Kimisi universitetdə, kimisi də institutlardan birində təhsillərini davam etdirirlər. İndi onlar da mənim kimi, yay imtahanlarını qurtarıb 5-10 günlüyünə istirahət üçün kəndə tətilə gəliblər. Tez-tez bir yerə yığışırıq. Sağ olsunlar, çox maraqlı qızlardı. Günlərimiz bir-birindən şən və mənalı keçir...
Dünən tələbə qızlardan Nərgiz və Yasəmənlə bizim həyətdəki tut ağacının kölgəsində oturub gaplaşırdıq. Bir də Sevil gəldi. O, Xaricii Dillər İstitutunun üçüncü kurs tələbəsidir. Doğrusu heç kosmetikadan istifadə etməsə də gözəl qızdır. Xüsusilə, uzun ipək hörükləri hamını heyran edir... Sevil hansı qəzetdənsə bir yumoreska kəsib gətirmişdir.
- Qızlar, görün bizlərə necə də sataşmağa başlayıb bu oğlanlar, - deyə üzünü turşudaraq Sevil söhbətə başladı:
- Üzümüzə “gülüm, ölürəm sənsiz” - deyir, min bir dil çıxarıb, yalvarırlar arxamızca... “onların sir-sifəti ürəyi bulandırır, hərəsinin barmaq qalınlığında pudra, kraska var, hər gözlərində də yarım kilo mazut...” nə bilim nə...
Vüsalə, - deyə o mənə müraciət etdi: - hirsimdən partlayıram mən, xahiş edirəm, buyur sən oxu, rəfiqələrimiz də eşitsinlər. Eh, o “elmi işçi” əlimə keçə dişlərimlə didərəm onu.
Ucadan oxumağa başladım. Yumoreska elə ilk cümlələrindən mənim xoşuma gəldi. Odur ki, daha çox diqqət və böyük maraqla oxuyurdum...
-Vüsalə, - dedi Sevil: - qadan alım, o zəhrimar ərizənin məğzini bir də oxu, qoy bu bacılarım da işdən halı olsunlar, gözlərini açıb səkkizüzlü oğlanlara qənim kəsilsinlər.
Mən həmin cümlələri təkrar etdim: - “... Qadınlar iş gününün yarısını güzgülənir, bəzək-düzəklə məşğul olurlar, kişilərdən də pəsinmirlər. Bu heç etikaya sığmadığına, biz kişilərin xasiyyətinə toxunduğuna görə xahiş edirik ki, bu barədə bir ölçü götürəsiniz”.
- ”Götürəcəyik!” Hoqqabaz oğlu hoqqabaz! O elmi idarə sənin yerin deyil. Sənin yerin o dünyadır, o dünya! Allah səni yaradıb ki, yer üzü boş qalmasın, ə - əclaf! Oturduğun döşəkçəli stul isə, bu yumoreskanı qələmə alan ali savadlı fəhlə oğlanındır. Kim bilsin, hansı əli əyriliklə o stulu satın almısan, ay əclaf oğlu əclaf! - deyə Sevil bir nəfəsə “qəhrəmanı” söydü.
- Vüsalə, keç gerisinə.
Oxuyuram:
- “Müdir yığdı bizi kabinetinə. Bir az danladı ki, bu nə ərizəbazlıqdır, bu nə hoqqadır. Qız qadın bəzənib düzənər də”.
Sevil dilləndi:
- Qurban olum sənə, ay müdir. Burada olaydın üz-gözündən öpərdim.
Nərgiz:
- Kaş subay oğlan olaydı, - deyə zarafatyana söz atdı.
Oxuyuram:
- “... Əgər pis şeydir gedin öz arvadlarınızın cilovunu yığın, qoymayın pudra-kraska vurmağa, deyim kişisiniz. - yox, daha biz dözə bilmərik. Ya işdən biz getməliyik, ya da bu qadınlar.”
-Sevil yenidən “qəhrəmanı” söydü:
- Köpək oğlu, qadınlar hara gedəcək? Gedirsən sən get, gora get, cəhənnəmə get! Dədəmin ayaq altına kimi!
Mən oxumağımı davam etdirdim:
- “Müdir hərəmizin “başına bir ağıl qoyandan” sonra dedi ki, durun gedin...”
- Vüsalə, yetər. Sağ ol. Gəl bir öpüm səni, ağız - deyərək Sevil məndən icazəsiz üzümdən “maçç” elədi.
Gülüşdük. Həmişə gülmək nəsibiniz olsun.
Sevil:
-Vüsalə, balam, ədəbiyyat fakültəsində oxuyursan, məgər allah eləməsin, ölübsən, bir cavab yaz da, fikrini bildir, “ərizəbaz” oğlunu biyabr elə də. Sən dura-dura, mən qolumu çırmalayası deyiləm ki... - söylədi. - Yazıb sabah hazır edərsən oxuyub göndərərik.
Nə isə... Bilirəm, Sevil məni görcək soruşacaq: “Məktub hazırdırmı?”.
Ona görə də dünəndən düşünürəm. Amma bilmirəm nə yazım...
Vüsalənin söhbətini qələmə aldı:
Ç. MÜŞFİQ,
1990.
turan.info.az
.