(1930-2016)
Aşıq Məhəmməd Sadaxlı 1930-cu ildə qədim Borçalı mahalında - indiki Cürcüstan Respublikasının Marneuli rayonundakı Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmışdır.
Həmin kənddə ibtidai, sonralar isə 7 illik təhsil almışdır.
Uşaqlıqdan əkinçilik və heyvandarlıqla məşğul olan aşıq həyatı boyu doğulduğu kənddə yaşamışdır.
Həyatının ilk illəri XX yüzilliyin repressiyaları, İkinci Dünya savaşına, aclıq illərinə təsadüf etməsi, onun özünü bir insan kimi formalaşdırmış, mətin və dəyanətli şəxs kimi yetkinləşməsinə yol açmışdır.
Məktəb illərindən aşıq sənətinə həvəs göstərməsi onu öz üzərində çalışmağa, aşıq şeirini, xalq dastanlarını və aşıq havalarını dərindən öyrənməyə sövq etmişdir.
Hələ kiçik yaşlarından saz-söz sənətinə vurulan Məhəmməd 1950-ci illərdən ifaçılıq sənətini daha dərindən mənimsəmək və bu sahədə biliklərini daha da artırmaq məqsədilə ustad yanına gedərək sənətin sirlərini öyrənmiş, saz havalarının bir çox variantlarını mənimsəmiş, digər tərəfdən aşıq şeirinin bütün növlərindən istifadə etməklə onları saz havalarında oxumağı öyrənməyə çalışmışdır.
Məhəmmədə əvvəlcə Borçalının məşhur aşığı ustad Xındı Məmməd mənəvi ata olmuş, gözünün sağı bildiyi bu növcavanı oğlu Lətifdən ayırmamışdır.
Məhəmməd də bir oğul qeyrətilə işə girişmiş, ustad sənətkardan klassik aşıq sənətinin incilərini öyrənmiş, ozan sənətinin sirlərinə daha dərindən yiyələnməyə çalışmışdır.
Məşhur Borçalı aşığı Xındı Məhəmmədin şagirdi olması, onunla məclislərə getməsi, Sadaxlı Məhəmmədin klassik və milli ənənələrə bağlı aşıq kimi yetişməsinə böyük təsir göstərmişdir.
Məhəmməd göz açdığı bölgədə və Borçalının bütün ərazilərində aşıqlığın çox böyük, məsuliyyətli və ağır bir iş olduğunu da anlamışdı. Burada aşıq kimi yetişmək yalnız saz çalıb oxumaqla, toylarda-düyünlərdə və el məclislərində insanlarlı əyləndirmək işi deyildir. O da aydın dərk edirdi ki, aşıq bir şəxsiyyət kimi, yaşından asılı olmayaraq, həm muəllim, həm də el ağsaqqalı kimi tanınmalıdır. Aşıq xalq arasında dolaşıq işləri həll edən, yeri gəldikdə xalq hakimi kimi anlaşılmazlıqlara aydınlıq gətirən, küsülüləri barışdıran, ailə məsələlərini, bəzən də dövlət və xalq arasındakı problemləri çözən, siyasi məsələlərə aydınlıq gətirən bir “vəzifə” sahibidir. Ona görə da Aşıq Məhəmməd Sadaxlı ustadında gördüyü bu keyfiyyətləri mənimsəmək üçün daha dərindən çalışmış, hər bir ağır işə qatlanmalı olmuşdur.
Borçalı mahalında özünəməxsus ustadlıq məharəti ilə ad-san qazanmış nurani insan Ustad Aşıq Xındı Məmməd 1968-cı ildə dünyasını dəyişdikdən sonra Aşıq Məhəmməd Sadaxlı bir müddət ustadının xiffətini çəkmiş, həsrətindən göynəyə-göynəyə qalmış və nəhayət bir qədər sonra Aşıq Hüseyn Saraçlıya yön çevirmişdir. O da: «Bu, Allahın işidi, oğlu, ustad ölər, şəyirdi onun yolunu yaşadar», - demiş, ümid verən məsləhətlər söyləmişdir...
Aşıq Məhəmməd Sadaxlı da bu öyüd-nəsihətə əməl etmiş, ustadının yolunu şərəflə davam etdirmişdir. Və həmişə də bildiyinin yox, bilmək, öyrənmək istədiklərinin arxasınca getmişdir.
Aşıq Məhəmməd Sadaxlı təkcə ifaçı aşıq kimi qalmamış, həm də yaradıcı aşıq kimi bir ömür ad-san qazanmışdır.
Əvvəlcə gəraylılar, müxəmməslər qoşan Məhəmməd sonralar dastanlar yaratmağa başlamış, o, dastançı kimi tanınmaqla yanaşı, həm də bir neçə orijinal dastanın da yaradıcısı kimi də məşhurlaşmışdır.
İlkin olaraq «Nəriman-Fərman» dastanı meydana çıxmışdır. Məhəbbət mövzusunda yaranan bu dastan öz sujet quruluşuna və dil gözəlliyinə görə çox maraqlı alınmış və böyük maraqla qarşılanmışdır.
Sonra «Şahnamə» qəhrəmanları Rüstəmlə Zöhrabın məlum macərasını aşıq dilinə çevirmiş, dastanlaşdırmış və “Rüstəm-Zöhrab” adlandırdığı dastanın məzmununa uyğun olaraq şeirləri də elə özü düzüb-qoşmuşdur.
Daha sonra isə məhəbbətin və sədaqətin ülvi təntənəsinə həsr olumuş «Duman xan» dastanını və yeni sevgi dastanı «Abbas və Rahilə»ni yaratmışdır.
Onu da qeyd edək ki, “Şah Abbas”, “Zaman ağa”, “Rəhim çoban”, “Lom İsmayıl” və s. dastanlar da Aşıq Məhəmmədin orijinal yaradıcılığının məhsuludur.
Aşıq Məhəmməd Sadaxlı Azərbaycan folklorunun, xüsusilə dastanlarımızın bilicisi idi.
“Alıxan və Pərixanım”, “Qannılı Mehdi”, “Şenniyin Borçalı səfəri”, “Şair Nəbinin Çıldır səfəri”, “Xəstə Qasım”, “Ağacanın Türkiyə səfəri” və bir çox başqa dastanlarımız folklorşünas alimlərimiz tərəfindən məhz Aşıq Məhəmmədin dilində lentə alınmışdır.
Aşıq Məhəmməd Sadaxlı uzun müddət Ustad Aşıq Hüseyn Saraclı ilə birlikdə Azərbaycan xalq dastanlarını el məclislərində yüksək sənətkarlıqla ifa etmişdir. Hər iki aşığın ifa etdikləri dastanlar indi də Azərbaycan Dövlət radio və televiziyasının qızıl fondunda saxlanılır.
Ustad sənətkarın sinəsində 70-dən çox saz havası, yaddaşında tariximizin, mənəviyyatımızın saxlancı onlarca dastan və rəvayət, müdrikliyi və çevik ağlın bəhrəsi olan yüzlərcə deyimlərimiz, söyləmələrimiz, qaravəllilərimiz qorunmuşdur.
Ustad sənətkar qoşma, təcnis, cığalı təcnis, gəraylı, müxəmməs və başqa üslublarda da qələmini sınamış, bir-birindən məzmunlu yüzlərlə şeirin müəllifi kimi tanınmış, el içində istedadlı şair kimi məşhur olmuşdur.
Ustadın ilk şeiri 1971-ci ildə “Sazım-sözüm” adı altında Bakıda nəşr olunan topluda dərc olunmuşdur. Sonralar onun şeirləri Azərbaycanda və Gürcüstanda nəşr olunan bir sıra mətbuat orqanlarında müntəzəm olaraq oxuculara təqdim olunmuşdur.
S.Əfəndi və O.Osmanlı «Gürcüstan» qəzetinin 26 sentyabr, 1991-ci il tarixli sayında dərc etdikləri «Hər ulduzun öz yeri var» sərlövhəli məqalədə yazmışlar: «Sinəsində bir bulaq çağlayır Aşıq Məhəmmədin. Bu, torpağa və saza məhəbbət bulağıdır. Bu bulaq ömrünün birinci iyirmi beşində necə çağlayırdısa, ikincisində də elə çağlamış, üçüncüsündə də elə həmən-həməndi!...”
Bəli, illər ötüb keçdikcə bu bulaq daha da çoşub-çağlamış, 1997-ci ildə aşığın “Elə bağlıyam” adlı ilk şeirlər kitabı çapdan çıxmış, 1999-cu ildə isə 200 səhifəlik “Qoşmalar, müxəmməslər, dastanlar” adlı ikinci kitabı işıq üzü görmüşdür. Hər iki kitabda nəşr olunan şerlər oxucuların rəğbətini qazanmışdır.
Aşıq Məhəmməd Sadaxlı, Sazımızın sabahına həmişə daha böyük ümidlə baxmış, söz sazdan, sənətdən düşəndə: - «Nə mən sənətdən doymaram, nə sənət məni yormaz», - demişdir.
O, dəfələrlə Türkiyəyə səfər edib, aşıq sənətini təbliğ etmişdir.
Aşıq Məhəmməd Sadaxlı sazın-sözün sirlərini həm də balalarımıza öyrətmişdir.
O, Sadaxlı Mədəniyyət Evində çoxlu sayda məktəblilərə aşıqlıq sənətini sevdirmiş, onlara klassik aşıq havalarının sirrlərini aşılamışdır.
Ustad aşığın neçə-neçə şagirdi ondan dərs almış, aşıq sənətinin dərin qatlarına baş vurmuşlar.
Aşıq Məhəmməd Sadaxlının yaradıcılığına Azərbaycanda və Gürcüstanda yüksək qiymət verilmiş, Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə sənətkarın 80 və 85 illik yubileyləri keçirilmişdir.
Gürcüstan prezidentinin sərəncamı ilə
"Şərəf" ordeni ilə təltif olunmuşdur.
2003-cü ildə AzTV-də “Aşıq Məhəmməd Sadaxlı” adlı film çəkilmişdir.
Ömrünün daha ucalığına doğru əldə
doqquz telli sazın zilini-zil,
bəmini-bəm eləyib uçan Ustad
Aşıq Məhəmməd 25 mart 2016-cı ildə
Borçalının Sadaxlı şenniyində
86 yaşında vəfat etmişdir.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..
Bir daha Ustad Aşıq Məhəmməd Sadaxlıya Allahdan rəhmət diləyir,
aşağıda AŞIQ MƏHƏMMƏD SADAXLININ VİDA MƏRASİMİindən videosüjeti, eləcə də
ustadın iki şeirini və 2007-ci ildə professor Mədəd Çobanova ünvanladığı bir məktubunu
dəyərli oxucularımıza təqdim edirik.
turan.info.az
BİLMƏMİŞƏM
Oyandım ki, qara baxtım
Yatıb gedib, bilməmişəm.
Ömrüm-günüm hədər yerə
Ötüb gedib, bilməmişəm.
Fələk məni salıb dərdə,
Can qurban eyləyərəm mərdə.
Çəkdiyim cəfa namərdə
İtib gedib, bilməmişəm.
Ey Sadaxlı, eylə haşa,
Əsirgəmə can sirdaşa,
Oyandım ki, ömür başa
Çatıb gedib, bilməmişəm.
NƏ MƏNASI VAR
Ey könül, dilinə qadağa ver sən,
Hər qəlbə dəyməyin nə mənası var.
Qadir əməlinlə yaxşılıq eylə,
Düz işi əyməyin nə mənası var.
Sənətkaram, dolanmışam hər yana,
Çox nə lazım, az da birdi qanana,
Nə sözün var, de üzünə mərdana,
Dalınca söyməyin nə mənası var.
Sadaxlı Məhəmməd, artsın həvəsin,
Çal-oxu, məclisdə ucalsın səsin,
Qoy səni el desin, el tərifləsin,
Öz-özünü öyməyin nə mənası var.
KÖNÜLLƏR BİR OLSA, MƏSAFƏ QISALAR...
Professor Mədəd Çobanova Borçalıdan məktub
Mən elə düşünürəm ki, məsafə uzaq olsa da əgər könül yaxındırsa o uzaqlığın heç bir ziyanı olmaz.
Çünki insanlar bir-biri ilə mehribanlaşıb yenə tapışa bilər. Mən də uzaq məsafəni yaxın hesab edib
səmimi qəlbdən Mədəd müəllimin yetmiş yaşını təbrik edirəm və xoş dilək diləyirəm.
Çünki bizim borcumuz dilək diləməkdir, qalanını böyük Allahın özü bilər, onun üçün bu bəndi yazıram.
Biz dilək dilərik, verən Allahdı,
Hamıdan ucadır, o adil şahdı.
Özü versin sizə yığvalı, bəxti,
Hər vaxt adın olsun, uca, qardaşım.
Mən arzu edirəm o yaradannan ki, yetmişi keçirdik, qoy ulu Tanrım imkan versin,
Mədəd müəllim yüzü də ailəsi ilə birlikdə xoşbəxt yola salsın.
MƏDƏD MÜƏLLİM!..
Professor Mədəd Çobanovun yubileyinə
Mədəd müəllim, yetmiş yaşın mübarək,
Yüzü də şadlıqla yola salasan.
Ömrü verən bir xudanın işidir,
Arzum budur, hər vaxt cavan qalasan.
Deməynən ki, yaşın ötüb qocasan,
Təmiz adla el içində ucasan.
Ailənlə xoşbəxt yaşa, birgə sən,
Hər zaman onlara kölgə salasan.
Sadaxlı Məhəmməd, ötübdür yaşım,
Qəzanın hökmüdür, ağarıb başım.
Daha mən də qocalmışam, qardaşım,
Hərdən mənim də qeydimə qalasan.
Hörmətlə Aşıq Məhəmməd SADAXLI.
.