Ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmsına görə” medalları ilə təltif edilmişdir.
“Şəhidlik zirvəsi ucalıqdır” deyən şəhidimiz vətən uğrunda canından keçməyin nə qədər müqəddəs olduğunu bilirdi.O, həyatı, şənlənməyi və Mürsəl Səfərovun “Xəbərin yox” mahnısını çox sevirdi. Subay idi.
Qeyd edək ki, Xəqaninin atası Füzuli Məmmədov 1993-cü ildə Zəngilandan Şirvana məcburi köçkün kimi gəlmşdir.İllər sonra isə onun oğlu Xəqani Məmmədov doğma torpağının düşmənlərdən azad edilməsi uğrunda qəhrəmancasına şəhid olmuşdur.
Xəqani Məmmədovun yaxın qohumu Mikayıl Rzayev 1990-cı illərin ağrılı-acılı günlərindən, ordumuzun pərakəndə vuruşmağından, ermənilərin ağır artilleriya və tanklarla silahlanaraq azərbaycana qarşı elan olunmamış müharibəsindən və bizim dinc əhalimizə necə divan tutduqlarından danışırdı:
- Ordunun başında duran komandanlıq yox idi. Bir də silah çatışmazlığı çox idi.ermənilər ağır artilleriya aftomat və tanklarla üstümüzə gəlirdilər. Bizdə isə ov tüfəngləri! o da bəlkə də üç nəfərə bir silah düşürdü.
Tankla ermənilər hücum edəndə bizim ordumuz əliyalın döyüşürdü.Məhs buna görə də igid oğullarımızı şəhid verirdik, həm də torpaqlarımızı itirirdik. Ana-bacıları şəhid verdik, ata-baba yurd ocaqlarımızı biz itirdik.
Allaha çox şükür olsun ki, Ali baş komandamız İlham Əliyev cənablarının müdrik uzaqgörənliyi və siyasətinin nəticəsində biz öz doğma torpağımızı 30 illik məhbusluqdan qurtardıq. Xəqani kimi oğulların ruhu şad olsun.
Otuz illik həsrətin sonuna gəldik,
44- günə düşmənin nəfəsin kəsdik.
Biz sizə güvəndik, ey baş komandan,
Yolumuz haqq yolu nidamız ondan.
Şəhidimiz Xəqani Məmmədovun bibisi Əsli Məmmədova öz övladları ilə qardaşı balalarına fərq qoymadığından söz açır və ürək yanğısıyla Xəqaninin şəhid oldu xəbərini aldığı günü keçirdiyi hiss və duyğuları dilə gətirərək şəhidimizin haqqında deyir:
- Mənə qardaşım deyəndə dünya başıma yıxıldı.Elə bildim öz oğlum şəhid olub, gətirirlər.
Hələ də o an gözlərimin önündən getmir.Əzan veriləndə qardaşım bu acı xəbəri mənə verdi.İndi də hər əzan veriləndə qardaşımın səsini qulaqlarımda hiss edirəm. Elə bilirəm ki, o səs yenə gələcək, Xəqani şəhid olub deyəcək.
Yaddan çıxarmaq çox çətindir o anı, o sözü.
“- Şəhid olub, gedirəm gətirəm.”
Əlimdə böyüyüb, bir evdə olmuşuq, ayrılmamışıq. Divarın o üzü onlar, bu üzü biz olmuşuq. Yatanda da hamımız bir yerdə yatmışıq.
Xəqani ürəyim mənim canımdı,
Damarımda axan soyum, qanımdı,
Qürurlu, şərəfli, igid adımdı,
Bibilər çox sevər qardaş balasın.
Şəhidimizin nənəsi İsteyfa xanım onun çəkdiyi əziyyətlərdən, necə zəhmətkeş oğlan olduğundan danışır və deyir.
-Mənim dördüncü nəvəmdir. Ancaq elə bilki, ilk nəvəmdi. Atası Füzuli dəmiryolçu olub. Xəqani atasının yanında bir müddət işləyib, evi dolandırmaqda ailəyə böyük dəstək olub. Dönərxanaların birində dönərçilik edib, yəni halal əməyi ilə kiçik yaşlarından ailəyə dəstək olub.
Xəqani uşaqla uşaq, böyüklə böyük olub. Ağdamda əsgərlikdə olanda getdim yanına.
“-Ay nənə, bura da gəldin çıxdın?”
Nəvələr şirindi baldı deyirlər,
Nənələr onları lap çox sevirlər.
Nəvəsi böyüsün tez boya çatsın.
Nənələr hey şirin nağıl deyirlər.
Böyüdü Xəqani tez boya çatdı,
Şirin yuxuların arzuya qatdı.
Nənəsi nağıllar söylədi ona
Nədənsə, nağıllar şirin olmadı.
Ana nənəsi Firuzə şəhid Xəqaninin mərd, qoçaq, qorxmaz olduğundan danışdı:
- Doğma Zəngilan torpağından, böyüdüyümüz yurd yuvadan çox danışardım. O da deyərdi:
“-Nənə torpaqlarımız alınacaq Allah qoysa. Səni özümlə aparacam. Səni özüm saxlayacam. Qəm qüssə çəkmə.”
Ardınca: -Xəqani çox gözəl balaydı” - deyən nənənin göz yaşları insanın ürəyinə köz qoyurdu elə bil.
Şəhidimizin hər iki nənələrini - Firuzə və İsteyfa xanımın dediklərini nəzərə alaraq “Can nənə, bir nağıl de” şeirimdən bu misraları yazmaq yerinə düşər.Axı bizim nənələrimiz əzəlindən öz nəvələrini nağıllarla ovudardı.
Can nənə bir nağıl de,
Müharibədən olmasın.
Üç almanın yerinə
Göydən mərmi yağmasın.
Xəqaninin bibisi oğlu Amil öz xatirələrini çox qısaca olaraq bölüşdü: -Bu insan işləyirdi, ancaq ailəsini düşünürdü. Dişinən, dırnağınan qazancını öz ailəsinə aparırdı.
Xəqani Məmmədovun müəllimi Eyvaz İbadov:
-Onun adına bulaq da qoyublar, məktəbin həyətində şəkli də var. Onun şəklini görəndə mənim üçün çox çətin olur. Onun məsum gülüşü, mehriban siması vardı. Məktəbi təzəcə qurtardı, getdi əsgərliyə, oradan çox fərqli qayıtdı gəldi. Məktəbdə gördüyüm Xəqani deyil ki, o tamamı ilə başqa Xəqani oldu. Füzulinin oğluydu, indi Azərbaycanın oğludu. Özü də dediyi kimi fərqli qayıtdı.
Ürəklərə imza çəkdi Xəqani
Yüksəldi ruhuyla oldu səmavi.
Taxt qurdu insanların qəlbində.
Zəngilan elində, öz zirvəsində.
Şəhidimizin qonşusu, həm də, müəllimi İsmayıl Hacıyev Xəqani haqqında deyirdi: - Şəhidimizin atası Füzuli bizim ən yaxın qonşumuz olub. Xəqaninin çox yüksək səviyyədə tərbiyyəsi olub. Müəllimlərinin sinif yoldaşlarının hörmətini qazanıb. Elə bir söz və ya bir işi ona ikinci dəfə təkrarlamayıblar. Özünə, işinə ciddi yanaşan oğul idi. Onun təşəbbüsü ilə məktəbin həyətində futbol meydançası düzəltdik və dedi ki, qonşu məktəblərlə yarışlar təşkil edək, yarışlar keçirək. Biz bu işləri rəhmətlik Xəqani və məktəbin o biri uşaqlarıyla həyata keçirdik. Gözümün qabağında böyüyüb, dərs demişəm ona. Hər səhər sinifə keçəndə mən ona fatihə verməmiş içəri daxil olmuram. Polisdə işləməyi arzu edirdi. O da qismətində olmadı.
Müəllim sevgisi böyük dünyadı,
Onun dedikləri sanki röyadı.
İnana bilmir ki, Xəqani yoxdu,
Sanki ulduz idi, parladı, soldu.
Hərbi müəllimi Mehman Əliyev onun haqqında şəhidimizin vətənpərvər hisslərindən, duyğularından qürurla danışdı.
-Biz çalışırıq ki, uşaqlarda vətənpərvər hisslər oyansın. Biz bu 44 günün savaşında Qarabağın azadlığında gördük ki, bizim xalqımız qəhrəman, mərd xalqdır. Qarabağ döyüşləri,bütün dünyaya sübut etdi ki, bizim güclü ordumuz igid oğullarımız var. Kaş ki bizləri çağırardılar, döyüşə gedərdik. Mən Xəqaninin müəllimiyəm, həm də biz qohumuq. Xəqaninin igidliyi mərdliyi göz qabağındadır. O, bizim qürurumuz and yerimizdir. Allah bütün şəhidlərimizə rəhmət eyləsin.
Qürurum and yerim igid oğulsan,
Döyüşüb can verib şəhid olmusan.
Xəqani bir oğul kimi evə çox bağlı uşaq idi. Onun yerin heç kim mənə verə bilməz! Sonuncu zəngində mənə dedi ki "Ata, mənimlə fəxr elə" Həqiqətən də mən onunla fəxr edirəm. Fəxr edirəm ki, belə öndə gedən cəsur övladın atası oldum.
Şəhidimizin anası Zülfiyyə xanımın oğlu Xəqani haqqında güvənc dolu danışıqları çox qürurvericidir. Zülfiyyə xanım: “-Mən Xəqaniyə güvənirdim. O mənim arxam, dayağım idi. Oğlum mənə ürəyim deyərdi, mən isə nəfəsimsən mənim deyərdim. Xəqanisiz, nəfəssiz qalmışam indi...“ deyir və hönkür-hönkür ağlayır. Bu müqəddəs ananın Xəqanisiz dünyasını təsəlli etməyə necə də acizlik çəkir insan...
Ana ürəyimi parçaladın sən,
Göz yaşı içində ağladım dərddən.
Təsəlli etməyə gücüm çatmadı,
Arzular puç oldu yarıda qaldı.
***
Xəqaninin qardaşı Süleymana hədiyyə etdiyi köynəyə indi qardaşının şəklini çəkdirib vurublar. O "Şəhidimiz Xəqani" sözləri yazılan həmin köynəyi fəxrlə əyninə geyinir. 44 günlük müharibə iştrakçısı olan qardaşının ölümündən sonra təltif olunduğu medallarına baxır və qardaşının necə vətənpərvər qardaş olduğunu bir daha görür. Mən qardaşımla fəxr edirəm deyir.
Xatirə ünvanlı bir kitab yazdım
Şəhid zirvəsinə üzü yol aldım.
Balaca qardaşı Süleyman dedi:
O mənim sevimli əzizim idi.
Mehriban, qayğıkeş əsl sirdaşım.
O mənim olardı qolum-qanadım.
Öz payın yeməzdi mənə verərdi
Mənimlə futbola birgə gedərdi.
Xəqaninin yaxın qohumu Zəngilan rayonunun Qaragöz kənd sakini, həm də həmin kəndin müəllimi Ataş Mirzəmməd oğlu Orucov 1991-ci illərdə Qaragöz kəndində işləyərkən Azərbaycan ermənistan müharbəsinin başlanmasından söz açaraq, mənfur düşmənlərin vətənimizə torpağımıza göz dikərək işğalçı siyasətindən və bu torpaq uğrunda qurban gedən ailələrindən danışdı:
Mən müəllimlik sənətimi donduraraq, o zaman Azərbaycanın Zəngilan rayonunda yerləşən hərbi hissəsində Birinci batalyonda batalyon komandirinin köməkçisi vəzifəsində fəaliyyətə başladım. Zəngilan rayonu da digər işğal olunmuş rayonlar kimi bütün var gücü ilə səfərbər oldu. Rayonda könüllü olaraq özünü müdafiə dəstələri yaradıldı. Rayonun qəhraman oğlanları rayonu qorumaq mübarizəsinə qatılmışdılar.Çox qardaşlarımız Zəngilanda şəhid, qazi olmuşdur. Amma təəssüflər olsun ki, bizə xain olan düşmən dövlətlərin havadarlığı nəticəsində Zəngilan rayonu ermənilər tərəfindən 1993-cü ilin noyabr aylarının sonlarında işğal olunmuşdur.O zaman Zəngilan işğal olunmuş rayonların ən sonuncusuydu. Zəngilan 68 gün düşmən tərəfindən tam mühasirədə qalmışdır.
Biz hər zaman bu məsələni keçmiş veteranlarla, döyüş yolu keçmiş dostlarımla, yoldaşlarımla danışıb müzakirə edirik. Rayon mühasirədə olduğu 68 gün ərzində şəhidlər verirdik. O şəhidlərimizin hesabına rayon ictimayətini, xüsusi ilə də ana-bacılarımızın həyati təhlükəsizliyini təmin edərək, onları respubilkamızın digər bölgələrinə çıxara bildik. O illərdən müəyyən bir vaxt keçsə də şübhəsiz ki, hər birimiz övladlarımıza, ətrafımızda böyüyən gənc nəslin nümayəndələrinə boya başa çatdığımız ata baba yurdumuz haqqında danışmağı özümüzə borc bilmişik. Demək olar ki, biz köhnə nəslin nümayəndələri hər gün müzakirələr edir, iş yerlərində, məktəblərdə xüsusilə də evlərimizdə doğma yurd yuvamızın tarixi haqqında söhbətlər aparmış, danışmışıq.
Vətəndir namusumuz, qeyrətimiz,
Bu ata babadan vəsiyyətimiz.
Qoruyun torpağı, ey bizim gənc nəslimiz!
Şəhid Xəqani Məmmədovun əmisi Nizami Süleyman oğlu Məmmədovun, "Yarıda qalan arzular" sənədli filmində qeyd etdiyi fikirlərini yazarkən mən onun necə mehriban qayğıkeş, qeyrətli bir əmi olduğunu və onun kimi insanların obrazında bu ailənin soy kökünü vərəqlədim və həqiqətən də "Ot öz kökü üstə bitər" məsəlini, əcdadlarımız elə belə deməmişdir. Xəqani Məmmədov haqqında çox çətinliklə ürək ağrısıyla danışan əmisi Nizami Məmmədov deyir:
- Xəqani mənim qardaşım oğlu yox, onu mən öz oğlum bilirəm. Ona ad günü keçirirdim, kiçik toy etmişdim. Onunla söhbət etmişik mərd idi. Sirr saxlamağı bacarırdı.
1993-cü ildə Şirvan şəhərində məskunlaşdıq. Qardaşım Füzuli Şirvan şəhərində ailə həyatı qurdu. Xəqani dünyaya göz açdı. Şirvanda böyüdü.Əsgər gedəndən sonra Sentyabırın 7-də mənə zəng etdi ki, sentyabr ayının 9-da görüş verəcəklər. Sentyabırın 9-u getdik valideynləri ilə birlikdə onunla görüş aldım görüşdük. Qayıdıb gələndən sonra Sentyabrın 16-sı birdə zəng etdi ki "Əmi gəl yanıma". Məni çağırdı, çünki, bir ailə olaraq hər birinin - rəhmətlik Xəqaninin də güvəndiyi, inandığı insan mən idim. Mən bilirəm ailəmizdə məni sevirlər, hörmət edirlər. Mənə nə deyirlər, onlara yox demirəm. Dedim gələcəm. 16-sı getdim onunla bir də görüşdük. Görüşəndə məni möhkəm, iki əlli qucaqladı, iki əli ilə kürəyimə vurdu, sinəsinə sıxdı məni.
-"Əmi, mən sənə güvənirəm, səninlə fəxr edirəm. Mən burda neyniyim?"
Dedim, Xəqani, sən burda müddətdən artıq xidmətə qalarsan.
-" Əmi, baş üstə, mən də xoşlayıram hərbini , qalaram uzun müddətə hərbi xidmətə. 3 və ya 5 illik müqaviləylə qalaram”- dedi.
Ayın 29- da zəng gəldi."- Əmi bizi apardılar qabağa.
- Hara?
- Deyə bilmərəm.
Sonradan məlum oldu ki, bunların dəstəsi Naftalan Suqovuşan istiqamətində əks hücuma keçirlər. Xəqaninin çiynində qrantamyot olur. Bizim Qaradərə kəndində on şəhidimiz var. Onlardan ən gənci Xəqanidir. Ancaq buna baxmayaraq o komandiri ilə birlikdə çiyin çiyinə vuruşub. Heç nədən qorxmayıb. Beş ayın əsgəri olsa da elə ürəkli idi ki, komandiri Şəbyevlə birgə düşmən səngərinə hücum edir, özünü qorxmadan irəliyə atır. Qrantamyot çiynində “Qorxmayın gəlin” deyərək düşmən səngərinə keçmək istəyəndə minamyot yanlarına düşür. Komandiri Şəbiyev Məhəmmədlə bir yerdə şəhid olur. Ayın 4-ü saat 5-də vurulublar, ayın 9-u götürülür. Bərdə qospitalına göndərilir. Çağırış məntəqəsindən, mənə zəng olundu və mən dayımla getdim xəstəxanaya. Gördük ki, şəhidimiz ordadı. Şəhidimizi qarşıladıq və Şirvan şəhəri şəhidlər xiyabanında böyük izdihamla dəfn elədik.
Mən onun qanlı köynəyini bir neçə gün maşınımda saxladım ürək edib atasına göstərə bilmirdim.Mən onu ilk dəfə öz oğluma göstərmişəm. Ürək edib o paltarı verməmişəm ailəsinə. Sonra qardaşım dedi ki, mən bilirəm o paltar səndədir onu ver mənə. Qardaşım o paltarı saldı dişinə elə möhkəm qıcıyıb sıxdı ki, qabaq dişi qırıldı.
Şəhidimizin atası Füzuli həmin anı danışanda onun səsi qəlbinin kövrəkliyindən titrəyirdi. “Formanı mənə göstərmirdi yalvar yapış istədim.”
Əmisi Nizami Məmmədov “Xəqani “adını əbədiləşdirmək üçün dostlarının köməyi ilə həm rayonda, həm də şəhərdə onun adına bulaq tikdirdi. O deyir ki, Şuşanın rəmzi olan şəkili ona görə ora vurmuşam ki,Onun istəyi Şuşaya getmək idi. Qismətində olmadı. (Qeyd edək ki, şəhid adına ilk bulaq da Xəqaninin adına tikilib.)
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qazi qardaşlarımızın ömrünü uzun etsin.
Allah Möhtərəm prezdentimizin ömrünü uzun etsin. Cənab Ali baş komandanımızın sayəsində İgid oğullarımızın, zabitlərimizin göstərdiyi şücaətin nəticəsində torpaqlarımız işğaldan azad olundu Şəhid oğullarımızın intiqamı alındı.
Müzəffər ordumuz 30 il əsarətdə qalan yurdumuzu 44 günə geri qaytardı, zəfər qazandı.
Azərbaycan, igid oğulların var,
Onlar, candan keçən, qəhramandırlar.
Hər biri bir evin soyundan getdi,
Yar-yarımçıq qaldı, cavan arzular.
Xəqaninin ana babası Rza bəy 1918-1919 cu illərdə ermənilərə qarşı öz dəstəsi ilə vuruşan qaçaq Fərzalının ən yaxın silahdaşı olub.
Şəhidləri allah-təala seçib qeyri adi nur verib. Ona görə də Xəqani düz deyib: “Şəhidlik uca zirvədir”.
Xəqaninin atası Füzuli Məmmədov oğlunun iyini onun çəkmələrindən, paltarlarından aldığını deyir. Xəqani cibinin pulun saymazdı.
“Deyirdi adam pulun saymaz."
Anası Zülfiyə xanım: - Asma balkonda otururam burdan baxan zaman da şəhidlər xiyabanının ağacları görünür. Xəqani deyirdi: "-Mama elə yaxında olacam. Gələcəm, ancaq başqa cür gələcəm.” Hər gecə ağlayıram, deyirəm, Xəqani, sən yaxındasan ancaq səni görə bilmirəm.
Atası əmisiylə döyüş xəttindən qəlpələr gətirib elə həmin gündən
Xəqaniyə dəyən mərmi qəlpələrinin üstünə gül qoydum. Xəqani də gül kimi soldu.
Sonda ailəsi üçün sirr kimi qalan daha bir məqamı da vurğulamaq istəyirəm.Belə ki, Xəqaninin məzarı üstə ailəsi tərəfindən qoyulan xonçanın üzərinə naməlum biri tərəfindən qadın bəzək əşyası – üzük və qolbaq qoyulur.Belə nəticəyə gəlmək olar ki, 18 yaşlı gənc Xəqaninin könül dünyasının sirli qonağı var imiş.
Əhdi peyman bağlamışdı səninlə
O sevgini qazanmışdı qəlbində.
İndi məzarını yar qucaqlayır
Nakam eşqim idin deyib ağlayır.
Vətənini Anası bildi
Xəqani yaşadı qaçqın həyatı,
Tapmadı dünyada rahatlıq getdi.
Zəhmətkeş ailənin vəfalı oğlu,
Qeyrətlə, şərəflə yaşadı getdi.
Neyləsin anası darıxır onsuz,
Oğlunu itirdi, itirdi sonsuz.
Qaldı bu dünyada bir ana ruhsuz,
Xəqani bir eli ağlatdı getdi.
İgidlik mirasdır öz babasından,
Zəngilan torpağı kök ağacından.
Şəhid oldu, keçdi əziz canından,
Köçdü bu dünyadan ad aldı getdi.
Çox sevdi vətənin şəhid Xəqani,
Xatırlanır onun ruhu xəyali,
Köçdü bu dünyadan oldu səmavi,
Şəhidlik adını qazandı getdi.
"Mən o torpaqlarda qalacam,anam,
Doğma torpağımda şəhid olacam".
Ey ana , fəxr eylə igiddir balan,
Hər evdə bir ocaq qaladı getdi,
Cahanda nur kimi parladı getdi.
Sevda İbrahim qızı İbrahimli - 1965-ci il oktyabrın 13-də Naxçıvan MR-nın Culfa rayonundakı Bənəniyar kəndində anadan olub.
Gənc yaşlarından ədəbiyyatı sevib, şeir aləmində öz qələmi və dəsti-xətti ilə seçilib. İlk gündən bu günə kimi bir çox mükafatlara layiq görülüb:
"Abdulla Şaiq", "Zirvə", "Qızıl Qələm" və "Nəsimi" mükafatları laureatıdır. "Azərbaycan Bayrağı", "Heydər Əliyev", "Ziyadar", "İlin Vətənpərvər şairi" və s. fəxri diplomlarla təltif olunub.
"Orda mən varam" adlı kitabın müəllifidir. Şeirləri bir sıra poeziya antologiyalarında və ədəbi məcmuələrdə dərc olunub.
Bakıda yaşayır. Ailəlidir: Üç övladı, altı nəvəsi var.
turan.info.az
.