QURBAN TƏBİƏTOĞLUNUN YENİ ŞEİRLƏRİ

QURBAN TƏBİƏTOĞLUNUN YENİ ŞEİRLƏRİ
Əziz oxucularımız!
Hörmətli peziya sevərlər!
İmzası oxucularımıza çoxdan tanış olan
istedadlı qələm dostumuz
Qurban Təbiətoğlunun
son vaxtlar qələmə aldığı
duzlu-məzəli satirik
şeirlərindən
bəzi nümunələri
Sizlərə - turan.info.az-ın
dəyərli oxucularına
təqdim edir və
müəllifə yeni-yeni
yaradıcılıq uğurları
arzulayırıq!..

turan.info.az



ŞAXTA BABAYA AÇIQ MƏKTUB !!!

Şaxta Baba, bəri başdan bilginən:
Çoxa tamarzıyıq, aza keçmişik...
Qar Qızı gətirib “əritmə” burda,
Bizdə qış qurtarıb, “yaza” keçmişik...

“Kredit”di göz üstündə qaşımız,
Elə bilmə, qızıldandı daşımız...
Dərd çəkməkdən parıldayır başımız,
Keçələ min şükür, daza keçmişik...

Həvəslənmə halımıza baxmağa,
Ət gəzirik gözümüzə soxmağa...
“Quş” da yoxdu közdə “şişə” taxmağa,
Qocalmış “ördəyə, qaza” keçmişik...

Söykənib Qar Qıza, dönmüsən şaha,
Vədinin astarı üzündən baha...
Qırmağa “fındıq” da tapılmır daha,
“Çəkici” götürüb “qoza” keçmişik...

Müxtəsəri, Qurban ölür qəhərdən,
Atımız yox, yapışmışıq yəhərdən...
Benzin qalxıb, “Laz” yığışıb şəhərdən,
Məlumun olsun ki, “Paz”a keçmişik...


TÜLKÜSƏN...

Bu gün çıxışında tanıdım səni,
Çaqqalın qohumu filan Tülküsən...
Ali savadına söz ola bilməz,
Pendiri Qarğadan alan Tülküsən...

Quşun yumurtasın yuvada yeyib,
Nə olmaz qanırsan, nə də ki eyib!
Filə böhtan atıb, qurda şər deyib,
Pələngi taxtından salan Tülküsən...

Kələyin Aslanı tora saldırıb,
Təklifin Milçəyə zəfər çaldırıb!
Xoruzun eşqinə badə qaldırıb,
Fərənin saçını yolan Tülküsən...

Qurbanam, xislətin bəllidir mənə,
Tamahın həmişə güc gəlir sənə.
Gününə bir Öküz versəm də, yenə
Xəyalı hinlərdə qalan Tülküsən...


…QABAĞINDA!

Bu dünya nədənsə yaman dəyişib…
Əlli caz oynayır yüz qabağında!
Nə mahud, nə ipək geyilmir daha,
Atlaz moddan düşüb bez qabağında!

Muğamat çalınmır, lal olubdu tar,
Kişidən arvada keçib ixtiyar!
Əlində Çaqqalın göndərişi var,
Tülkü hinə girir göz qabağında!

Qurban, ürəyində nədir bu həsrət?!
Eylə binamusa, yaltağa nifrət!
Böyüyə, kiçiyə qalmayıb hörmət,
Yalan şahlıq edir düz qabağında!


YALTAQ

İtirib namusun, tapdayıb arın,
Yalana, böhtana qarışdı yaltaq!
Vəzifə naminə, kürsü naminə,
Qul olub quldarla barışdı yaltaq!

Təriflər söylədi mağarda, toyda,
Dedi, – mən bu bəyə qohumam soyda.
Kiçilib yerdəki qarışqa boyda,
Neçə ayaqlara darışdı yaltaq.

Nəhayət, nadanın dövranı bitdi,
Sanmayın həqiqət arada itdi!
O saxta “cənab”lar dağıldı getdi,
Axırda bir küncə qırışdı yaltaq...


OĞLUMA NƏSİHƏT…

Atan kasıbın biridi,
Guruldayıb, çaxma, bala!
Nə evim var, nə eşiyim,
Olanım bu daxma, bala!

Çox danışma, lal ol, kiri,
Harda var ki düzün yeri?!
Özün “çölə qoysa” biri,
Yum gözünü, baxma, bala!

Şahidiyəm neçə kərə,
Xoruzu dul qoyub fərə.
“Başın girmədiyi yerə,
Bədənini soxma”, bala!

Yetişəndə vüsal dəmi,
Ehtiyatla köklə simi.
Quyruq görmüş tülkü kimi,
Tez əriyib, axma, bala!

Çox sulama quru ləki,
İtər vallah mizan, çəki.
Bal (?!) yeyəndə elə ye ki,
Üz-gözünə yaxma, bala!


BİR QIZA CAVAB…

“Qızlara da şeir yaz”, – deyən, gözəl!
İcazə ver sənin özündən yazım…
Söz açım “rəssamlıq” məharətindən,
“Kömürə” boyanmış gözündən yazım…

Qaşların sarıdır, kipriyin qara,
Neçəsin aldadıb salmısan tora?!
Baxıb qulağında əsən “lüstur”a,
Yeddi rəngə çalan üzündən yazım…

Ürəyində mənə, bəlkə, söyürsən,
“Leyli də, Şirin də mənəm”, – deyirsən.
Qışın soyuğunda “mini” geyirsən,
İncimə, üşüyən dizindən yazım…

turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: