Yazın gəlişi onun gözəlliyinə gözəllik qatmışdı. Güzgü qabağında özünə baxırdı. Elə bil kimisə gözləyirdi...
Həyət darvazasının səsini eşitsək o tərəfə boylandı.
Bayaqdan çırpınan ürəyi indi lap az qalırdı ki, yerindən çıxa.
Kənan beş il idi ki, kəndə gəlmirdi. Axırıncı dəfə kəndə gələndə, Gülarənin on beş yaşı vardı. Kənanla Gülarə xeyli söhbətdən sonra məlum olur ki, Kənan kəndə evlənmək məqsədilə gəlib. Əslində Kənan şəhərdə olarkən valideynləri ilə məsləhətləşmişdi.
Kənan: - Anam sizdən gələndən hər kəlməsi... deyəndə, Gülarə utancaq nəzərlərlə başını aşağı dikdi, elə bildi ki, xalası yəqin tez-tez Gülarədən danışır...
Kənan sözlərinə davam edirdi:
- Hə, anam addımbaşı sizin qonşu qızı Mələkdən danışır. Mələk çox qoçaq qızdı, axşamacan ev işlərində anasına kömək edir, həm də dərzi işləyir. Gülarə, sən onu çağıra bilərsənmi, bir bəhanə ilə, mən ona baxım necə qızdı?
Gülarə bir anlıq çaşdı, təəccübləndi...
-Hə, çağıraram. Niyə də olmasın, bəlkə xoşuna gələr?!
Gülarə gedib Mələkgilin çəpərlərinin yanında bir az dayandı, sonra nə isə fikirləşib, qayıtdı evə.
Kənan gözlərini onun üzünə dikərək:
- Mələk gəlir bura, onu görə biləcəyəm? Görəsən, anamın tərif etdiyi qədər varmı?
Gülarə özünü çox soyuqqanlı apararaq:
-Yox, bu gün Mələk işdə növbədədi, evə gəlməyəcək.
Kənan çox məyus oldu, amma Gülarə çalışdı ki, bu məyusluğu aradan götürmək üçün Kənanın başını bir təhər qatsın.
-Kənan, bizim yaxşı bağımız var, gedək meyvə yığmağa?
Onlar birlikdə bağa getdilər.
Doğrudan da, bağ çox böyük və gözəl idi. Hər cür meyvələr, güllər vardı . Kənan elə bil cənnətdə idi. Şəhərin dumanlı havasından belə təmiz havaya düşmək, onunçün behişt idi. Onlar xeyli söhbət edə-edə gah meyvə yığır, gah da zarafatlaşırdılar. Axşama yaxın evə qayıtdılar. İki gün beləcə keçdi.
Kənan Gülarədən hər dəfə Mələyi çağırmaq üçün xahiş edəndə Gülarə bir bəhanə gətirirdi. Hər vəchlə Mələyi ondan uzaqlaşdırmaq üçün əlindən gələni edirdi. Gah əldən-ayaqdan gedir, gah da bilmirdi ki, Kənan üçün nələr etsin. Artıq məqsədinə çatmışdı. Yavaş-yavaş Kənan Gülarəyə isinişməyə başlayırdı. Elə bil, qız onu hərəkətləri, qayğısı ilə ovsunlamışdı.
Mələk isə öz işində idi. Səhər tezdən işə gedir, axşam evlərinə qayıdırdı. Atası vəfat etmişdi, anası isə xəstə idi. Gah işləri ilə, gah da anasına qayğısı ilə əhatələnmişdi Mələk.
Kənanın anası kəndə gələndə, Mələyin anası ilə danışmışdı ki, Mələkdən çox xoşum gəlir, oğlumu göndərəcəyəm gəlsin, bilirəm o da bəyənəcək Mələyi. Evlənib xoşbəxt olarlar. Anası Mələklə bu barədə söhbət etmişdi. O da səbrsizliklə Kənanın yolunu gözləyirdi...Görəsən Kənan necə oğlandı? Amma zaman bunu təsdiqləmədi.
Artıq Kənanla Gülarənin arasında bir məhəbbət körpüsü yaranmışdı.
Bir axşam Kənan zəng edib anasına deyəndə ki, Gülarə ilə evlənmək istəyir...Kənanın anası etiraz etmədi, fikirləşdi ki, təki oğlumun sevdiyi olsun. Əslində Gülarədən onun da xoşu gəlirdi, amma Kənanla aralarında on yaş fərq vardı.
Bir ay keçmədi ki, Gülarə ilə Kənanın toyu oldu. Onlar Bakıda yaşamağa başladılar. Kənan yanğınsöndürmə idarəsində, Gülarə isə xəstəxanada tibb bacısı işləyirdi. Gülarə özünü çox xoşbəxt hiss edirdi.
İki il sonra onların Sənan adlı oğlu dünyaya gəldi. Ailənin sevincinin həddi-hüdudu yox idi. Amma bu xoşbəxtliyin içərisində bir bəd xəbər də yayıldı. Gülarənin bəzi xəstəliyi ilə əlaqədar artıq uşaq dünyaya gətirə bilməməsi Kənanı sarsıtmışdı. Gülarə bir gözü ilə sevinib, bir gözü ilə ağlayırdı. O, çalışırdı ki, kədərləndiyini onlara bildirməsin.
İllər bir-birini əvəz edir, quş təki uçub gedirdi. Artıq Sənan böyümüşdü. O, universitetə çox həvəslə hazırlaşmış və istədiyi, "İnşaat memarlıq"fakültəsinə daxil olmuşdu. Dördüncü, sonuncu kursda oxuyan Sənan diplom işi üzərində işləyirdi.
Axşam yeməyində Sənan ata-anası ilə bir stol başında olarkən, ürəyini onlara açmağa cəsarət tapdı:
-Anacan, atacan mən qonşuluqda yaşayan Əsməri sevirəm və onunla evlənmək istəyirəm.
Ata-anasının etirazına baxmadan, israrla onlara elçi getmələrini istədi.
Sənan savadlı, qoçaq, hər işə bacarığı ilə yanaşan oğlan idi. Amma çox inadkar idi. Gülarə:
-Ay bala, bizimlə onların qohumluğu tutmaz...Gəl bu sevdadan əl çək. Sənan isə söz dinləmədən onunla evlənəcəyini iddia edirdi.
Məcbur qalan valideynlər onları evləndirib, kirayə evə göndərdilər. Bir il sonra gənclərin Cavidan adlı bir oğlu oldu. Gülarə ilə Kənanın sevinci dünyaya sığmırdı. Biri baba, biri nənə olmuşdu. Onlar uşaq üçün nə lazımsa aldılar, qurban kəsib payladılar. Gülarə hey öz-özünə birinci nəvəsini sevəliyir, tez-tez şəklinə baxır, hətta dodaqaltı gülümsəyərək: ”köpəyoğlu lap atasına oxşayır” da deyirdi. Lakin Cavidanın gəlişi heç də xoşbəxtlik gətirmədi.
Gecəyarı Gülarə telefon zənginə oyandı.
Həyacanla dəstəyi götürdü, zəng xəstəxanadan idi. Gülarə eşitdiyi xəbərdən göz yaşları içində boğula-boğula Kənanı oyatmaq istəyən zaman büdrəyib yıxıldı. Onun əlləri əsir, ürəyi tez-tez çırpınırdı. Kənan tez ona dərman verib, əl-üzünü soyuq su ilə yudu. Gülarə ona Sənanın ağır yaralı olduğunu bildirdi. Səbəbini isə açıqlamadı...
Kənan vaxt itirmədən küçəyə çıxıb taksi saxlatdı və təcili xəstəxanaya yollandı. Göz yaşları içində Allaha dua edən valideynlər xəstəxananıın qapısına çatanda Sənanın bütün qonşularını orada gördülər. Gülarənin ürəyi getdi. Kənan vəziyyətin nə yerdə olduğunu anlamaq istəyərkən qonşuların ona təsəlli verməyindən hər şeyi başa düşmüşdü. Sənan artıq həyatda yox idi. Sənana yaxın qonşulardan biri atasının boynunu qucaqlayıb:
-Mən evdə çay içirdim. Partlayış səsinə həyətə çıxdım. Səsin Sənangildən gəldiyini bilib onlara qaçdım. Məndən qabaq o biri qonşu özünü yetirmişdi. Bütün qonşular səsismizə gəldilər. Sənan arxası üstdə yerdə idi. Təcili yardım çağırdıq. Ona qədər əlimizdən gələni etdik. Sən demə evə qaz sızıbmış, o da işdən evə gələn zaman bilməyib işığı yandırmış və bu hadisə baş vermişdir. Bura gələnə qədər nəfəsi üstündə idi. Onun yanından kənara durmamışıq. Həkimlərə yalvardıq ki, ata-anası gələnə kimi yardım edin. Körpə uşağı var, cavandı. Nə isə...Görünür qisməti belə imiş. Allah sizə səbr versin.
Beləcə yeganə oğlunun nakam həyatı başa çatdı. Altı ay sonra oğlunun dərdinə dözə bilməyən Kənan da vəfat etdi. İllər keçmişdi...Gülarə qocalmışdı. O, tənha yaşayırdı. Qonşuluqda nəvəsinin boynubüküklüyünü, gəlinin isə üzünü gülər görəndə Gülarənin tüstüsü təpəsindən çıxırdı. Gülarə çörək pulu üçün, kisə, tutqac tikib satırdı.
Günlərini çətinliklə keçirən Gülarə bir gün böyük bir binanın qarşısında dayanmışdı. Yanında zibil qutuları vardı. Onların içərisinə çoxlu parça qırıqları tökülümşdü.. Yəqin etdi ki, burda "Modalar evi" var.
Gülarə əlini uzadıb parçanı götürmək istəyəndə, kimsə bir oğlan onu səslədi. Çevrilib baxanda elə bil yuxu gördü. Gözlərinə inana bilmədi. Çağıran oğlan onun nəvəsi Cavidan idi. Gülarə Cavidana elə sarılmışdı ki... Sanki oğlunun iyini yenidən ondan almağa çalışırdı. Kənddə qonşuları olan dərzi Mələyin şoferi idi. Maşından düşən isə tanınmış modelyer Mələk idi...
Xalidə NURAY,
2018
turan.info.az
.