söz sənətinin inkişafında mühüm rol oynayır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ədəbiyyat və mədəniyyət işinin müstəqillik dövrünün yüksək tələblərinə və templərinə uyğun şəkildə inkişaf etdirilməsi tədbirlərini yeni səviyyəyə qaldırdığını qabarıq şəkildə nümayiş etdirir. Beləliklə, möhtərəm Prezident İlham Əliyev yeni tarixi epoxanın ədəbiyyat siyasətini formalaşdırır və ardıcıl olaraq yaradıcı şəkildə inkişaf etdirir.
Müstəqil Azərbaycanda uğurla həyata keçirilən ədəbiyyat siyasəti yeni ədəbiyyat axtarışlarının və çağdaş ədəbi nəslin meydana çıxması, ərsəyə gəlməsi və inkişaf etdirilməsi ilə nəticələnir. Müasir dövrün ədəbiyyat siyasəti respublikamızda azərbaycançılıq məfkurəsinin daha da zənginləşdirilməsinə və möhkəmləndirilməsinə uğurla xidmət edir.
***
Böyük ədəbiyyatın həyatı və insanı yüksək ideyalılıq uğrunda, obrazlı, bənzərsiz, canlı bədii vasitələrlə ifadə etməsini zəruri hesab edən və diqqət mərkəzinə çəkən Heydər Əliyevin obrazının yaradılması ən yeni dövr Azərbaycan ədəbiyyatının baş mövzusuna çevrilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli simalarının yaradıcılığında Heydər Əliyevin bədii obrazı xalqımızın ən yüksək milli dövlətçilik ideallarını təsvir və tərənnüm etməyə xidmət göstərir. Sovet hakimiyyəti illərində Azərbaycan yazıçıları Heydər Əliyevin simasında mənsub olduğu xalqın milli iftixar mənbəyi olan, ölkəni tanıdan və inkişaf etdirən görkəmli dövlət xadiminin obrazını canlandırmışlar. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında isə Heydər Əliyevin xilaskar obrazı yaradılmış, böyük ədəbiyyat onun milli dövlətçiliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsindəki rolunu bədii sözün bütün vüsəti ilə təsvir və tərənnüm etməyə səfərbər olmuşdur. Heydər Əliyev mövzusu ədəbiyyatda Azərbaycan xalqının siyasi və milli-mənəvi təkamülü, azadlıq və dirçəlişi məsələləri ilə üzvi surətdə əlaqədar olub, ümummilli idealların əks etdirilməsinə meydan açmışdır.
Azərbaycan poeziyası sovet hakmiyyəti dövründə Heydər Əliyevin simasında xalqımızı o dövrün ən yüksək dövlət qurumu olan Sovetlər İttifaqının Siyasi Bürosu səviyyəsinə yüksəldən qüdrətli dövlət xadimi kimi ilhamla vəsf etmişdir. Müstəqillik ərəfəsində və dövlət müstəqilliyinin başlanğıc illərində ölkəmizdə baş verən ictimai-siyasi və iqtisadi böhranlar dərinləşməkdə olduğu zaman poeziya “Allahım, bizə bir ağsaqqal yetir” - deyə Heydər Əliyevə böyük xilaskar kimi üz tutmuşdur. Azərbaycan xalqının çağırışı və tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra isə siyasi lirika müstəqil dövlətin və xalqın sabahına böyük inam duyğuları ifadə etmiş, qəhrəmanlıq notları üstündə köklənmişdir. Xalq şairi Zəlimxan Yaqubun aşağıdakı ilhamlı və sərrast misraları xalqın həmin dövrdəki sarsılmaz inamını bütün ruhu ilə ifadə edir:
Qoy səsi guruldasın bu gün altı qitədə,
Odur məndən ötəri ATƏTdə, BMTdə!
Gəlib, o kişi gəlib!
Xalqın xeyrinə sarı çarxın gərdişi gəlib.
Millətinə, xalqına birləş deyir, qalx deyir!
Öz xalqına güvənir, haqq danışır, haqq deyir.
Əlli milyona çatmış Azərbaycan dünyası,
“Qurtuluş nəğməsi”ni oxuyur bir himn kimi!
Bir səslə, bir avazla “Heydər” deyir, “Xalq” deyir.
Müstəqilliyin ilk illərinin poeziyasındakı “Sən qalib gələcəksən” (Zəlimxan Yaqub) nidasını az sonra ölkənin xilasına inamdan yorğulmuş “Millətin yolunda əsgərə bənzər”, “Dağlar vüqarında rəhbərə bənzər”, (Məstan Günər) poetik sədaları əvəz etmişdir. Əbədiyyətə köçməsi ilə ulu öndərə həsr olunmuş əbədiyyət nəğməsi - “Xalq Heydər söyləyəcək” epitafiyası (Baba Vəziroğlu) eyni anda doğulmuşdur:
Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək!
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Ulu öndər Heydər Əliyev yolunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsini poeziya “Ölkə əmin əllərdədir, davam edir mübarizə” (Vahid Əziz) kimi inamla və İlhamla vəsf etməkdə davam edir.
Azərbaycan bədii nəsrində Heydər Əliyev obrazı müstəqillik uğrunda və milli dövlətçiliyin möhkəmləndirilməsi yollarındakı çətin və şərəfli mübarizənin fonunda canlandırılmışdır. Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və Zaman” adlı Respublika Dövlət Mükafatına layiq görülmüş 6 cildlik roman-tədqiqatı görkəmli dövlət xadiminin keşməkeşli həyatı və mübarizəsinin mükəmməl sənədli-bədii epopeyasıdır.
Xalq yazıçısı Anarın “Unudulmaz görüşlər” publisist-romanı Heydər Əliyevin şəxsiyyətinin miqyasını əks etdirən qiymətli ədəbi əsərdir. Xalq yazıçısı Elçinin “Dünya axirət əkini” essesi Heydər Əliyevi real və canlı hadisələrin axarında oxucuya təqdim edir.
Hüseynbala Mirələmovla Viktor Andriyanovun dünyanın bir çox dillərində nəşr olunmuş “Heydər Əliyev” kitabı ulu öndərə həsr olunmuş ciddi və əhəmiyyətli bir JZL-dir. Bu, böyük ömrün böyük romanıdır.
İsa Muğanna, Hidayət, Mövlud Süleymanlı, Vidadi Babanlı, Əjdər OL, Afaq Məsud, Tofiq Abdin və başqalarının nəsr əsərlərində və publisistikasında Heydər Əliyev mövzusu Azərbaycanın taleyi və müqəddəratı ilə bağlı hadisələrlə birlikdə canlandırılır. “Heydər Əliyev mənim taleyimdə” motivi bu əsərlərin əksəriyyətinin əsas mövzusunu təşkil edir.
“Azərbaycan” qəzeti redaksiyasının hazırladığı “Heydər Əliyev mənim həyatımda” ikicildliyi ulu öndəri yaxından tanıyan müasirlərinin xatirələri və məqalələrinin mənalı bir külliyyatıdır.
Azərbaycan dramaturgiyasında Heydər Əliyev mövzusu iki əsrin qovşağında ölkəmizdə cərəyan edən dinamik hadisələrin əsasında görkəmli dövlət xadiminin həyatından alınmış ibrətamiz dramatik hadisələrin səhnələşdirilməsi yolu ilə real şəkildə əks etdirilir. Hidayətin İrəvan Azərbaycan teatrında tamaşaya qoyulmuş “Burdan min atlı keçdi” pyesi həm də ulu öndər Heydər Əliyevin bədii obrazını səhnədə canlandıran ilk və əhəmiyyətli dram əsəri kimi mədəniyyət tariximizin hadisəsinə çevrilmişdir. Adil Babayevin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla səhnələşdirilmiş “Koroğlunun Çənlibelə qayıdışı” tamaşasında isə Heydər Əliyev Böyük Xilaskar miqyasında təqdim olunur. Aqşin Babayevin “Xilaskar” tamaşasında da Heydər Əliyevin simasında xilaskarlığa gedən yolun dərsləri və şərəfi öz əksini tapmışdır. İftixar Piriyevin “Qurtuluş dastanı” dramı ulu öndərin mübarizə yolunun realist mahiyyətini açmaqla bərabər, həm də romantik ruhunu ifadə edir.
Bütün bunlarla bərabər, Azərbaycan ədəbiyyatı, yazıçı və şairlərimiz Heydər Əliyev mövzusunda daha parlaq əsərlər yaratmaq üçün özlərini daha çox səfərbər etməlidirlər.
***
Göründüyü kimi, ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur.
Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyyat siyasətinin banisi və yaradıcısıdır.
Əslində, Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik dövrünün ədəbiyyatı haqqında Heydər Əliyev təlimini yeni müddəalarla zənginləşdirərək yaradıcı şəkildə inkişaf etdirir.
Ən yeni dövr Azərbaycan ədəbiyyatının qarşısında duran bir məsul vəzifə də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən ümumiləşmiş parlaq bədii obrazını yaratmaqdan ibarətdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin bədii obrazını yaratmaq xalqımızın qəlbində Azərbaycana möhtəşəm heykəl ucaltmaq deməkdir.
Ədəbiyyatda Heydər Əliyevin bədii obrazı geniş mənada bədii düşüncədə müasir Azərbaycanın obrazını əks etdirir.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri,
akademik
turan.info.az
.