İctimai-fəlsəfi baxımdan, bu tənzimatı vahid insan modeli mümkünləşdirir.
Heç şübhəsiz, tədqiqatçı-filoloq Müşfiq Borçalının “Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri” əsəri də bu modelin struktur əsaslarını özündə təzahür etdirir.
Əsər kitab halında 2011-ci ildə “Təhsil” EİM-də nəşr edilib.
Kitabda əsasən görkəmli saz-söz ustadı Aşıq Hüseyn Saraclının həyat və yaradıcılığı barədə ətraflı məlumat verilir, aşığın özünün “Aşıq Hüseyn Saraclının yaylaq səfəri” dastanı, xalq şairi Zəlimxan Yaqubun aşığa həsr etdiyi “Aşıq Hüseyn Saraclı” əsərindən bir parça və Nizami Saraclının ustadla bağlı “Yalan ola ayrılıq” poeması oxuculara təqdim edilir.
Kitab bütünlükdə, ustad aşığın 95 illik yubileyinə bir töhfədir.
İnsan modeli zaman-zaman böyük tədqiqat işlərində özünün təzahür tiplərini mətn və obyekt kodeksləri ilə xarakterizə etmişdir.
Müşfiq Borçalının Aşıq Hüseyn Saraclı modeli mətn və obyekti ilə birbaşa ədəbiyyatımızın folklor ənənələrinə sirayət edir. Və maraqlıdır ki, “Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri“ əsərinin folklordan bədii ədəbiyyata keçidi müəllifin zəruri ictimai yanaşmaları ilə təmin olunur. M.Borçalı əsərin struktur quruluşu ilə mətn əsasları arasındakı semantik əlaqəni bir növ, ictimai-tarixi proseslərlə qurub. Bu proseslər kitab boyu aşığın yaradıcılığına tranformasiya olunub. Məhz bu səbəbə əsər poetik düşüncə və həyat tipinə görə diqqəti daha çox cəlb edir.
Müşfiq Borçalı “Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri” kitabının “Ozan dünyamız” (Borçalı aşıqları) bölməsində ədəbi-tektonik təsirlər yaradır, aşıq yaradıcılığının Borçalı qolu barədə müfəssəl fikirlər səsləndirir., kitabın “Ustad Aşıq Hüseyn Saraclı” hissəsində ustad aşığın həyat və yaradıcılığı haqda geniş məlumat verir, ustadla bağlı fikirlərə yaradıcı münasibət bildirir, aşığın şerlərindən bir neçəsini qarşılıqlı ədəbi təsnifatda oxucuya təqdim edir, H.Saraclının bənzərsiz sənətkar, mahir dastançı olduğunu tədqiqatçıların dili ilə geniş ictimaiyyətə çatdırır, həmçinin, başqalarından fərqli olaraq onun dastanlara etdiyi uyarlı əlaqələr diqqət çəkir.
Ümumiyyətlə, M.Borçalı yeni kitabında folklor ənənələrinə ictimai baxışı, H.Saraclı yaradıcılığında janr-vəzn xüsusiyyətləri proseduruna yaradıcı münasibəti ilə diqqət mərkəzindədir. Onun ustad aşığın dastanlarına, bütövlükdə, şəxsiyyət modelinə, yaradıcılığındakı mətndaxili struktur-tipik mahiyyətə əsaslı müraciəti ümumədəbi qaynaqlara bələd olması ilə təzahür edir. Kitabdakı faktoloji zənginlik, fundamental yönəltmə müəllifin yeni tədqiqat işinin orjinallığını təsdiqləyir.
H.Saraclı modeli, ustad-aşıq formatı, dastan-janr xüsusiyyətləri, mövzunu predmetləşdirmə bacarığı M.Borçalının tədqiqatçı-filoloq qayəsidir. Obyekt kimi seçdiyi bənzərsiz sənətkar-dastançı modulu öz proyeksiyasını müxtəlif zəruri proseslərlə aktuallaşdırır: 1) Müəllifin H.Saraclı yaradıcılığına münasibəti bir neçə qatlıdır; 2) Ənənəvi folklorizmə yanaşma bucaqları sistemlidir; 3) Baxış müstəviləri əhatəli, həm də əksinə, konkretdir.
Diqqətçəkən haldır ki, “Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri” əsəri yığcam tədqiqat işidir.
M.Borçalı bu əsər vasitəsilə H.Saraclının folklor carçısı olduğunu nəzər-diqqətə çatdırır, H.Saraclı yaradıcılığına yeni baxış sərgiləyir.
Əvvəlki tədqiqat işlərində olduğu kimi, bu əsərdə də müəllifin filoloji yanaşması özünün problematikliyi ilə seçilir.
M.Borçalı H.Saraclı dövrünü fərqli xarakterlərə bölüb. Ən sadə fikirdə belə yüksək iradi-emosional əhval yaratmaq, bir-birinə zidd nəzərləri eyni ovqatda birləşdirmək onun H.Saraclı sənətinə münasibətini müəyyənləşdirir. Və onun filoloji fikirləri arasındakı semantik-sintaktik əlaqə duyğularının işlənmə əhatəsini genişləndirir, ən sadə sözlərində nəzərə çarpan fonemlər hissi uyğunluq, münasib ahəngdarlıq yaradır. Bəlkə də bu səbəbdəndir ki, onun yeni tədqiqat işi müxtəlif spesifik dəyişikliyə uğrayır. Əslində, H.Saraclı yaradıcılığında ən çox psixoloji momentlərə həyat normaları verən M.Borçalı bu prosesin poetikasını da qabarıq hissi zərurətlərə cəlb edir.
M.Borçalının H.Saraclının böyük oğlu İsfəndiyar Həsənovdan əldə etdiyi “Aşıq Hüseyn Saraclının yaylaq səfəri” adlı dastan öz orijinal-aktual qayəsi, şifahi şüurun inkişafındakı rolu və ədəbi çəkisi ilə fərqlənir. Dastanın məzmun və poetik strukturu modern ənənəçilik aşılayır.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun “Aşıq Hüseyn Saraclı” və şair Nizami Saraclının “Yalan ola ayrılıq” əsərləri də Aşıq Hüseyn Saraclı şəxsiyyətinə yaradıcı münasibətin bir təzahürüdür.
Bu münasibəti Z.Yaqubun “Məhlə aşığı deyil, yurd-mahal aşığıydı” və N.Saraclının “Ulu ozan, ululardan ulusan” fikri daha dəqiq realizə edir.
Bir sözlə, Müşfiq Borçalının
“Aşıq Hüseyn Saraclı və
onun yaylaq səfəri” kitabı
sadəcə, informasiya xarakteri daşımır,
müəllif burada sənətkar-ustad kultunu
açmağa çalışıb, Borçalı aşıq məktəbinin
qüdrətinə işıq tutub, nəhayət,
Aşıq Hüseyn Saraclını bir növ,
Haqq Aşığı kimi canlandırıb.
Hikmət MƏLİKZADƏ,
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü.
“Yeni təfəkkür” qəzeti, 2012-ci il.
"Şərqin səsi" qəzeti, mart, 2012.
.