Sultan Ağa oğlu Quliyev - 1930-cu ilin may ayında Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Tivi kəndində yoxsul kəndli ailəsində anadan olub. Ailəsi çox kasıb olub. Acılı-şirinli günlər yaşayıblar. Ailəsi ata, ana, iki bacı və bir qardaşdan ibarət olub.
1938-ci ildə Tivi kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olub. 1944-cü ildə həmin məktəbi bitirib.
Birinci sinifdə ona dərs deyən müəllim Əylisli Nayibov İmran Böyük Vətən müharibəsinə gedib, geri qayıtmadı.
1944-1950-ci illərdə Ordubad Pedaqoji Məktəbində oxuyub həmin məktəb İbtidai sinif müəllimi hazırlayırdı.
Həmin məktəbdə dərs deyən Əli Qəmbərli, Mehdi Mehdiyev, Həsən Kazımzadə, Qulam Əhmədov, Bəşir İsmayılov çox savadlı müəllimlər idilər.
1950-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan 2 illik Müəllimlər İnstitutuna daxil olub.
1952-ci ildə institutu bitirib. İnstitutda ona dərs deyən müəllimlərdən Əli Talıbov, Məmməd Bəktaşı, Əli Hüseynov, Babaxan Muradov, Lətif Hüseynzadə yaddaşında əbədi iz qoyublar.
Bir müddət müəllim işlədikdən sonra 1956-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub. Həmin institutu qiyabi yolla bitirib. İnstitutda dərs deyən müəllimlərindən ən çox sevdiyi “Dəli kür” romanının müəllifi İsmayıl Şıxılı idi. İsmayıl Şıxılı çox vüqarlı müəllim idi. Sanki insanlığın bütün müsbət xüsusiyyətləri onun üzərində cəmlənmişdir.
Polad kimi əyilməyən sərtliyi,
Müəllim kimi sadəliyi, mərdliyi.
Soruşmazdı haralığı, kimliyi,
İsmayıl Şıxlını deyib gəlmişəm,
Şıxlını özümə müəllim bilmişəm.
1959-cu ildə sevdiyi bir xanımla ailə həyatı qurub. O evlilikdən 5 övladı dünyaya gəlib.
Bunlardan biri oğlan, dördü isə qızdır. Övladlarının hamısı ailəlidir, 15 nəvəsi, 20 nəticəsi var.
Bunlarla yanaşı həyatında itirdikləri də çox olub. Atasını, anasını və bir bacısını itirib.
2002-ci ildə ömür-gün yoldaşı Günəş xanım dünyasını dəyişib. Bu itkilərdən sonra həyatı tamam dəyişib.
Elindən-obasından uzaq düşüb. Günəş xanımsız doğma kəndə torpağa, ocağa qayıda bilməyib.
2013-cü ildə doğmalarından sonuncu bacısı Xavər xanım və onun həyat yoldaşı Həsən müəllim dünyalarını dəyişiblər.
Allah bütün ölənlərə rəhmət, qalanlara isə can sağlığı versin.
Sultan Quliyev uzun müddət, düz 52 il Ordubad rayonunun Tivi kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
Hal-hazırda təqaüddədir. Oğluyla və övladları ilə birlikdə Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayır.
Sultan müəllim həm də saz-söz vurğunu, poeziya həvəskarıdır. El-oba arasında şair kimi tanınır.
Bu günlərdə onun "ÖTƏN GÜNLƏRİN XATİRƏLƏRİ" adlı ilk şeirlər kitabı işıq üzü görüb.
Biz də bu münasibətlə Sultan müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulamaqla yanaşı, aşağıda həmin kitabda dərc olunmuş bir neçə şeiri "turan.info.az"-ın dəyərli oxucularına təqdim edirik!..
Gilə ƏLİQIZI,
turan.info.az
Tərcümeyi-halım, tarix yaddaşım
Doğma kəndimizin yüz bulağı var,
Gözəl təbiəti, həm yaylağı var.
Dağların qoynunda məskan salıbdır,
Tividən kim köçüb kimlər qalıbdır.
Quzey məhlə olub Atam ocağı,
Atamgil adlanıb Rəhim uşağı.
Atam kasıb olub illər uzunu,
Saxlayıb inəyi, qoyun-quzunu.
Yeri şumlayardı, əkin əkərdi,
Buğdanı, arpanı yayda biçərdi.
Yaylağa gedərdi Anam hər zaman,
Korluğumuz yoxdur yağdan, motaldan.
Uşaqkən yaylağa gedərdik biz də,
Qanqal at sürərdik çəməndə, düzdə.
İki bacım vardı yoxdur qardaşım.
Həyatda bir olub könül sirdaşım.
Günəşim köçübdü qalıb uşaqlar,
Hərəsi bir evdə yaşayır onlar.
Bircə oğlum var, köməkdir mənə,
Hər an əməl edir qəlbim deyənə.
Taleh Güşənimi vaxtsız apardı,
Həyatda dörd qızı, bir oğlu qaldı,
Hər kəsin öz evi, vardır uşağı.
Kimsəsiz qalıbdır ata ocağı.
Əlli il müəllim işləmişəm mən,
Məktəbdə çox olub müəllim yetirməm.
Yolumu kəssə də çən, çiskin, duman,
Zəhmətkeş olmuşam hər zaman, hər an.
Dağılar-dərələrdən, düzdən keçmişəm,
Bumbuz bulaqların suyun içmişəm.
Sultan qocalmısan, gəlibdir zaman,
Bir gün köçəcəksən qoca dünyadan.
25 yanvar 2014
Cəfər, Müşfiq vətəninə gəlmişəm
Cəfər, Müşfiq sorağına gəlmişəm,
Mən Müşfiqin otağına gəlmişəm.
Gözəl Xızı yaylağına gəlmişəm,
Cəfəri, Müşfiqi yaxın bilmişəm.
Cəfər, Müşfiq vətəninə gəlmişəm.
Altı ayda anasını itirən,
Altı yaşda atasını itirən,
Saza, tara bir yenilik gətirən,
Müşfiqi zirvədə qartal bilmişəm,
Şair Müşfiq vətəninə gəlmişəm.
Otuza çatmadı ömrünün yaşı,
Qaranlıq məhbəsdə ağardı başı.
Ancaq Dilbər oldu könül sirdaşı,
Dilbəri Müşfiqə sadiq bilmişəm,
Şair Müşfiq vətəninə gəlmişəm.
Yayıldı hər yana tarın nəğməsi,
Müşfiqin, Zeynəbin, qartalın səsi.
Dünyada tanındı Odlar ölkəsi,
Odlar ölkəsini gözəl bilmişəm,
Şair Müşfiq vətəninə gəlmişəm.
Ağac bar gətirdi, saxladı barı,
Xalqım unutmadı Müşfiqi, tarı.
Zaman lənətlədi o alçaqları,
Satqını həyatda zəlil görmüşəm,
Şair Müşfiq vətəninə gəlmişəm.
05 iyun 2018
Kəlbəcər, Şuşada, Qarabağdadır
Görməmişəm Kəlbəcəri, Şuşanı,
Gözəlliklərdə bu yerlərə tay hanı?
Bəhman qağa, sən axtarsan dünyanı,
Gözəllik Kəlbəcər, Qarabağdadır.
Gözəl şəlalələr sərin bulaqlar,
Göz oxşayan gül-çiçəkli yaylaqlar.
Dumanlı-çiskinli, qartallı dağlar,
Kəlbəcər, Şuşada, Qarabağdadır.
Muğamın beşiyi aşığın sazı,
Gözəl təbiəti baharı-yazı.
Şairə Nartəvan, o xanın qızı,
Kəlbəcər, Şuşada, Qarabağdadır.
Vaqifin qoşması dillər əzbəri,
Ürəkdə yaşayır illərdən bəri.
Alçaq dığaların ayaq izləri,
Kəlbəcər, Şuşada, Qarabağdadır.
Yaşıl təbiəti təmiz havası,
Xarıbülbül, çil kəkliyin xınası.
Gözəllərin o sehirli dünyası,
Kəlbəcər, Şuşada, Qarabağdadır.
Bu həyatın yoxuşu var, düzü var,
Kəlbəcərdə min bulağın gözü var.
Muğamatda Xan əminin sözü var,
Muğamat Şuşuda, Qarabağdadır.
Qaranlıq gecənin bir gündüzü var,
Vaxt gələr düşmənlər olar tarimar.
Vətənini sevən igid oğullar,
Kəlbəcər, Şuşada, Qarabağdadır.
Ürəyim
Bir yorğun səyyaham, qalmışam yolda,
Cavanlıq gücü yox biləkdə, qolda.
Məskan eyləmişəm sinədə, solda,
Qoymursan bir saat yatım, ürəyim.
Məni yaşatmısan illərdən bəri,
Yadıma salıram keçən günləri.
Mənə xatırlatma yaşı, illəri,
Yaşat bir arzuma çatım, ürəyim.
Səni incitmişəm illər uzunu,
Yaylaqda otardım qoyun-quzunu.
Yemişəm dağların qarın-buzunu,
Qoyma dəryalarda batım, ürəyim.
Səni qorumadım çöldə, çəməndə,
Hər gəlib gedənlə yeyib-içəndə,
Səninlə birlikdə deyib-güləndə,
Kədəri sevincə qatım, ürəyim.
Həyat çox şirindir, ömürsə azdır,
Cavanlıq illəri çiçəkli yazdır.
Yarpaqlar tökülür indi payızdır,
Qoy ömrü illərə satım, ürəyim.
İllərlə yoldaşlıq etdin mənimlə,
Nə olar bircə an sən məni dinlə.
Zarafat etmərəm bir də səninlə,
Qoy bu ağrıları atım, ürəyim.
10 dekabr 2017
Dağlar oğlu Şahbuzlu Hikmət həkimə
İtirmədin atan verən öyüdü,
Bitirmisən çinar, alma, söyüdü.
Rayonun Şahbuzdur, kəndin Küküdü,
Dağlar oğlu, etibarın var sənin.
Gəzmisən Şahbuzun gədiyin yalın,
Kükürdə yemisən ağ beçə balın.
Sənə kömək olsun qadir Allahın,
Səni sevən düz ilqarın var sənin.
Çoxlarına arxa dayaq olmusan,
İnsanlıqda sönməz mayaq olmusan.
Həkim kimi hər an oyaq olmusan,
Əyilməyən, şah vüqarın var sənin.
Sadə, səmimisən gülər gözün var,
El yanında alnıaçıq üzün var.
Xəstələrə məsləhətin, sözün var,
Sevinc adlı, bir amalın var sənin.
Dərmanı acıdır sözlərin şirin,
Kökmilə yaşadın uca göylərin.
Əllini sıxmısan ayın, illərin,
Kamal adlı, səltənətin var sənin,
Neçə ailəni xoşbəxt etmisən,
Atanın dediyi yolla getmisən.
Unutma ki, ürəklərdə bitmisən,
Ürəklərdə doğma yerin var sənin.
Bir çinarsan min budağın var sənin,
Gül-çiçəkli, bir yaylağın var sənin.
Batabatda zor bulağın var sənin,
Elin xoş söhbəti, gözü səndədir
Dekabr 2017-ci il
Nüşabənin vətəninə gəlmişəm
İsgəndər fəth etdi bütün dünyanı,
Odlara qaladı eli-obanı.
Nüşabə söylədi: özünü tanı,
Fatehi, müdriki, burda görmüşəm.
Yollar boyu düşünmüşəm, gülmüşəm.
İskəndərə diz çökdürdü Nüşabə,
Bərdə də qoydurdu özünə türbə.
Nə hücum olubdur, nə müharibə,
İşğalçı Fatehi məğlub bilmişəm.
Mən Bərdə də gör kimləri görmüşəm.
Əziz qonağımsan, keçiniz başa,
Onu qonaq etdi zərə, daş-qaşa.
İsgəndər rast gəldi qayaya-daşa,
Hörmət, səxavəti, görüb gəlmmişəm.
Nüşabəni bu Bərdə də görmüşəm.
İsgəndər qadında gördü hünəri,
Qoşuna əmr etdi çəkilsin geri.
Qoy tarix yaşatsın vətənpərvəri,
İsgəndərin ədalətin görmüşəm,
Nüşabənin vətəniniə gəlmişəm.
“Aslanın erkəyi, dişisi olmaz”,
Tökülən nahaq qan yerlərdə qalmaz.
Döyüşdə ədalət udar-uduzmaz,
Tarix unudarmı vətənpərvəri.
Yaddaşda saxlayar ötən illəri.
25 sentyabr 2017
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.