"1-2-ci kurslarda özünü dahi aktyor kimi hiss edirsən, üçüncü kursda “deyəsən”lər başlayır, dördüncü kursda isə əmin olursan ki, sən heç kimsən..."
"Debüt” rubrikamızın qonağı Gənc Tamaşaçılar Teatrına
yeni gələn gənc aktyor
Nurlan Xəyyam oğlu Süleymanlıdır.
Nurlan Gənc tamaşaçılar Teatrında öz debütünü edib. Gələcəyə dair planları, arzuları, istəkləri var.
İsmayıllı rayonunda anadan olan müsahibim ibtidai təhsilini orada alıb. Ailəsinin iş yerini dəyişməsi ilə əlaqədar olaraq Bakıya köçdükdən sonra təhsilini burada davam etdirib. Deyir ki, tarix müəllimi olmaq istəyib.
- Tarixi çox sevirdim. Düşünürdüm ki, gələcəkdə müəllim kimi fəaliyyət göstərərəm. Ancaq məktəbi bitirdikdən sonra atam məni incəsənətə yönləndirdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq ixtisasına qəbul olunduqda, ilk günlər hara düşdüyümü anlamırdım. Bu sənətin dərinliyinə o qədər də bələd deyildim. Əməkdar artist Sona Mikayılovanın qrupuna daxil olmuşdum. O zamanlar nə istədiyimi bilmirdim.
- Adətən valideynlər övladlarını incəsənətdən yayındırırlar. Bu baxımdan sizin bəxtiniz gətirib.
- Çox şükür, mənim ailəm bu məsələdə sonuna qədər mənə dəstək oldu. Hətta "sən bacaracaqsan” - deyərək mənə ruh yüksəkliyi verirlər.
- Sənətinizi sizə sevdirən nə oldu?
- Artıq teatr mühitinə düşmüşdüm. Özümdən böyükləri səhnədə görəndə heyranlıqla baxırdım. Əməkdar artistimiz Pərviz Məmmədrzayevin "İlahi oyun” tamaşasına baxaraq düşünürdüm ki, insan bədəninin bütün əzalarını necə hərəkətə gətirə bilər. Müəllimlərimin səs tembrinə, danışığına və ümumən aktyorluq sənətinə vuruldum. Ən nəhayət, onlar kimi olmaq istədim. Məndə teatra qarşı böyük bir sevgi yarandı.
- Universiteti bitirdikdən sonra nə etdiniz?
- Deressiyaya düşdüm. Universitet elə bir məkandır ki, sən burada həm təhsil alır, həm də problemləri 4 illik dondurursan. 4 ildən sonra bu problemlər üzə çıxır. Artıq sən özünü tam olaraq idarə etməlisən və həyatda öz yolunu tapmalısan. Mən düşünməyə başladım – görəsən, bu sənətdə olmağa layiqəmmi? Özümə qapanma baş verdi. Çünki mən peşəkar səhnəyə çıxıb, obrazlar canlandıra biləcəyimə tam da əmin deyildim. Əslində o qədər də güclü biri deyiləm. Məni sındırmaq çox asandır.
- Niyə?
- Çünki melanxolik insanam.
- Teatr mühiti zəif insanları tez məhv edir.
- Elədir. Bir dəfə Məmməd Səfa müəllimin müsahibələrinin birində oxudum ki, "zəif insanların teatrda işi yoxdur”. Teatrda çalışırsansa, çox güclü olmalısan. Mən hər şeyi yavaş-yavaş əldə edirəm, sınıram, yenidən toparlanıram. Başqa çarə yoxdur.
- Bu günün gəncləri teatra ancaq məşhurlaşmaq üçün gəlirlər. Bəs siz necə?
- Kim deyirsə ki, məşhur olmaq istəmirəm, onun səmimiyyətinə inanmıram. Amma məşhurluq gəldi-gedərdi. Əsas odur ki, həyatda nəyəsə nail olasan. Ola bilər ki, hansısa aktyor müəyyən seriala çəkilsin və o serial nümayiş olunan müddətdə tanınsın. Ancaq serial bitəndən sonra o aktyor da unudulur.
- Adətən gənclər teatra gəlib bir-iki obraz oynayandan sonra özlərini peşəkar aktyor hesab edirlər. Özünüzdə bu özgüvən, "mənəm-mənəmlik” hissləri baş qaldırıbmı?
- Məndə bu hisslər heç zaman olmayıb, özümü heç zaman dahi hesab etməmişəm. Mən müəllimimdən başqa cür görmüşəm. Sona xanımın çox gözəl insani keyfiyyətləri var və o, bu insani keyfiyyətləri bizə də aşılayıb. O heç kimin qəlbinə toxunmurdu, arxasınca danışmırdı.
Sizin qeyd etdiyiniz məşhurluq sindromu birinci kursda bütün uşaqlarda olur. Universitetə qəbul olmaq üçün qabiliyyət imtahanından keçdikdə, hesab edirsən ki, səndən istedadlı aktyor hələ doğulmayıb. Birinci kursda özünü daha istedadlı aktyor hiss edirsən. Cəmiyyət içinə çıxanda özünü aktyor kimi təqdim edirsən. Halbuki, heç bir tamaşaya baxmamısan, praktikan yoxdur, heç bir kitab oxumamısan. İkinci kursda oxuyanda isə xalqdan keçib özünü əməkdar artist kimi hiss edirsən. Üçüncü kursda "deyəsən”lər başlayır, dördüncü kursda əmin olursan ki, sən heç kimsən (gülürük).
- Bildiyimiz qədəri ilə, "Human” Teatrında da çalışırsınız.
- Universiteti bitirəndən sonra Pərviz Məmmədrzayevlə söhbət etdim və mən də bu teatrın bir üzvü oldum. "Human” Teatrını o qədər çox sevirəm ki, hər birimiz bu teatrın övladı kimiyik. Yeri gələndə yer süpürür, yeri gələndə aktyorluq edirdik. Burda ayıb bir şey yoxdur. Biz bunu sevə-sevə edirdik. Pərviz Məmmədrzayev 4-cü kursu bitirəndə mənimlə söhbət etdi. Soruşdu ki, bəs indi nə edəcəksən? Bildirdim ki, heç bir teatra getmək fikrim yoxdur. Onunla söhbət edəndə qarşımda istedadlı bir şəxsiyyətin olduğunun fərqində idim və çox həyəcan keçirirdim. Açığı, indi də onu görəndə eyni hissləri yaşayıram. Pərviz müəllim məni danladı və bir ildən sonra "Human” Teatrında mənə rol verdi. İtalyan yazıçısı D.Fonun "Hər oğru soyğunçu deyil” tamaşasında mənə obraz verdi. Pərviz Məmmədrzayevdən çox şey öyrəndim və hələ də öyrənirəm.
- Sizi Gənc Tamaşaçılara gətirən səbəb nə oldu?
- İnternetdə bildirilmişdi ki, teatra gənc aktyorlar dəvət olunur və kastinq elan etmişdilər. 30 nəfərə yaxın aktyor ora müraciət etmişdik. Açığı, seçiləcəyimə ümidim də yox idi. Mən kastinqlərə inamıram. Amma kastinqdə iştirak etdikdən sonra zəng edib qəbul olduğumu bildirdilər. Nicat Kazımovun quruluşunda hazırlanan "Bremen musiqiçiləri” tamaşasında rol verdilər.
- Bu tamaşada hansı obrazı canlandırırsınız?
- Bu tamaşada it obrazını canlandırıram və bu mənim teatrda ilk obrazım oldum. Bu it obrazı, adı pis səslənsə də, adi obraz deyil, musiqiçilərdən biridir və bütün səhnələrdə iştirak edir. Hadisələrin mərkəzində dayanan obrazlardandır. Əslində mən belə bir obraz arzulayırdım.
- Yəqin ki, aktyorun arzusu it rolunu oynamaq deyil, baş rolları canlandırmaq olar.
- İndi mənim it obrazını oynayan vaxtımdı. Təbii ki, teatrda çalışdığım müddət ərzində bir çox obrazlar canlandıracam. Əsas odur ki, o ilk addımı atmışam. Artıq ikinci tamaşaya dəvət almışam. Nicat Kazımovun quruluşunda hazırlanan E.Smitin "Tanrıya 14 məktub” tamaşasında Izqara (yanmış uşaq) obrazını canlandıracam.
- Hədəfləriniz nələrdir? 10 ildən sonra özünüzü harada görürsünüz?
- Özümü gələcəkdə yaxşı bir yerdə görməyə çalışıram. Hədəf olaraq ilk növbədə istəyirəm ki, sənətkardan əlavə yaxşı insan olum. İnsanlara faydalı biri olmaq üçün çalışıram. Şəxsiyyət baxımından formalaşmaq istəyirəm və bilirəm ki, buna da zaman lazımdır.
- Gənc aktyor olaraq Azərbaycan teatrına hansı yenilikləri gətirmək və nələri görmək istəyərsiniz?
- Rəngli, dinamik tamaşalarda oynamağı çox istəyərəm. Bizim teatrda bu üslubda çalışan bir çox rejissorlar var. Onlarla çiyin-çiyinə çalışmaq özü bir xoşbəxtlikdir. Bir də hər şeyi zamanın öhdəsinə buraxmaq lazımdır.
- Teatra gəldikdən sonra yaşlı və orta nəsil aktyorlar tərəfindən özünüzə qarşı qısqanclıq hiss etdinizmi?
- Əsla. Onlardan özümə qarşı müsbət aura gördüm. Hamı mənə kömək etməyə çalışır. Hərdən deyirəm ki, sanki mənim ştata düşməyimi istəyirlər (gülürük). Böyük səhnədir və mən ilk dəfədir ki, böyük səhnəyə çıxıram. Gənc Tamaşaçılar Teatrının səhnəsi də çox böyükdür, gedirsən qurtarmır. Yaşlı nəslin aktyorları gəncləri sevgi ilə qəbul edirlər. Mən özümdəki problemləri bilirəm. Biz məşqləri kiçik səhnədə edirik və böyük səhnədə də kiçik səhnədəki kimi davranıram. Hətta mənə deyirdilər ki, sən səhnədə görünmürsən, sanki itmisən. Sonra anladım ki, daha geniş oynamalısan, elə çıxış etməlisən ki, ən arxa cərgədə oturan tamaşaçılar belə sənin səsini eşitsin.
- Bir tamaşada rol almısınız və yeni bir tamaşa üzərində çalışırsınız. Bu tamaşaların hər ikisinə əməkdar artist Nicat Kazımov quruluş verir. Ötən gün Bəhram Əliheydər deyir ki, Nicat Kazımov onları yetişdirmək üçün tənbeh edir və bir çoxlarına yararsız olduğunu deyir. Bəs sizə necə?
- Nicat Kazımovun çox yaxşı bir üsulu var. Teatra ilk dəfə gələndə bildirdi ki, sənin danışığında qüsur var. Əslində onun dediklərinin hamısı həqiqətdir. Onda ocağı yarada, yandıra bilən bir qığılcım var. Nicat Kazımov gənclərin dostudur. İlk günlər onun dediyi sözlərdən sonra düşünürdüm ki, indiyə qədər bu səhvlərimi nə üçün görməmişəm, bunları nə üçün düzəltməmişəm. Artıq yenidən özümü formalaşdırmağa və yeni çərçivəyə salmağa başlamışam. Onu da deyim ki, məşqlərə getməzdən əvvəl evdə məşq edib gedirəm ki, məndə heç bir səhv tutmasın. Görürəm ki, iradları yavaş-yavaş azalmağa başlayıb.
Xəyalə Rəis
"Kaspi"
turan.info.az
.