GEDİN DEYİN ANAMA...

GEDİN DEYİN ANAMA... İnsanı böyük həyata yolu körpəlikdən, geniş dünyaya yolu isə ata evinin kandarından başlayır. İnsan dünyaya gəlir, ana südündən içib yavaş-yavaş böyüyür, ətə-qana gəlir, özünü qanmağa başlayandan sonra əvvəlcə həyəti, qonum-qonşunu tanıyır, sonra kəndini-kəsəyini, daha sonra geniş dünyaya üz tutur.
Amma illər - zamanın addımları -yaddaşına həkk olunduğundan, onun özümlüyünün, kimliyinin ən vacib hissəsini təşkil etdiyindən insanı öz kökündən ayrılmır. Buna görədir ki, o, həmin olub-keçənləri, yaşanmışı qismən özü ilə aparır və körpəliyi ilə hazırkı vəziyyəti arasında məsafə çoxaldıqca həmin illərə, həmin yerlərə qayıtmağa ehtiyac duyur. Bəzən fiziki cəhətdən, bəzən isə xəyalən… Özünə qayıtmaq, kimliyini unutmamaq, səni böyük həyata yola salmış kiçik vətənə məhəbbəti özünlə daşımaq insanın insan olmasına dəlalət edən amillərdən bəlkə də ən vacibidir. Və təsadüfi deyil ki, yaradıcı şəxslər, yazarlar öz uşaqlıq və gənclik illəri keçən yerlərə və günlərə qayıtmaq istəyi ilə, dönüb-dönüb xatirələrə dalır, ötən günləri həsrətlə xəyallarında və yazılarında canlandırırlar.
Amma…Həmin yerə, məkana qayıtmaq olar, həmin illərə qayıtmaq mümkün deyil, gedəni qaytarmaq, öz saçlarına dən düşən vaxtı ananın qarasaç dövrünü bir daha görmək mümkün deyil. «Bir çaya iki dəfə girmək mümkünsüzdür», çünki bir an əvvəlki sular artıq axıb gedib, çayın gətirdiyi sular tamam başqa sulardır və elə suya girmək istəyənin özü də həmin illərdəki deyil, o da başqalaşmış, dəyişilmişdir. İnsanı yaşanmış keçmiş günlərə fiziki qaytara biləcək maşın hələ ki icad olunmayıb…
Qarayazı torpağında doğulanın saza-sözə məhrəmliyi adi haldır. Və elə bir kəs olmaz ki, o torpağın suyundan içsin, amma heç olmasa hərdən ürəyini boşaltmaq, hisslərinə çıxış vermək üçün də olsa, bir neçə kəlmə yazmasın. Hansı ixtisası seçməyindən, hansı sahəylə məşğul olmasından asılı olmayaraq sözə məhəbbət və daxili ehtiyac yarananda sözə müraciət bu diyarın övladlarında daha tez-tez təsadüf olunan haldır. Bu diyarda dünyaya göz açıb gənc yaşlarından özünü dəqiq elmlər sahəsində təsdiq etmiş fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı da poeziyaya müraciət edir, özü də həvəskar səviyyədə deyil, sözün tam mənasında peşəkar səviyyədə.
Riyaziyyatçıların ədəbiyyata, bədii yaradıcılığa müraciəti bir o qədər də nadir hadisə deyil. Tarixə nəzər salsaq İbn Sina, Ömər Xəyyam kimi dühaların maraq dairəsindən, dövrümüzə qədər gəlib çatmış əsərlərindən çıxış edərək onların yerini müəyyənləşdirməkdə çətinliklə üzləşirik. İbn Sina həkimdir, riyaziy¬yatçıdır, yoxsa əsərləri bu gün də bədii dəyərini saxlayan görkəmli filosof-şairdir? Ömər Xəyyam dövrünün ən böyük astronomu, bütün dövrlərin ən görkəmli riyaziyyatçılarından olsa da, bizim dövrümüzdə daha çox şair kimi, rübai ustası kimi tanınır.
«Alisa möcüzələr ölkəsində» nağılı oxuculara yaxşı tanışdır. Amma nağılsevərlərin çoxu bilmir ki, onun müəllifi Luis Kerroll dövrünün ən böyük riyaziyyatçısı olmuşdur.
Gümüş dövr adlandırdığımız rus poeziyasının ən görkəmli nümayəndələrindən olan Andrey Belı Lomonosov adına Moskva universitetinin fizika-riyaziyyat fakultəsində müəllim Boris Buqayev kimi tanınırdı.
Fizika-riyaziyat elmləri doktoru, professor A.Kolmoqorov dünya görüşünün dərinliyi və genişliyi ilə seçilirdi. Riyaziyyatdan başqa o şeirşünaslıqla da məşğul olmuş və ilk dəfə riyazi metodları, proqramlaşdırmanı şeirlərə tətbiq etmişdi.
Gördüyümüz kimi, riyaziyyatçıların ədəbiyyata, bədii yaradıcılığa müraciəti bir o qədər də nadir hadisə deyil və bu kimi müraciətlər hazırda da davam etməkdədir. Bəs, Hamlet İsaxanlının timsalında, riyaziyyatçının poeziyaya müraciəti nədən irəli gəlir?
Bu suala cavab vermək üçün, yəqin ki, birinci növbədə Hamlet İsaxanlının şeirlərinə müraciət etməliyik:
Müdriklər ortaya hey sual atdı:
Varmı əbədiyyət?
Varsa nədir o? Və nədir həyat?
Kim-kimi yaratdı?

Bu misralar Hamlet İsaxanlının «Bu da bir həyatdı» (Bakı, 2004) kitabının əvvəllərindən götürülmüşdür və müəyyən mənada yuxarıda səsləndirdiyimiz suala şeirdə qoyulmuş suallarla cavab verilir. «Nədir həyat?» «Kim-kimi yaratdı?» «Varmı əbədiyyət?»… Bir-birindən ağır, cavabı müşkül suallar… Bu sualların cavabını heç bir riyazi hesablamalarla vermək mümkün olmadığından müəllif sözə müraciət edir, onlara cavab verməyə cəhd edir. Və ayrı-ayrı şeirlərində bu qoyulan sualların cavabını səsləndirməyə və bunu da bir riyaziyyatçı kimi tam bitkin həyata keçirməyə çalışır.
Zaman-zaman öz-özümlə söhbət etdim:
- Nə vaxt duydum, necə duydum həyatı mən?
- Öncə, əlbət, uşaqlıqda, öz nənəmdən –
O mələkdi, ülfəti qəlbimə doldu,
Onun sığındığı tanrı
Mənim də allahım oldu,
Mən onun, nənəmin allahını sevdim.
Öncə nənəm mənə bir dünya yaratdı,
Sonra gördüm həyat qəribə həyatdı.
Nədir həyat? Yaşadıqca duydum az-az,
Anladım ki onu tam anlamaq olmaz…
(«Kim-kimi yaratdı»)

İnsan dünyaya gəlir, onu dərk etməyə çalışır, hər gün onun üçün dünyanın yeni rəngləri, yeni çalarları açılır, o əvvəlcə nənə, baba nağılları ilə əfsanəvi bir aləmə yol alır, bundan sonra tədricən gerçəkliyin sərt üzü ilə üzləşir və yer həyatının sonuna qədər həyatın nə olduğunu öyrənməyə çalışır. Amma yenə də buna nail ola bilmir. Riyaziyyatda bəzi məsələlərin cavabı sonsuzluq olduğu kimi, həyatın dərki də bitib-tükənməyən, sonsuz bir prosesdir… İstər əlli yaşa, istər yüz yaşa… Nə doymaq olar bu həyatdan, nə də ki sirrini açmaq…
Nədir həyat?
Bir günəş doğuşu
Qaranlığın pərdəsini söküb atdı,
Aləmə dağılan odlu telləri
Alova bürüdü hər yeri,
Hərarəti qəlbimə də gəlib çatdı –
Bu bir həyatdı.
(«Bu bir həyatdı»)

Maraqlı fikirdir və çoxmənalı dərk olunandır. Günəş – həyatın mənbəyidir, günəş olmasa, həyat da olmaz. Digər tərəfdən, günəş yalnız enerji mənbəyi deyil, gündüzün gəlməsinin səbəbkarıdır, yəni buludlar arxasında gizlənsə belə günəşin gəlişi öz sözünü deyir. Məhz bu zaman şər qüvvələr çəkilir, xeyirin hökmranlığı başlayır: «bir çiçək qoxusu», «sevgi…duyğusu», «məhəbbət yuxusu» da günəşlə başlanır, gündüzdən başlanğıc alır… Nədir həyat? – sualı az da olsa cavablanır. Az da olsa! Çünki bu sualı tam cavablandırmaq, çox güman, heç mümkün də deyil. Bütün dövrlərdə alimlər də, şairələr də bu sualın cavabını verməyə çalışıblar, lakin sualın cavabı hələ də açıqdır. Həmin sualı cavablandırmağa, gördüyümüz kimi, alim-filosof-şair Hamlet İsaxanlı da cəhd edir və öz cavabını verir.
Lakin günəşin özü də əbədi deyil. Bunu şairdən çox alim, riyaziyyatçı Hamlet İsaxanlı deyir. Lakin həm şair, həm də alim təxəyyülü həyatın bu və ya digər şəkildə əbədiliyinə inanır. Konkret bir fərdin həyatının deyil, bütövlükdə yaranmışların bir şəkildən başqa şəkilə düşərək təkamüldə və ali bir varlıq kimi düşünən beyinə və sevən qəlbə malik olması şəklində:
Günəşin də öz ömrü var
Bir gün o da bitəcək.
Başqa bir günəş gələcək
Hər dərdə o yetəcək.
Yenə otlar göyərəcək
Açılacaq gül-çiçək
Bülbül yenə gül eşqiylə ötəcək;
Bir oğlanla bir qız yenə
Çiçəklərin arasında itəcək…
(«Qismət»)

Lakin suallar çox, fikirlər müxtəlif, cavabların verilməsi isə olduqca müşkül…
Yazarın sözün həqiqi mənasında düşünən beyinə və həssas qəlbə malik olması bir çox hallarda özünü sualların qoyulmasında göstərir. Problemin qoyuluşu özü-özlüyündə bədii yaradıcılıqda ideya daşıyıcısına çevrilməyə qadirdir. Sözügedən yazarın böyüklüyü də məhz bir-birindən vacib, bəşəri sualların qoyulmasında və onların cavablandırılmasına öz alim təxəyyülündən çıxış edərək riyazi dəqiqliklə cavab verməyə cəhd etməsindədir. «Ömrün harasındayıq» şeiri bu mənada əlamətdardır. Burada da sual qoyulur, amma təsdiq formasında:
Sadə insanlardan biriyik biz də –
Mərhəmətə layiq, hörmətə layiq.
Sözümüz də xoşdur, əməlimiz də,
Haqqa söykənənlər sırasındayıq.
Di gəl, bir nisgil var ürəyimizdə –
Bilmirik ki ömrün harasındayıq…

İnsanı daim narahat edən bir sual: ömrün nə qədəri gedib, nə qədəri qalır? Bu sualı cavablandırmaq isə... Bəs nə etməli. Müəllif dolayısı ilə də olsa, buna cavab verməyə çalışır. Lakin əvvəlcə şeirin bəzi özəllikləri haqqında. Aşkar nəzərə çarpmasa da, şeirdə fikir düzümü baxımından klassik aşıq poeziyasının vucudnamə forması ilə bir yaxınlıq var: burada da olumdan ölümə gedilən yol izlənilir, lakin yalnız insan həyatının dövrləri baxımından deyil, qəlbinin, fikri-düşüncəsinin keçdiyi yol baxımından. Bunu şeirdən bəzi sətirləri misal gətirməklə göstərə bilərik: «Bilirik ki uşaq deyilik daha», «Bilirik ki gənclik arxada qaldı», «Hələ sönməsə də gənclik alovu», «Hələ ki, gedirik ulu sabaha»… Güman ki, izaha ehtiyac yoxdur. Lakin bu poetik sadalama özü-özlüyündə məqsəd deyil. Müəllifi maraqlandıran zahiri inkişaf yolu deyil, daxili təkamüldür ki, bu da son nəticədə ilk nəzərdən adi görünə biləcək bir şeiri klassik Şərq fəlsəfi şeirinə yaxınlaşdırır.
Bu yerdə kiçik bir haşiyə çıxmaq istərdik. Maraqlıdır ki, Hamlet İsaxanlının şeirlər toplusunun redaktoru görkəmli filosof Camal Mustafayevdir. Bu, özü-özlüyündə şeirlərin fəlsəfi zəmininin güclü olmasına işarədir. Amma qayıdaq söhbətimizin əsas məcrasına.

Könül coşmaq istər, meydanımız dar,
Sıyrıla bilmirik, köhnə qındayıq,
Ruhumuz bədəndə tutmayır qərar,
Biz iki sevdanın arasındayıq…


Dar meydan hansıdır, köhnə qın nədir, iki sevda nə məsələdir? Suallar, suallar, yenə də suallar…

Şərq sufi poeziyasına vaqif olanlar bilir ki, dar meydan insan ruhunun müvəqqəti məkanı, daşıyıcısı bədəndir. Ruh müəyyən vaxta qədər bu «qın»da qalmalıdır, yalnız ariflik dərəcəsinə çatanlar müəyyən məqamlarda bir anlığa «sıyrıla» bilir, lakin yenə də yerinə qayıdıb Həqqin müəyyənləşdirdiyi vaxtı gözləyir ki, «köhnə», köhnəlmiş qından birdəfəlik sıyrılaraq öz «əbədi sevgisinə» qovuşsun. Və bu yerdə iki sevda məsələsi önə çıxır: müvəqqəti, yer həyatına olan sevda və əsl məhəbbətin yeganə obyekti Həqqə olan sevda. İlahi məhəbbət yolunun yolçusu əsl məhəbbət obyektinə qovuşmaq üçün müvəqqəti, yer həyatını könüllü tərk edə bilməz. Buna görədir ki, insan iki sevda arasındadır. Hansına daha yaxın olduğunu isə o özü bilmir və bilə də bilməz. Belə olarsa, həyat öz mənasını itirər. Həyatın mənası məhz bu müəmmadadır.
Həyat yoldur, olumdan ölümə gedən yol. Həyat insana əmanət verilmiş ömürün «xərclənməsidir». Əsas məsələ insanın bu əvəzsiz, təkrarolunmaz neməti hara və necə xərcləməsindədir. Onsuz da hamımız
Yaşamağın odu ilə
Əriyirik
Bir şam kimi gilə-gilə. («Ölümə na var ki»)
Əriyirik… və günlərin bir günü ömür tükənir.

Olumun, yaxud ölümün daha ağır olduğunu söyləmək çətindir. Lakin bu məsələdə də Hamlet İsaxanlı üçün elə bir müəmma, hər halda ilk nəzərdə, yoxdur. O, yenə də hər şeyi şeir diliylə, fəlsəfi baxışla və riyazi dəqiqliklə ölçür-biçir və gəldiyi qənaəti söyləyir:

Ölümə na var ki gülüm?!
Bircə dəfə gəlir ölüm,
Ölüm deyil həyatdı ən böyük zülm,
Yaşamaqdır bu həyatda ən ağır iş.
Varlığımız yoxluğa doğru bir giriş,
Həyatımız ölümə gedən yol imiş…


Hamlet İsaxanlı poeziyasının mövzu diapazonu xeyli genişdir. Burada təbiət şeirlərini də («Lalə»), məhəbbət lirikası nümunələrinin də («Yadındamı», «Səni çox sevirdim», «İkimizdən birimiz» və b.), urbanizasiya mövzusunda əsərləri də («Bakı», «Şəhərlilər kənddən gəldi» və b.) göstərmək olar. Lakin Hamlet İsaxanlı şeirinin əsas qayəsini fəlsəfi məzmun təşkil etdiyindən biz məhz bu qəbildən olan əsərlər üzərində durmağı lazım bildik. Sözümüzün təsdiqini kitabın lap əvvəlində verilmiş «Fikir yükü» şeirindən də görmək olar. Müəllifin tərtibatda birinci təqdim etməyə ehtiyac duyduğu əsər əslində kitabın ən əsas fikirlərini özündə ehtiva edir, onun fəlsəfi yönümlü olduğunu nəzərə çatdırır bariz şəkildə insan və doğma torpaq, vətən və yaradıcı insan probleminə toxunur. Yazar özü haqqında tamamilə haqlı olaraq «Fikir yüklü sənətkaram» deyir:

Fikir yüklü sənətkaram,
Düşünürəm aram-aram;
Tanrım saxla nəzərində
Bu torpağın üzərində
Düşündükcə bəxtiyaram…


Hamlet İsahanlının işıq üzü görmüş sonuncu kitabı «Ziyarət» adlanır və 2009-cu ildə çapdan çıxıb. Kitaba salınmış əsərlər ritmik təşkil, vəzn və ölçü baxımından xeyli rəngarəng olsalar da, onları birləşdirən və bir kitabda birləşdirməyə əsas verən əsas məqam aşkar sezilən «nostalji» hissi, duyğusudur. Lakin bu nostalji konkret zaman və məkan kəsiyinə çatmaq istəyindən doğmur. Bu daha müqəddəs bir duyğudur. İnsan müstəqil həyata başlayıb ana qucağından və ata evinin kandarından uzaqlara yol açır, amma həyatın müəyyən anında həmin yerə, həmin illərə və həmin dünya duyumuna qayıtmaq istəyi keçirir…
Sözü gedən şeirlər kitabı «Gedin deyin anama» başlıqlı şeirlə, şeir isə başlığa çıxarılmış bu sətirlə başlayır. Bu sətir, bilmirəm bilərəkdənmi, yoxsa hansısa təhtəlşüur bir istəyin təsirindənmi kitabı açır, amma bu sətiri, bu sözləri kitabın başqa bir yerində təsəvvür etmək çətindir. «Gedin deyin anama…» sözləri hər bəndin əvvəlində səslənir və hər dəfə də lirik qəhrəman üstüörtülü şəkildə çıxılmaz vəziyyətlərə düşdüyünü söyləyir. sifarişini edir - anasının ziyarətinə gedə bilməməsinin açıq demək istəmədiyi səbəblərini izah edir… oğul “yorulub qəm-kədərdən”, səbəblər tutarlıdır, amma dərinə gedilməsə, son nəticədə bəhanə kimi görünə bilər.
Oğul ana ziyarətinə getməlidir, amma gedəmmir… Saça dən düşür, işlər, qayğılar çoxalır, vaxt daralır,.. adam hərdən həyatdan bezib ölmək belə istəyir, «amma hələ öləmmir». Şair bunu belə deyir:

«Gedin deyin anama
Uzaqda ki, balan var
Onu çox da qınama -
Uzaqdadır gələmmir.
Son vaxtlar keyfi yoxdur
Yorulub qəm kədərdən
Heç ürəkdən güləmmir;
Ölmək istəyir hərdən
Amma hələ öləmmir…»


Oğul ana ziyarətinə getməlidir… Əslində bu fikir bütün kitabın leytmotivinə çevrilir. Ana sözünün özü də bu kitabda simvollaşır, yalnız konkret bir kəsi dünyaya gətirən qadını deyil, həm də həmin adamın dünyaya gəldiyi ocağı, yurdu, eli-obanı bildirir, son nəticədə vətən məfhumu ilə eyniləşir. Və bu eyniləşmə kitabda olduqca üzvi səslənir.
Kitabın əvvəlindən axırına bir lirik qəhrəman obrazı keçir, bütün şeirləri vahid bir hiss - həsrət və kökünə, buradan da elinə, obasına, vətəninə məhəbbət hissi - birləşdirir. Bu hiss həm kitaba daxil edilmiş şeirlərin, həm də «Ziyarət» poemasının əsas leytmotividir.

Kitabın lirik qəhrəmanı kəndinə, elinə-obasına, kiçik vətəninə qayıdır və bu qayıdış müəyyən mənada uşaqlıq və gənclik illərinə qayıdışa çevrilir, çünki gənc yaşlarında doğma yerlərdən getmiş qəhrəman dünyanı gəzib gəlmişdir. Həm onun özü, həm də onun kənddə qoyub getdikləri kəslər illərdən keçib bu günə gəlmişlər və bu illər hər kəsə öz möhürünü vurmuşdur. Bu isə doğma el-obaya qayıdışla həsrətin tam aradan qalxmasına ümid etməyin mənasızlığını göstərir.
Əslən hamı kənddəndir - dədəsi, babası şəhərdə doğulub böyüyənlər də, çünki bir vaxtlar, bəşəriyyət özünü dərk etməyə başlayanda şəhərlər olmayıb. Həyat kənddən başlanğıcını alıb. İlk şəhərləri də kəndlilər salıb. Və tədricən insanlar şəhərə üz tutub. Kimi oxumağa, kimi işləməyə, kimi yaşamağa…Şair “Bu da bir həyatdı” adlı kitabında bu mövzunu maraqlı şəkildə işləmişdi:

Şəhər yeni, kənd əzəldi,
Şəhərlilər kənddən gəldi...

Oxumağa gələn də çox
Ağlayan da, gülən də çox
Şəhər üçün ölən də çox...

Biri haya-küyə gəldi,
Biri məzə-meyə gəldi,
Bilməsə də nəyə gəldi
Şəhər deyə-deyə gəldi,
Şəhəri görməyə gəldi,
Şəhərdə ölməyə gəldi.


İnsanı şəhər öldürmür, lakin bu və ya digər səbəbdən şəhərə axışanların çoxu şəhərdə ölür. Bu bir həqiqətdir. Keçmişə, ötüb keçən günlərə fiziki qayıtmaq mümkünsüzdür. Şair də bunu çox gözəl anlayır, amma bunu heç cür qəbul etmək istəmir, zamanı yarıb ötən günlərin ziyarətinə can atır:

Çaylar axmazmış tərsinə
Mənsə uymaq istəmədim
Zamanın quru dərsinə.

İnsan keçmiş günlərə yalnız xəyalən qayıda bilir, o da fraqmentlər şəklində. İnsan yaddaşı seçim edərək, keçilən ömür yolunun yalnız bəzi səhifələrini, məqamlarını, anlarını özündə həkk edir və sonralar, müəyyən yaş həddində insanda nostalji hissləri baş qaldıranda yalnız həmin səhifələri canlandırmaq mümkün olur. Həmin illəri daha dolğun canlandıra bilmək üçün isə şair təxəyyülünə malik olmaq lazımdır. Hamlet İsaxanlı kimi. Şair təxəyyülünün köməyi ilə keçmişə boylanır, həmin günləri canlandırmağa çalışır və həmin yerlərə və illərə qayıdışını «Ziyarət» adlandırır. Lirik qəhrəman doğma kəndinə qayıdışına sevinir:

Doğulduğum, boy atdığım
Gecələrlə sevdalaşıb
Səhərləri oyatdığım
Doğma eldə, obadayam.

Duyğu hakim oldu bizə
Sevgi özü ibadətdir
Şükür, gəldik kəndimizə
Bu nə gözəl ziyarətdir!


Amma bu sevincdə bir kədər, bir nisgil var. Bəs bu nisgil nə ilə bağlıdır?
Birinci növbədə həmin illərə, yaddaşa çökmüş günlərə qayıdışın mümkünsüzlüyü ilə. Buna görə də doğma kəndə qayıdışın doğurduğu sevinc hissinə bişqa bir hiss də qarışır, şair təəssüf və bəlkə də təəccüblə deyir:

Bəs nədən qərib kimiyəm,
Yenə yol çəkir gözlərim?
Niyə belə kədərliyəm,
Pərişandır nəğmələrim?


Nədən lirik qəhrəman özünü qərib kimi hiss edir, nədən onun gözləri yol çəkir? Səbəb birdir - doğma elin ziyarətinə gələn xatiratında yuva salanlarla gerçəklikdə olanlar arasındakı təzadı görür. O, görmək istədiyinin həsrətini çəkir və onu tapmır, ən ağırı isə tapdığının az qala tanınmaz dərəcədə dəyişməsidir. Şairin özünə söz verək:

Geri döndüm. Onu gördüm
Gördüm, köksümü ötürdüm
Mən uşaqkən. O,.. o zaman
Gözəllikdə ad çıxaran
Bir gəlindi. Amma indi…


Kəndin «gözəlikdə ad çıxaran» gəlini indi qocalıb, günü keçmiş qarı olub. Lirik qəhrəmanın acı təəssüflə dediyi «amma indi…» yalnız vaxtı ilə «gözəllikdə ad çıxaran» gəlinə aid deyil, onun özünə də aiddir, çünki o illərdə gözələ uşaq gözləri baxmışdı və o gözəl bu qədər dəyişmişsə, həmin gözəlliyi aparmış illər lirik qəhrəmanın da saçlarına sığal çəkmiş, onu da tanınılmaz dərəcədə dəyişmişdir.
Bunu şairin özü də dərk edir. Əvvəlcə

Doğulduğum, boy atdığım,
Arzularla qucaqlaşıb
Öz dünyamı yaratdığım
Doğma eldə-obadayam,-


deyən lirik qəhrəman nə baş verdiyini tezliklə və təəssüflə anlayaraq ritorik suala müraciət edir və özünə xas bir üslubda oxucusunu düşündürə-düşündürə əsərə nöqtə qoyur :

De, keçmişdənmi gəlmişəm.
Ya mən özüm köhnəlmişəm?


Çox maraqlı və qəribə deyim. Hamı keçmişdən indiyə və indidən gələcəyə yol gedir, amma bu yol birtərəflidir, bu yolda əks istiqamətdə hərəkət yoxdur. Bu yolun başlanğıcında insan yolu tez getməyə tələsir, ortasında yolu heç fikirləşmədən gündəlik qayğılarla başını qatır, mənzil başına yaxınlaşanda isə hər vəcdlə yerişi ləngitməyə çalışır, amma əvvəli olanın axırı da var. Bu yol insanı köhnəltmir, qocaldır. Və qocalıq qapını döyəndə insan «yolun» başlanğıcına qayıtmağa, əlbəttə xəyalən, ehtiyac duyur, lakin yalnız yaradıcı şəxs bunu müəyyən qədər canlandıra bilir. Hamlet İsaxanlı kimi. «Ziyarət» poemasındakı kimi.
Lirik kənaraçıxmalarla insan-dünya-zaman probleminə nəzər salan şair bəşər övladının “qaydasız oyunları” ilə barışa bilmir, “məxluqat nə etməlidir?” sualını cavablandırmadan “min şükür ki, hər yaranan/bir gün ölüb getməlidir” deyə insan qüdrətinin məhdudluğunu insanın allahlıq etmək iddiasına qarşı çıxan xeyir qüvvə kimi qəbul edir:

Nə yaxşı ki, kainata
Tor qurub kəmənd atmadıq
Nə yaxşı ki, yeri, göyü
Biz qurub biz yaratmadıq.


Poema həcmcə böyük olmasa da, bir nəslin, elin həyat tarixçəsini əks etdirir. Burada bütöv bir elin ağrılı-acılı həyat yolu - sürgünlükdən, geriyə dönüşdən keçən yolu öz əksini tapır.

Doğma yurda dönən lirik qəhrəman el ağsaqqalları ilə görüşür, böyüklərini yada salır, oxucunun gözləri önündə babasının, nənəsinin poetik obrazlarını canlandırır. Bununla da onların ziyarətinə gəlir. Bu ziyarət xəyali ziyarətdir, yaddaşda yaşatmaq, böyüklərinin bir hissəsini özündə daşıyaraq gələcək nəsilərə çatdırmaqla edilən ziyarətdir. Və təsadüfi deyil ki, kitaba müəllifin əcdadı Qaçaq İsaxanın portreti ilə yanaşı, şairin yaxın qohumlarının, hətta nəvələrinin şəkilləri də salınmışdır. Bu isə ulu babadan nəvəyə həyat estafetinin ötürülməsi təəssüratı bağışlayır.

Ziyarət niyyətlə gəlib baş çəkməkdirsə, şairin ziyarəti baş tutmuşdur.
Ziyarət unutmamaq, daim özündə yaşatmaqdırsa, şairin ziyarəti baş tutmuşdur.
Bu yerdə deməli bircə söz qalır:
«Ziyarətiniz qəbul olsun, şair»!

Tamilla ƏLİYEVA,
Doc., Doktor,
Ardahan Universitetti,
Türkiyə

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: