“Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı tarixi Sərəncam imzalamışdır.
Xalqımızın dövlətçilik ənənələrini, azadlıq, müstəqillik eşqini öz qəlbində daim yaşatmasının nəticəsidir ki, 70 illik sovet hakimiyyətindən sonra Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etmiş, bütün çətinliklərə baxmayaraq, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində onu qoruyub saxlamağa nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq qurulan müstəqil Azərbaycan artıq otuz ilə yaxın bir müddətdə öz strateji hədəflərinə doğru inamla addımlamaqda, dünya birliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq aləmə inteqrasiya olunmaqda, sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf etməkdədir.
Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son on beş illik tarixi bilavasitə Azərbaycan Respublikasının Prezidenti, hazırda dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusilə fərqlənən, müasir imicli siyasi xadim kimi böyük nüfuza malik olan cənab İlham Əliyevin adı ilə bağlıdır. Dövlətçilik ənənələri baxımından olduqca əlamətdardır ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi həm də cənab İlham Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin on beşinci ilinin tamam olduğu bir vaxta təsadüf edir.
Təbii ki, hər bir tarixi mərhələnin tamam olması bir tərəfdən həmin dövrün dəyərləndirilməsini, obyektiv qiymətləndirilməsini, digər tərəfdən isə növbəti inkişaf mərhələsi üçün perspektivlərin müəyyənləşdirilməsini tələb edir. Bizim bu məqalədə əsas məqsədimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on beş il ərzində Azərbaycan elminin inkişaf tendensiyalarını, müxtəlif istiqamətlər üzrə bu sahədə görülən işləri, həyata keçirilən tədbirləri, əldə olunan nailiyyətləri nəzərdən keçirməkdir. Cənab İlham Əliyev on beş il bundan öncə Prezidentlik fəaliyyətinə başlayarkən “Neft kapitalını insan kapitalına çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etdi. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, son on beş ildə ölkənin sosial-iqtisadi, mədəni-mənəvi tərəqqisinə adekvat olaraq ardıcıl və sürətlə inkişaf edən istiqamətlərdən biri elmi fəaliyyət sahəsi olmuşdur. Bu illər ərzində istər elmin maddi-texniki bazasının gücləndirilməsi, istər onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili, istərsə də elmin prioritetlərinin dünya elminin inkişaf tendensiyaları və ölkənin tələblərinə uyğunlaşdırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətər əldə edilmişdir.
Hesab edirik ki, son on beş ildə elmi fəaliyyət sahəsinin hərtərəfli təhlili, bu illər ərzində həyata keçirilən çoxsaylı tədbirlərin sistemli şəkildə təqdimi, bu istiqamətdə əldə edilmiş nailiyyətlərin müəyyənləşdirilməsi üçün həmin mərhələyə ayrılıqda götürülən üç beşillik üzrə nəzər salmaq daha məqsədəuyğundur.
2003-2008-ci illər: “neft kapitalının insan kapitalına çevrilməsi” sosial-iqtisadi inkişafın əsas formulu kimi
2003-2008-ci illər müasir Azərbaycanın tarixində müstəqil dövlət quruculuğu baxımından mühüm əhəmiyyətə malik ayrıca bir mərhələdir. Məhz 2003-cü ildən başlayaraq cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi siyasətə uğurla rəhbərlik etməyə başladı. Davamlı sosial-iqtisadi inkişafa nail olunması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun sürətlə artması, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqeyin ardıcıl olaraq güclənməsi, dünya enerji təhlükəsizliyində ölkəmizin rolunun genişlənməsi, sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı Dövlət proqramları və konsepsiyaların uğurla həyata keçirilməsi ilə Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli uğurlar əldə edildi. Nəticədə, 2003-2008-ci illərdə Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünya dövlətləri arasında ön sıralara yüksəldi, ən müxtəlif parametrlər üzrə real rəqəmlərdə əks olunan göstəricilərinə görə isə regionun lider dövlətinə çevrildi. Belə bir şəraitdə elmi fəaliyyət sahəsində müşahidə olunan inkişaf tempi getdikcə sürətlənməyə və özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoymağa başladı.
2003-2008-ci illərdə Azərbaycan elminin inkişafını şərtləndirən mühüm amilləri aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq mümkündür:
1. Elmin inkişafının dövlət siyasətinin strateji əhəmiyyətli prioritetlərindən birinə çevrilməsi;
2. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsində insan kapitalının prioritet istiqamətlərdən biri olaraq dövlət siyasəti səviyyəsində təsbiti;
3. Dövlət və vətəndaş cəmiyyəti quruculuğunda elmin yerinin və rolunun müəyyənləşdirilməsi;
4. Bütün bunların nəticəsi olaraq dövlətin elmi fəaliyyət sahəsində aşağıda qeyd olunan istiqamətlərdə mühüm tədbirləri həyata keçirməsi:
alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, elmi fəaliyyətin stimullaşdırılması və elmin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi;
elmi kadr potensialının gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin gerçəkləşdirilməsi;
humanitar siyasət sahəsində uzunmüddətli layihələrə start verilməsi;
elmi potensialın dövlət siyasətinin, xüsusən milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində yaxından iştirakı.
Məlumdur ki, elmi fəaliyyət sahəsində ən mühüm amillərdən biri onun lazımi səviyyədə və effektiv mexanizmlər əsasında maliyyələşməsinin, maddi-texniki bazasının gücləndirilməsinin təmin edilməsidir. Ötən əsrin doxsanıncı illərinin ortalarından ümummilli lider Heydər Əliyev tərəfindən start verilən bu istiqamətdəki tədbirlər 2003-cü ildən ardıcıl olaraq davam etdirilməyə başlandı, alimlərin şərəfli və ağır fəaliyyətinin stimullaşdırılması sahəsində ölkə başçısı tərəfindən bir sıra mühüm sərəncamlar verildi. Konkret olaraq, 2005 və 2006-cı illərdə alimlərin əməkhaqları və doktorantların təqaüdləri, 2007-ci ildə isə AMEA-nın həqiqi və müxbir üzvlərinin rütbə maaşları əhəmiyyətli dərəcədə artırıldı. Bundan əlavə, çoxsaylı alimlər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və müxtəlif dövlət mükafatları ilə təltif edildilər. Bir faktı xüsusilə qeyd etmək istərdik. 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrindən biri olan Geologiya İnstitutunun yubileyi münasibətilə İnstitutun dörd əməkdaşı Prezidentin fərdi təqaüdünə, üç əməkdaşı “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına, iki əməkdaşı “Şöhrət” ordeninə, otuz beş əməkdaşı isə digər təltiflərə layiq görülmüşdür. Bu kimi faktları digər institutlar haqqında da demək mümkündür.
2005-ci ildə zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının formalaşmasında, ümumən onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 60 ili tamam olmuşdur. Bu əlamətdar hadisənin - Akademiyanın 60 illik yubileyinin respublika miqyasında təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi Sərəncam imzaladı. Sərəncamdan irəli gələn vəzifələri rəhbər tutaraq, 2005-ci ildə elmin populyarlaşdırılması və təbliği, beynəlxalq və respublika miqyaslı çoxsaylı tədbirlərin - konfrans və simpoziumların keçirilməsi, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, Akademiyanın tarixi haqqında kitabların nəşri və s. istiqamətdə çoxsaylı yubiley tədbirləri həyata keçirildi. Cənab İlham Əliyev özü şəxsən AMEA-nın 60 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etdi. Yubiley münasibətilə AMEA-nın çoxsaylı əməkdaşları bir sıra dövlət mükafatlarına layiq görüldülər. Bütün bunlar Azərbaycanın müqəddəs elm məbədi olan Elmlər Akademiyası əməkdaşlarında dərin ruh yüksəkliyi yaratdı, burada aparılan elmi araşdırmaların, elmi-təşkilati fəaliyyətin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verdi.
2003-2008-ci illərdə elmi fəaliyyət sahəsində həyata keçirilən işlərin mühüm istiqamətlərindən biri də elmin maddi-texniki bazasının yaxşılaşdırılması olmuşdur. Məlum olduğu kimi, Akademiyanın, əsasən, Bakı şəhərində yerləşən elmi-tədqiqat müəssisələrinin binaları ötən əsrin 60-70-ci illərində istifadəyə verilmişdir. 2000-ci ilin əvvəllərində isə paytaxtın sürətlə yeniləşən siması fonunda bu binalar nisbətən arxaik təsir bağışlamağa başlamışdır. Məhz 2003-2008-ci illərdə Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması, Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması haqqında ölkə başçısı tərəfindən ardıcıl sərəncamlar imzalandı. Həmin sərəncamların icrası nəticəsində Akademiyanın çoxsaylı binaları ən müasir səviyyədə təmir edildi, lazımi avadanlıqlarla təchiz olundu.
2003-2008-ci illərdə yüksəkixtisaslı kadr potensialının formalaşdırılması sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Məlumdur ki, yüksəkixtisaslı kadr potensialı, onların davamlı olaraq yenilənməsi, gəncləşdirilməsi elmi fəaliyyətin əsasını təşkil edir. Məlumdur ki, ötən əsrin səksəninci illərinin ortalarından əsrin sonlarına doğru Azərbaycanda akademik kadr potensialı ciddi şəkildə zəifləmiş, ölkədən xaricə beyin axını güclənmiş, mövcud kadr sistemində kəskin qocalma tendensiyası müşahidə olunmağa başlanmışdır. Təkcə bircə faktı qeyd etmək istərdik. Akademik kadr potensialının formalaşması baxımından olduqca mühüm əhəmiyyətə malik AMEA üzvlüyünə seçkilər 1989-cu ildən 2001-ci ilədək ümumiyyətlə keçirilməmişdir. 2001-ci ildən sonra isə növbəti seçki məhz 2007-ci ildə keçirilmiş, elmin bu və ya digər sahəsində xüsusi xidmətləri olan alimlər Akademiyanın həqiqi və müxbir üzvləri, eyni zamanda Rəyasət Heyətinin üzvləri seçilmişlər.
2003-2008-ci illərdə elmin inkişafından danışarkən milli-mənəvi dəyərlərin qorunması, elmin informasiya təminatının gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malik uzunmüddətli humanitar layihələr üzərində xüsusilə dayanmaq lazımdır. Bu layihələrin də ilkin təşəbbüskarı kimi bilavasitə cənab Prezidentimiz İlham Əliyev özü çıxış etmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixində imzaladığı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncam buna parlaq nümunədir. Bu Sərəncamla Milli Ensiklopediya Mərkəzinin yaradılması, onun təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, respublikanın bütün elmi potensialının bu işə səfərbər edilməsi sahəsində dövlət tərəfindən olduqca böyük bir humanitar layihə gerçəkləşdirilməyə başlandı.
Az bir müddət ərzində olduqca gərgin zəhmətin, ən əsası, peşəkarlığın nəticəsi olaraq Ensiklopediyanın “Azərbaycan” xüsusi cildi ərsəyə gəldi. Azərbaycan haqqında bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental və universal mənbə olan bu “Kitab”, təbii olaraq, müasir mədəniyyətimizin hadisəsi adlandırılmağa layiqdir.
Bu illər ərzində həyata keçirilən humanitar tədbirlərdən biri kimi, 2004-cü ildə Prezidentin dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında Sərəncamını da xüsusilə qeyd etmək istərdik. Bu Sərəncamla nəhəng bir humanitar layihənin əsası qoyuldu. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri latın qrafikası ilə nəfis şəkildə nəşr edilməyə başlandı. Hazırda istər Ensiklopediyanın cildlərinin hazırlanması, istərsə də dünya ədəbiyyatının nəşri sahəsində işlər uğurla davam etdirilməkdədir.
Məlum olduğu kimi, milli təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin mühüm prioritetlərindən biridir. İntellektual yanaşma və elmi potensial olmadan isə bu məqsədə nail olmaq mümkün deyildir. Bu baxımdan 2007-ci ildə Prezidentin sərəncamı ilə intellektual məzmunlu və elmi təhlükəsizliyi də əsas götürən Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyasının (elm, ərzaq, iqtisadi, ekoloji, enerji, hərbi, informasiya, təhsil, mədəniyyət və s. təhlükəsizlik istiqamətləri) qəbul edilməsini xüsusi qeyd etmək istərdik. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədi ilə hazırlanmışdır. Konsepsiyada qeyd edilir ki, elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasəti Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlmişdir. Ölkənin davamlı inkişafı üçün adekvat sayda, müasir tələblər səviyyəsində təhsil almış və təcrübə keçmiş peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini təmin etmək zəruridir.
Konsepsiyanın tələblərinə müvafiq olaraq, ölkədə yüksək texnologiyaların, xüsusən də İKT sektorunun inkişafı, kosmik sənayenin formalaşdırılması kimi prioritet elm tutumlu istiqamətlərə böyük dəstək verilməyə başlanılmışdır. Beləliklə, 2003-2008-ci illər dövlətin neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan elmi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Bu yeni mərhələ elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin əsaslı olaraq yaxşılaşdırılması, elmin prioritet fəaliyyət sahəsi kimi cəmiyyətdə nüfuzunun artırılması, dövlət siyasətinin həyata keçirilməsində elmi potensialdan səmərəli istifadə edilməsi, elmin informasiya təminatının gücləndirilməsinə xidmət edən uzunmüddətli layihələrə start verilməsi və s. kimi istiqamətlərlə xarakterizə olunur.
2008-2013-cü illər: dövlətin modernləşmə siyasəti kontekstində elmin inkişaf strategiyası
2008-2013-cü illər Azərbaycan elminin inkişafında növbəti mühüm bir mərhələni təşkil edir. Bunun başlıca səbəbi bu illər ərzində Azərbaycanda elmin inkişafı üzrə Strategiyanın və həmin Strategiya ilə bağlı Dövlət Proqramının həyata keçirilməsidir. 2008-ci ilin aprel ayında elmin inkişafı üzrə Milli Strategiyanın hazırlanması və həyata keçirilməsi məqsədilə ölkə başçısı tərəfindən Azərbaycan elmində islahatların aparılması üçün Dövlət Komissiyası yaradıldı və Elmin İnkişafı üzrə Milli Strategiyanın hazırlanması qərara alındı. Komissiya tərəfindən hazırlanan Strategiya 2009-cu ilin may ayında cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edildi. Strategiyanın icrası istiqamətində dövlətin elmi-texniki və innovasiya siyasətinin əsas istiqamətləri müəyyənləşdirildi, elm və texnika sahəsində idarəetmə sisteminin və elmi qurumların strukturunun təkmilləşdirilməsi, beynəlxalq elmi əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması, xüsusən gənclərin Avropanın xarici elmi mərkəzlərinə göndərilməsi, Akademiyanın dövlət proqramlarının icrasında yaxından iştirakı və s. kimi istiqamətlər üzrə olduqca əhəmiyyətli addımlar atıldı. Həmçinin elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial müdafiəsinin gücləndirilməsi, elektron elmin formalaşması sahəsində də bir sıra uğurlar əldə edildi.
Strategiyada elmin inkişafı üzrə qarşıya qoyulan mühüm vəzifələrdən biri respublikada elmi-tədqiqat müəssisələrinin sistemli təsnifatı, elmi və elmi-təşkilati fəaliyyətin dəyərləndirilməsi idi. Bu sahədəki işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin dəyərləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənib hazırlanmışdır. Həmçinin elmi-tədqiqat müəssisələri ilə bağlı toplanmış məlumatların müvafiq şəkildə qiymətləndirilməsi əsasında elmi fəaliyyətin göstəricilər sistemi yaradılmışdır. Müəyyənləşdirilmiş meyarlar əsasında 2008-2013-cü illər ərzindəki elmi fəaliyyətin ilkin qiymətləndirilməsi həyata keçirilmişdir. Bundan əlavə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən ölkə üzrə elmi fəaliyyətdə informasiya texnologiyalarının tətbiqinin monitorinqi də uğurla başa çatdırılmış, monitorinqin nəticələri nəşr olunaraq müvafiq qurumlara təqdim edilmişdir. Onu da qeyd etmək istərdik ki, hazırda elmmetrik tədqiqatlar müvafiq elmi qurumlarda prioritet sahələrdən birinə çevrilmişdir. Strategiyada qarşıya qoyulan mühüm vəzifələrdən biri elmi tədqiqatların prioritetlərinin ölkənin strateji, sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi idi. Strategiyada Azərbaycan elminin müasir dövrün tələblərinə müvafiq olaraq bir sıra prioritetləri müəyyənləşdirilmişdir:
yanacaq-energetika kompleksinin inkişafı;
informasiya-kommunikasiya sahəsində elmi tədqiqatlar;
ətraf mühitin mühafizəsi və bərpa olunan təbii ehtiyatların davamlı inkişafı sahəsində tədqiqatlar;
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədqiqatlar;
canlı sistemlər haqqında fundamental tədqiqatlar (biologiya, tibb və s.);
ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə kənd təsərrüfatının inkişafı üzrə tədqiqatlar;
milli təhlükəsizlik və ölkənin müdafiəsinin təmin olunmasına yönəldilmiş tədqiqatlar;
milli-mənəvi dəyərlərin qorunmasına, milli tariximizin, mədəniyyətimizin və dilimizin obyektiv və konseptual tədqiqinə yönəldilmiş humanitar və ictimai elmlər sahəsində araşdırmalar və s.
Bu strategiyanın prioritetlərlə bağlı irəli sürdüyü vəzifələrin icrası üçün AMEA Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasında aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri müəyyən edilmişdir. Bundan əlavə, qeyd olunan prioritetlər üzrə peşəkar tədqiqatların aparılması məqsədilə çoxsaylı digər elmi-təşkilati tədbirlər həyata keçirilmişdir. Strategiyanın icrası üzrə əsas koordinator Azərbaycan Milli Elmlər Akademiyası olmaqla, onun həyata keçirilməsində ayrı-ayrı istiqamətlər üzrə məsul qurumlar da yaxından iştirak etmişlər.
2009-2013-cü illərdə Strategiyanın icrası çərçivəsində Azərbaycan elminin maddi-texniki bazası əhəmiyyətli dərəcədə güclənmiş, neçə-neçə yeni binalar inşa edilmiş, əsaslı təmir işləri aparılmış, elmi müəssisələr müasir cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Elmi fəaliyyət sahəsində xüsusi narahatedici məqam olan maliyyələşmə sahəsində də müəyyən qədər səmərəli tədbirlər həyata keçirilmişdir. Strategiyanın qarşıya qoyduğu əsas məqsədlərdən biri də elmin yeni mexanizmlər əsasında maliyyələşməsi məsələsi idi. Bu baxımdan ölkəmizdə prioritet elmi istiqamətlərin maliyyələşdirilməsi sahəsində uğurla fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, Dövlət Neft Şirkəti tərəfindən yaradılmış Elm Fondunun fəaliyyətini xüsusilə qeyd edərdik. Bundan əlavə, Elmlər Akademiyasında aktual elmi proqramların maliyyələşdirilməsinə keçid istiqamətində də əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir.
Elmin inkişafı üzrə bu Strategiyanın həyata keçirilməsi prosesində bəzi obyektiv çətinliklər olsa da, bütövlükdə Strategiyanın müasir Azərbaycan elminin inkişafında rolu olduqca mühüm olmuşdur. Əvvəlki illərdə olduğu kimi, 2008-2013-cü illərdə də elmi fəaliyyət sahəsi birbaşa ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu baxımdan 2011-ci il aprel ayının 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərinin unikal memarlıq incisi sayılan Azərbaycan Milli Elmlər Akademiyası binasının əsaslı təmir və yenidən qurulmasından sonra onun açılış mərasimində, həmçinin respublika elmi ictimaiyyətinin həyatında əlamətdar hadisə olan Akademiyanın illik Ümumi yığıncağında iştirakını xüsusilə qeyd etmək istərdik. Prezidentin xüsusi tapşırığına əsasən AMEA-nın əsas binasında 2007-ci ilin sonundan əsaslı təmir və yenidənqurma işlərinə başlanılmış, 2011-ci ildə isə bina klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirən möhtəşəm sənət abidəsi kimi alimlərin ixtiyarına verilmişdir. İlham Əliyev Ümumi yığıncaqda dərin məzmunlu nitq söyləmiş, həmin iclasda alimlərimiz tərəfindən qaldırılan bir sıra problemlərin həlli istiqamətində əməli addımlar atmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən digər bir addımı 2012-ci ilin dekabr ayında xüsusi fərmanla təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasıdır. Bu Konsepsiya Azərbaycan dövlətinin dünyada baş verən qlobal sosial-iqtisadi dəyişikliklərə adekvat reaksiyası olmaqla yanaşı, həmçinin güclü və müasir dövlət naminə son dərəcə uğurlu bir elmi inkişaf proqramıdır. Konsepsiya bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da bir çox vəzifələr qoyur. Konsepsiyada Azərbaycanın gələcək inkişafı ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid, insan kapitalının adekvat inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi kimi prinsiplərin reallaşdırılmasında götürülür ki, bu prinsiplərin də həyata keçirilməsi ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Xüsusən, bilik və mədəniyyət sahəsinin vəzifələri ilə informasiya texnologiyalarının inkişafı arasında əlaqələrin müəyyənləşdirilməsi elmi yanaşmalar olmadan mümkün deyildir.
2008-2013-cü illər mərhələsində Azərbaycan elminin mühüm nailiyyətlərindən biri də 2010-cu ildə müstəqil dövlətimizin tarixində ilk dəfə verilən Azərbaycan Respublikasının dövlət mükafatlarının “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” elmi nəşrlər silsiləsinə görə Geologiya İnstitutunun əməkdaşlarına, həmçinin “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Ədəbiyyat İnstitutunun əməkdaşlarına təqdim edilməsi olmuşdur. Fərəhli haldır ki, laureatlara Dövlət Mükafatını Azərbaycan Respublikasının Prezidenti şəxsən özü təqdim etmişdir.
2008-2013-cü illərdə Azərbaycan elminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən ayrılmış vəsaitlər hesabına AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Dilçilik institutlarında, muzeylərində yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılmış, elmi müəssisələr müasir avadanlıqlarla təchiz edilmişlər. AMEA-nın Geologiya, Fizika, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Polimer Materialları, Aşqarlar Kimyası institutları əsaslı olaraq təmir edilmişdir. Bundan əlavə, müasir tələblərə cavab verən elmi-tədqiqat işlərinin aparılması, təcrübə və tətbiq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 2010-cu il tarixli qərarı ilə elmi cihaz və avadanlıqların idxalı gömrük rüsumundan azad olunmuşdur. Bu gün əminliklə demək olar ki, Akademiyanın institutlarında müasir tələblər səviyyəsində tədqiqatların aparılmasına imkan verən cihaz və avadanlıqlar mövcuddur.
Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” müvafiq sərəncamının icrası ilə əlaqədar son illər AMEA-nın xeyli sayda gənc alimi Avropanın elmi mərkəzlərinə göndərilmişdir.
2013-2018-ci illər: elmi fəaliyyətdə çoxprofilli islahatlar zəminində yüksək texnologiyaların və innovasiya potensialının inkişafı
2013-2018-ci illər Azərbaycan elminin inkişafı baxımından olduqca mühüm bir tarixi mərhələdir. 2013-cü ilin aprel ayında AMEA Rəyasət Heyətinin yeni tərkibi seçilmiş, onun gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, elmi fəaliyyət sahəsində köklü islahatlara start verilmişdir. Nəzərdə tutulan islahatyönlü işlərin həyata keçirilməsi üçün ilk növbədə Rəyasət Heyətinin Mərkəzi aparatının strukturunda əsaslı dəyişiklik edilmişdir. Rəyasət Heyəti, sözün əsl mənasında, ən aktual elmi, elmi-innovativ və elmi-təşkilati məsələlərin professional və multidistiplinar səviyyədə müzakirə olunduğu intellektual beyin mərkəzinə çevrilmişdir. Rəyasət Heyətinin iclaslarında müasir dünya elminin ən aktual problemləri ilə səsləşən, eyni zamanda, respublikanın sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bir sıra elmi məruzələr geniş müzakirə olunmuşdur. Həmçinin fundamental elmlər üzrə araşdırmaların müasir tələblər səviyyəsinə çatdırılması, multidistiplinar tədqiqatların elmi fəaliyyətin perspektivli sahəsi kimi dəyərləndirilməsi, nano-, bio-, informasiya və digər qabaqcıl texnologiyaların araşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi, elmi potensialın inkişafında dövlət, biznes və qeyri-dövlət sektorlarının qarşılıqlı əlaqələrinin təşkili və s. məsələlər barəsində müvafiq qərarlar qəbul edilmişdir.
2013-2018-ci illərdə əldə olunan nailiyyətlərin mühüm bir hissəsi bilavasitə elmi araşdırmalarla bağlıdır. Bu illər ərzində Azərbaycan alimləri dünyanın ən böyük proton sürətləndiricisi olan Böyük Adron Kollayderin ATLAS qurğusunun həm fiziki proqramının hazırlanmasında, həm quraşdırılmasında, həm də bu qurğunun müxtəlif hissələrinin sınağında yaxından iştirak edirlər. Fizika İnstitutunda Milli GRİD - seqmenti yaradılıb. Böyük Adron Kollayder təcrübələrində bir sıra mühüm nəticələr əldə olunub. Azərbaycan alimlərinin Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, Avropa Nüvə Tədqiqatları Mərkəzində aparılan qlobal elmi layihələrdə də iştirakı diqqətəlayiqdir.
Akademiya alimlərinin yaxından iştirakı ilə yeni sinif unikal funksional materiallar - topoloji izolyatorlar sintez olunmuş, Avropa Birliyi ölkələrinin və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilmişdir. Alınan nəticələr yüksək impakt faktorlu jurnallarda çap olunan seriya məqalələrdə öz əksini tapmışdır. Yaxın gələcəkdə topoloji izolyatorlar əsasında keyfiyyətcə yeni elektronikanın - spintronikanın yaradılması nəzərdə tutulur.
İnformasiya texnologiyaları sahəsində tədqiqatçılar tərəfindən əldə olunmuş bir sıra elmi-nəzəri nəticələr ölkəmizin qloballaşan dünyada dayanıqlı inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, virtual məkanda ölkəmizə qarşı informasiya müharibəsi aparan gizli sosial şəbəkələrin aşkarlanması, həmçinin Bigdata şəraitində elektron-dövlətin informasiya təhlükəsizliyinin təmin olunması üçün bir sıra effektiv texnologiyalar işlənilmişdir. Alimlərimiz riyaziyyatın müasir sahələri olan riyazi modelləşdirmə, freymlər nəzəriyyəsi, aktuar riyaziyyat, kompüter modelləşdirilməsi, riyazi informatika sahələrində, habelə proqramlaşdırmanın riyaziyyatın müxtəlif sahələrinə tətbiqi ilə bağlı istiqamətlərdə uğurlu tədqiqatlar aparırlar. Neft kimyası istiqamətində kimyaçı alimlərin iştirakı ilə yaradılmış çoxfunksiyalı kimyəvi reagentlərin təcrübi-sənaye istehsalı təşkil olunmuşdur. Geofiziklər kosmik geodeziya məlumatı əsasında Qafqazın müasir geodinamik proseslərinin qanunauyğunluqlarını müəyyən etmişlər. Molekulyar Biologiya və Biotexnologiyalar sahəsində alimlərin apardığı sekvens analiz nəticəsində Azərbaycanda ilk dəfə olaraq xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunmuş, genetik müxtəlifliyi tədqiq edilmiş və dünya elmi üçün dörd yeni genotip müəyyən edilmişdir. Dünyada ilk dəfə olaraq müxtəlif fitoplazma növləri arasında rekombinasiya aşkar edilmişdir. Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatı müstəqillik dövründə” çoxcildli ədəbiyyat tarixinin hazırlanması ədəbiyyatçı alimlərin müstəsna xidmətlərindəndir. Tarixçi alimlər ölkə tarixinin yazılmasında, xalqımıza qarşı əsrlər boyu törədilmiş soyqırımları haqqında faktların açılmasında və onların beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılmasında xüsusi fəallıq göstərirlər.
2013-2018-ci illərdə elmi fəaliyyət sahəsində həyata keçirilən tədbirlərin mühüm bir istiqamətini elmi-təşkilati tədbirlər təşkil edir. Belə ki, qeyd olunan mərhələdə respublika Prezidentinin müvafiq Sərəncamına əsasən Gəncə Regional Elmi Mərkəzinin bazasında Gəncə Bölməsi yaradılmışdır. Bu addım respublikamızın Qərb bölgəsində elmi fəaliyyətin gücləndirilməsi, eləcə də regionlarda elmi-mədəni mərkəzlərin təşkil edilməsi baxımından olduqca mühüm əhəmiyyətə malik bir hadisə olmuşdur.
Haqqında bəhs etdiyimiz mərhələnin ən mühüm hadisələrindən biri müasir dünya elminin inkişaf tendensiyalarına müvafiq olaraq Akademiyada bir sıra yeni institutların yaradılması olmuşdur. Bilavasitə müasir dövrün tələblərindən irəli gələrək Biofizika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu və Neft və Qaz İnstitutu bu dövrdə fəaliyyətə başlamışdır. Bundan əlavə, Geologiya İnstitutunun Geologiya və Geofizika İnstitutu, Mərdəkan Dendrarisinin Dendrologiya İnstitutu, Kimya Problemləri İnstitutunun Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Kibernetika İnstitutunun İdarəetmə Sistemləri İnstitutu, İnsan Hüquqları İnstitutunun Hüquq və İnsan Haqları İnstitutu adlandırılması haqqında müvafiq qərarlar qəbul edilmiş, bu qərarların icrası ilə əlaqədar institutların elmi profilləri tamamilə yeniləşdirilmişdir.
Son illər akademik həyat üçün əlamətdar olan hadisələrdən biri də AMEA-nın üzvlüyünə seçkilərin keçirilməsi olmuşdur. Əvvəlki mərhələlərdə ən yaxşı halda beş ildən bir keçirilən seçkilər son beş ildə Nizamnamədə nəzərdə tutulduğu kimi, üç ildən bir - 30 iyun 2014-cü il və 2 may 2017-ci il tarixlərində keçirilmişdir. Dövlətin elmi fəaliyyət sahəsinə göstərdiyi böyük diqqət və qayğı sayəsində demokratik və şəffaf şəraitdə keçirilmiş hər iki seçkidə elmin müvafiq istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmimizi yeni biliklərlə zənginləşdirən, ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edən Azərbaycan alimləri Akademiyanın həqiqi və müxbir üzvü seçilmişlər.
Müasir dünyanın çağırışlarına müvafiq olaraq Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq, ölkədə və xaricdə yaşayan azərbaycanlı alimlər arasında əlaqələri gücləndirmək məqsədi ilə 19 dekabr 2014-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayı keçirilmişdir. Qurultayda ölkəmizin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər iştirak etmişlər.
2013-2018-ci illərdə Akademiyada həyata keçirilən islahatların mühüm bir istiqaməti elmi fəaliyyətin əsas resursları olan yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlıdır. Hazırda Akademiyada yüksəkixtisaslı kadrların hazırlanması sahəsində ciddi, gələcək perspektivlərə hesablanmış islahatlar həyata keçirilməkdədir.
Bildiyiniz kimi, 2015-ci ildə AMEA-da ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistratura yaradılmış və həmin ildən başlayaraq magistratura təhsili uğurla həyata keçirilməkdədir. 2017-ci ilin iyul ayında Akademiyanın ilk magistrlərinin buraxılışı böyük təntənə ilə qeyd edildi. Sevindirici hal odur ki, onların hamısı Akademiyada qalıb öz elmi karyeralarını davam etdirirlər. Akademiyada magistratura təhsilinin müasir səviyyədə qurulması və magistrantların peşəkar mütəxəssis kimi yetişmələri üçün mühüm addımlar atılmaqdadır. Belə ki, bu gün Akademiyanın elmi müəssisələrində müasir tələblərə cavab verən tədris mühiti yaradılmışdır. Hazırda Akademiyada 123 magistrant təhsil alır. Akademiyanın 30-a yaxın üzvü, 100-ə yaxın elmlər doktoru və 150-yə yaxın fəlsəfə doktoru magistraturada tədris prosesinə cəlb olunmuşdur. Tədris prosesinə zəruri hallarda xaricdən alimlər də dəvət olunur. Magistrantlara xarici dil və informatika fənləri yüksək səviyyədə tədris olunur. Eyni zamanda İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış AzScienceNet şəbəkəsinin geniş imkanları hesabına magistraturada təlim, tədris və imtahan prosesi ən müasir tələb və qaydalar əsasında uğurla həyata keçirilir. 2013-2018-ci illərdə innovativ fəaliyyət sahəsində də bir sıra uğurlar əldə edilmişdir. İlk növbədə onu qeyd etmək istərdik ki, AMEA-nın elmi müəssiələri respublika Prezidenti tərəfindən təsdiq olunmuş 19 Dövlət Proqramının həyata keçirilməsində yaxından iştirak edir. Ən müxtəlif sosial-iqtisadi və mədəni-mənəvi sahələri əhatə edən bu Dövlət proqramlarında respublika elmi potensialının yaxından iştirakı olduqca təqdirəlayiqdir. Məlum olduğu kimi, respublika Prezidenti Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda digər dövlət qurumları ilə yanaşı, AMEA-nın da qarşısına bir sıra mühüm vəzifələr qoyulmuşdur ki, bunların həyata keçirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilmiş və konkret əməli addımlar atılmışdır.
İnnovativ fəaliyyətlə bağlı digər bir məsələni də qeyd etmək istərdik. Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA-da Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Elm və biznesin qovuşduğu AMEA-nın Yüksək Texnologiyalar Parkı yarandığı gündən Akademiyada innovasiya ekosisteminin inkişafı istiqamətində bir çox layihələrin uğurla həyata keçirilməsinə nail olmuşdur. AMEA Yüksək Texnologiyalar Parkında çalışan gənc alimlər startap müsabiqələrində fəal iştirak edirlər. Həmin Texnoparkda bu gün fəaliyyət göstərən 6 rezident sırasında təsisçisi gənclər olan rezidentlər də vardır. 2013-2018-ci illərdə innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorları şəbəkəsinin genişləndirilməsi innovasiya sisteminin formalaşdırılmasının mühüm istiqamətlərindən birini təşkil etmişdir. Bu istiqamətdə də bir sıra uğurlar əldə edilmişdir. Bu baxımdan AMEA-da elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda neft-kimya, kimya və texniki təyinatlı məhsulların istehsalı və satışı üzrə bir sıra texnoparklar, təsərrüfathesablı müəssisə və zavodlar yaradılmışdır. 2013-2018-ci illərdə Akademiyada həyata keçirilən islahatların mühüm bir istiqamətini hüquqi islahatlar təşkil edir. Bu istiqamətdə Akademiyada çoxprofilli tədbirlər həyata keçirilməkdədir. Son beş ildə hüquqi islahatlar baxımından olduqca mühüm əhəmiyyətə malik olan iki mühüm hadisəni xüsusilə qeyd etmək istərdik. Onlardan birincisi Akademiyanın yeni Nizamnaməsinin təsdiq olunması ilə bağlıdır. 11 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Akademiyanın yeni Nizamnaməsi təsdiq olunmuşdur. Bu Akademik elmin daha effektiv təşkili baxımından olduqca mühüm əhəmiyyətə malik bir hadisədir.
Elmi fəaliyyət sahəsində hüquqi islahatların ən böyük uğuru, heç şübhəsiz, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Azərbaycan Respublikasının Milli Məclisi 2016-cı ilin 14 iyun tarixində “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə” 9 avqust 2016-cı il tarixli Fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Elm haqqında” qanun müstəqil dövlətimizin elm siyasətinin əsaslarını təşkil edir. Qanun ölkədə müasir elmi məktəblərin yaradılması, yeni elmi nəsillərin formalaşdırılması və inkişafı, ən başlıcası isə cəmiyyət quruculuğunun bütün sahələrində elm faktorunun hərəkətverici amillərdən birinə çevrilməsi, həmçinin müstəqil dövlətimizin elm siyasətinin həyata keçirilməsini təmin edəcək mühüm dövlət sənədidir. 2013-2018-ci illərdə Akademiyada gənclərin intellektual potensialının inkişafı, onların daha geniş miqyasda elmi fəaliyyətə cəlb edilməsi, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması istiqamətində bir sıra işlər görülmüşdür.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi haqqında” 2 iyul 2013-cü il tarixli fərman imzalamışdır. Hər il Rəyasət Heyətinin qərarı ilə “Gənclər üçün Prezident Mükafatı”na layiqli gənclər təqdim olunur. 2017-ci ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirildi. Ölkə başçısı cənab İlham Əliyevin təbrik məktubu göndərdiyi Qurultayda gənc alimlərlə bağlı ən müxtəlif məsələlər dərindən müzakirə olundu, geniş fikir mübadiləsi aparıldı. 2013-2018-ci illərdə Akademiyada həyata keçirilən islahatlar içərisində elm və təhsilin inteqrasiyası olduqca mühüm yer tutur. Bunun nəticəsidir ki, AMEA-nın elmi müəssisələrinin əməkdaşlarının təhsil prosesində yaxından iştirak etmələrinə böyük dəstək verilir, elmi yeniliklərin tədrisdə tətbiqi istiqamətində müvafiq işlər görülür.
Təhlillər göstərir ki, AMEA-nın yüksəkixtisaslı kadrlarının təhsil prosesinə qoşulması elmi nailiyyətlərin tədrisdə tətbiqi ilə yanaşı, gələcək elmi kadrların da Akademiya mühitinə cəlb olunmasına münbit şərait yaradır. Bütün bunlarla yanaşı, AMEA-nın bir sıra elmi müəssisələri ilə bəzi ali təhsil müəssisələri arasında baza kafedralarının yaradılması, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanmışdır. Bu əməkdaşlıq münasibətləri yalnız ali təhsil müəssisələrini deyil, orta məktəbləri də əhatə etmişdir. Doktorluq təhsilinin və elmi tədqiqatlarn modernləşdirilməsi üzrə “Nizami” layihəsi də elm və təhsilin inteqrasiyası sahəsində mühüm nailiyyətlərdən biri kimi qeyd oluna bilər. 2016-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyası Ümumi Yığıncağı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası arasında birgə elmi sessiya keçirildi. Tədbirdə elm və təhsilin inteqrasiyası ilə bağlı geniş fikir mübadiləsi aparıldı, müvafiq fəaliyyət proqramı qəbul edildi. Hazırda həmin fəaliyyət proqramı çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. 2013-2018-ci illərdə AMEA-da aparılan islahatlar, həmçinin ölkə səviyyəsində İKT-yə böyük diqqət “Elektron Azərbaycan”ın tərkib hissəsi kimi elektron elmin formalaşması və inkişafına da zəmin yaratmışdır. Bu gün AMEA-da e-elmin elmi-nəzəri əsasları tədqiq olunur, onun şəbəkə platforması olan AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, elmi qurumların beynəlxalq elmi şəbəkələrlə inteqrasiyası davam etdirilir.
Bildiyiniz kimi, dövlət başçısı İlham Əliyev tərəfindən 2013-cü il ölkədə İKT ili elan olunmuşdur. Bununla əlaqədar Elmlər Akademiyasında kompleks tədbirlər həyata keçirilmişdir. AMEA-nın elmi müəssisələrinin İKT ilə təminatı vəziyyətinin monitorinqi nəticəsində müəyyən edilmişdir ki, Akademiyada internetdən istifadə üçün heç bir problem yoxdur.
Son beş ildə əldə edilən uğurlardan biri kimi Azərbaycanın kosmik klubun üzvünə çevrilməsini də xüsusi qeyd etmək lazımdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin və elmi araşdırmalar sahəsində əldə olunan uğurların nəticəsidir ki, Azərbaycanın telekommunikasiya peykləri 2013-cü ilin 8 fevralında orbitə buraxılmışdır. Bu nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətinin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqinin reallaşdırılması sayəsində əldə olunmuşdur. Heç də təsadüfi deyildir ki, dövlət başçısı ilk peykin orbitə buraxılmasını müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biri, dövlətimizin qələbəsi kimi dəyərləndirmişdir. Mürəkkəb hesablama və böyük yaddaş resursları tələb edən elmi problemlərin həlli üçün AzScienceNet-in bazasında böyük imkanlara malik verilənlərin emal mərkəzi yaradılmışdır. Bununla yanaşı, ölkə üzrə regionlarda distant tədris mərkəzləri şəbəkəsi yaradılmışdır.
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində apardığı siyasətin nəticəsində Azərbaycanın elm və təhsil cəmiyyətinin Avropanın elm və təhsil cəmiyyətinə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu məqsədlə AzScienceNet kompüter şəbəkəsi Avropanın yüksək sürətli elm və təhsil üçün internet şəbəkəsinə (GEANT) inteqrasiya olunmuşdur. Son zamanlar AMEA-da aparılan islahatlar, yeni texnologiyaların meydana gəlməsi science.az portalının təkmilləşdirilməsini də zəruri etmişdir. Bu məqsədlə portalın yeni versiyası hazırlanmış, onun tərkibində “Elm TV” internet televiziyası yaradılmışdır. 2013-2018-ci illərdə bütün sahələrdə olduğu kimi, AMEA-nın beynəlxalq elmi əməkdaşlığı sahəsində də siyasəti yenidən qurulmuşdur.
Bu illər ərzində AMEA-nın beynəlxalq əməkdaşlığının səviyyəsində artım dinamikası müşahidə olunmuş, elmi müəssisə və alimlərimizin beynəlxalq elm məkanına inteqrasiya prosesi sürətlənmişdir...
Akif Əlizadə,
AMEA-nın prezidenti, akademik
"Respublika" qəzeti, 2 fevral 2018-ci il
turan.info.az
.