Səringül Sadə (1958): RÜBAİLƏR

Səringül Sadə (1958): RÜBAİLƏR * * *

Səni yaxşı bilənmədim heç zaman,
Sənlə birgə gülənmədim heç zaman.
Anlamadım canavarsan, ya quzu,
Bir qərara gələnmədin heç zaman.

Ali savad alan elə gəlin var,
Evdəki qarını yaşıdı sanar.
Ədəbdən-əkandan olmaz xəbəri,
Əri də susmağa eyləyər vardar.

Qadın gözəlliyi bəzəklə deyil,
Nə lazım rənglərə salasan meyil.
Dinlə qocaları, öyrən hikməti,
Qadın gözəlliyi – namus-ar, bil!

Yetərincə mən edirəm marağı,
Hər bir qadın qarşılamaz qonağı.
Allah versin comərdlərin qismətin,
Yaxşı gəlin sevinc-şadlıq bulağı.

Qadın var yerindən qalxır günorta,
Dönürsən qarşında bir yoğunorta.
Baxmır ev-eşiyə, qapı-bacaya,
Boylanır həmişə şirniyə, torta.

Yasda hırıldayıb gülən görmüşəm,
Vaya da bəzənib gələn görmüşəm.
Abırı-həyanı bir yana atıb,
Altın-axca üçün ölən görmüşəm.

Necə sinələri qəm-qübar alıb,
Çoxları mənimtək yanıb-qaralıb.
Bəxti verən verib, indi neyləyək,
Bizə kef çəkmək yox, dərd çəkmək qalıb.

Uzaq düşdüm mən obamdan elimdən,
Tək-tənhayam tutan yoxdur əlimdən.
Yamanlığa yozurlar hey zalımlar,
Nə söz çıxsa bil ki, mənim dilimdən.

O can ölsün bir cananı sevməyən,
Bağça-bağı gülüstanı sevməyən.
Düşmənidir Səringülün o kəs ki,
Borçalını-Gürcüstanı sevməyən.

Süd gölündə üzüb bələnsən zərə,
Heç zaman özünü öymə boş yerə.
Dinlə sən Sadənin məsləhətini,
Tanrım lovğaları yıxıb min kərə.

Qapalı insanı duymaq çətindi,
Anlaya bilməzsən yüz onu dindir.
Qapalı insan da birdən qaynayır,
Açıb qapağını tez onu sendir.

Duzumu dadan kəs duzdan istəyir,
Gül verdiyim kəs də güldan istəyir.
Bilmirəm nədənsə qohumun çoxu,
Gəl vuruşaq deyib meydan istəyir.

Məni incitməyi sayırlar haqlı,
Məni bəyənməyir kirli-pasaqlı.
Doğrunu-düzgünü, qədirbiləni,
Sadəyəm gəzirəm əli çıraqlı.

Bu belədir, Paris, Pekin, həm Şamda,
Kasıb adam unudulur bayramda.
Varlı isə təkrar təbrik edilir,
Nələr varmış bu çiy süd əmmiş adamda.

Səni unutmuşam, bir yad bilmişəm,
Xəyal dünyamdan da tamam silmişəm.
Sonradan anladım duydum bunları,
Sənin aləmində kömür-külmüşəm.

Dünyanı tor görür gözüm nədəndi,
Əyriyə yozulur düzüm, nədəmdir.
Özüm ayaqüstə zorla gəzirəm,
Yel atında çapır sözüm nədəndir?!

Deyirlər qozbeli düzəldər qəbir,
Düzələr işin də eyləsən səbr.
Əyri yaranıbsa əgər bir insan,
Düzəlməz ömründə yüz eylə tədbir.

Arvad var ki, qasırğadı, tufandı,
Əqrəb kimi hamıları çalandı.
Düşünmə ki, yaşa dolub söz qalar,
Nə olsa da ilan yenə ilandı.

Qadın var ki, qırx qazana çalası,
Bitmək bilmir qışqırığı-davası.
Bezdirir canından qohum-qonşunu,
Beləsinin tez paylansın halvası.

Heç bilmirəm niyə dərdə tuş oldum,
Bahar idim bir boranlı qış oldum.
Tufan qalxdı düşdüm qara-covğuna,
Qanadları sınmış tənha quş oldum.

Çömçətutan, qələmtutan, beltutan,
Bunlar üçün vermək olar can qurban.
Göz dağıdır, zəhləm gedən insandı,
Kim əlində qədər tutur hər zaman.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: