Azərbaycanın tanınmış ədəbiyyatşünası,
mətnşünas, şərqşünas,
naşir, şair, tərcüməçi,
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun baş direktoru,
akademik Teymur Kərimlidir.
T.Kərimlinin bu yaxınlarda “Şuşa İli”nə ilthaf etdiyi “Şuşanamə” adlı şeirlər toplusu hazırlanıb. Akademiklə çapa hazırlanan “Şuşanamə”si, Əlyazmalar İnstitutu və burada saxlanılan ən qədim əlyazmalar, onların qorunması üçün görülən işlər və digər məsələlər ətrafında söhbət apardıq.
1. Teymur müəllim, məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Bu yaxınlarda “Şuşa İli”nə ithaf etdiyiniz “Şuşanamə”nizi geniş ictimaiyyətə təqdim edəcəksiz. “Şuşanamə”yə daxil olan şeirlərinizdən bəhs etməyinizi istərdik.
- “Şuşanamə”ni yazmaq qərarına gəldiyim ilk vaxtlardan 2022-ci ilin “Şuşa İli” elan olunacağını hiss edirdim. 2021-ci ilin həsr edildiyi Nizami Gəncəvi Azərbaycan üçün necə böyük fəxarət mənbəyidirsə, Şuşa da xalqımızın qürur yeridir. Təsadüfi deyil ki, “Şuşanamə”nin epiqrafında dörd “ş” hərfinin düzülüşündən istifadə etmişəm: “Şuşamız”, “Şərəfimiz”, “Şöhrətimiz”, “Şanımız”.
Əlbəttə, Şuşamızın işğal olunması Azərbaycan ordusunun gücsüzlüyündən deyil, xəyanətdən irəli gəlirdi. İşğaldan öncə Şuşa şəhərinə getmək imkanım olmamışdı. Şuşanı görməmiş Şuşa düşmən tapdağına düşdüyü zamanlarda mən ürək ağrısı ilə bu misraları yazmışdım:
Mən Şuşanı görməmişəm,
Şuşanı mənə göstərin!
Dağ başından uçuruma
Düşəni mənə göstərin!
Bu yoldan yüküm gedəcək,
Dərdimi çəkim, gedəcək.
Önümüzdə kim gedəcək –
Paşanı mənə göstərin!
44 günlük müharibə göstərdi ki, Paşamız gəldi. Ali Baş Komandan İlham Əliyev Şuşamızı əsl sahibinə, Azərbaycan xalqına qaytardı. Vaqif Poeziya Günlərində isə nəhayət ki, Şuşanı görmək arzuma qovuşdum. Şuşa yalnız daşdan-torpaqdan ibarət deyil, o, canlıdır. XX əsrin əvvəllərində Şuşanı “Qafqazın Parisi” adlandırırdılar.
Şuşa ilə bağlı ən böyük xatirəm qarlarla örtülmüş Cıdır düzündə Ali Baş Komandanımızın vüqarla addımlaması olub. Bu möhtəşəm mənzərə qarşısında heyran olmamaq mümkünsüz idi.
Azərbaycan ordusunun şanlı Zəfəri ilə başa çatan 44 günlük müharibə ərzində “Şuşanamə”yə daxil olan 80-dən artıq şeir ərsəyə gəldi. “Şuşanamə”də yalnız Şuşa deyil, ümumilikdə Vətən, qəhrəmanlıq, Ali Baş Komandanımız, xalqımızın sarsılmayan iradəsi və əzmi, ordumuzun şücaəti mövzularında şeirlər də yer alıb. Çalışdım ki, bu mövzuları Şuşa motivi ətrafında birləşdirim və “Şuşanamə”ni hazırlayım.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Şuşanamə”də yer alan şeirlərlə ilk tanışlıqdan sonra onları toplayaraq “Şuşanamə”ni ərsəyə gətirməyimi tövsiyə etdi. Hazırda bu kitab çap mərhələsindədir. Kitabın “Ön söz”ünün müəllifi akademik İsa Həbibbəylidir.
Ölkə Prezidentinin sərəncamına müvafiq olaraq, ilk dəfə “Şuşanamə” kitabını hazırlamaq təşəbbüsü ilə çıxış etmək mənim üçün böyük bir fəxrdir.
2. Hazırda Əlyazmalar İnstitutunun baş direktoru kimi fəaliyyət göstərirsiniz. Rəhbərlik etdiyiniz institutun yaranma tarixi haqqında məlumat verməyinizi istərdik.
İnstitutumuz orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında yaradılıb. 1986-cı ildə bu baza əsasında Əlyazmalar İnstitutu təsis edilib. 1996-cı ildə isə instituta Məhəmməd Füzulinin adı verilib.
Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini əhatə edən Azərbaycan, türk, ərəb, fars və digər dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. Hazırda Əlyazmalar İnstitutunda 40 mindən artıq material saxlanılır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.
Bildiyiniz kimi, Əlyazmalar İnstitutunun binası 1901-ci il oktyabrın 7-də Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbi kimi fəaliyyətə başlamış bina olub. Bu məktəbin Azərbaycan qadınlarının həyatında, onların maariflənməsində böyük rolu olub.
Olduqca qədim tarixə malik bu bina hazırda qəzalı vəziyyətdədir. Belə ki, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyindən dəvət olunmuş Komissiya zəlzələ nəticəsində binanın ön fasadının çat verməsi ilə bağlı akt tərtib etdi. Hazırda binanın əsaslı təmir olunmasına ehtiyac var. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Milli sərvətlərimizə canıyananlıq lazımdır”.
3. Bir qədər də institutda saxlanılan ən qədim əlyazmalardan bəhs edərdiniz.
Əvvəlcə qeyd edim ki, əlyazma dedikdə yalnız kağız üzərində qara və ya qırmızı mürəkkəblə yazılmış mətnlər nəzərdə tutulmur. Əlyazmalar İnstitutunda xurma yarpağı üzərində yazılmış unikal bir əlyazma var ki, VII-VIII əsrlərə aid edilən bu əsər ərəb dilində Qurandan bir ayədir. Bundan başqa, daş üzərində əlyazmalara nümunə olaraq, Orxon-Yenisey abidələrini göstərmək olar. Həmçinin orta əsrlər dövründəki mis və dəmir üzərində yazılar, xalça üzərində piktoqramlar da əlyazmalara aid edilməlidir. Məsələn, məşhur faktdır ki, Azərbaycan xalqının ən qədim abidələrindən biri olan “Avesta” 12 min inək dərisi üzərində yazılıbmış. Bu baxımdan əlyazmalar geniş bir arealı əhatə edir.
Çalışırıq ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yalnız orta əsrlərə aid əlyazmalar deyil, digər dövrlərə də aid qiymətli əsərlər də yer alsın.
Avropada ilk kitab çapı texnologiyasının meydana gəlməsindən xeyli sonra bu üsul Şərqdə də tətbiq olundu. Hələ erkən orta əsrlərdə isə Uzaq Şərqdə yaşayan əcdadlarımız xüsusi dini mətnləri çoxaltmaq üçün taxtadan klişelər hazırlayırdılar. Bunu çap tariximizdə ilk nümunələr kimi qeyd edə bilərik. Daha sonralar isə daş üzərində hərflərin qazılaraq yazılması üsulundan istifadə olunurdu. Ümumiyyətlə, əlyazmaların hazırlanması, surətinin köçürülməsi işləri ilə katiblər məşğul olurdu və onlar daha çox saraylarda saxlanılırdılar. Lakin, bəzən mətnlərin surətinin köçürülməsi zamanı onların katiblər tərəfindən təhrif olunması hallarına da rast gəlinirdi. Bu məsələyə dahi şairimiz Məhəmmədə Füzuli də öz şeirlərində toxunmuşdur.
Bu hallara xüsusən türkdilli mətnlərdə rast gəlinirdi. Bunun səbəbi peşəkar katiblərin əsasən ərəb və fars dillərində təhsil alması ilə bağlı idi. Ərəb-fars dillərində təhsil almış katiblər türk dilini dərindən başa düşmür, bu səbəbdən təhriflərə yol verirdilər. Bu kimi təhriflərə Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatında ilk mənzum səyahətnamə hesab olunan “Töhfətül-İraqeyn” əsərində də olduqca çox rast gəlinir.
Bizim əsas məqsədlərimizdən biri də bu kimi təhrifləri aradan qaldırmaq, mətnləri orijinalına yaxınlaşdırmaqdır. Bunun üçün daim öz üzərində çalışan, peşəkar mətnşünaslar yetişdirilməlidir.
Əlyazmalar İnstitutu Azərbaycan əlyazmalarının sistemli tədqiqi ilə məşğul olan yeganə müəssisədir. Bir vaxtlar Azərbaycanda saxlanılan bütün əlyazmaların vahid bir mərkəzdə saxlanılması və mütəxəssislər tərəfindən öyrənilməsi təklifi ilə çıxış etdim. Lakin bu təşəbbüs müəyyən səbəblərdən baş tutmadı. Bununla yanaşı, fövqəladə hadisələr baş verməsi riskinə qarşı ən müasir texnologiyaları tətbiq etməklə əlyazmaların qorunub saxlanılmasını təklif etdim, bu işlər də böyük maddi vəsait tələb etdiyindən öz həllini tapmadı.
Düşünürəm ki, hazırda Əlyazmalar İnstitutunda saxlanılan 12 mindən çox əlyazmanın bütün mümkün vasitələrlə etibarlı şəkildə qorunmasını təmin edirik.
Bir neçə il öncə Azərbaycanın ən görkəmli əlyazma nümunələri əsasında “Azərbaycan multidissiplinar əlyazması: xəzinədən incilər” adlı kitabımız işıq üzü gördü. Əlyazmalar İnstitutunun multidisiplinar əlyazmaları haqqında toplu və müfəssəl məlumatların təqdim olunduğu bu kitab Azərbaycan, ərəb və fars dillərində elmin müxtəlif sahələrini əhatə edən 150-yə yaxın əlyazmanın paleoqrafik təsvirini özündə cəmləşdirib. Xalqımızın zəngin elmi, mədəni və tarixi keçmişinə işıq salan bu əsərdə təkcə dinə, ədəbiyyata aid olan əlyazmalar deyil, həm də təbabət, psixologiya, kulinariya və s. sahələri əhatə edən ən müxtəlif əlyazmaları bölmələr üzrə təsvir etmişik. Hesab edirəm ki, bu əsər Əlyazmalar İnstitutunun fundamental işlərindən biridir.
Kitabda UNESCO-nun “Dünyanın yaddaşı” Proqramının reyestrinə daxil olmuş əsərlər də yer alıb.
İnstitutumuzda qorunan ən qədim əlyazmalardan Əbülqasim Zəhravinin cərrahlığa aid “Əl-məqalətüs-səlasin” (XIII yüzil), Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” (XIII yüzil), Əbu Əli İbn Sinanın “Əl-qanun fit-tibb” (XIII yüzil) və s. kimi qiymətli əsərlərə rast gəlmək olar.
Qeyd edim ki, Əbu Əli İbn Sinanın “Əl-qanun fit-tibb” əsərinin ikinci cildi dünyada ən mükəmməl əlyazmalardan biri hesab olunur. Bu əsərin Özbəkistanda tənqidi mətni hazırlanarkən əsərin məhz AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının surətindən istifadə olunub. İbn Sinanın vəfatından yüz il sonra bu qiymətli nümunənin surəti köçürülüb.
Layihənin rəhbəri kimi bu kitabın “Ön söz” müəllifliyi də mənə məxsusdur.
4. Əlyazmalar İnstitutundakı qiymətli nümunələrin qorunub saxlanılması üçün hansı tədbirlər həyata keçirilir? İnstitutda əlyazmaların elektronlaşdırılması istiqamətində görülən işlərdən də bəhs edərdiniz.
Dövlət başçısının müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Əlyazmalar İnstitutunda elektron kitabxananın yaradılması işləri görülür. Biz bu prosesə qədim əlyazmaların elektronlaşdırılmasından başlamışıq.
İnstitutumuzda əlyazmaların qorunması üçün xüsusi mikromühit yaradılıb. Müəyyən vaxtdan bir kağızların sıradan çıxmasının qarşısını almaq üçün sanitariya işləri həyata keçirilir, xüsusi temperatur rejiminin saxlanılması təmin edilir. Çalışırıq ki, əlyazmaların saxlanıldığı otaqlarda rütubət yaranmasın. Əlbəttə ki, bütün bunlar müasir əlyazma qorunması tələblərinə uyğun səviyyədə deyil. İnsan müdaxiləsi tələb etmədən, müasir sensorlar vasitəsilə əlyazmaların köçürülməsi üçün cihazlara böyük ehtiyac duyulur. İnanıram ki, gələcəkdə həm saxlanclarımızın daha müasir səviyyədə qurulması, həm də elektron kitabxananın yaradılması işlərinin sürətləndirilməsi üçün müasir avadanlıqların quraşdırılmasına dəstək veriləcək.
5. İnstitutda kadr hazırlığının həyata keçirilməsi istiqamətində nə kimi problemlərlə qarşılaşırsınız? Əlyazmalarla işləmək üçün gənc mütəxəssislərin hansı keyfiyyətlərə malik olması tələb olunur?
Fəlsəfədə “evristik həzz” deyə bir anlayış var. Uzun axtarışlardan sonra tapılan bir əşya və ya s. zamanı yaşanan sevinc hissidir. Bu hiss əlyazmalar üzərində işlə məşğul olan insanlar üçün yad
olarsa, o zaman mətnlərin də mənasının ifadə olunmasında təhriflərə yol verilə bilər. Bu baxımdan Əlyazmalar İnstitutu kadrların cəlb olunması istiqamətində bir qədər problemlərlə rastlaşır. Bunun səbəbi istedadlı gənclərin daha çox maddi gəlir gətirən işlərlə məşğul olmaa üstünlük verməsidir.
Əlbəttə, bizim qocaman əlyazmaşünas, mətnşünas alimlərimiz də var. Onlara ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim, Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovu, qocaman mətnüşünasımız professor Kamandar Şəriflini və digərlərini nümunə göstərmək olar.
Düşünürəm ki, gənc əlyazmaşünas və mətnşünasları Əlyazmalar İnstitutunda fəaliyyət göstərməyə cəlb etmək üçün tədbirlər görülməli, əlyazmalarımızın gələcək nəsillərə etibarlı və tam şəkildə ötürülməsi üçün mühüm işlər həyata keçirilməlidir.
Müsahibəni apardı:
Nərgiz QƏHRƏMANOVA,
AMEA-nın Rəyasət Heyəti aparatının
İnformasiya şöbəsinin sektor müdiri
turan.info.az
.