İpəkçilik Azərbaycanın milli və mədəni sənətidir

İpəkçilik  Azərbaycanın milli və mədəni sənətidirİpəkçilik  Azərbaycanın milli və mədəni sənətidirİpəkçilik  Azərbaycanın milli və mədəni sənətidir İpəkçilik Şəkidə qədim və mühüm təsərrüfat sahələrindən biri kimi

Azərbaycanda ipəkçiliyin inkişafı əsas etibarilə qədim tarixə və zəngin ənənələrə malik Şimal-Qərb bölgəsinin, xüsusilə də Şəkinin adı ilə bağlıdır. Burada ipəkçilik ənənələri əsrlər boyu qorunub saxlanılmış, inkişaf etmiş, yerli əhalinin həyatında mühüm rol oynamışdır. Şəkidə ipəkçiliyin inkişaf etməsi, ondan təsərrüfat sahəsində geniş istifadə olunması bu diyarda aparılan arxeoloji tədqiqatlarla sübuta yetirilmişdir.

Əvvəllər Şəkidə (Nuxa) ipəkçiliklə şəxsi fabriklərdə, emalatxanalarda sahibkarlar məşğul olmuş, məhdud şəkildə fəaliyyət göstərmişlər. Sonralar bu qiymətli məhsulun, Şəki ipəyinin şöhrəti həm ölkədə, həm də xaricdə yayılmış, bu məhsula olan tələbat artmağa başlamışdır. Şəki yalnız Azərbaycanda deyil, ümumiyyətlə regionda ipəkçilik mərkəzlərindən biri olmuş və bu, hətta Şəkinin gerbində də öz əksini tapmışdır.
Şəki ipəyi hər zaman dünya bazarlarında öz şöhrətini qoruyub saxlamış, bu bölgənin baraması, ipək sapı da yüksək qiymətləndirilmişdir.
Şəki vilayətində ipəkçilik inkişaf etdikcə onun texnologiyası və istehsalını mənimsəyən xüsusi ixtisaslaşmış təbəqə də formalaşmışdır.

Azərbaycanın tarixi “Böyük İpək yolu”nun üzərində yerləşməsi bütövlükdə respublikada, xüsusən də Şəkidə bu sahənin təşəkkül tapmasına və inkişafına səbəb olmuş, digər ölkələrlə ticarət iqtisadi əlaqələrinin genişlənməsinə təkan vermişdir. Arxeoloji faktlar göstərir ki, hələ qədim Qafqaz Albaniyası dövründə insanlar məbəd torpaqlarında ipəkçiliklə məşğul olmuşlar. 1985-ci ildə Şəkinin Küdürlü kəndi ərazisində tədqiq edilən 7 saylı kurqandan kəsik konusu xatırladan kauri və qiymətli metaldan barama qurdunu xatırladan sırğalar aşkar edilmişdir. Belə ki, e.ə. II minilliyin I rübünə aid olan bu kurqanda iki nəfər dəfn edilmişdir.
Ərəb işğalları ilə əlaqədar olaraq ölkədaxili və beynəlxalq ticarət yollarının dəyişməsi, ipəkçiliyin tənəzzüllünə səbəb olsa da, ipəkçilik yaşamaqda davam etmiş və şəkililər XX əsrin sonu-XXI əsrin əvvəllərinə kimi bu şöhrəti yaşatmağa nail olmuşlar.

Beynəlxalq və ölkədaxili ticarət yolları xalqların mədəni əlaqələrinin inkişafında, onların yaxınlaşmasında, bir-biri ilə nailiyyətləri, yeniliyi, hətta dini görüşləri, əxlaq və ənənələri paylaşmasında, iqtisadiyyatın tərəqqi və tənəzzülündə mühüm rol oynayır. Azərbaycanla Hindistan arasında qədim əlaqələrin olması barədə hələ XIX əsrdə arxeoloji materiallar əsasında məşhur fransız arxeoloqu Jak de Moqran məlumat vermişdir. Onun aşkar etdiyi boz əqiq möhür üzərində Bos Zebu adlanan hind donqar öküzünün şəkli oyulmuşdur. J.Morqanın sözlərinə görə, qiymətli daş üzərinə belə bir şəklin həkk olunması Hindistan xalqları ilə Xəzər dənizi sahilində yaşayan xalqlar arasında qədim zamanlarda bilavasitə əlaqələr olduğunu göstərir. Şəki hələ tunc dövründə uzaq Çin və Hindistanla əlaqə saxlamış və əlaqələrin yaranmasında bu ərazinin də daxil olduğu beynəlxalq ticarət yolları mühüm rol oynamışdır.

XVIII-XIX əsrlərdə Şəkidə ipəkçilik özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdır. Bu illərdə Azərbaycanda hər il 9-10 min ton yaş barama məhsulu istehsal edilmiş, ipək məhsulları əsasən Rusiyaya, oradan isə Avropa ölkələrinə ixrac edilmişdir. Xüsusən də Şəkidə istehsal edilən ipək məhsulu öz keyfiyyəti ilə fərqlənir, xarici bazarlarda yüksək qiymətləndirilirdi. İlk dəfə 1829-cu ildə Şəki şəhərində ipək zavodu inşa edilmiş və 1830-cu ildən başlayaraq ipək parça istehsalı təşkil edilmişdir.

Sovet dövründə Şəki-Zaqatala bölgəsində sosial-iqtisadi və mədəni həyatın inkişafında ipəkçiliyin müstəsna rolunu nəzərə alaraq, Zaqafqaziyada yeganə, istehsal gücünə görə keçmiş SSRİ-də üçüncü İpək kombinatı Şəkidə yaradılmışdır. Bu müəssisə həm keyfiyyətcə, həm də çeşid baxımından fərqlənən ipək məhsulları istehsal etmişdir. Öz keyfiyyəti ilə fərqlənən bu məhsullar SSRİ-nin bütün respublikaları və regionlarına ixrac edilmişdir.
Ötən əsrin 60-70-ci illərində Azərbaycanda ipəkçilik yenidən inkişaf etmiş, ildə 7800 ton yaş barama məhsulu hasil edilmişdir. 70-80-ci illərdə ölkəmizdə, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə vüsət almışdır. Həmin illərdə respublikada ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu.
90-cı illərin əvvəllərində Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşduğu ilk illərdə ipəkçiliyin inkişafında ciddi tənəzzül başlanmış, uzun illər ərzində qurulmuş iqtisadi əlaqələr tamamilə qırılmışdır. Lakin ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət də kökündən dəyişmiş, bu sənayenin bərpası istiqamətində zəruri işlər görülmüşdür. H.Əliyev 2001-ci ildə Şəkidə olarkən ipək kombinatının fəaliyyəti ilə də maraqlanmış və onun bilavasitə tapşırığı, imzaladığı müvafiq sərəncamla həmin il kombinatın fəaliyyətinin bərpasına kömək məqsədi ilə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılaraq müəssisə işə salınmışdır.

2005-ci ildə Qara Dəniz, Xəzər Dənizi və Orta Asiya İpək Assosasiyası (BASCA) yaradılmışdır. Qurumun əsas vəzifələri kənardan resurslar cəlb etməklə ipəkçilik layihələri həyata keçirmək, o cümlədən ikitərəfli və çoxtərəfli əməkdaşlığı təmin etməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin direktoru, dosent Yusif Şükürlü 2016-cı ilin aprel ayında BACSA-nın Azərbaycan üzrə milli koordinatoru seçilmiş və İcraiyyə Komitəsinin üzvü olmuşdur. Assosasiyanın qərarına görə, 2017-ci ildə baş tutacaq 8-ci Beynəlxalq Konfrans Azərbaycanda - Şəki şəhərində keçiriləcəkdir.

Ölkəmizdə 1500 illik tarixi olan ipəkçilik bu gün də inkişaf edən sahələrdən biridir. 2015-ci il ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzin mütəxəssisləri tərəfindən “Azərbaycanın Şimal-Qərb bölgəsində ipəkçilik sənayesinin inkişaf konsepsiyası” hazırlanmış və AMEA Rəyasət Heyətinə və Şəki rayon İcra Hakimiyyətinə təqdim edilmişdir . Konsepsiyada Azərbaycanın milli və mədəni sənəti olan ipəkçiliyin əvvəlki şöhrətinin bərpası, beynəlxalq təcrübəyə istinad edərək innovativ yanaşmanın tətbiqi və yeni mütərəqqi texnologiyalardan istifadə etməklə ipəkçiliyin inkişafı nəzərdə tutulmuşdur. Sənədin imzalanmasında əsas məqsəd AMEA Şəki Regional Elmi Mərkəzinin nəzdində hüquqi şəxs statusuna malik tut ipəkqurdu toxumu yetişdirilməsi ilə məşğul olan müasir kümxananın yaradılması, ölkədə ipəkçiliyin inkişafına dair uzunmüddətli dövlət Proqramının qəbul edilməsi, ölkədə tut ipəkqurdu toxumu hazırlayan müəssisələri ən müasir avadanlıqlarla təchiz etmək, keyfiyyətli cinslərdən ibarət toxum hazırlanmasını təmin etməkdir. İpəkçilikdə beynəlxalq təcrübələrin və nəticələrin öyrənilməsi və innovasiyaların tətbiqi istiqamətində işlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı, keyfiyyətli ipəkçilik məhsullarının istehsalının təşkilinə yardım və nəzarət etmək, bu sahədə elmi tədqiqatların dairəsini genişləndirmək də konsepsiyanın məqsədlərindəndir.

Təqdim edilən konsepsiyada tut bağlarının yaradılması və becərilməsi prosesində intensiv üsullardan istifadə üzrə mütəxəssislərin hazırlanması, tut bağlarına aqrotexniki qulluq, zərərverici və xəstəliklərlə mübarizə istiqamətində və barama toxumu emalı sahəsində mütəxəssis kadrların hazırlanması kimi istiqamətləri də müəyyən edir.
İpəkçilik sənayesinin müasirləşdirilməsi üçün bir sıra mühüm tədbirlər yerinə yetirilməlidir ki, buraya ipəkqurdu yetişdirilməsində müasir üsul və texnologiyalardan istifadə, süni yemləmə tətbiq etməklə tut ipəkqurdu yetişdirilməsinin təşkili, keyfiyyətli ipəkqurdu toxumunun yetişdirilməsi üçün müasir avadanlıqlardan istifadə etməklə toxum istehsalını təmin etmək və s. aiddir.
Hazırda dünya təcrübəsində ipəkçilikdə mövcud olan mütərəqqi texnologiyaları tətbiq etmək, tut ipəkqurdunun yetişdirilməsində süni yemlərdən istifadə etməklə xaricdən gətirilmiş tut ipəkqurdu cinslərindən və yerli xətt və cinslərdən istifadə etmək, o cümlədən Şəki Regional Elmi Mərkəzinin ipəkçilik üzrə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə xaricdə ixtisaslaşma kursunda iştirak etməsini təmin etmək beynəlxalq əməkdaşlığın inkişafı çərçivəsində nəzərdə tutulan tədbirlərdir.

Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti onun gerçəkləşməsini təmin edə bilən səmərəli icra mexanizminin yaradılmasıdır. Konsepsiyanın həyata keçirilməsi dövlət orqanları ilə yanaşı, yerli özünü idarəetmə orqanlarının, fermerlərin və sahibkarların, yerli əhalinin bu prosesə cəlb olunmasını şərtləndirir, dövlət büdcəsinin təminatı ilə yanaşı, xarici və yerli investorların cəlb olunmasını, alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.
15 sentyabr 2016-cı il tarixdə isə ölkə Prezidenti İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalamışdır. Əsas məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaqdır.
Əminliklə demək olar ki, bu kimi əhəmiyyətli addımların atılması yaxın gələcəkdə ipəkçilik sahəsində duran mühüm məsələlərin öz həllini tapmasına, bu sahənin Azərbaycanın ən gəlirli sahələrindən birinə çevrilməsinə imkan verəcək.

Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəkidə demoqrafik inkişaf məsələlərinə həsr olunan konfrans keçirilib

Şəkidə demoqrafik inkişaf məsələlərinə həsr olunan konfrans keçirilib

Digər bölmələr, "Zirvə"
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
Azərbaycanda energetikanın inkişafı

Azərbaycanda energetikanın inkişafı

Elm, AzTU
AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal ...

Elm, Digər bölmələr
Demoqrafik inkişaf məsələlərinə həsr olunan yeni nəşr

Demoqrafik inkişaf məsələlərinə həsr olunan yeni nəşr

Yeni nəşrlər, Digər bölmələr
Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Elm, AzTU
Pekin şəhərində “Asiya-Afrika Gənc Sahibkarlar Forumu” həyata keçiriləcək

Pekin şəhərində “Asiya-Afrika Gənc Sahibkarlar Forumu” həyata keçiriləcək

Gənclik, QHT, Dünya
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Milli Məclis, İqtisadiyyat
Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Digər bölmələr, Qarayazı
Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Elm
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
AMEA Zoologiya İnstitutunda herpetologiya sahəsində tədqiqatlar aparılır

AMEA Zoologiya İnstitutunda herpetologiya sahəsində tədqiqatlar aparılır

Biologiya və tibb elmləri
AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

Elm, Digər bölmələr
“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

Elm
Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Elm
AMEA Botanika İnstitutunda innovativ layihələr həyata keçirilir

AMEA Botanika İnstitutunda innovativ layihələr həyata keçirilir

Elm, Biologiya və tibb elmləri, "Zirvə"
DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Regionlar, İqtisadiyyat
Əliağa Məmmədli: “Antropologiya sahəsində yüksəkixtisaslı kadrların hazırla ...

Əliağa Məmmədli: “Antropologiya sahəsində yüksəkixtisaslı kadrların hazırla ...

Digər bölmələr, Müsabiqə
Rəy yazın: