Qeyd edək ki, XX əsrin birinci yarısında ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlarına dair kifayət qədər faktlar həmin dövrün mətbuat orqanlarında öz əksini tapmış, arxiv sənədləri arasında yer almışdır. Faktların təkcə mətbuatda deyil, həm də bədii ədəbiyyatda ifadəsi və aşkar edilməsi soyqırım mövzusunun bədii ədəbiyyatda işlənməsi ilə bağlı elmi-tədqiqat işinin aparılmasının aktuallıq və vacibliyini ortaya qoymuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, “...erməni faşizmi Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır”. Prezidentin bu sözləri tariximizin qaranlıq səhifələrinə işıq salmaq, aydınlıq gətirmək, xüsusilə azərbaycanlıların soyqırımı faciəsi haqqında daha ətraflı, yeni məlumatların əldə olunması məqsədilə tədqiqatçıları bu istiqamətdə daha da fəallaşdırır.
Bu kontekstdə onu da qeyd edək ki, tarix boyu bütün xalqların qarşılaşa biləcəyi bir problem olan “soyqırım və deportasiya” mövzusunun bu gün də tədqiqini aktuallaşdıran və buna əsas verən bir sıra beynəlxalq sənədlər mövcuddur. Belə ki, müasir dövrdə bir sıra beynəlxalq təşkilatlar tarixin müxtəlif dövrlərində törədilmiş soyqırımı cinayətlərini birmənalı şəkildə pisləyən beynəlxalq hüquqi sənədlər qəbul etmişlər. Məsələn, BMT Baş Məclisinin 11 dekabr 1946-cı il tarixli 96 (1) saylı qətnaməsində genosidin beynəlxalq hüquq normalarını pozan, BMT-nin ruhuna və məqsədlərinə zidd cinayət olduğu elan edilmişdir. 9 dekabr 1948-ci il tarixli “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyanın tələbinə görə isə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər “soyqırımı” hesab edilir. Belə əməlləri törədənlər soyqırımı cinayətini törətmiş şəxslər hesab olunur və cəzalandırılmalıdırlar. Yuxarıda qeyd etdiyimiz kimi, XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soyqırımını törətməsini arxiv sənədləri və həmin dövrün mətbuatında dərc edilmiş məqalələr, bədii ədəbiyyatda əksini tapmış faktlar da təsdiq edir. Bütün bunlar erməni vandalizminin ifşa olunması baxı¬mından tarixi olduğu qədər də siyasi və hüquqi əhəmiyyət kəsb edir.
Bundan başqa, 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının 217(III) saylı qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquqlarının müdafiə olunması məsələsinin dövlətlərin daxili işi olmadığı bəyan edilmişdir. Beləliklə, bu bəyannamənin qəbul edilməsi ilə beynəlxalq münasibətləri və beynəlxalq hüququ səciyyələndirən ən əhəmiyyətli məqamlardan biri olan insan hüquqlarının “beynəlmiləlləşməsi” prosesi başlamışdır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn qəbul etdiyi “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyasına qoşulmuşdur. Milli Məclis tərəfindən qəbul olunmuş Azərbaycan Respublikasının Qanununu ümummilli lider Heydər Əliyev 31 may 1996-cı il tarixində imza¬lamışdır. Beləliklə, Azərbaycanda XX əsrin əvvəllərində, eyni zamanda əsrin sonlarında azərbaycanlılara qarşı həyata keçirilən erməni soyqırımına ilk siyasi-hüquqi qiymət görkəmli dövlət xadimi, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev tərəfindən verilmişdir. Təəssüf ki, bütövlükdə son ikiyüz ildə Azərbaycanda və Şərqi Anadoluda erməni vəhşiliklərinin zirvəsi sayılan soyqırımı cinayətləri (o cümlədən Xocalı soyqırımı) müasir dövrdə beynəlxalq ictimaiyyət tərəfindən biganəliklə qarşılanmaqdadır. Konvensiyada qeyd olunan “cəzalandırılma” BMT və digər beynəlxalq təşkilatlar tərəfindən cinayətkar ölkəyə, yəni Ermənistana hələ də tətbiq olunmur.
Burada məlumat üçün qeyd edək ki, XX əsr ərzində Azərbaycan xalqına qarşı bir neçə dəfə məqsədli şəkildə yönəldilmiş soyqırımı siyasətinin faciəli nəticələri nəinki tariximizin qanlı səhifələrini yazmış, həmçinin müəyyən ərazilərimizin işğalı ilə də nəticələnmişdir. Erməni işğalçıları Azərbaycanın Göyçə mahalını, Dərələyəz və Zəngəzur qəzalarını, Vedibasarı və Dağlıq Qarabağı işğal etməklə ölkəmizdə çoxsaylı insan tələfatına yol açmışlar. Azərbaycan xalqı böyük müqavimət göstərməsinə baxmayaraq, XX əsrin əvvəllərində, Birinci Dünya müharibəsi dövründə, İkinci Dünya müharibəsindən sonra və nəhayət, ötən əsrin 80-90-cı illərində mürəkkəb ictimai-siyasi şəraitdə qanlı soyqırımları və deportasiyaların ağır və əzablı yollarından keçməli olmuşdur. Azərbaycanın vətənpərvər yazıçıları ən müxtəlif səviyyələrdə təqiblərə məruz qalmış, xalq düşməni elan olunmuş, tutduqları vəzifələrdən çıxarılmış və həbs edilmişlər. Nəticədə isə XX əsrin Azərbaycan həqiqətləri yalançı erməni təbliğatı ilə saxtalaşdırılmışdır. BMT-nin sözügüdən Qətnamə və Konvensiyasını rəhbər tutaraq qeyd edilməlidir ki, 1905-1907, 1918-1920, 1945-1950, 1988, 1990, 1992-ci illərdə ermənilərin xarici qüvvələrin təsiri və dəstəyi ilə Azərbaycan ərazisində, eləcə də Şərqi Anadoluda törətmiş olduqları qətl hadisələri birbaşa “genosid”, yəni soyqırımı cinayəti adlandırılmağa haqq qazanır. Buna səbəb yaradan ən mötəbər mənbələr sırasında dünya kitabxanalrı və arxivlərində, həmçinin Azərbaycan, Türkiyə və hətta Ermənistan arxivlərində qorunan o dövrün sənədlərini misal gətirmək müm¬kündür.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımlar Azərbaycanın müxtəlif ərazilərində - Bakı, Naxçıvan, Ordubad, Qarabağ, Qazax, Quba, Şamaxı və Xocalıda törədilmişdir. Ağır məhrumiyyətlərə və işgəncələrə məruz qalan insanların acı taleyi tariximizin səhifələrində dərin izlər salmışdır. Təəssüflər olsun ki, tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalmışdır, ancaq bu hadisələr sənədli şəkildə, həmin dövrün mətbuat materiallarında, ziyan çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı illər"romanı, Cəfər Cabbarlının “1905-ci ildə” dramı, M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsərlərində öz əksini tapmışdır. Bundan başqa, Mirzəbala Məmmədzadə, Seyid Huseyn, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Mirzə Bağır Əliyev və başqa ziyalılar da soyqırım mövzusunu bədii ədəbiyyatda geniş şəkildə ifadə etmişlər.
Azərbaycan tarixinin acı səhifələrindən biri də “31 mart” soyqırımıdır. 1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verilməyə cəhd gostərilmişdir. Baş vermiş soyqırımın təhqiqi məqsədilə Nazirlər Şurası 1918-ci ilin iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul etmişdi. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılmışdı. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir. Bu, əslində əsrdən artıq müddətdə azərbaycanlılara qarşı törədilən soyqırım hadisəsinə və torpaqların zəbt edilməsi hallarına siyasi qiymət vermək cəhdi idi. Ancaq Azərbaycan Demokratik Respublikasının süqutu bu işləri başa çatdırmağa imkan vermədi.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası müstəqillik illərində də həyata keçməyən qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etmişdir. Bu hadisə ilə bağlı sistemli işin aparılmasına ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” sərəncamdan sonra başlandı. Eyniadlı fərmandan sonra da XX əsrdə Qafqaz regionunun və Azərbaycan tarixinin araşdırılması üçün geniş imkanlar yarandı. Qeyd edək ki, soyqırımla bağlı bu mühüm dövlət sənədlərinmin qəbul edilməsindən sonra 31 mart soyqırımı haqqında məqalələr, kitablar yazılmağa, tədqiqat işləri, elmi araşdirmalar aparılmağa, bu mövzuda konfranslar keçirilməyə başlanıldı. Qanlı mart hadisələrində kütləvi insan qırğını, azərbaycanlılara qarşı qəddarlıqla və amansızlıqla törədilən cinayətlər, canilərin cəzasızlıq mühiti millətsevər ziyalılardan biri kimi Seyidağa Axundzadəni də sarsıtmış və onu "Mart hadisəsi, 1918..." adlı kitab yazmağa sövq etmişdir. Bu kitab soyqırım haqqında yazılan ilk kitabdır. İlk bədii əsər isə 1918-ci ilin iyulunda Tiflisdə "Gənclər yurdu" adlı jurnalın 1-ci sayinda nəşr edilən "Əksinqilabçılar" hekayəsidir.
Müstəqillik illərində soyqırımla bağlı yuxarıda qeyd etdiyimiz Prezident sərəncamı ilə yanaşı bir sıra sənədlər də qəbul edilmişdir. Onlardan “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanını (18 dekabr 1997-ci il), “Xocalı soyqırımı (genosidi) günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarını (24 fevral 1994-cü il), Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını (31 mart 1998-ci il), Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını (30 dekabr 2009-cu il), Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 31 mart -Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanatını (30 mart 2010-cu il) və s. digər sənədləri qeyd etmək istərdik.
Soyqırımla bağlı gerçəkliklər, arxiv sənədləri Milli Təhlükəsizlik Nazirliyinin bilavasitə köməkliyi ilə toplanaraq nəşr edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasında da uzun illər öyrənilməsi qadağan edilmiş bu mühüm ictimai-siyasi və tarixi əhəmiyyətə malik problemin obyektiv şəkildə, elmi əsaslarla tədqiq edilib öyrənilməsi, bədii əsərlərdə, filmlərdə, təsviri sənətdə əks etdirilməsi istiqamətində təbliğat işinin müasir tələblər səviyyəsində aparılması istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti 15 oktyabr 2014-cü il tarixli “Azərbaycanlılara qarşı soyqırımla bağlı tədqiqatların AMEA-da daha da gücləndirilməsi haqqında” adlı qərar qəbul etmişdir. Qərara əsasən XX əsr ərzində azərbaycanlıların soyqırımı və deportasiyası ilə əlaqədar elmi-tədqiqat işlərini daha da genişləndirmək, ədəbi və bədii əsərlər, sənədli-bədii filmlər yaradılmasını təmin etmək məqsədilə Komissiya yaradılmışdır. Akademik Akif Əlizadənin sədrliyi ilə yaradılan komissiyaya Azərbaycan Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi, Kinematoqrafçılar İttifaqı, digər elmi və təhsil təşkilatları, yaradıcılıq qurumları daxildir. 9 bənddən ibarət qərarın əsas məqsədi XX əsr ərzində azərbaycanlılara qarşı yönəldilmiş soyqırımı və deportasiya siyasətinin, bu istiqamətdə törədilmiş böyük faciələrin köklərini, səbəblərini, gedişatını, hərəkətverici qüvvələrini, qanlı təzahürlərini və ağır nəticələrini, tarixi obyektivliyi qorumaqla, sənədlər əsasında dərindən, əsaslı şəkildə, yüksək elmi səviyyədə əks etdirən elmi-tarixi və bədii əsərlər meydana gətirmək, xarici dillərə tərcümə edərək dünya ictimaiyyətinə çatdırmaqdır.
Bundan başqa, digər dövlət qurumları tərəfindən də “soyqırımı” mövzusunun araşdırılması istiqamətində mühüm addımlar atılır. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Qarabag tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsi elan edilmişdir. Müsabiqənin əsas məqsədi ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, xüsusilə alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı tərədilmiş soyqırımların, erməni təcavüzünün araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanı yaradılmasıdır.
Artıq 17 ildir ki, 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bunu heç vaxt unutmamalıyıq. Əks halda unutqanlığımız tarixən olduğu kimi yenidən milli şüurumuzun faciəsinə çevrilə bilər.
Samirə Kərimova
AMEA-nın doktorantı
.