Leyla Mətin (1986)

Leyla Mətin (1986) Leyla Mətin (Leyla Əmircan qızı Səfəraliyeva) - 1986-cı ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub.
Şeir yazmağa kiçik yaşlarından başlasa da, müəyyən səbəblərə görə davam etdirməyib.
2015-ci ildən ciddi yaradıcılığa başlayıb.
Şeirləri 2016-cı ildən "Yenilik" qəzetində, "525-ci qəzet"də, "Ulduz" və "Azad qələm" jurnallarında, "Yaşıl işıq" antologiyasında, Aznevs.az, turan.info.az, Zirve.info, Realfakt.az, Xəbərtime.az saytlarında, eləcə də, Türkiyənin Haberstar saytında və "Dərgizan" dərgisində dərc olunub.
İki kitabın və "Vətənpərvər məktəblilər" sosial layihəsinin müəllifi olan Leyla Səfərəliyeva hazırda "turan.info.az" və "Dünya.az" saytlarının xüsusi muxbiridir.

Biz də Leyla xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Xalidə TURAN,
turan.info.az-ın şöbə müdiri,
"Turan" ədəbi məcmuəsinin tərtibçisi


turan.info.az



Azad vətən

Yollarında tikan olsa
Yenə yolum, ünüm sənə/
Can vətənim, ana yurdum
Qurban olsun canım sənə.

Gözəl yurdum gözəl elim
Can könüldən ayrılarmı
Mənim könlüm canım sənsən
Səndən özgə canım varmı?

Həsrət oldu nifaq düşdü
Sağa sola səpələndik
Xarıbülbül nəfəsilə
Budur yenə bərabərik!

İllər aylar ötdü keçdi
Nələr yaşadı xalqımız?!
Qanlar axdı canlar getdi
Azad oldu torpağımız.

Azərbaycan Azərbaycan
Hər canda sən vuran ürək.
Azad torpaq, azad vətən
Azadlığın çox mübarək!


Qərib

Qərib, gözlərin də qəribdir sənin,
Küsüb ağlamaqçün bir sözə bənddir.
Könül yarasından uzağa köçdün,
Qərib olmağın da bir ayrı dərddir.

Uzaqdır, dərd bilən bacın, qardaşın,
Könlünü alacaq yoxdur sirdaşın,
Qurumur gözündən həsrət göz yaşın,
Dərddən solmağın da bir ayrı dərddir.

Yorulmuş yolçusan, yaddır diyarın,
İçdən parça-parça ayrılıb yarın,
Saçına ələnir qar narın-narın,
Yaşa dolmağın da bir ayrı dərddir.

Durna qatarından hay gözləyirsən,
Gələnə, gedənə salam deyirsən,
Gününü, ayını il eləyirsən,
Gül tək solmağın da bir ayrı dərddir.


Ayrılığın küçəsində

Bir dəfə də qayıt geri,
Eybi yoxdur, xətrimə dəy.
Şübhə yıxan evimizin,
Qapısını yenə də döy.
Fırtına da olur, keçir,
Keçənlərə güzəşt edək.
Günahsız bir körpəni gəl
Ardımızca sürüməyək,
Qəlbindəcə daşıdığı,
Min arzuya ümid verək.
Mənlə dolanma, eybi yox,
Bir evin yad insanıtək.
Sənlə təklikdə dalaşaq,
Üç olanda deyək-gülək.
Ayrılığın küçəsində,
İkimərtəbəli ev tikək.
Sakinləri özümüz olaq,
İki cinli, bir də mələk.


Zaman

Ümidlərdən, arzulardan,
Əl çək,- deyir yavaş-yavaş.
Gəlib çatıb sona karvan,
Budur mənzil, düş, a qardaş.

Neçə arzu, diləyini,
Bük qəlbinə, götür apar.
Zaman yetib yelkənini,
Bu dünyadan çəkib qopar.

“Kaş ki”ləri ağır-ağır,
Daşı indi özün ilə.
Ölçüləcək hesabların,
Mələklərin gözü ilə.

Əməlinlə qazandığın,
Öz yükünü çiynində sən.
Alıb burdan həmişəlik,
Qəbr evinə köçəcəksən.

Tərəziyə qoyulacaq,
Hesabların, kitabların.
Günahınmı çox olacaq,
Kara gələn savabların?


Dünya

Bir qucaq dərdim var, hansını deyim,
Şikayət eyləyim özünə, dünya.
Xəncəri azca çək, bir nəfəs alım,
Dərin bir ah çəkim üzünə, dünya.

Bir misra gün görüm göz işığına,
Məhəbbətlə baxım yaraşığına,
Nə olar, “dur“ söylə sən yağışına,
Yağmasın bu gündən üzümə, dünya.

Sevməsin kədərin, sevməsin qəmin,
Unutsun bir yolluq, unutsun məni,
Vallah, incimirəm, tərk etsin məni,
Atsın ocağının gözünə, dünya.

Qapıma gəlməsin sevinc dalınca,
Mən nələr çəkmişəm sevinc alınca,
Ölüm aramışam ömür boyunca,
İndi əcəl düşüb izimə, dünya.


turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: