Respublikasının
Babək rayonundakı
Sust kəndində
anadan olub.
1978-ci ildə Abşeron rayonunun Novxanı qəsəbəsindəki 1 saylı orta məktəbi bitirib.
Ali təhsillidir. 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) filologiya fakültəsini bitirib.
1984-cü ildən 2004-cü ilədək Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki
1 saylı orta məktəbdə, 2004-cü ildən 2009-cu ilədək Bakı şəhərinin
N.Nərimanov rayonundakı G.Əsgərova adına 43 saylı BMLK-da işləmişdir.
2009-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsindəki
Müasir Azərbaycan dili kafedrasının müəllimidir. 2014-cü ildə baş müəllim,
2015-ci ildə dosent, bir qədər sonra isə həmin kafedrasının müdiri seçilibdir.
Hazırda filologiya fakültəsinin dekanı vəzifəsində çalışır.
Evlidir. Üç övladı var.
Onu da qeyd edək ki, Mahirə xanım həm də istedadlı şairə kimi tanınır.
Aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik!..
Və fürsətdən istifadə edərək, turan.info.az saytının bütün Yaradıcı Heyəti adından
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı,
tanınmış dilçi-alim, çox hörmətli Mahirə xanım Hüseynovaya uzun ömür,
möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai fəaliyyətində, eləcə də
bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
turan.info.az
Ufacıq-ufacıq
Xəyalımla ömrü verdim
Yelə, ufacıq-ufacıq.
Sinəm torpaq, qəlbim kərdim,
Ələ ufacıq-ufacıq.
Güman yüzdü, yol birdimi,
Umud gedəsi yerdimi?
Balan kimi al dərdimi,
Bələ ufacıq-ufacıq.
Atımnan endirdin məni,
Nə dinib-dindirdin məni.
Od olub döndərdin məni,
Külə, ufacıq-ufacıq.
Adına saldım mehrimi,
Həsrətin yardı zəhrimi.
Bir deyirdim yar qəhrimi
Bölə ufacıq-ufacıq.
Vüsal gülün bitirmədin,
Dərib mənə gətirmədin.
Yandım, adım gətirmədin
Dilə, ufacıq-ufacıq.
Daha dönmə becə yerə,
Nə səpəsən, nə göyərə...
Qəsdin bumuşmu Mahirə
Ölə, ufacıq-ufacıq.
10 yanvar 2018-ci il
Dənizə bənzər adam
Bu dəniz yenə də zümzüməsində,
Oxuyur astadan qəlbim deyəni.
Nə bilsin dinləyib sənin səsində,
Sənə bənzədirəm ləpədöyəni.
Bu səsdə elə bil indicə bildim,
Dənizlə adamlar oxşarmış demə.
Sən də dəniz kimi ləpələnirdin
Usufca toxunub sahil qəlbimə.
Bir səndən savayı bilirdi hamı,
Bilirdi bumbuzam soyuq qar kimi.
Niye döyəmmədin könül qapımı
Ləpə yox, səs-küylü dalğalar kimi.
Beləcə yaşadım özüm yaramla,
Sahildə axtardı dayağı könlüm.
Hərdən toxunurdu xəfif, aramla,
Ləpə saçlarına qağayı könlüm.
Gedib qayitmayan gəmilər kimi,
Beləcə ayrıldın sahillərindən.
Günahkar biləcək görən kim-kimi,
Qərib ruhlarımız görüşsə birdən...
Bu dəniz yenə də zümzüməsində,
Oxuyur astadan qəlbim deyəni.
Nə bilsin dinləyib sənin səsində,
Sənə bənzədirəm ləpədöyəni...
18 yanvar 2018-ci il
Yolların
Adəm oğlu, ilki, sonu bilinməz,
Bu dünyada gələn, gedən yolların.
Toz-dumandı, özü toza bələnməz,
Tozdan çıxıb axın edən yolların.
Kim açandı, kim qurandı tor, tuzaq,
Tələsənə hövsələsi yalquzaq.
Deyinmə ki, mənzil yaxın yol uzaq,
Gümanı var umud didən yolların.
Yolda gəzmə, özündə gəz əlacı,
Əvvəlindən mənzil şirin, yol acı.
Verəcəyin ömrün olar qazancı,
Şər gətirib xeyir güdən yolların.
Sağ gedəni eyləyəcək mərizli,
Bəmə uymaz, saya salmaz hər zili.
Aparmağa vəd etdiyi mənzili,
İlğımıdı gözdən itən yolların.
Diləklərin yol boğçası, qıtdığın,
Bir-bir çıxar halal-haram-qatdığın.
Yol diləyib, yol axtarma, çatdığın
Mənzilidi haya yeten yolların.
Nağıqızı, yol nahamar, ruh incə,
Gələr çıxar çatammıram deyincə,
Dünya özü bənzəridir eynicə,
Belə gəlib, belə bitən yolların.
22yanvar 2018-ci il
Qar havası var
Haraya getsəm də, Vətən, ay Vətən,
Könlümdə ruhunun var, havası var.
Ayrılıqdı bilməm, xiffətdi -bilməm,
Sənsiz hər tərəfdə qar havası var.
Köksündə dondurmaz ayazı qışın,
İstisi bəsimdi bircə qarışın.
Qürbətdə küləyin, yağan yağışın,
Səsində bir ahu-zar havası var.
Qadın duasında, qız duasında,
Bir dilək süslənər öz yuvasında.
Hər fəslin nemətdir, ab-havasında
Bağça havası var, bar havası var.
Sirri saxlayanın sırdaşı olmaz,
Bir qoru, bir saxla, bir daşı olmaz.
Mahirə dərd onun yoldaşı olmaz,
Kimin ki qəlbində yar havası var.
23.10.2018
Köhnədi
Zaman gedər, zaman gələr,
Dünyanın çarxı köhnədi.
Buluddan yağış ələnər,
Aparan arxı köhnədi.
Hər vaxtın bir bezarı var,
Bilməzsən nə azarı var.
Demə təzə bazarı var,
Dünyanın nırxı köhnədi.
Hara gedir bu kənd seçən,
O səmt seçən, bu səmt seçən?
Bilmədi ki, səmənd seçən,
At təzə, ilxı köhnədi.
Dərd əyirmə cəhrədə,
Nə görəsən ki, bəhrədə?
Çürüyən südü nehrədə,
Çalxala, çarxı köhnədi.
Danış, dərdin mənə gəlsin,
Təki sənin üzün gülsün.
Taxda çıxan hardan bilsin,
Çıxdığı taxtı köhnədi.
Mahirə dərvişdi gəldi,
Gəlməzdi, bir işdi gəldi.
Vaxt felinə düşdü gəldi,
Bilmədi vaxtı köhnədi.
16 yanvar 2018-ci il
Dünya həməndir
Ümid ovundursa azca, birtəhər,
Təklikdən qəlbini boğmursa qəhər,
Adını anıbda çəksə bir nəfər,
Ürəyim, çırpıntın, sızıltın nədir,
Dəyişən nə var ki, dünya həməndir.
Bəsdir tutuşdurdun qaranı, ağı,
Az vərəvürd elə aranı, dağı.
Nə vaxtdan qəfildir müxənnət dağı?
Mən ki söyləmədim, ellər deyəndir,
Dəyişən nə var ki, dünya həməndir.
Namərd öz dərdini bələyə bilməz,
Nəfsinə bir dayan, dur-deyə bilməz.
Ağlına gəlsə də dur ödəyə bilməz,
Tinəti köhnədir, borcu köhnədir.
Dəyişən nə var ki, dünya həməndir.
Qazancın sayılar dünyanın zəri,
Onu gətiribsə alnının təri.
Ən böyük hesabat əməl dəftəri,
Səninlə nahaqdan haqqa gedəndir,
Dəyişən nə var ki, dünya həməndir.
Ümidsiz ürəkdə dərd sıra bağlar,
Şaxta at oynadar, sırsıra bağlar.
Yolunu kəsdirər, qasırğa bağlar,
Ruhun çağırandır, ümid gedəndir,
Dəyişən nə var ki, dünya həməndir.
Ümid ovundursa azca, birtəhər,
Təklikdən qəlbini boğmursa qəhər,
Adını anibda çəksə bir nəfəf,
Ürəyim, çırpıntın, sızıltın nədir,
Dəyişən nə var ki, dünya həməndir.
turan.info.az
.