TƏBRİK EDİRİK!..
Qədim Borçalı mahalının Sadaxlı kəndində
Oğuz ellərinin tarixi qatlarına söykənən
sanballı, sayğılı nəsillər yaşayır.
Belə nəsillərdən biri də Bayramqullu ocağıdır.
Bayramqullu ocağını təkçə Borçalıda deyil,
onun hüdudlarından kənarda da yaxşı tanıyırlar.
Dağ Borçalısında - Cəlaloğlunun Çubuqlu yaylağında (indiki Ermənistanın Stepanavan rayonu ərazisində) «Bayramqullunun yurdu» adlanan geniş ərazi ötən əsrin 50- ci illərinədək bu nəslin toxunulmaz məkanı – dədə-baba yaylaq yeri olmuşdur. Buradakı qədim qəbristanlıqda isə Bayramqullu nəslinin əbədiyyətə qovuşmuş ağsaqqalları, ağbirçəkləri uyuyurlar.
Bayramqullu nəsli öz xeyirxahlığı, nəcibliyi, duz–çörəyi və bu nemətə sədaqəti ilə ad-san qazanmış, çomərd oğulları ilə də tanınmışdır.
Hələ 19-cu yüzillikdə bu nəslin mötəbər nümayəndələri müqəddəs Məkkə ziyarətinə getmişlər. İlk ziyarətçilərdən biri həmin vaxtlar nəslə ağsaqqallıq edən Hacı Hüseynalı olmuşdur. Hacı Hüseynalı məhz həmin vaxtlar - 1881-ci ildə öz şəxsi vəsaiti hesabına Sadaxlıda məscid tikdirmiş və kənd camaatının istifadəsinə vermişdir. Divar daşlarının birində həmin tarix, məscidi inşa etdirmiş Hacı Hüseynalının və binanı inşa etmiş ustanın adları yazılmışdır.
Hacı Hüseynalı, eyni zamanda, mehriban ailə başçısı olmuş, sayılıb- seçilən, nəcib və qeyrətli övladlar böyütmüşdür. Hüseyn, Musa, Məhəmməd və İsmayıl adlı oğlanları, Xalisə (Xassa) adlı qızı olmuşdur.
Hacı Hüseynalının diğər övladları kimi, ortancıl oğlu Musa da atasının yolunu şərəflə davam etdirmiş, nəinki doğma obada, Dağ Borçalısında, Qazax mahalında, habelə Anadolu ellərində tanınmışdır. Atası Hacı Hüseynalıdan və böyük qardaşı Hüseyndən sonra Bayramqullu nəslinin ağsaqqalı olan Musa Hacı Hüseynalı oğlu yüz ildən artıq şərəfli ömür sürmüş, nümunəvi ailə başçısı kimi tanınmış, üç oğul, bir qız böyütmüşdür.
Bizim zəmanəmizdə Bayramqullu ocağına babası Hacı Hüseynalının adını şərəflə daşıyan və onun yolunu qeyrətlə davam etdirən Hüseynalı Musa oğlu Bayramov ağsaqqallıq etmişdir. Uzun bir ömür yaşamış Hüseynalı Musa oğlu Borçalıda və Borçalıdan kənarda yaşayan soydaşları, habelə qohumları üçün «Hüseynalı dayı», «Hüseynalı əmi», qardaşları və bacısı üçün «Qardaş», övladları və nəvələri üçün «Baba» olmuş, həmyaşıdları və keçmiş şagirdləri isə ona «Hüseynalı müəllim», - deyə müraciət etmişlər.
Hüseynalı Bayramov 1912-ci ildə Sadaxlıda Musa Hacı Hüseynalı oğlunun ailəsində dünyaya göz açmış, gözü-könlü tox böyümüşdür. Onun anası - qonşu Qazax mahalının Yuxarı Salahlı kəndindən Sadaxlıya gəlin gəlmiş Söylü xanım böyük şairimiz Səməd Vurğunun xalası idi. Hüeynalı Bayramov ilk təhsilini də elə anasının yurdunda- Yuxarı Salahlıda alıb.
O, daha sonra Borçalı Pedaqoji Texnikumunu, Tiflis Müəllimlər İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə doğma Sadaxlıda müəllim kimi başlayıb. Sonralar məktəb direktoru, Rayon İcraiyyə Komitəsinin katibi, MTS-də siyasi şöbənin rəisi, kolxoz sədri, İstehlak Cəmiyyətinin sədri, sovxoz direktoru və s. vəzifələrdə səmərəli fəaliyyət göstərmişdir.
Hüseynalı Bayramov çalışdığı bütün sahələrdə doğma xalqına xidmət etməyi özünün əsas vəzifəsi və həyatının qayəsi bilib, varlığını doğma el-obaya həsr edib.
Kənd əhalisinin yaşayış səviyyəsinin yüksəlməsi, doğma yurdun abadlaşması üçün xüsusi səylə çalışıb. Gənc həmyerlilərinin təhsili, işlə təminatı, hər kəsə layiq olduğu qiymətin verilməsi Hüseynalı dayının bir rəhbər kimi, başbilən kimi gündəlik qayğısı olub.
O, 20 ilə yaxın bir müddətdə Sadaxlı kəndində kolxoz sədri olarkən burada abad fərdi yaşayış evləri, mədəniyyət, məişət və iaşə obyektləri tikilmiş, kənd yolları abadlaşdırılmışdır. Hüseynalı dayı el şənliklərinin, toy-düyünlərin alicənab himayəçisi olmuşdur.
1950-ci illərdə Azərbaycanın və digər respublikaların ali məktəblərində təhsil almış sadaxlılılar «Hüseynalı dayının təqaüdü»nü uzun müddət xatırlamışar. Həmin illərdə kolxoz idarə heyətinin qərarı ilə ehtiyacı olan (o vaxtlar kimin ehtiyacı yox idi ki?!) tələbələrə maddi yardım göstərilirdi. Həmin tələbələr illər keçəndən sonra alim və müəllim, həkim və mühəndis, təsərrüfat rəhbəri kimi el-obaya başucalığı gətirmişlər.
Hüseynalı dayı kənddə kolxoz sədri işlədiyi illərdə doğma Sadaxlı üçün saysız xidmətlər göstərmişdir. Bu xidmətlərdən yalnız birini yaddaşlarda yaşatmaq üçün oxucularımıza çatdırmaq istərdik. O, babası Hacı Hüseynalının inşa etdirdiyi məscid binasının sökülməsinin qarşısını almış, hətta həmin dövrün rejiminin sərt qadağalarına baxmayaraq, bu binanı «kolxozun anbarı» adı ilə bir neçə dəfə təmir etdirmiş, beləliklə də indiki nəsil üçün qorumuşdur. Məscid yetmiş ildən sonra – 1990-cı illərin əvvəllərində rəsmi qaydada yenidən Sadaxlı camaatının istifadəsinə verilmişdir.
Borçalı ziyalılarının Azərbaycanla bağlılığı və mənəvi əlaqələrinin möhkəmlənməsi Hüseynalı dayının fəaliyyətində xüsusi yer tutmuşdur. Bu əlaqələr onun rəhbər vəzifələrində çalışdığı mürəkkəb, keşməkeşli dövr üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Böyük xalq şairimiz Səməd Vurğun Sadaxlıda dəfələrlə öz xalası oğlu Hüseynalı Bayramovun qonağı olmuşdur. Sevimli şairin Sadaxlıya hər gəlişi toy-bayrama çevrilmişdir. O burada - Hüseynalı dayının ocağında ziyalılar, sənət adamları, el ağsaqqalları, rayon rəhbərləri ilə görüşmüş, sonralar şairlə bu adamlar arasında səmimi münasibətlər yaranmışdır.
Sevimli şairimizin vəfatından sonra Sadaxlı kəndindəki kolxoza el ağsaqqallarının və əməkçilərin arzusu ilə Səməd Vurğunun adı verilmişdir.
Hüseynalı Bayramov harada işləməsindən, zamanın qasırğa və tufanlarından asılı olmayaraq, öz varlığını, bir də Sadaxlı yurdunun, Bayramqullu ocağının şərəfini uca tutub, qoruyub, duz-çörəyi, səxavəti, dostluqda sədaqəti, doğma torpağına ürəkdən bağlılığı ilə fərqlənib…
Hüseynalı dayının ailəsində doqquz övlad - dörd oğlan, beş qız böyüyüb. Böyük qızları Zənurə və Şirin Sadaxlının ilk ali təhsilli qadınlarıdır.
Böyük oğlu Fərhad kimya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir.
Digər övladları da (Xaliddin, Fəxrəddin, Söylü, Hürü, Salatın) ali, yaxud orta ixtisas təhsili almışlar.
Hüseynalı dayının ortancıl oğlu Adilxan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində məsul vəzifə daşıyır, eyni zamanda, tanınmış Vurğunşünas-alim, filologiya elmləri doktorudur.
“Adilxan Bayramov - Ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru”. Bir sıra ensiklopedik-məlumat kitablarında və saytlarda, Milli Kitabxananın Elektron kataloqunda, digər mənbələrdə belə yazılıb.
“Azərbaycan Milli Ensiklopediyası” (lll cild, Bakı, 2011) isə onu bu cür təqdim edib: “Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru.”
Adilxan Hüseynalı oğlu Bayramov 1949-cu il fevralın 19-da anadan qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində olub. 1956-1966-cı illərdə Sadaxlı kənd orta məktəbində (indiki Yusif Heydərov adına Sadaxlı 1saylı kənd orta məktəbi) təhsil alıb və bu məktəbi gümüş medalla bitirib. 1966-1971-ci ilərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil alıb. 1971-1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
Adilxan Bayramov 1979-cu ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində işləyir. O, 1979-1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri, 1980-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışıb.
Adilxan Bayramov işlədiyi müddətdə mədəni irsimizin qorunması və təbliği sahəsində səmərəli fəaliyyət göstərmişdir.
Beynəlxalq elmi simpozium, konfrans və seminarların, respublika festival və baxış-müsabiqələrinin, sərgilərin, muzey işçilərinin ümumrespublika müşavirələrinin hazırlanmasında və keçirilməsində, yeni mədəniyyət müəssisələrinin, o cümlədən tarix-diyarşünaslıq və xatirə muzeylərinin yaradılmasında, muzey ekspozisiyalarının yenidən qurulmasında və təkmilləşdirilməsində fəal iştirak etmişdir.
2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə edib və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində işləyir.
Adilxan Bayramov bu vəzifələri daşımaqla yanaşı elmi-tədqiqat işi ilə də fəal məşğul olub və sahədə fəaliyyətini davam etdirir. Onun elmi fəaliyyət sahələri genişdir. Tənqidçi, ədəbiyyatşünas, sənətşünas, muzeyşünas, publisist və tərcüməçidir.
Adilxan Bayramov ədəbiyyatşünas olaraq əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə «Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu» mövzusunda namizədlik, 2007-ci ildə isə «Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
O, Səməd Vurğunun həyatı və fəaliyyəti ilə bağlı radio-televiziya verilişlərinin, çoxsaylı məqalələrin müəllifidir. Şairirn poemaları əsasında bir neçə radio- tamaşa, «Hürmüz və Əhrimən» poeması əsasında pyes hazırlamış, «Muğan» poemasının motivləri üzrə «Ceyran» televiziya filminin ssenarisini yazmışdır. Adilxan Bayramovun nəşr olunmuş «Yaşayan ömür» (1990), «Vurğun ocağı» (1997), «Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik)» (1999) və «Səməd Vurğun: milli və ümumbəşəri» (2006), «Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr» kitabları şairin ömür yolunu və yaradıcılığını işıqlandırır.
Onun «Səməd Vurğun: milli və ümumbəşəri» adlı monoqrafiyası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Səməd Vurğun irsinin cəfakeş tədqiqatçısı, Adilxan Bayramovun müəllimi, elmi rəhbəri və elmi məsləhətçisi olmuş görkəmli ədəbiyyatşünas-alim, mərhum professor Cəlal Abdullayevin bu kitaba yazdığı «Vurğun sənətinə yeni baxış» adlı ön sözdə oxuyuruq: «Belə hesab edirəm ki, bu tədqiqat işi bu gün klassiklərimizə, o cümlədən Səməd Vurğun irsinə ağız büzənlərə çox tutarlı cavabdır. Eyni zamanda, bu tədqiqat işi Səməd Vurğuna qayıdışdır, bu zəngin irsə yeni münasibətin nəticəsidir. İnanıram ki, bizim ədəbiyyatşünaslar bu yöndə öz tədqiqatlarını davam etdirəcəklər».
Professor Cəlal Abdullayevin öz yetirməsi haqqında yazdıqlarından: «Adilxan Bayramov Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. O, ilk tədqiqat vərdişlərinə məhz Səməd Vurğun yaradıcılığını araşdırmaqla başlamış, bu mövzuda namizədlik dissertasiyası müdafiə etmiş, doktorluq dissertasiyası yazmışdır. 30 ilə yaxın bir müddətdə (məqalə 2006-cı ildə yazılıb - Red.) Səməd Vurğun yaradıcılığı ilə ardıcıl məşğul olan Adilxan Bayramov özünü bacarıqlı, səriştəli və əməksevər tədqiqatçı kimi göstərmişdir. O, tədqiqatçı kimi xeyli iş görmüş, şairin bir çox çıxış və məqalələrini, məktublarını, şeirlərini, o cümlədən 1942-ci il fevralın 12-də Moskva radiosu ilə «Koroğlu nəsillərinə bizim salamımız», 1942- ci il noyabrın 29-da Moskvada ədəbiyyat və incəsənət işçilərinin antifaşist mitinqində «Qafqazın mədəniyyəti ölməzdir» adlı çıxışlarını, habelə Ukrayna yazıçılarının III qurultayında çıxışının mətnlərini ilk dəfə üzə çıxararaq Azərbaycan dilinə çevirmiş və dərc etdirmişdir. Adilxan Bayramov şairin «Vaqif» pyesinin və «Aslan qayası» poemasının naməlum parçalarını əldə etmiş, «İnsan» pyesinin daha mükəmməl variantını üzə çıxarmış və bütün bunlardan öz tədqiqatında istifadə etmişdir. «Səməd Vurğun: milli və ümumbəşəri» monoqrafiyası da onun bacarıqlı bir vurğunşünas olduğunu göstərir».
Adilxan Bayramov ədəbiyyatşünaslıqla yanaşı, həm də muzey işi, teatr sənəti, təsviri incəsənət, etnoqrafiya və Azərbaycan xalçası ilə bağlı araşdırmalar aparır. «Heydər Əliyev və muzeylərimiz» (1999), «Bakı muzeyləri» (şərikli- 2006), «Tariximiz, yaddaşımız, sərvətimiz» (2007), “Sənət, sənət məbədləri, sənət fədailəri» kitablarının, «Ədəbi-xatirə muzeyləri», «Tarix- diyarşünaslıq muzeyləri», «Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər)» adlı metodiki vəsaitlərin müəllifi, Azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuş «Üzeyir Hacvıbəyov ensiklopediyası»nın müəlliflərindən biridir.
Adilxan Bayramov 9 kitabın, 3 metodiki vəsaitin, çoxsaylı elmi və elmi-publisistik məqalələrin müəllifidir.
Adilxan Bayramovun nəşr olunmuş kitablarının siyahısı:
1.Yaşayan ömür. Bakı, «İşıq», 1990, 10 000 nüsxə, 90 səh.
2.Vurğun ocağı. Bakı, AAMM, 1997, 1000 nüsxə, 73 səh.
3.Heydər Əliyev və muzeylərimiz. Bakı, «Şur», 1999, 500 nüsxə, 90 səh.
4.Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik. Bakı, «Azərbaycan Universiteti», 1999, 1000 nüsxə, 309 səh.
5.Səməd Vuğun: milli və ümumbəşəri. Bakı, «Səda», 2006, 1000 nüsxə, 314 səh.
6.Bakı muzeyləri (şərikli). Bakı, Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi, 2006, 500 nüsxə, 123 səh.
7.Tariximiz, yaddaşımız, sərvətmiz. Bakı, «E.L.», 2007, 500 nüsxə, 140 səh.
8. Sənət , sənət məbədləri, sənət fədailəri». Bakı, «Vətənoğlu», 2015, 300 nüsxə, 336 səh.
9. «Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr», Bakı, «Vətənoğlu», 2015, 300 nüsxə, 256 səh.
Metodiki vəsaitlər:
1. Ədəbi-xatirə muzeyləri, Bakı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, 2011
2. Tarix- diyarşünaslıq muzeyləri, Bakı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, 2011
3.Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər), Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Bakı, 2012.
Adilxan Bayramov 1980-ci illərdə Azərbaycan radiosunda səsləndirilən “Azərbaycanın memarlıq abidələri” adlı silsilə verilişlərin müəllifi, “Respublikamızın muzeylərində” adlı silsilə verilişlərin müəllifi və aparıcısı olmuş, eyni zamanda, mətbuatda milli dəyərlərimizin təbliğinə yönəlmiş “Muzeylərimizin salonlarında” ümumi başlığı ilə silsilə yazılarla çıxış etmişdir.
Müəllifin 1999-cu ildə nəşr olunmuş Azərbaycanda muzey işinə qayğdıan bəhs edən «Heydər Əliyev və muzeylərimiz» adlı kitabı Ümummilli liderə təqdim olunarkən ölkə başçısı öz razılığını bildirmiş, muzey işinə qayğının vacibliyini bir daha xüsusi qeyd etmişdir.
«Tariximiz, yaddaşımız, sərvətimiz» kitabında Azərbaycanda muzey işinin inkişafı tarixi araşdırılmış, ayrı-ayrı muzeylər və tanınmış muzey işçiləri barədə məlumat verilmişdir. Müəllif bu məqsədlə mövcud tədqiqat işlərindən, arxiv və muzey materiallarından istifadə etmiş, eyni zamanda öz şəxsi müşahidə və təcrübəsinə əsaslanmışdır.
“Sənət, sənət məbədləri, sənət fədailəri» kitabında müəllifin müxtəlif profilli muzeylər, muzey qurucuları, milli teatrımızın təşəkkülündə və inkişafında rolu olmuş Tiflis Azərbaycan teatrı və bu teatrın aktyorları, habelə digər sənət sahələri barədə son illərdə qələmə aldığı məqalələri toplanmışdır.
Bu nəşrlər muzeyşünaslığa aid tədqiqat işlərində mənbə kimi, ali məktəblərin müvafiq fakültələrində isə dərs vəsaiti kimi istifadə olunur.
Adilxan Bayramov elmi kadrların hazırlanmasında da iştirak edir. Namizədlik dissertasiyası müdafiə etmiş üç nəfərin rəsmi opponenti olmuşdur.
O, ədəbiyyat və mədəniyyət yönümlü bir sıra nəşrlərin hazırlanmasında iştirak etmiş, ön sözün müəllifi və redaktoru olmuş, tədris proqramları hazırlamış, bir sıra elmi-tədqiqat işlərinə, metodiki vəsait və proqramlara rəy vermişdir.
Çoxsaylı elmi və elmi-metodiki məqalələrin müəllifi olan Adilxan Bayramov həm də bir sıra bədii və bədii-publisistik yazıların müəllifidir.
O, mətbuatda vaxtaşırı “A.Bayramqullu” və “A.Bayramquluoğlu” imzaları ilə bədii yazılarla çıxış edir.
Adilxan Bayramov bədii tərcümə ilə məğul olur. Bir sıra səhnə əsərlərini, o cümlədən məşhur rus yazıçısı M.Bulqakovun «Morfi» hekayəsi əsasında səhnələşdirilmiş «Tövbə» pyesini rus dilindən Azərbaycan dilinə çevirmişdir. Bu tərcümələr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınmış və səhnədə oynanılması teatrlara tövsiyə edilmişdir.
Müxtəlif mətbuat orqanlarında Adilxan Bayramovun özü və araşdırmaları barədə bir sıra mütəxəssislərin məqalələri dərc olunmuş, radio-televiziya verilişləri səsləndirilmiş, “Ulu Borçalı” (1998), «Borçalı alimləri (Bakı, 2000), «Elim-obam Sadaxlı» (Bakı, 2000), «Azərbaycan yazıçıları» (Bakı, 2004), «Borçalının Sadaxlı dünyası» (Bakı, 2014) kitablarında, habelə «Azərbaycan Milli Ensiklopediyası»nda (lll cild, Bakı, 2011), «Azərbaycan» saytında (müxtəlif dillərdə), 2014-cü il və 2019-cu il üçün «Əlamətdar və tarixi günlər təqvimi»ndə materiallar verilmişdir.
Müxtəlif vaxtlarda «Səməd Vurğun-90» fəxri xatirə diplomuna, «Səməd Vurğun mükafatı»na, digər fəxri fərman və mükafatlara layiq görülmüş, "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Adilxan Bayramov 2008-2018-ci illərdə Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü olmuşdur. Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi Rəyasət Heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, «Müasir mədəniyyətşünaslıq» jurnalının baş redaktorunun müavini, «Qarapapaqlar» (Gürcüstan) dərgisi redaksiya heyətinin üzvüdür.
Adilxan müəllim nümunəvi ailə başçısıdır. Cəmiyyət üçün layiqli övladlar tərbiyə edib. Onun iki qızı, bir oğlu, dörd nəvəsi var. Böyük qızı Pərvanə hüquq elmləri namizədi, oğlu Tural Dövlət notariusudur. Kiçik qızı İlhamə də ali təhsillidir. Nəvələrindən tələbə adını daşıyanlar da var, məktəbli olanlar da.
Dəyərli dostlara və sevimli oxuculara bildiririk ki, bu yaxınlarda tənqidçi, ədəbiyyatşünas, sənətşünas, muzeyşünas, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynalı oğlu Bayramovun 70 yaşı, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyətinin 40 ili tamam olacaq.
Adilxan Bayramov uzun illərdir həm məmur, həm də alim kimi şərəfli bir ömür yaşayır. Yaşayacaq da.
Ulu Borçalının, mənsub olduğu Bayramqullu ocağının, babalarının, nəhayət, atası
Hüseynalı Musa oğlu Bayramovun adına layiq bir ömür.
Biz də turan.info.az-ın yaradıcı heyəti adından dəyərli ziyalımız, görkəmli ədəbiyyatşünas-alim,
tanınmış tənqidçi, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru,
çox hörmətli professor Adilxan Hüseynəli oğlu Bayramovu ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
P.S. : Yuxarıda qeyd etdiyimiz kimi, Adilxan Bayramov mətbuatda vaxtaşırı
“A.Bayramqullu” və “A.Bayramquluoğlu” imzaları ilə bədii yazılarla çıxış edir.
Müəllifin doğma Sadaxlı kəndində apardığı müşahidələr əsasında qələmə aldığı bir şeirini
və bir hekayəsini aşağıda dəyərli oxucularımıza təqdim edirik.
Müşfiq BORÇALI,
turan.info.az
Bostançıoğlu Məhəmməd
Bostançıoğlu Məhəmməd vardı kəndimizdə
Baməzə,
Yeyib- içən,
Deyib-gülən,
Zarafatcıl bir adamdı.
Peşəsi - qəssab.
Mal-qoyun kəsib ət satardı
Qonşuya, qohuma,
Gönü, dərini də dəriyığan Alıya.
Tut arağı içər, oxuyardı:
"Ay duman, gəl get bu dağlardan..."
Toylarda da həmin havanı
Göygöz Məsiyə çaldırar,
Bir əlini qaldırıb
Ağır-ağır fırlanardı meydanda.
Dostları da vardı
Özü kimi -
Yeyib-içən,
Deyib-gülən,
Zarafatcıl,
Baməzə…
Toplaşıb hərdən
Vağzaldakı yeməkxanada
Nəyisə qeyd edərdilər.
Hamı çox istərdi Bostançıoğlu Məhəmmədi
O da hamını -
Bütün kəndi, obanı...
Bir gün "Naçqebi" "Villis"lə gəldi
Bostançıoğlu Məhəmmədin qapısına.
Apardılar kişini,
Düz on il ayırdılar -
Evindən, eşiyindən,
Dostlarından, eldən, obadan,
Vağzaldakı yeməkxanadan,
Tut arağından,
Ət satmağından.
Göndərdilər üzü quzeyə -
Şam ağacı kəsməyə
(Kəsdiyi mal-qoyun kimi),
Sonra da kəsdiklərini
Çay boyu axıtmağa.
...Poçtalyon Əli dayı
Məktub gətirdi ondan.
Şəklini göndərib
Arxasına şeir yazmışdı Bostançıoğlu Məhəmməd:
"İnsanlar bivəfadı, gələr-keçər dərdin alem..."
Cəfərin oğlu Zaman
Əzbərləmişdi o şeiri.
Hərdən, kefi duranda deyərdi...
Düz on ildən sonra
Qayıtdı Bostançıoğlu Məhəmməd.
Yığışdı başına
Kəndin camaatı.
Dostları da gəlib
Gözaydınlığı verdilər
Oğul-uşağına.
Yenə mal-qoyun kəsdi
(Kəsdiyi ağaclar kimi),
Yenə ət satdı qonşuya, qohuma,
Gönü, dərini də dəriyığan Alıya.
Yenə tut arağı içdi, oxudu:
"Ay duman, gəl get bu dağlardan..."
Toylarda da həmin havanı
Göygöz Məsiyə çaldırıb
Fırlandı meydanda.
Yenə hamı çox istədi onu
O da hamını -
Bütün kəndi, obanı,
Yeyib-içən, deyib-gülən dostlarını...
Bir gün də dedilər:
- Səfər üstədir Bostançıoğlu Məhəmməd.
Qohum-qonşular, dostlar
Başına yığışdılar.
Gülə-gülə dedi:
- Gedirəm...
Sonra soruşdu:
-Nə göndərirsiniz ordakılara?
Dinən olmadı
Əvəzində göz yaşı axıtdı hamı.
Üzünü çevirdi
Dəyirmançının arvadına:
-Kişiyə sovqatın, sözün- söhbətin…
Yenidən hıçqırdı Gülsənəm qarı.
Adəti üzrə
Baməzə bir söz dedi
Bostançıoğlu Məhəmməd sonuncu dəfə…
Ayrıldı dostlardan, eldən, obadan,
Vağzaldakı yeməkxanadan,
Qəssablığından,
Tut arağından.
Bu dəfə həmişəlik.
Yeyib-içən,
Deyib-gülən,
Zarafatcıl dostları
Çiyinlərində aparıb
Torpağa tapşırdılar
Bostançıoğlu Məhəmmədi.
Başsağlığı verdilər
Oğul - uşağına.
Rəhmət sənə, min rəhmət
Bostançıoğlu Məhəmməd.
Səndə nə günah?
Məndə nə günah?
Axı, qəribədir
Bu dünyanın işləri.
Paşa gülümsündü…
/hekayə/
Yuxu görmüşdüm. Qəribə bir yuxu. Həm də qarmaqarışıq. (Əksər yuxular elə qəribə və qarmaqarışıq olur.) Gördüklərimdən çox az şey qaldı yadımda…
Yuxuda gördüm ki, bələdiyyə, ya da deputat seçkiləri ərəfəsidir, seçkilərə hazırlıq gedir. Seçkilərə qatılıb qalib gəlmək iddiasında olanlardan biri televiziyada çıxış edirdi. Özünü yeni yaradılmaqda olan partiyanın lideri kimi təqdim edən bu şəxs ağına-bozuna baxmadan ucdantutma hamını yamanlayır, indiki bələdiyyə üzvlərini, deputatları, hətta bəzi vəzifəli şəxsləri səriştəsizlikdə, onlara göstərilmiş etimadı doğrultmamaqda suçlayırdı. Bir sözlə, bu «lider» ağzına gələni danışırdı. Sübutsuz-dəlilsiz elə şeylər deyirdi ki, əvvəllər buna görə adamı başqa yerə göndərərdilər.
Axı, indi vəziyyət başqa cürdür. Belə şeylərin üstündə heç kəsi danlamır, heç kəsə irad tutmurlar. Bu, demokratiyanın tələbidir. Hər bir şəxs düşündüyünü dilə gətirə bilər. Yoxsa bəzi hüquq müdafiəçiləri və bəzi beynəlxalq təşkilatlar bizə irad tutar, yenə düşər üstümüzə ki, hansısa Əlimayıl adlı bir şəxsi incitmişik, onun hüquqlarını pozmuşuq.
Gördüyüm yuxunun qəribəliyi bunda deyildi. Qəribəlik onda idi ki, bu iddialı şəxsin həmsöhbəti ekranda tez-tez gördüyümüz aparıcılardan heç biri deyildi. İndiki «lider»in həmsöhbəti Qaranın Paşası idi. O Paşa ki, dünyasını çoxdan, lap çoxdan dəyişmişdi. İndiki nəslin çoxu görməmişdi Paşanı. Çox adam da çoxdan unutmuşdu onu… Və bu gün birdən-birə gəlib çıxmışdı efirə…
Qaranın Paşası (yəni, Qaranın oğlu Paşa) on min nəfərdən çox əhalisi olan kəndimizin sakinlərindən biri idi. Ancaq kəndimizin adi sakinlərindən seçilirdi. Demək olar ki, o, kəndimizin qeyri-adi sakini idi. Paşa dinib-danışmırdı, heç kəsə salam vermirdi, heç kəsin salamını almırdı. Yox, lal deyildi. Kar da deyildi. Çünki qonşuları iki dəfə, tək ikicə dəfə Paşanın lal-kar olmadığının şahidi olmuşdular.
Anası Paşaya deyirmiş :
- A bala, bu camaata salam ver, hal-əhval tut. Heç olmasa rastlaşanda kolxoz sədri Hüseynalı kişiyə salam ver. O kişinin üstümüzdə haqqı çoxdur. Biz kolxozda işləmirik. Ancaq hər il buğdamızı, yağımızı, pendirimizi… göndərir. Allah balalarını saxlasın.
Paşa başını yelləmişdi, yəni «yox!»
Bir dəfə də gərək ki, müharibə illərində dolanışıq çətinləşəndə qonşular Paşanın anasına dediyi bu sözləri eşitmişdilər:
- Ay ana, sən öz başını birtəhər saxla (yəni, yemək-içməyini özün tap), məndən nigaran olma, mən öz başımı saxlayacağam…
Paşa Ağcalı stansiyasında işləyirdi. Meşədən gətirilmiş və səliqə ilə doğranmış odun parçalarını üstü açıq vaqonlara yükləyirdilər. Burada Paşa ilə birlikdə 4-5 nəfər də işləyirdi və onlar da Paşanın səsini eşitməmişdilər.
Paşa iş günü qurtardıqdan sonra həmin odunlardan ikisini çarpazlayıb çiyninə alar, müştüyünə keçirdiyi «Pamir» siqaretini tüstülədə-tüstülədə kəndin başındakı evlərinə gedərdi. Adəti üzrə – salamsız-kəlamsız.
Bir dəfə kəndin nadinc uşaqlarından biri Paşanı hövsələdən çıxarmaq fikrinə düşüb. Paşa işdən evə gedərkən ona yaxınlaşıb və astadan deyib:
- Paşa, ay Paşa …
Paşa dinməyib. Yoluna davam edib. Uşaq səsini bir qədər qaldırıb:
- Paşa, ay Paşa !
Paşa yenə dinməyib. Uşaq bu dəfə az qala qışqıra-qışqıra:
- Paşa, ay Paşa ! – deyib.
Paşa bu dəfə də dinməyib. Hövsələdən çıxan uşaq:
- Paşa, ay Paşa, lap sənin … və ağır bir söyüş söyüb.
Paşa yenə dinməyib, gözünün ucu ilə həmin uşağa baxıb və damağındakı «Pamir»i tüstülədə-tüstülədə yoluna davam edib.
Gördüyüm yuxuda da Paşanın damağında müştüyə keçirilmiş siqaret tüstülənirdi. (Yəqin ki, «Pamir» idi.) O, yenə də danışmırdı. Damağındakı «Pamir» tüstülənir, Paşa isə diqqətlə üzbəüz əyləşdiyi həmsöhbətinə qulaq asırldı.
Paşa başqa aparıcılar kimi əl-qolunu atmırdı, həmsöhbətinin sözünü kəsmirdi, onunla qoşalaşıb danışmırdı, uzun-uzadı şərhlər vermirdi. Yalnız hərdən başını bulayırdı.
«Lider»in ağzından od-alov tökülürdü:
- Biz hər yanı cənnətə çevirəcəyik, bütün problemləri həll edəcəyik, hər bir ailəyə ayrıca ev tikəcəyik, hamının şəxsi minik maşını olacaq, hamının bağ evi olacaq …
Paşa yenə dinmədi və bəlkə də ömründə ilk dəfə olaraq gülümsündü. (Axı, onun gülümsündüyünü də heç kəs görməmişdi.) Özü də kinayə ilə.
Mən də yuxudan ayıldım…
turan.info.az
.